Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
26.09.19
Şairlər Əjdər Ol və Fərid Hüseyn Dünya Yazarlarının 56-cı Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edirlər.
20 sentyabrda Serbiya Milli Kitabxanasında rəsmi açılış olub. Bu müddətdə Serbiya Yazarlar Assosiasiyasında “Milli ədəbiyyatlar və qloballaşma', “Nəzm - ümid, cəsarət və etiqad” adlı mövzularda dəyirmi masalar və həmin günün axşamında isə iştirakçılarının təqdimat və qiraət gecəsi keçiriləcək.
21 sentyabrda "Rakoviçada ruhi poetik təsirlər" adlı tədbir olacaq, laureatlara "Povelja Morave" mükafatı təqdim ediləcək. Həmin günün axşamı festival iştirakçıları Serbiyanın müxtəlif şəhər və kəndləri ilə tanışlıq üçün yola salınacaq. Şairlər qrup şəklində Serbiyanın Aleksandrovaç, Beoipag, Veliko Qradişşe, Vrnaçka Bana, İnciya, Mrçayevçi, Pançevo, Pojeia, Zlaşibor və Pojarevaç şəhərlərinə göndəriləcəklər. Əjdər Ol və Fərid Hüseyn Serbiyanın Zlaşibor şəhərində poeziya axşamlarına gedən qrupda təmsil olunacaqlar. Həmin gün Belqrad Dövlət Universitetinin Filologiya fakültəsində şair, filologiya elmləri doktoru Sona Vəliyevanın serb dilində nəşr edilmiş “Dünya görüş yerimiz” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
23 sentyabrda Serbiya Yazarlar Assosiasiyasında "Sumadija metaforaları" adlı müzakirə saatı, Əjdər Olun "Səhra komandirinin meymunu" adlı hekayələr və Fərid Hüseynin "Qəlbin tərbiyə dərsləri" adlı serbcəyə çevrilmiş şeir kitablarının təqdimat mərasimi keçiriləcək.
|