Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
23.09.19

(“Məzuniyyət tənqidçiliyi” silsiləsindən)

Kamal Abdullanın adı çəkilən romanına ön söz yazmış A. Talıbzadədən fərqli olaraq, mən əsəri bir yox, iki günə oxudum. Bəlkə məzuniyyətdə olduğumdan daha rahat idim, ya da qeydlərim daha çox və konkret idi, ona görə... Hər halda onun kimi hər şeydən, həm də heç nədən “ilğımvari” danışmayacam... məs., “Bu roman düşüncə ilğımlarının üzərində virtual söz hicabı, energetik çənbərində isə müəmma sevgisi, möcüzə vahiməsi və bir də ədəbi-kultuloji oyunların sitat mündəricəsinə qarşı müəllifin post-postmodernist rişxəndi” kimi eklektik, loru dillə desək, həftə-becər fikirlər mənlik deyil, pardon...

Postmodern estetikanın nəzəriyyəçilərindən biri U. Eko özünün “Açıq əsər” (1962) və “Oxucunun rolu” (1979) monoqrafiyalarında əsərin natamamlığı, oxucu üçün ən müxtəlif şərhlərə açıq olması ideyasını irəli sürməklə, deyəsən, həm tənqidçilərimizi, həm də bu ədəbi cərəyəna mənsubluğunu iddia edən yazarlarımızı əməlli-başlı çaşdırmışdır... Əcaba onlar nədən çoxmənalılığı qarma-qarışıqlıq, uyğun olmayanların yan-yana gətirilməsi, dil üzərində müxtəlif əcaib eksperimentlər kimi anlayırlar?.. Çox təəssüf... bunu bir sıra müasir, həm də özünü intellektual nəsrin nümayəndələri qismində görən müəlliflərimizin mətnlərində görmək mümkün... O cümlədən, nəzərdən keçirdiyimiz əsər də həmin qüsurlardan xali deyil... Məsələn, elə ilk səhifədə oxuyuruq: “Karvan ləhliyə-ləhliyə gecənin səssizliyinə batırdı”... “karvan”a “ləhləmək” nə dərəcədə uygun gələn keyfiyyətdir? Yəqin ki, itə gövşəmək nə qədər uyğun gəlirsə, o qədər...görünür müəllifin orijinallıq etmək həvəsi burda tamam əks effekt verib... Üstəlik, əsərdəki uyğunsuzluqlar bununla bitmir, sadəcə ən sadəsindən başladım...

Roman üslubuna, strukturuna və tematikasına görə hər nə qədər özünü Borxesin (“Alef”), Ekonun (“Qızılgülün adı”), Koelyonun (“Kimyagər”)  əsərlərinə bənzətməyə çalışsa da, onlardan bir əsas cəhətinə görə fərqlənir: istər ideya-məzmun, istərsə də kompozisiya baxımdan bəsitlik. Bəli, bəziləri üçün qəribə səslənsə də, roman primitivdir, sönük obrazlar aləminə və köhnə ideya-semantik sistemə malikdir... Bu qiymətləndirməni, əlbəttə ki, əsəri milli ədəbi nümunələrlə yox, dünya ədəbiyyatı nümunələri ilə müqayisə edərək verirəm və güman edirəm ki, yalnız ölkəmizin deyil, dünya ədəbi prosesinin fəal iştirakçısı iddiasında olan müəllifin buna heç bir etirazı olmaz...

“Sehrbazlar dərəsi” əslində məzmunca Şekspir “Hamlet”inin postmodern təqlididir... Bəli, bu qədər sadə! Amma biz Hamleti şərq qiyafətində, həm də iki obrazın – Cəlladbaşı Məmmədqulu və onun oğlu Karvanbaşının simasında görürük. Buradaca kiçik haşiyəyə çıxıb vurğulamaq zəruridir ki, Hamlet kimi möhtəşəm faciə obrazına bərabər səviyyəli qəhrəman yaratmaq hələ ki, Şekspirsonrası dünya ədəbiyyatının heç bir nümayəndəsinə müyəssər olmamışdır və güman etmirəm ki, bundan sonra da nə vaxtsa olsun... Əminəm ki, bunu müəllifin özü də bizdən yaxşı bilir, amma... Görünür, “ya bəxt” deyib cəhd etmiş, nəticədə, qocaman dağın kifayət qədər sönük kopyası meydana gəlmişdir... Və müəllif bunun fərqində olduğu üçün həmin sönüklüyü müxtəlif posrmodern “ilğımlarla” (şərq simvolikası, mistisizm, dil eksperimentləri) bəzəməyə çalışmışdır – əsərin mahiyyəti bundan ibarətdir.

İlk baxışdan iddialı görünən fikrimizi sübut etmək üçün əsərin özünə qayıdaq. Mətndə Hamletin faciə yükünün daşıyıcılarından biri olan Cəlladbaşı Məmmədqulu atasının ölümündən bir ay keçməmiş anasının ona xəyanət etdiyini, həm də bu işi atasının əmisi oğlu ilə etdiyini öyrənir. Eyni zamanda o da məlum olur ki, atasını quldurlar deyil, məhz bu ikisi əlbir olub öldürmüşlər. Şekspir motivi elə bu andan özünü göstərməyə başlayır. Kiçik fərq... Şekspirdə xəyanəti oğula ölmüş atanın ruhu xəbər verir, K. Abdullada isə xalq arasında gəzən şayiələr... Bu da təsadüfi deyil, çünki müəllif ruh motivini əsərdə Hamlet faciəsinin digər daşıyıcısı olan Karvanbaşı obrazı üçün saxlamışdır... məhz onun Ata ruhunu çağırıb, xəyanət haqqında danışması üçün süjetə mistik “Sehrbazlar dərəsi” adlı məkanı və “Ağ dərvişin şəyirdi Hacı Mir Həsən ağa Səyyah”ı daxil etməyə ehtiyac yaranır... Amma yenə bir uyğunsuzluq ortaya çıxır, belə ki, klassik faciədə Ata ruhu Hamletin qəlbinə xəyanət haqda şübhə toxumu salmağa xidmət edirdisə, K. Abdullada Cəlladbaşının ruhu öz oğluna anası haqda süjet xəttinin inkişafına aidiyyəti olmayan məlumatlardan başqa heç bir yeni söz demir, çünki əsas məlumatı – Şahın qatil olduğunu Karvanbaşıya zatən daha öncə nənəsi xəbər vermişdi. Beləliklə, bütün əsərin məhək daşı qismində çıxış edən motiv – oğulla Ata ruhunun görüşməsi heç nəyə xidmət etməyən hadisəyə, adi söz güləşdirməsinə (ata ilə oğul arasında) çevrilir, havadan asılı qalır... Beləcə, Karvanbaşı da əsərin ən zəif obrazlarından birinə çevrilir: “ruhçağıran” axtarışları ilə Sehrbazlar dərəsinə gedir, onu gətirib təmtəraqla evində yerləşdirir, neçə gün qonaq edir və nəhayət, Ata ruhu ilə görüşüb, onun intiqamını almaq fikrində olduğunu söylədiyi məqamda evini basan əsgərlər tərəfinfən öldürülür... Üstəlik, Karvanbaşı məqsədinə çatsaydı belə, intiqamı ədalətli olmayacaqdı, çünki atasının birbaşa qatilini deyil, onun oğlunu öldürməklə özünü ədalətsiz – o vaxta qədər yalnız yaxşılığını gördüyü Şaha münasibətdə nankor vəziyyətinə düşürəcəkdi... Yeri gəlmişkən, atası Cəlladbaşı Məmmədqulu da onu zamanında əfv etmiş və sarayda işə götürmüş Şahın qarşısında eyni nankor vəziyyətinə düşmüşdü... deməli, əsərdəki faciəviliyin iki daşıyıcısı hansısa ümumbəşəri ideal uğrunda mübarizəyə qalxmış qəhrəman yox, iki nankor obrazıdır... həqiqətən, şərq Hamletini yaratmaq cəhdləri çox dolambac yollardan keçirmiş... bir tərəfdə şəxsi intiqamını həyatdan haqsız yerə zərbə alan və zülmə məruz qalan bütün insanların faciəsi səviyyəsinə yüksəldən Şekspir Hamleti, digər tərəfdə hətta şəxsi intiamı belə cılızlaşdıran şərq hamletcikləri... bir tərəfdə faciənin möhtəşəmliyi, digər tərəfdə eybəcərliyi...

Əsərin daha bir uyğunsuz məqamı olan Səyyah obrazı süjetdə hər nə qədər ayrıca xətt kimi çıxış etsə də, bu xətt heç nə ilə tamamlanmır. Mətndən məlum olur ki, keçmişdə ustadı Ağ Dərvişə xəyanət etmiş bu “sehrbaz” sonradan Sehrbazlar dərəsinə yerləşmiş və öz normal həyatını yaşamışdır . Günlərin bir günü isə Karvanbaşının tapşırığı ilə Xacə İbrahim ağa həmin dərəyə enib, ruh çağırmaq üçün onu şəhərə götürür və Səyyah orada işini görüb qurtarandan sonra Karvanbaşının oğlunu Şah əsgərlərinin qılıncından qurtarıb, özü ilə birlikdə Sehrbazlar dərəsinə aparır. Aydın deyil ki, əgər Səyyahın əsərdəki vəzifəsi yalnız bunlar olacaqdısa, o zaman niyə onun keçmişdə öz ustadı Ağ Dərvişə xəyanət etməsi, bunun nəticəsində 23 şagirdinin intihar etməsi hadisəsi belə geniş və təfsilatı ilə təsvir edilir? Axı keçmişdə baş vermiş bu əhvalat əsərdəki əsas hadisələrlə əlaqələndirilimir. Səyyah öz keçmişinə görə müasir paradiqmada heç nə yaşamır – nə cəza, nə də mükafat... O zaman Ağ Dərviş və onun “şəyirdləri”nə əsərdə niyə bu qədər səhifələr həsr olunmuşdur? Məlum deyil...

Məlum olmayan məqamlardan biri də müəllifin ictimai ideyası, idealı ilə bağlıdır. Romanda əsas obrazlardan biri olan Şah həm qəddar və qaniçən, həm də ədalətli göstərilmişdir... Yazıçı sanki oxucuya təlqin etmək istəyir ki, şahın həm qəddar, həm də ədalətli olması tamamilə normal təcrübədir... Yenə də Şekspir Hamleti ilə müqayisə etsək, görərik ki, dahi dramaturq öz əsəri ilə orta əsrlərin ictimai-siyasi həyatı üçün normal hal sayılan dəhşətli saray sui-qəsdləri, hakimiyyətin qəsb olunması, taxt-tac uğrunda qardaşın qardaşı, oğulun atanı, atanın oğulu öldürməsi təcrübəsinin ədalətliliyini və məqsədəuyğunluğunu ilk dəfə şübhə altına alır, bu zehniyyətin bütün iyrəncliyini və qəddarlığını parlaq obrazlar vasitəsilə göstərirdi. Humanizm ideallarının yayğın olmadığı dövrlər üçün əsl inqilabi mahiyyət daşıyan bu ideya sonralar öz əbədiyaşarlığını sübut etdi, o dərəcədə ki, hətta bizim günlərdə də aktuallığını qorumaqda davam edir... bəs görəsən “Sehrbazlar dərəsi” yaşadığımız XXI əsrdə hansı inqilabi... yaxşı, inqilabi olmasa da heç olmasa mütərəqqi ictimai idealı öz oxucularına təlqin etməyə çalışır? Qəddar, amma ədalətli Şah? Belə çıxır ki, Şekspir zamanından 5 əsr keçməsinə baxmayaraq, irəliyə doğru bir addım belə atmamış, hətta bir neçə əsr geri getmişik? Çünki ədalətli şah modelini hələ dahi Nizami XII əsrdə parlaq şəkildə təqdim etmişdi... romanda bu modelə yeni nəsə əlavə olunmuşmu? Bu suala obyektiv cavabı müəllifin yazıçı və vətəndaş vicdanına buraxırıq...

Son olaraq, romanın dili haqda bir neçə kəlmə. Bəzi eksperimentləri nəzərə almasaq, əsərin dilini uğurlu saymaq olar. Hər halda müəllifin dilçi-alim olması özünü göstərmişdir. Eyni zamanda, bəzən obraz dili ilə, yazarın dili arasında fərq qoyulmamasını qeyd etmədən keçə bilmərik. Obraz “istəyirəm” əvəzinə “istirəm” deyə, ya da istənilən dialektdə danışa bilər, amma yazarın bunu etməsi qüsur sayılır, belə ki, o, ədəbi dildə yazmaq zorundadır. Məsələn, yazar “bir xeylaqdan sonra” kimi ifadə işlədirsə, bu həməncə savadlı oxucunun qulağını dəlir. Əlbəttə, dilin sintaktik quruluşunu müəyyən qədər dəyişməklə özünəməxsus üslub yaratmağı heç kim qadağan edə bilməz və bir qayda olaraq, ədiblər arasında üslub fərqləri də elə buradan doğur. Lakin sözlərin orfoqrafiyasını dəyişmək, ədəbi dilə dialekt və arxaik sözləri gətirməklə özünəməxsusluq yaratmaq, zənnimcə, adi populizmdən başqa bir şey deyil.

Yenililklər
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
08.09.20
Elnura Cavadzadə - Eybəcərlər anası
08.09.20
Azərbaycan filmi Venesiya Film Festivalında nümayiş olunacaq
07.09.20
Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş" kitabı Türkiyədə nəşr olunub
04.09.20
Elçin Hüseynbəyli yeni roman yazdı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.