Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19

Bu il Belqraddakı "CompuTech" nəşriyyatında gənc şair Fərid Hüseynin "Часови васпитань духа" ("Qəlbin tərbiyə dərsləri") adlı şeirlər kitabı serb dilində işıq üzü görüb.

Kitab haqqında Serbiyanın tanınmış ədəbi tənqidçisi və tərcüməçisi Nina Simiçin məqaləsini təqdim edirik.
 

Çağdaş Azərbaycan ədəbiyyatının yeni nəsil şairlərindən Fərid Hüseynin poetik irsi yaşını bir xeyli qabaqlamış mövzu rəngarəngliyi baxımından diqqət cəlb edir. Gənc şairin lirik düşüncələrinin kökləri insani dəyərlərə söykənir. O, ədəbi auditoriyasını həyatın qəddar sualları qarşısında mənən silkələnən insanın narahatlıqlarına, dövrün konfliktlərinə, yadlaşmadan, mərhəmətsizlikdən, yalnızlıqdan qidalanan əzablarına nəzər salmağa, onlarla üzləşməyə sövq edir. Şairin yaradıcılığının əsasında insanlar arasında bərabərlik, azadlıq və sevgi kimi fundamental prinsiplər dayanır. Bu poetik düşüncələr mübaliğədən və pafosdan uzaqdır və insanı mühakimədən, bütün sosial narahatlıqların yaratdığı məhdudiyyətlərdən xilas edir, ən əsası, eşq, azadlıq kimi insanı mənən canlandıran arzularla zənginləşdirir.

Müəllifin gənc olduğunu düşünəndə onun şeirlərindəki zəngin poetik yük oxucuya ilk baxışda qəribə görünür. Çünki bu düşüncələr sadəcə şəxsi yox, bəşəriyyətin mürəkkəb və çoxsaylı tarixi hadisələri ilə bağlıdır. Fərid Hüseyn bu minillik təcrübələri, müşahidələri, yaşam vərdişlərini bir poetik ruhda birləşdirib. Bu poetik bağları qurmaq, duyğu birliyi yaratmaq müəllifə "Günəş Şərqdə doğulub, Qərbdə boğulur" həqiqəti qədər sadə görünür. Şairin qələmi, əslində, bu baxımdan müəyyən qədər də müasir Azərbaycanın dünyaya açılması, ayrı-ayrı dinləri, mədəniyyətləri, dünya görüşlərini özündə birləşdirən inkişaf xətti ilə səsləşir. Müəllif yaradıcılığında ana vətəninin ruhundan, mədəniyyətindən, doğma dilindən, kimliyindən bir addım da uzaqlaşmır, çağdaş poeziyanın poetik tendensiyalarla ayaqlaşan, eyni zamanda, ruhi saflaşma aşılayan, azad ruhunu ifadə edən poetik nümunələr yaradır. Poeziyanı zənginləşdirən, hər bir duyğunun yaşantılarımızla səsləşməsinə xidmət edən bu poetik düşüncələr Şərq oxucusu qədər, Qərb auditoriyasına da maraqlıdır.

Lirik mövzulara üstünlük verən müəllif xəlqi təcrübələrini qabardır. Öz şəxsi təcrübələrinin izlərini saysız-hesabsız talelərin cığırlarına salır. Bu şeirlər həm də oxucuların dünyasına boylanır.

Fərid Hüseynin özünəməxsus ruhunun poetik metamorfozu oxucuya əxlaqi yüksəliş aşılayır. Bunun üçün isə o, insanlar arasında ortaq nöqtələr axtarmağa, bəşəri normalara meyl etməyə ehtiyac duymur. Həssas məsələlərə özünəməxsus cavablar axtarışına çıxır, və eyni zamanda, oxucunun seçim azadlığının təbii tələbat olduğu həqiqətini də unutmur. Bircə sətirdə belə müəllifi "mütləq həqiqət carçısı və ya təlqin təbliğatçısı" kimi görmürük. Əksinə, "aramızdan birinin" baxış bucağını görürük. Yaxşılığın, gözəlliyin, qətiyyətin, etibarlılığın, hörmətin, tolerantlığın bütün dövrlərdə insana nüfuz qazandıran məqamları onun yaradıcılığının əsas xəttidir. O, insanların müharibə və başqa fəlakətlər nəticəsində sevdiklərini, evlərini, yurdlarını itirdiyi ağır zamanlardan da danışanda bu üslubdan yayınmır. Hətta əzab yüklü duyğuları təsvir edəndə belə əsla qəti hökm oxumur, həssas bir müşahidəçi mövqeyi tutur, qarşıdurmalar yaradan nöqtələrdə belə mənəvi bağ yaratmağı hədəfləyir.

Cəmi bircə anlığa hamımızın Adəmin övladı olduğu həqiqətini düşünəndə doğma bildiklərimizin yadlaşmasını bir mərmi yarası qədər dərindən hiss edərik. Sevdiklərinə, dosta düşmən kəsilənlər öz əməllərini Yaradan qarşısındakı hesab gününə kimi çiyinlərində ən ağır günah kimi daşıyırlar. Müəllif üçün insanın necə yaşaması da necə ölməsi kimi kədərli mövzudur. Çünki insan yazsa da, yazmasa da, yaşadıqlarını sonsuza qədər canlı xatirə kimi saxlayır. Bu sətirlər sanki bəşəri həqiqətin nəğməsidir: 
 
Ömür çatmadı,
ölüm, görən, çatarmı,
yazdığım kağızlardan
mürəkkəbi silməyə? 

Fərid Hüseynin şeirlərini mütaliə etdikcə oxucu fəlsəfi tonun əxlaqi incəliyini hiss edir. Onun poetik tərzində kəskin süniliyə, sıxıcı elmi mülahizəyə qətiyyən rast gəlmirik. Bu şeirlərdə təcrübədən süzülmüş zərif yanaşma, insanı püxtələşdirən mənəvi istiqamətləndirmələr var. Şeirləri oxuduqca şərqin hikmət dolu bədii irsinin poetik xarakteristikasının Qərbin müasir şeir rakursu ilə qovuşmasından doğan tamlığın təsirinə düşürük.

Fərid Hüseynin axtardığı azadlıq müəyyən sərhədlərlə məhdudlaşmır. Onu qanadlandıran məfhumların əks-sədası öz daxili dünyası boyunca yayılır. Onun azadlıq anlayışının üfüqləri hətta özünün belə nəzarət edə bilmədiyi sonsuz mənəvi aləmlə bağlıdır. O, nəinki özünü, bütün bəşəriyyəti gözəl ruhun saflaşdığı bu ülvi mərtəbədə görmək istəyir. Ən əsası da odur ki, bu dərin poetik fəlsəfədə semantik mürəkkəblik yoxdur. Müəllif poetik bir qönçənin ləçəklərini aça-aça irəliləyir. Sanki müəllif oxucunu dərin mənəvi qatlara doğru apararkən, keçdiyin yolun da unudulmaz olmasını nəzərdən qaçırmamağa çalışır.

Şair bu qeyri-adi poetik dünyasını sadəcə gündəlik yazırmış kimi təmkinli bir tonu ilə qələmə alır. Şeirlərin bədii gücü bir yana, müəllifin özünəməxsus ifadələri də yaşını çox-çox qabaqlayır. Hamımızın həyat, ümid, ağrı, əzab kimi ifadə etdiyimiz məfhumları müəllif öz poetik lüğətindəki bənzətmələrlə şeirlərinin ahənginə uyğunlaşdırır. Müasir insanın hiylə və riyakarlığından bəhs edərkən də, "polad" qanunların qadağalarına məhəl qoymur. İdeyalarını hər bir oxucunun öz mənəvi tərəzisinin gözünə ehmalca qoyur. Müəllifin hər yaşdan oxucunun anlayacağı sadə dillə çatdırdığı müdrik fikirlərində həm də onun ağayanalığını görürük.

Fərid Hüseyn şeirlərində insanla hadisə, nəsnə arasında körpü qurur. Onun inandığı qəhrəmanlıq anlayışı qan tökmək, can almaqla düz gəlmir. O, qəhrəmanlığı mübarizələrdən keçərkən ləyaqətli duruşu saxlamaqda görür. İnsanın inamına endirilən zərbələr nə qədər ağır olursa olsun, bunun öhdəsindən gələcək gücün sahibləri əsl qəhrəmanlardır. O, şeirlərində ayrı-ayrı sivilizasiyaların, xalqların, mədəniyyətlərin birləşdiyi nöqtəni - sevgini, mənəvi gücü göstərir və yalnız mərhəmət, sevgi hesabına bəşəriyyətin tarixinə həkk olunan qəhrəmanları ön plana çəkir.

Fərid Hüseynin ruhun təmizlənməsi, nəfsin tərbiyəsi ilə bağlı qələmə aldığı şeirlər insanın özünə hesabat verib səhvlərini anlamağa kömək olan poetik fəlsəfi təlim mahiyyətini daşıyır. İnsan səhvləri və günahları ilə yox, onları düzəltməklə, təkrarlamamaqla, bir sözlə, özünü və dünyanı tanımaqla böyüyür, nəticədə mənən dərinləşir. Şairin nəzərində yalnız yaxşılıqla, mərhəmətlə, sevgi ilə bar verən ağacdan bəhrə görə bilərik. Ruh yalnız yanlışların düzəlməsi ilə gözəlləşir. Bu, bəlkə də, F.Hüseynin bütün yaradıcılığında rast gəldiyimiz əsas ideyadır.

Fəridin poetik dünyagörüşünə görə insanın ən böyük mükafatı öz həyatında doğru yolu tapa bilməsidir. Çünki insanın keçdiyi həyat yollarındakı izlər təkrar-təkrar onun önünə çıxır. "O biri dünyada" vəd edilən cənnət elə insanın keçdiyi yollardakı təmiz izləridir. Bəziləri bu yolu qəhrəman kimi keçir, onların mükafatı zamanın fövqünə yüksəlmək - bəşərilik qazanmaqdır. Özümüzü yaralı əsgər yağış gözləyən çay yatağı kimi hiss etdiyimiz günlər dərin boşluqda olduğumuz zamanlardır. Bu zamanlarda boşluqları doldurmaq üçün nəfsimizin arzuladığı hər şeyi əldə etmək istəyirik. Lakin bu, əsla susuzluğu su ilə yatırtmaq, ciyəri təmiz hava ilə doldurmaq kimi əsl ehtiyac duyduğumuz addımlar olmayacaq. Şair oxucusu ilə birgə, bu zamanlar, bu boşluqlar, mənən aclıq duyduğumuz nəsnələr haqqında uzun-uzun düşünür - həll yoluna aparan cığırlar, doğrular, yanlışlar birgə saf-çürük edilir.

"Qəlbin tərbiyə dərsləri" adlı şeir silsiləsi də bizə kimliyimizi, keçmişimizlə gələcəyimizin arasında hansı mövqe tutduğumuzu göstərir. Kitabda nümunələri oxuduqca insan başa düşür ki, bəzən yeni körpülər qurmağa ehtiyac yoxdur, olanları qorumaq lazımdır. Bəzən dünəni xatırlayanda insana elə gəlir ki, keçmişlə bu gün arasındakı meydanda iki gözüyaşlı ordu savaşır. İnsan ömrü quş yuxusudur, odur ki, bu savaşı durdurmaq insanın öz əlindədir. Dünəni, dostları, sevgilini, bağışlamaq lazımdır... Bu səmimi çağırış gecənin dərin sükutunu pozmadan eşidilir:

Tanrıya sevgi tövbəni pozmamaqdı,
bəndəyə sevgi hər dəfə bağışlamaqdı.
... Üstünə gələn adamın gözlərini
qarşılamaq,
tutub onun əllərindən
günahına ağlamaq...
Kürəkdəki dost yarasın unudub,
Yar bıçağın çıxardıb,
Uşaqlara, dostlara meyvə
doğramaq gərək.
... Səni aldadanın da,
səni ağladanın da taleyidir günahı. 

Bu şeirdə olduqca orijinal üslub görünür. Bir müəllim ədası ilə nəsə öyrətmək iddiasında olmayan, paraqraflara bölünəcək qədər uzanmayan, lakin dəbi standartların incəliklə gözləndiyi bu şeiri oxuduqca əsl ədəbiyyatın vəzifəsini bir daha xatırlayırıq. Müəllifin özünəməxsus ritmik dili də burada az rol oynamır. Müasir ədəbiyyatın dili ilə danışdığı açıq-aydın hiss edilən şair, yüksək "impressiv" ifadələrdən yararlanmaqdan çəkinmir.

Fərid Hüseyn könül dünyasının gündəliyindəki gizlinləri şeirin dili ilə xəyal dünyasına qovuşdurur. O, acı reallığı görmək istəmir, ancaq dünyanı bağışlayan saf ürəyinin divarları arxasında sığınacaq tapır. Bugünkü dünyamızın empirik izləri Fəridin poeziyasında parıldayan almaz olmaq imkanı qazanır.

Nina SİMİÇ
Ədəbi tənqidçi və tərcüməçi
(Serbiya) 
Tərcümə: Elcan Salmanqızı

/525.az/

Yenililklər
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.