"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
15.10.19

"YAŞLI ŞAİR HƏLƏ DƏ GÖZƏL ŞEİRLƏR YAZA BİLİR VƏ GƏNC NƏSİLDƏN SEVGİ GÖRÜRSƏ, BU, ONUN ƏN BÖYÜK MÜKAFATIDIR"


Gün soldu, ətəklərindən
qızıl parıltılarla damlarkən su,
Bir at kişnərtisi, təzə gül qoxusu,
Mən çatanda yox idi bütün qapılar.
Mən itmiş zamanın altında qaldım,
Silindi qapılar, mən çöldə qaldım.
Bu soyuq, bu kimsəsiz qaranlıqda,
Yalnızam,
əllərimdən başqa yoxdu fənərim.  

Bu misraların müəllifi Türkiyə ədəbiyyatının ustad şairlərindəndir. Özünəməxsus, orijinal poeziyası, bəzək-düzəkdən uzaq, həyatın özündən gələn şeirləri hər zaman təkcə Türkiyə deyil, eləcə də digər ölkələrdə həm oxucuların, həm də ədəbiyyatşünasların diqqət mərkəzində olub. Tuğrul Tanyolla bu günlərdə Bakıda keçirilən "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalında tanış olduq. Şeirlərindəki sadəlik görünüşünə, davranışına, hərəkətlərinə də yansıyıb sanki. Dünyadan 150-dən çox şair və yazıçının qatıldığı festivalın qalibi seçilərək belə bir nüfuzlu tədbirin 2020-ci ildə Türkiyədə keçirilməsini təmin etməyinə baxmayaraq, o qədər sakit, hətta bəzən vecsiz idi ki, kənardan onu sadəcə heyrət qarışıq təbəssümlə seyr edə bilirdim.

Axşamdır, festivalın bağlanış mərasimi bitib, qaliblər mükafatlandırılıb, hər kəs yavaş-yavaş Heydər Əliyev Mərkəzini tərk edir. Tuğrul bəydən festival sonrası təəssüratlarını öyrənmək, eləcə də ədəbiyyatla bağlı söhbətləşmək üçün Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri, çox hörmətli İrfan Çiftçinin vasitəsilə razılıq almışam. Elə İrfan bəylə birlikdə kənarda dayanıb onu gözləyirik. Tuğrul bəy isə onunla şəkil çəkdirmək istəyən gənclərin telefonlarına gülümsəyir. Kimsəni qırmır, hiss olunur ki, qıra bilmir. Nəhayət, onu sevənlərindən ayırıb bir kənara çəkirəm. Mənə də gülümsəyib sualımı gözləyir. Şairi daha da çox yormamaq üçün birbaşa müsahibəyə keçirik. Deyir ki, Azərbaycana ilk gəlişidir:

- Azərbaycana ilk dəfədir gəlirəm. Çox təəssüf ki, gələndən səhhətimlə əlaqədar oteldən çölə çıxa bilməmişəm. Bu dəfə Bakını ürəyim istəyən kimi gəzib görmək qismət olmadı. Gələcək səfərə, inşallah.

Cəmi yarım saat öncə dünya ədəbiyyatının ən nüfuzlu festivallarından birinin qalibi kimi səhnəyə dəvət olunan müsahibimin səhnə arxasında mükafatlarla bağlı söylədikləri çox maraqlı idi:

- Bundan əvvəl İtaliyada da beynəlxalq mükafat qazanmışdım. "Həyat boyu uğur" mükafatını vermişdilər. Məndən sonra isə o mükafatı dayandırdılar. Məndən öncə bir farslı şairə vermişdilər, sonra mən, sonra isə heç kim. Əsas odur ki, biz qeydə alındıq (gülür). İtaliyada yayımlanan kitabıma oranın Mədəniyyət nazirliyi ən yüksək mükafatı verdi.

Mükafatlar əsasən siyasi xarakter daşıyır. Bu mükafata layiq olmadığımı deyə bilmərəm. Burdakı ən yaxşı şair bəlkə də mənəm. Amma insanların beynində bunların gerçək olduğuyla bağlı nə qədər inam var, onu bilmirəm. Əslində mükafatları sevmirəm, çox da qatılan deyiləm. Amma onlar da lazımdır. Xüsusən hər ölkədə gənclərin adlarını önə çıxara bilmək üçün mükafata ehtiyacları var. Orda da münsiflər ədalətli olmalıdırlar, tərəf tutmamalıdırlar. Ona görə də həmişə münsif olmaqdan qaçmışam, heç vaxt razılaşmamışam. Çünki dünyanın hər yerində bütün müsabiqələrdə narazılıqlar olur. Bu, müəyyən vaxtlarda doğru insanın qalib gəlmədiyi anlamını daşımır. Əlbəttə, layiqli insanlar da qazanır. Əslində, biz Türkiyədə sosial mediada insanların reaksiyasına baxırıq. Məsələn, bəzən elə insan mükafat alar ki, 15-20 gün, hətta bir ay insanlar "bu, niyə aldı, layiq deyildi" kimi şeylər yazarlar, bəzən isə elə şair qalib olar ki, insanlar "bəli, mükafat layiq olana getdi" deyərlər. Sizə deyim ki, bu, daha böyük mükafatdır. Çünki bunu yazanlar oxuculardır. Bilmirəm... Mükafatlar var və olacaq. Amma yaşlı insanlar üçün elə də bir şey ifadə etmir. Yaşlı şair hələ də gözəl şeirlər yaza bilirsə və gənc nəsildən sevgi görürsə, bu, elə onun ən böyük mükafatıdır. Amma elə yaşlı şairlər var ki, gənclər onun üzünə də baxmırlar. Bu, qorxunc bir şeydir. Allah kimsəyə göstərməsin!

Belə bir deyim var ki, şairlər, yazıçılar 50 yaşdan sonra daha yaxşı yazmağa başlayırlar. Amma mən bunun doğru olduğuna inanmıram. Bu, insana bağlı bir şeydir. Məsələn, Türkiyənin məşhur şairlərindən Behçet Necatigil 44-45 yaşından sonra gözəl şeirlər yazmağa başladı. Ən gözəl nümunələrini gec yazdı. Gəncliyində yazdığı şeirlər elə də uğurlu deyildi. Sonradan isə yetkinləşdi. Bəzi şairlər də var ki, bütün toplarını gənc ikən atar, sonra isə bitər. Adətən, bir çox şairlər cavan olanda yaxşı şeirlər yazırlar, ancaq zaman keçdikcə özlərini təkrarlayırlar. Bu tendensiyanı bütün şairlərə şamil eləmək olmaz, ancaq əksərən belədir. Əslində, hər çağda həyat gözəldir. Hər dövrün, hər yaşın dadını çıxartmaq lazımdır. Həyatı olduğu kimi qəbul etməsən, yaxşı şeir yaza bilməzsən. Yaşlılar həmişə gəncliyin həsrətini çəkirlər. Bunu elədikcə də yaşadığı yaşın dadını çıxara bilmirlər. Bir dəfə 20, 25 yaşında olduğun kimi, bir dəfə də 65 yaşında olursan. Təkrarı yoxdur. Dadını çıxartmaq və o yaşın psixologiyasının şeirini yazmaq lazımdır.

Yazanda bir çox şeylərdən ilhamlanıram. Bu, tərs oxunmuş bir reklam mətni də ola bilər. Ancaq ilham o qədər də önəmli deyil. Mənim üçün şeir bir icaddır. Dildə icad edə bilən şair mənim üçün məqbuldur. Geri qalanı ustalıq işidir. İcad təkcə şeirdə yox, bütün sənət sahələrində önəmlidir. Bethovenin beşinci simfoniyası, Salvador Dalinin "İsa" rəsmi kimi. Əgər kimsə poeziyada yenilik edə bilirsə, o, mənim üçün şairdir. Mətni daha musiqili etmək, ritm yaratmaq isə sonra gələn şeylərdir.

Festivalın ən yüksək mükafatını alarkən söylədiyi nitqində bir fikri xüsusən diqqətimi cəlb etmişdi. Dedi ki, Türkiyədə onu ustad şair kimi qəbul etsələr də, o, özünü ustad hesab etmir. Görəsən, həqiqətən belədir, yoxsa, bu cümlələr sadəcə təvazökarlıq xətrinə söylənmişdi?

- Bəli, özümü ustad şair hesab etmirəm. Çünki ustadların artıq yazacaq bir mətni, mövzusu yoxdur, onlar bir növ tükəniblər və "mənim öyrənəcək bir şeyim qalmadı, mən yazdım" demək hər şeyin bitdiyi bir nöqtədir. Ondan sonra heç nə edə bilməzsən. Bütün sənətlər öyrənməyi tələb edir. Mən bu gün gənc yazarları oxuyuram. Bəziləri o yaşda o cür şeirlər yaza bildikləri üçün məni valeh edirlər. Sənətdə birincilik anlayışı yoxdur, əksinə rəngarənglik və müxtəlif səpkidə gözəlliklər var. Çünki hər bir yazı ayrı dad verir. Qısqanclığa gərək yoxdur. Bethoven musiqisi gözəldirsə, Bax və ya digərlərininki gözəl deyilmi? Xeyr, hamısı öz siniflərində birincidirlər, gözəldirlər. Tək məqsəd var: həyatı gözəlləşdirmək.

Mən daha çox fransız şeirinin təsiri ilə yetişmişəm. Əsas da fransız sürrealistlərin. Ondan sonra Yəhya Kamal, Əhməd Haşim, Nazim Hikmət, Nəcib Fazil, Camal Sürəyya və başqaları. Nazim Hikmətdən o qədər də təsirlənmədim. Camal Sürəyya mənimlə bağlı "heç kimə bənzəməyən şair" deyərdi. Çünki nə "Qərib" şeirini, nə də "İkinci Yeni"ni çox da oxumamışdım. Bircə Atilla İlhanla Oqtay Rıfatı oxumuşdum. Bir dövrdən sonra isə çox təəccüblü şəkildə davamlı "İkinci Yeni" şeirini oxumağa başladım. Onun da təsirləri özünü ikinci kitabım olan "Avqust dəhlizləri"ndə göstərdi. O kitabım "Behcət Necatigil şeir mükafatı"nı aldı. Həmin vaxtlarda təsadüfən Camal Sürəyyayla qarşılaşdıq, mənə "indi birilərinə bənzəməyə başladın" dedi. Yəni "İkinci yeni"yə, bizə doğru meyilləndin. Hələ də təsirlənməyə davam edirəm. Yunan, Latın Amerika, Amerika poeziyasını davamlı oxuyuram.

İndi bəzən gənclərin də məndən təsirləndiyini görürəm. Amma mənim şeirimin birbaşa təsir göstərəcəyini düşünmürəm. Məsələn, mənim Oqtay Rıfata, İlhan Bərkə bir şeir borcum olduğunu düşünürəm, amma şeirlərimiz arasında elə bir bənzərlik yoxdur. Onlardan təsirləndiyimi bircə içimdə mən bilərəm. Çünki bu şairlər birbaşa təsir göstərən şair deyillər. Şeir yazanlar onların qədrini daha yaxşı bilərlər.

Bir də səsiylə təsir göstərən şairlər var. Bir yazımda onlara "təhlükəli şairlər" demişdim. Çünki onların səsiylə yola çıxdınızsa, öz yolunuzu tapmağınız çox çətin olacaqdır. Nəcib Fazıl, Hilmi Yavuz, Ece Ayxan belə şairlərdəndir. Çox tez bir zamanda ətraflarında müridlər toplaşar, hamı onlar kimi yazmağa başlayar. Bunu heç vaxt sevmədim.

"Məni mən edən şeirim "Cem kimi"dir..."

- Tuğrul Tanyolu tanımaq istəyənlər gedib internetə baxsınlar, kitab alıb oxusunlar. Özümü hansısa şeirimlə təqdim edə bilmərəm. Şeirlərim arasında internetdə hit olanlar, çox oxunanlar var. Amma o da nə qədər doğru zövqlə seçilmişdir, ona da qərar vermək olmur. Məni mən edən şeirim "Cem kimi"dir. Onun isə burda heç bir mənası olmaya bilər. Çünki Osmanlıda yarısultanlıq edən, Fatehin oğlu Cemdən və onun sürgünündən bəhs edir.

Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub. Son şeirlərim çox fərqlidir. Əvvəllər obrazlı şeirlər yazırdımsa, son 10-15 ildir daha sadə şeirlər yazıram, gözəlliyi sadəlikdə axtarmağa başlamışam. Obrazlı şeirdə yazacağımı yazdığımı düşünürəm. Fərqli şeirlərə ehtiyac duydum. Orxan Vəli şeirinə meyilləndim. Həyatım boyunca Orxan Vəlidən heç vaxt təsirlənməmişəm, amma həmişə də həsəd apardığım bir şair olub. Ondakı sadəlik və o sadəliyin arxasındakı dərinlik xoşuma gəlirdi. Mən daha gec yaşlarda o sadəliyə çatdım. Hiss edirəm ki, oxucular da sevgiylə qarşıladılar. Ümumiyyətlə, oxucudan məmnunam, kitablarım satılır. Görünür, yaxşı kitablardır (gülürük).

Şahanə MÜŞFİQ

/525.az/

Yenililklər
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
11.02.21
Sənədli kinoya aid unikal materiallar əldə olunub
10.02.21
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü niyə önəmlidir?
10.02.21
Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
09.02.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində dövrün inikası
06.02.21
S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu
03.02.21
“Bəxtsiz cavan” faciəsində köhnəliklə yeniliyin qarşılaşdırılması
02.02.21
Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
29.01.21
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub
29.01.21
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir müsabiqəsi keçirilir
28.01.21
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28.01.21
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
28.01.21
Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.