Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Pakistanlı islam alimi, filosofu, şairi və ictimai
xadimi Məhəmməd İqbalın “Zarb-i Kelim” əsəri urdu dilində yazılmış və 1936-cı
ildə nəşr olunmuşdur. Mənzum şəkildə yazılmış əsər altı əsas bölmədən ibarətdir:
“İslam və müsəlman”, “Təhsil və tədris”, “Qadın”, “Ədəbiyyat və incəsənət”, “Şərq
və Qərb siyasəti”, “Hicaz ərməğanı”. Əsərin hər bir bölməsi ictimai-siyasi həyatın
vacib məsələlərinə həsr olunmuş, ədəbi-mədəni, dini, fəlsəfi xüsusiyyətləri şərh
edir. İqbalşünas alim Çişti belə hesab edir ki, bu əsərdə bütün məsələlər
islami dəyərlər çərçivəsində incələndiyi üçün ən azından urdu və fars dilində
bu səviyyədə əsər yoxdur. “Zarb-i Kelim” əsəri M.İqbalın zamanın problemlərinə, ziddiyyətlərinə qarşı
savaşıdır, buna görə də əsərin üslubu da digər kitablarına nistəbətdə daha kəskin
və qətidir. Əsərin 2014-cü ildə nəşr olunmuş nümunəsinin girişində deyilir: “Bu
Məhəmməd İqbalın siyasi görüşlərinin ifadəsi hesab etdiyi üçüncü şeir
toplusudur. Əsər “Müasir dövrə qarşı döyüş bəyənnaməsi” adı ilə nəşr
olunmuşdur. “Şərqin şairi” kimi də tanınan Məhəmməd İqbal müasir problemlərin,
məzlum xalqların, xüsusən də Hindistan müsəlmanlarının işğalı və istismarı ilə
qidalanan müasir sivilizasiyanın Allahsızlıq, materialism və ədalətsizlikdən
qaynaqlandığını iddia edir”. Əsərin türk dilinə tərcüməçisi Cəlal Soydan yazır: “İqbal “Musa vuruşu”
adını bu əsərindən daha əvvəllər, xüsusilə də, fars dilli əsərlərində işlədiyi
mövzuları daha sistemli bir vəziyyətə gətirərək hər birinə ayrıca başlıqlar
verməklə oxuculara təqdim etmişdir. Lakin bu əsərdəki üslubu çox kəskin və qətidir.
Çünki əsərin adına yaraşan şəkildə vuruşlar etmək istəməsi onun üslubunu kəskinləşdirmişdir”. Filosof şairin özü də əsəri “Zamana qarşı savaş elanı” adlandırır: Azad yaradılışın durmaq vərdişi yoxdur, Gəzib duran hava kimi bahar havası yarat. Minlərcə qaynaq fışqırsın yolundakı daşlardan Mənliyə gömülüb Musa vuruşu yarat. “Zarb-iKelim” əsərinin bölümlərdən biri də qadın məsələsinə həsr olunmuş və
“Qadın” adlanır. Burada “Avropa kişisi”, “Bir sual”, “Örtünmə”, “İnziva”,
“Qadın”, “Qadınların azadlığı”, “Qadının qorunması”, “Qadın və təhsil” kimi
yarım başlıqlarda qadınların cəmiyyətdəki yeri, təhsili, maddi və mənəvi
inkişafı, Şərqvə Qərb dünyasında qadına münasibət kimi cəhətlər şərh
olunur. Bir sıra digər əsərlərində də mövzu seçdiyi qadın məsələsini
şair həlli müşkül olduğu, lakin bunun qadınlardan deyil, digər
xüsusiyyətlərdən qaynaqlandığını dilə gətirir. “Avropa kişisi” şeirndə yazır: Müdriklər minlərcə dəfə çözdülər, lakin Qadın məsələsi olduğu yerdə qaldı. Qadınlara hörmətlə yanaşan, onlara hər zaman həssalıqla baxan M.İqbal
qadınların doğru yolda olduqlarını göstərmə küçün ay vəulduzların şahid
olduğunu ifadə edir. Bununla filosof şair qadınların mükəmməl yaradılışına işarə
edir, onları nmənəvi cəhətlərinə diqqəti yönəldir: Bu məsələdə qadınların heç bir qüsuru yoxdur Ay və ulduzonun dürüstlüyünə şahiddir. M.İqbal
belə hesab edir ki, yaradılışın mükəmməl nümunəsi olan qadın Avropada problem
halına gəlib çıxmışdır ki, bu da daha çox kişilərin qadına münasibətindən irəli
gəlirdi: Fəsad
Avropa cəmiyyətində ortaya çıxmışdır, Çünki
kişisi saf və zavallıdır, qadınını tanıya bilmədi. Məlumdurki,
XIX əsrin ikinci yarısından, xüsusilə də, yüzilliyin sonlarından etibarən mədəniyyət
və ədəbiyyatda maarifçilik mərhələsini yaşayan Şərq dünyasında qadın məsələsi əsas
müzakirə obyektlərindən biri idi. Maarifçilik mərhələsi ədəbiyyatda bir
sıra digər mövzular kimi, qadın probleminin çözümündə də fərqli keyfiyyətlərdə
təzahür edir, qabaqcıl maarifçi mütəfəkkir və ədiblər mövzunun sosial və
ictimai tərəflərinə daha çox diqqət yetirirdilər. İctimai şüurun inkişafı, cəmiyyəti
düşündürən müxtəlif məsələlərin bədii təfəkkürə inteqrasiyası qadın probleminin
ifadəsində aparıcı mövqedə idi. Qadın mövzusuna xüsusi diqqət yetirilməsi İslam modernizmi üçün də
xarakterik idi. Ərəb cəmiyyətində qadınların hüquq bərabərsizliyi islamın
insanların bərabərliyi ideyasına ziddiyyət təşkil edirdi. Maarifçilər, ilk
növbədə, həmin mövqeyi əsaslandırmağa çalışaraq, eyni zamanda, islami
dünyagörüşün mütərəqqiliyini təsdiq edirdilər. Müsəlman cəmiyyətində
qadınların sosial və mənəvi əsarəti tendensiyasına ən güclü cavab elə
“Quran”ın qadına münasibətinin şərhi idi. Bu baxımdan çoxsaylı nümunələr göstərmək
mümkündür. “Quran” da deyilir: “Allahın (maddi, yaxud mənəvi cəhətdən)
birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi)
şeyi (özünüz) arzulamayın, kişilərin öz qazandıqlarından öz payı, qadınların
da öz qazandıqlarından öz payı vardır”. Allahın insana verdiyi təbii
hüquqların müasir cəmiyyətdə pozulması maarifçilərin əsas tənqid hədəfinə
çevrilmişdir ki, qadınların hüquq bərabərliyi məsələsi də burada yer alırdı. Qadın mövzusunun işlənməsində ən mühüm cəhətlərdən biri qadınların təhsili
ilə bağlı idi ki, İslam modernizminin nümayəndələri din və elm probleminə
diqqət yetirir, müasir elmi məsələləri “Quran”ın teoloji xüsusiyyətləri əsasında
şərh edirdilər. Bu cəhət də çox vacib amillərlə əlaqədar olaraq islamın elmə
zidd olması tendensiyasının ictimai və bədii şüurda güclü şəkildə cavablandırılması
idi. M.İqbalın ədəbi-fəlsəfi dünyagörüşü üçün də bu tendensiya xarakterik idi,
bir islam alimi olaraq mütəfəkkir ədib qadın məsələsinə, ilk növbədə, islam
düşüncəsi prizmasından baxırdı. “Qadın” şeirində ona verdiyi dəyəri belə ifadə
edir: Qadının varlığı idi kainat rəsmindəki rəng Onun ahəngiylədir həyatın iç yanğısı. O bir ovuc torpaq, Ülkər ulduzundan daha nəcibdir Çünki hər nəciblik mücəvvər qutusunda bir incidir! M.İqbal qadına bir nəticə kimi deyil, daha çox səbəb kimi yanaşır. Qadının
varlığı onun əməllərindən çox, yaradılış missiyasında, səbəb olduğu xeyirli əməllərdədir.
Sözügedən fikri filosof şair özünəməxsus şəkildə ifadə edir: Əflatun dialoqları yaza bilmədi qadın, lakin Onun alovu ilə alışdı Əflatun qığılcımı! M.İqbal bu misralardan da göründüyü kimi, qadını yer və göy arasında,
torpaq və ulduz arasında dəyərli bir inciyə bənzədir, ikinci beytdə “mücəvvər
qutusunda bir incidir!” deməklə isə başqa bir məsələyə, qadınların örtülməsi məsələsinə
işarə edir. Filosof şair Avropada təhsil alsa da, Şərq qadınlarının, xüsusilə də
Pakistan qadınlarının islam ənənələri çərçivəsində yaşaması mövqeyindən çıxış
edirdi. Ədibin1929-1932-ci illər arasında yazdığı “Cavidnamə” mənzuməsində
də həmin cəhətləri daha öncəki yaradıcılıq nümunəsində müşahidə edirik. Şair
“Quran”a dönüşü və bütün yeni məsələlərin kökünü də onda aramağı vacib sayır: Müsəlmanlar kimi qəlbin varsa, Öz içinə bax və bir də Qurana. Onun ayətlərində yüzlərcə yeni dünya Əsrlər dolanmış onun hər anına! Onun bir dünyası çağımıza bədəl Göksündə duyan könül varsa gəl! “Cavidnamə” əsərində “Quranın məqsəd və hədəfi başqa, Müsəlmanın adət və ənənəsi
başqa” deməklə M.İqbal qadın məsələsində də Qərb təqlidini deyil, müsəlman
dünyasının ənənələrini əsas götürməyin tərəfdarı kimi çıxış edir. “Zarb-i Kelim” əsərininin “Qadın” bölməsində də filosof şair “Örtünmə” adlı
ayrıca bir şeir təqdim etmişdir. Burada şair mövzuya fəlsəfi nöqteyi-nəzərdən
yanaşmış, orijinal üslubdan istifadə edərək örtünməyi bir xarici forma
görüntüsü kimi deyil, insanın bəsirət gözünün örtülü olması baxımından şərh
etmişdir. İlk növbədə, M.İqbal deməyə çalışır ki, forma dəyişməsi, xarici təzahür
mahiyyəti dəyişmir, əsrlər örtdükcə yeni təzahürlər meydana çıxsa da, o yalnız
mahiyyətin bir pərdəsinə çevrilir, ona görə də, ziddiyyətlər, problemlər də
yeni forma alır, çözülmür, həllini tapmır: Çox rəng dəyişmişdir bu göylər, amma Ey Allahım bu dünya hər zaman eyni yerdədir. M.İqbal qadının üzərindəki örtüyü qaldırmaqdan daha çox, kişilərin, əslində
isə bütün cəmiyyətin, insanlığın bəsirət gözü qarşısındakı pərdəni, örtüyü
qaldırmağı daha vacib hesab edir: Fərq görmədim kişi ilə qadın arasında Bu da örtünməkdədir, o da örtünməkdədir. Hələ də örtülər altındadır insan oğlu, Kimsənin mənliyi ortaya çıxmamış. Qadınların təhsili və azadlığı məsələsinə də M.İqbal bir sıra əsərlərində
olduğu kimi burada öz münasibətini ifadə edir. Qadınların cəmiyyətdəki
mövqeyini şərh edərkən filosof şair, ilk növbədə, bunun kişilərin onlara
münasibəti ilə bağlı olduğunu düşünür. Bu məsələyə böyük həssalıqla yanaşdığını
“mənim sinəmdə canlı bir həqiqət gizlidir, Damarlarında soyuq qan dolaşan bunu
anlamaz” misraları ilə ifadə edən M.İqbal “Qadının qorunması” şeirində yazır: Nə niqab, nə köhnə və ya yeni təhsil, Qadının qadınlığın qoruyan yalnız kişidir. M.İqbal həmin fikrin milli inkişaf üçün çox önəmli olduğunu söyləməklə,
bütövlükdə milli-mənəvi və ictimai inkişafda qadının roluna diqqət çəkməyə
çalışır: Bu canlı həqiqəti bir millət anlaya bilməmişsə, O millətin günəşi çox tez batmışdır. Qadınların azadlığı məsələsinə də M.İqbal ayrıca şeir həsr etmiş, bu
mövzunu da orijinal düşüncə tərzi ilə dəyərləndirmişdir. “Qadınların azadlığı”
adlı şeirdən də məlum olur ki, filosof şairin zamanında sözügedən mövzu çok
aktual olmuş və onun fikirləri bir sıra məqamlarda qəbul edilməmiş, əks mövqe
kimi qiymətləndirilmişdir: Bu mübahisədə heç bir qərara gələməm, Gərçi birinin şəkər, digərinin də zəhər olduğunu bilirəm. Danışıb daha çox düşmən qazanmaqda nə fayda, Sivilizasiyanın uşaqları mənə zatən küskündürlər. M.İqbal qadın azadlığının tərəfdarı kimi çıxış edir, lakin şair bunu
Avropanın təqlidi formasında qəbul etmir, “sivilizasiyanın uşaqları mənə zatən
küskündürlər” dedikdə də sözügedən cəhəti nəzərdə tutur. M.İqbal qadın azadlığı
məsələsinə də islam dini çərçivəsində yanaşır, qadınların forma dəyişməsini
deyil, bəsirət gözünün açılmasını əsas hesab edir, eyni zamanda, qadınların öz
təşəbbüslərini vacib sayır: Bu sirri yalnız qadının bəsirəti ifşa etsin, Müdriklər bu mövzuda gücsüz və mazurdurlar Hansı daha üstündür süs və dəyərdə? Qadın özgürlüyümü, zümrüd boyunbağımı? M.İqbal mənəvi inkişafın, onun mühüm bir göstəricisi olan azadlığın, daxili
təkamülün xarici bəzəklərdən, qiymətli daşlardan daha üstün olduğunu düşünərək
bunu qadınların mühakiməsinə buraxır, bəsirətli qadın zəkasının bu işi həllə edə
biləcəyinə inamını iafdə edir. “Qadın və təhsil” şeirində M.İqbal mövzunu Şərq və Qərb konteksində təqdim
edir. Burada sivilizasiya və din, yenilik və islam dini, Qərbin təqlidi və
milli ənənələr kimi şairin dövrü üçün aktual olan məsələlər ərtafında M.İqbalın
uzun illər düşündüyünü və bu şeirində daha kəskin formada dilə gətirdiyini
müşahidə edirik. Çünki hələ daha öncə yazdığı “Cavidnamə” əsərində şair
deyirdi: Bu yeni adətli çağın dininə bax, Dinsizlik təhsilinin məhsuluna bax! Eyni fikirləri daha qəti şəkildə “Qadın və təhsil” şeirində görmək
mümkündür. Filosof şair digər məsələlərdə olduğu kimi qadın mövzusunda da
problemin həllində balansı qorumağı, ifratçılığa meyl etməməyi düzgün hesab
edir. Çünki M.İqbal Qərbdə təhsil alan və Avropa həyatını dərindən bilən bir
insan kimi, Şərq cəmiyyəti üçün önəmli olan dəyərlərin müasirlik adı ilə yox
olması təhlükəsinə qarşı çıxırdı. Ona görə də şair qadının təhsilində müasir
elmlərlə yanaşı, ənənəvi meylərin də davam etdirməsinin vacibliyini düşünürdü: Qərb mədəniyyəti əgər analığın ölümüdürsə, O mədəniyyətin meyvəsi insanlığın ölümüdür! Burada M.İqbal qadınların insanlıq tarixindəki həlledici rolunu önə
çəkir, bu yolla da onlara verdiyi yüksək dəyəri ifadə etməyə çalışır. Filosof şair qadınların varlığını mühafizə edən, onların özəlliklərini
qoruyan elm və təhsilin tərəfdarı kimi çıxış edir: Bir elmin təsiri ilə qadın qadınlığından çıxırsa, Bəsirət sahiblərinə görə o ilmə qadının ölümüdür. Əgər qız məktəbləri dindən uzaq durursa, O elm və sənət eşq və sevginin ölümüdür! M.İqbal bütün digər məsələlərdə olduğu kimi, qadının təhsili sahəsində də
islam dininin düşüncə sistemindən çıxış edir. Şairin, eyni zamanda, qadının ilk
və əsas missiyasının analıq olması fikrinə sahib olduğunu da bu və digər əsərlərindən
müşahidə edirik. Bu cəhəti “Qadın” şeirində daha açıq şəkildə görürük. Şeirdə M.İqbal qadınların yaradılış gücünə diqqəti yönəldir. Qadınların varlığının
bu məqamda önə çıxması və dəyər qazanması, şairə görə, onun cəmiyyətdəki
mövqeyini də müəyyənləşdirir: Məhz bu hərarətlə qatlandığı acı arsusu onun sirridir. Yaratmaq zövqünün atəşiylədir onun varlığı. Həyatın sirrləri məhz bu atəşlə ortaya çıxmaqdadır, Yalnız bu atəşlə canlı olmaqdadır dünyanın varlığı. Ona görə də M.İqbal qadınları analıqdan məhrum edən Qərb tendensiyasını qəbul
etmir, “Avropaya heyranlığın” müəyyən bir çərçivə içində həllini müzakirəyə gətirir.
“Hind və yunanların heyran olduqları Avropa müdriklərindən biri soruşsun”
misraları ilə başlayan “Bir sual” şeirində yazır: Budurmu mükəmməl cəmiyyət forması? Kişisi avara, qadınının isə qucağı boş qalsın”. Qadın haqqındakı fəlsəfi şeirlərində M.İqbalın sufi düşüncələrinə də təsadüf
edirik. Filosof şair müasiri olduğu dünyanın“özünü göstərmə həvəsi”dən şikayətlənir,
“düşüncələri dağınıq və pozğun” hala gətirən ifrat meyllərdən uzaqlaşmağa
çalışır, mənlik həqiqətlərini dərk etmək üçün inzivaya çəkilməyi vacib sayır: Mənlik özünü inzivada dərk edir, lakin O inziva artıq nə bütxanədə, nə Hərəmdə var. Bu mövzu çərçivəsində filosof şair müasiri olduğu zaman üçün Şərq və Qərb
dünyasındakı tendensiyalara öz münasibətini bildirir, ifrat meyllər və təqlidçiliyi
kəskin şəkildə tənqid edir. İslam alimi olaraq M.İqbal bir çox digər məsələlərdə
olduğu kimi, qadınla bağlı fikirlərdə də dini dünyagörüşünü mühafizə etmiş, adət-ənənələrin
yeniliyə zidd olmadığı, islam düşüncəsinin müasirliyi mövqeyindən çıxış
etmişdi.
|