Fərid Hüseynin poetik dünyası
31.10.19

Əlizadə Əsgərli 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru    



Fərid Hüseyn “Əlvida ağacları” (Bakı, “Avanqard”, 2018, 192 s.) adlı şeirlər kitabını “kağız hazırlanması üçün kəsilən ağaclara ithaf edib”. Niyə belə? Bu ağaclarla şair ruhu arasında bir bağlılıq varmı? Ağacda kölgə var...

Ağacda hava, işıq, yaşıllıq, ağacda həyat və bərəkət var! Ağaclar kökündən güc alır! Ucalır! Bəxtiyar Vahabzadə yadıma düşdü: “Dünyada hər şeyin kökü var. Kökü var torpağın, daşın da! Adamsa kökünü gəzdirir başında”.

Bəs Fərid Hüseyn poeziyasının poetik kökləri, onun rişələri haradadır, haralaracandır?! Gənc şair ağaclara əlvida deyir. Kölgəyəmi, havaya, həyatamı?! Onun poeziyasının poetik ovqatı buradan başlayır. Kölgə və işıqdan!

Kölgə və işığın düşdüyü yer, məkan əsasən doğmalıqdır. Doğma yurd, doğma torpaq, doğma ellər. Kölgə və işığın düşdüyü uzaq poetik məkan da var: İstanbul, Qahirə, Moskva, Sankt-Peterburq, London...

Kölgə və işığın ruhani qidası şair “Mən”inin sevgisi, məhəbbətidir. Amma bu məhəbbət şairin mövzu və motivlərinin bərəkəti olan qadın sevgisidir! Gəncliyin, qayğısızlığın səsi! Səslərin kölgəsi və işığıdır! Fərid Hüseynin poeziyası, doğrudan da, təzadlı, münkəsirli poeziyadır! Yəni...

Bu poetik məhəbbət mövzu və motivlər boyu kamala dolur. Ağac pöhrəsi kimi, gəncliyin özü kimi! Hüdudsuz arzular, istəklər, aydın səmalar, ruhun doyumsuzluğu və bütün bunların poetik ehtizazlı halları! Lirik “Mən”in obraz olaraq bu hüdudsuz istəklər qarşısında zəifliyi – bu, insanın təbii  fitrətidir! İnsan dünya iradəsi qarısında həmişə acizdir!

Bəs Fərid Hüseynin sevgi şeirləri necədir? – Bu şeirlərin mərkəzində iki obraz dayanır. Lirik “Mən” və onun sevdiyi: “Mənim bir sevdiyim vardı”. Müəllifin əksər şeirlərinin obrazı özüdür; poetik təhkiyə, motiv, ideya, fikir, düşüncə, duyğu, qavrayış, anlayış, mühakimə onun özündən ötürülür – birinci şəxsin təkindən. Amma bütün ünvanlara – sənə, ona, bizə, sizə, onlara və özünə! Bu poetik şeirlərin – xitabın, ovqat və ahəngin kölgəsi, əzabımı çoxdur, yaxud işığı, həsrəti? Doğrudan da, istəmədən həyata gələn insanı gözləmədən bir sevgi çulğayır, – iztirab başlayır, davam edir və həsrəti gətirir... Hər şey keçmiş olur! Lirik “Mən”in poetik keçmişi kimi! Keçmişin kölgəsi və işığı kimi!

Şairin lirik “Mən”inin bir sevdiyi vardı (işıqda kölgə), hər səhər onun adından quşlara yem səpərdi (işıq). Bu sevgilinin üzü günəşə, işığa bənzərdi, dini-imanıydı  bu sevgi. Niyyət namazlarının duasıydı, dualarıydı bu sevgi. Bu dua, bu işıq “xaraba taledə” – kölgədə “uçuq qala” kimiydi. Niyə “uçuq qala”? Niyə işıqdan kölgəyə? Və əksinə. Çünki “o qarğışa” çevrildikcə lirik “Mən”in ona duaları artıb, çünki “onun göz yaşlarından şeytanlar da su içib”. Bu sevgilinin qarşısına indi günahları çıxıb. Niyə belə? Bu günah – kölgə başlanğıcını haradan alıb, bir anadanmı, yoxsa?!. Lirik “Mən” səbəbi belə görür: “sevdiyi hər ovcunu açanda orada “günah”ı – kölgəni oxuyur, “ovcunu nə vaxt açsa, anasının günahı çıxardı”. Təkcə bumu? Bəs özümüz? Sevgili – bu işıq-günəş – lirik “Mən”ə qədər hər şeyə yalandan and içib, ondan sonra isə hər şeyə... Hal-vəziyyətdən başqalaşıb bu işıq-günəş. İndi “köhnə əşyalar alana gözəl günlərin xatirəsini satmaqdadır”. İşığa yox, işartıya satmaqdadır. Bu sevgili heç nəyə inanmır: nə tarixə, nə taleyə! Olmuşlar, olacaqlar qorxutmur gözünü! Həmişəmi? Gün keçir, vaxt ötür...  Daha bu işıq həmənki deyil – günəşi qürubdadır (kölgədə), gözündə hamı utanır!

Günah! Qaçılmaz səhərlər və günahlar. Və deyim ki, Fərid Hüseynin şeirləri – bütün poetik mətnləri elə bu cürdür, kölgədə işıq, işıqda kölgə kimi!.. Münkəsirli! Səhvlərin, günahların özü kimi!

Fərid Hüseynin bədii mətnləri nisbətən uzundur. Amma kifayət qədər lirik-psixoloji, duyğusaldır. Təhkiyə və təsvirləri lirik “Mən”in ovqatına köklənir. Bu ovqatda duyğu, qavrayış, təsəvvür çulğaşır. Fərid Hüseynin şeirlərində qismən Rəsul Rza, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odərin  nəfəsi duyulur. Amma onların heç biri deyil. Sadəcə poetik mətnlərini janrın forma təsirləri izləyir.

Fərid bəy təkcə həyat müşahidəsi ilə yazmır, bəzən kitablardan da gəlir – mövzu və motivləri tükənirmi? Təbii ki, yox! Bəlkə başqa səbəblər də olur... O bəzən adi bir anını, duyğusunu Katya, Nexlyudovaya (Lev Tolstoyun “Dirilmə” romanının qəhrəmanları) istinadən təzahür etdirir. Poetik düşüncələrini Mariya Svetayeva, Anna Axmatovanın, – rus şairələrinin dilindən ifadə edir. Səbəb? Görünür, bəzən utancaqlığın hissi ifadəsinin poetik əksləri yaxşı olur, gözəl alınır. Belə: “yanaqlarım isinir, gözün məni qucanda” – həya da bir işıqdır!

Bəzən Nazim Hikmətin “Masalların masalı” şeirinin təsirilə də yaşayır: Göyün əlində şəkil – Günəş və Ay, Günəşin, Ayın güzgüsü – dəniz, dənizin içində balıq, balığın içində kürü... Hərdən tavada “yandım” deməyə vaxt tapmır!.. Ənginlik, hüdudsuzluq da bir işıqdır! İnsanın “içində ürək, ürəyin içində sevgi, sevginin içində sevdiyin”. İnsan hərdən “sevirəm” deməyə vaxt tapmır – ölür!.. Bu son kölgəmi, işıqmı?!. “Əslində sevmək də, ölmək də zamansızlığın içində gizlənir”!

Fərid Hüseyn poetik obrazlarını haradan götürür – gerçəkdənmi, yoxsa psixoloji-mənəvi olanlardanmı? Əslində, şeirlərin adları bu fərqi özü deyir: “Sənsizlik”, “Sevgililər günü”, “Dözmək üçün məşq”, “Qaragözlü üçün sonuncu nəğmə”, “Eşqin mədhi”, “Ağrı”, “Ən gözəl yuxum”, “Təklik”, “Şəklin arxasına yazılan şeir”, “Bir anda”, “Tək qalmış əlin səsi”, “Yusif peyğəmbərə danışdığım yuxu”, “Təntənəli məyusluq”, “Çağırış”, “Mələklərin haqqında yazdıqları”, “İntihara dırmanan Mövlud Mövludovun ayaq səslərinə”, “Xatirələrin düyməsi”, “Məhəmməd Hadiyə”, “Çarəsizlik”, “Söhbət” və s. və i. a. Əksərən belə, lirik-psixoloji. Həmişəmi? Yox!

 Belə də olur:  “Qatarda”, “Sap”, “Polis”, “Qızıl balıq”, “Təsbeh”, “Qurbağa”, “İnsan” və s. Fərid Hüseyn az hallarda epik, həyati, maddi obraz yaradır. Amma bütün hallarda reallığın, epik məğzin verdiyi psixologizmə dayanır. Fərid Hüsyn yaradıcılığında belədir; epik materialın təsvir və təhkiyəsi yoxdur, epik nüvədən qor götürən lirizmin əsrarlı, qeyri-adi,  bənzərsiz poetik halları olur...

Onun duyğuları, mücərrəd düşüncələri, təbii ki, predmetdən bənd alır – bu predmet metaforası ilə olur. Belə: “Ayrılığı ömrümün belinə dolayıram... Ayrılığı dolağından açıblar, bir ucu əlimdə gəzirəm dünyanı” (“Ömür”).

Onun yaradıcılığında da bədii mətnin toxunması bir qədər R.Rövşəndə, V.Bayatda, Vaqif Səmədoğluda olan kimidir: mətnin fərdi başlanğıcı,  gedişi, daha çox subyektivliyi, gözlənilməzlikləri,  lirik “Mən”in özü və özəlliyi:

Qatarda hamı öz işindədir:
tum çırtlayırlar,
uşaq yatızdırırlar,
su satırlar,
bələdçi zibilliyi yığır,
mənsə tez göz yaşını sildiyin salfeti gizlədirəm.

Fəridin poetik mətnində monoloji dialoqlar yetərlidir: Təsvir-təhkiyəsi buna meyillidir. Şair özünü danışır:

Başını qoysan – sevda balıncıdı,
qoymasan, tabut yeridi çiynim.
Səni görsəm, muştuluğa uzanmış ələm,
görməsəm, papağına zillənmiş dilənçi.

Fərid Hüseynin mətnləri orijinal, hissiyyatlı, psixoloji və poetikdir. Şairin hissləri şeiri yazır, özünü həssaslıqla ifadə edir, həyata müdaxiləsi və münasibəti olmur:

Dur qəbrimi sal yatım” demək istəyirəm hərdən,
Amma hər dəfə bir cüt göz kəsir yolumu.
Kimdən soruşuramsa deyir:
“Vallah, mənim gözüm deyil”.


Fəridin poetik mətnlərində həmişə xəyal, hissiyyat təsvirlərdən (gerçəkdən) öndədir:

Allah xatirinə burax gedim
və xoşbəxtlik
qolumu başının altında unutduğum gecədə qalsın.


Fəridin bədii mətnlərində trapesiya, simmetriya, kubik, bir sözlə, həndəsi formaların təzahürü var. Rus şeiri, yapon şeiri kimi!
Psixoloji təzad Fərid Hüseynin bədii mətnlərində mahiyyətdir, həyatın özü kimi, təbii:

Sevgi – insanın ölümlə ayrılığıdı,
Sevgi – söyüdün kölgə barıdı,
Qorxma, iç sevgidən,
badələr qocalmır,

şərablar varlıdı... (“Eşqin mədhi”)

Fəridin bədii mətnlərinin publisistik imkanları da var:

Məktəb illərində qolumuzun,
universitet illərində başımızın,
sonra ürəyimizin ağrısında yaşayır sevgi,
bu da adlanır bir ömür boyu sevmək,
deməli, insan bir ömür boyu sevmir,
bir ömür boyu ağrıyır,
sevgi də ən gözəl ağrıdır.


Şairin bədii mətnləri əsasən sərbəstdir, ölçüsü olmayan sərbəst.

Saçlarıma dən düşüb
Anam hər başımı dizinə qoyanda
Onları çəkib çıxarır – ağrıyıram
Və mən onun saçlarına baxıb
Çarəsizliyimi anlayıram.

Fəqət müəllif ölçülü sərbəstlikdən, hecalı ölçülərdən də faydalanır.

Harda qaldı gəlməyənlər,
Hara getdi gedənlər?

Sənsiz qaldı məndən sonra,
Səni bütün sevənlər.

Yerdən, yurddan tapılarmı
İtirdiyim adamlar?
Gözlərində dayanmışam
Gediləsi haram var?!

Bu da sonuncusu imiş
Hara gəlib çatdım mən?
Sən mənim ən gözəl yuxum
Gecən xeyirə, yatdım mən.





 
Fərid Hüseynin “Liriklər və qeyri-liriklər” bölgüsündəki məhəbbət şeirlərinin əxlaq, estetika və psixoloji məziyyətləri güclüdür (“Qəlbin tərbiyə dərsləri”). Bu baxımdan onun “Yusif peyğəmbərə danışdığım yuxu”, “Çağırış”, “Təntənəli məyusluq”, “Aharon Appelfeldin müsahibəsi”, “Mələklərin haqqımda yazdıqları”, “Xatirələrin düyməsi”, “Terrora ithaf”, “Mən”, “Təsəlli”, “Susa bilmirəm”, “25 yaşın şeiri”, “Bağışlamaq”, “Mikayıl Müşfiqin ölümünə”, “İnsan” şeirləri daha səciyyəvi görünür. Bu mətnlər əsasən genişdir. Adları da maraqlıdır, çağdaşdır. Bu səbəbdən əxlaqi-estetik məziyyətin epik bağları nisbətən güclüdür. Lirizm bu epik yük üzərində dayanır. Lirik “Mən” Yusif peyğəmbərə yuxu danışır. Təntənəli məyusluq canını qarsır. Çağırışlar, müsahibələr başlayır. Haqqında qeydlər oxuyur başqalarının gündəliyindən. Mələklər sağ və sol çiyinlərində dayanıb günahlarını və savablarını yazır. Lirik “Mən”  intihara yox deyir. Təsəlli tapır. Məhəmməd Hadiyə üz tutur. Susa bilmir. Bağışlayır. İnsanlaşır! Fərid Hüseyn fərdi psixologizminin  bioqrafiyasını, tərcümeyi-halını yazır!

Bu şeirlərin bir qədər də əxlaq və psixolojisindən yazaq. Belə: “Vicdan hissi artdıqca insan ancaq öz günahlarını xatırlayır”, “İnsanı öz taleyi qədər heç nə təəccübləndirmir”. “Müqəddəs İsa, bəzən kürək söykəməyə bircə yer qalır insana – o da çarmıxda. Çəkil, çəkil o yana – “yer ver mənə yanında”, “Adəm cənnət uşaqlığından (hissi-psixoloji ifadə) cəhənnəm gəncliyinə qovuldu”, “Sözlərin təmizliyin qorumaqçün susardı, anasının əllərindən cənnəti qoxlardı, sevdiyi qadına son ümidini bağışlardı, xeyir meyvələri dərmək vaxtı yetişəndə o saatca yerdən üzülərdi dabanları”, “Səliqəsi həsəd doğuran qadın, istəməzdi ovcuna pul bassınlar, istəməzdi əllərindən kirlətsin adın” (estetik ifadə).

Fərid Hüseyn bədii mətnlərində, əsasən, epik nüvəni-predmeti böyüdür,  şəxsləndirir, təcəssüm etdirir, sonra ona impuls– hərəkət, başlanğıc verir, ekspressivlik aşılayır. Belə:

Addım səsləri düşüb ayaqlarına yalvarırdı:
– Getmə, getmə, dayan.
Addım səsləri ilan olub ayaqlarına dolanırdı...
Dayanarmı heç öz axırına ucalan.


Gənc şair sətirüstü faktlarla sətiraltının mənasını verir, – alt və üst qat həmişə psixoloji və dəyərləndirilən olur, “bundan sonra” obrazlı məntiq gəlir:

Xatirələrin düyməsini açanda
od tutur keçmişin və indin yanır,
gələcəyin kül olur.

Fərid bəy şeirlərində demək olar ki, bütünlüklə psixoloji təzadı təzahür etdirir. Bu da belə: “Nənəm kor idi, – küçələrsə çökək-çökək. Onda mən uşaq deyildim – nənəmin əlindən tutan bir cüt göz idim.

Nənəm öldü,
Sonralar asfalt çəkdilər küçələrə.
İndi mən koram –
nənəli çökəkliklərə.


Fəridin mətnləri öz qidasını hərdən dini motivlərdən də alır. “Bağışlamaq” şeirindən:

Səni aldadanın da,
Səni ağladanın da taleyidi günahı.
Ürəyini açmaq, əlini uzatmaq,
Özgənin günahına öz suçuntək ağlamaq –
bağışlamaq hamını,
hər dəfə bağışlamaq...


Poetik mənalandırma və dəyərləndirmə lirik “Mən”in mühakimələri ilə bütöv mətn forması da kəsb edə bilir: “İnsan” şeirindən:

İnsan böyümür ki,
bələyi böyüyüb kəfən olur.

İnsan çətinə düşmür ki,
sevdikləri fələk olur.

İnsan ağlamır ki,
gülüşü hönkürür.

İnsan ölmür ki,
Torpaq anaya dönür...


Beləliklə, Fərid Hüseynin bədii mətnlərində xeyli uğurlu poetik fiqurlar, poetizmlər – təsvir və ifadə vasitələri var. Bir neçəsi: “Qraf cahilkən deyirdi: “Xoşbəxt kəs hələ doğulmayandır”.”Sonrasa ömrünü az-az yaşadı: Allaha inandığı vaxtlar”, “Anamdan gizli axan göz yaşlarımı, Cənnətdə gülab tək səpəcəklər üstümüzə. Adamlar həyatımızdan səssizcə çıxıb gedirlər, Necə ki, quşlar “uçuram” demədən uçur”. “Deməli, suallar daha çox düzgün yaşamayanda doğulur”, “Hərdən elə bilirəm kiminsə yuxusudur ömrüm” və s.

Bu da var ki, Fərid Hüseynin poetik obrazlarını mətndən ayırıb təqdim edəndə bəzən qismən zəifləyir. Səbəb? Çünki Fərid bəy poetik mətnin cilasında, estetikasında maksimum səbrli olmur. Daha çox hissini, duyğusunu qoruyub saxlamağa, təbii ifadə etməyə çalışır. İstedad isə həmişə istedad olmur, zəhmət olur! Zəhmət! Fərid bəyin uğurlu metaforaları, təşbehləri var. Lakin o, poetik fiqurların əhatəsini sanki bacardığından az nəzərə alır. Bu ona bənzəyir ki, qapının ağızını səliqəli saxlayırsan, əhatəsinə isə az diqqət yetirirsən. Mətnin əxlaq və fəlsəfəsinə, psixologiyasına daha çox varır...

Gənc şair Fərid Hüseyn ağaclara əlvida demir. Kəsilmiş ağaclara əlvida deyir. Ağaclarda kölgə var. Ağaclarda işıq, həyat, sevgi var. Fərid bəy ağaclara həm kölgə, həm də işıq kimi baxır. Kölgələrə – uğursuz, ötülmüş xatirələrə əlvida deyir, kədərə, təəssüfə əlvida deyir. Xatirələrin, yaşantıların doğurduğu işığı təbərrük bilir gözünə!  Bu işıqdakı sevgi və həyatı bəkləyir Fərid Hüseyn. Arzumuz budur ki, Fərid bəyin lirik “Mən”i daim həyatın, dünyanın daha geniş üfüqlərinə tezliklə yol alsın və böyük ədəbiyyatın – mövzuların, obrazların və ideyaların poetik təbliğatçısı olsun. Uğurlar arzulayırıq!

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.