Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
11.11.19

XX əsr Pakistanlı islam alimi, filosofu və şairi Məhəmməd İqbalın fars dilində yazdığı “Cavidnamə” əsərində Yaxın Şərq dünyasını düşündürən bir sıra problemlər öz əksini tapmışdır. Əsərdə Mövlananın bələdçiliyi ilə Şərq və Qərbin müxtəlif mütəfəkkir şəxsiyyətlərinin ruhuni ziyarət edən və onlarla söhbət edən İqbal bu ruhlar arasında Osmanlı dövləti sədrəzəmi Said Halim Paşanın ruhuna da hörmətlə yanaşmışdır.

Said Halim Paşa ictimai-siyasi fəaliyyəti və düşüncələri ilə Osmanlı dövləti və türk tarixində önəmli yer tutur. Paşanın əsərləri XX əsrin əvvəllərində Yaxın Şərqdə təsir gücünə malik idi, onlar urdu və ingilis dillərinə çevrilərək Pakistan və Hindistanda da milli, dini və siyasi azadlıq mücadiləsinin fəalları arasında geniş yayılmışdır. İqbal da Səid Həlim Paşanın fikirləri ilə tanış olmuş, bir sıra uyğun mövqeyi ifadə etmişdir. Bu baxımdan  İqbal “Cavidnamə” əsərində Səid Həlim Paşanı da qəhrəman seçmiş, öz fikirlərini onun diliylə səsləndirmişdir. Dövlət siyasətində və cəmiyyətin inkişafında milli mədəniyyətin, milli demokratiyanın və islamçı siyasətin əsas götürülməsi, Şərq-Qərb problemi və onun ayrı-ayrı məsələləri, Qərbi təqlidin mənfi cəhətləri, müsəlman cəmiyyətinin inkişafına mane olan savadsızlıq və digər məsələlərdə İqbal və Səid Həlim Paşanın fikirləri arasında uyğun və ortaq cəhətlərə təsadüf olunmaqdadır.

İslamçı dünyagörüşü

İslam dinindən irəli gələn məsələləri həm ictimai həyatda tətbiq etməyə çalışan, həm də əsərlərində ona geniş yer verən İqbalı Səid Həlim Paşanın islamçı dövlət siyasətinə sahib olması cəlb etmişdir. Səid Həlim Paşanın islamı yalnız siyasi müstəfidə deyil, ictimai-fəlsəfi çərçivədə dəyərləndirməsi də İqbalın dünyagörüşü üçün xarakterik idi.

“Məşrutiyyət” əsərində Səid Həlim Paşa belə hesab edir ki, dövlət siyasəti islam qanunlarına əsaslanarsa, daha ədalətli sistem qurula bilər. Osmanlı dövlətinin siyasətində tarixən islam ehkamlarına istinad etməsi sayəsində, paşaya görə, həm öz ümmətinə, həm də müsəlman olmayan millətlərə qarşı yardımçı və ədalətli mövqedə olmuşdur: “İslam inanclarından qaynaqlanan ədalət əsasına dayanan qanunlara daim tabe olmaları sayəsində müsəlman cəmiyyətlər hər zaman kifayət qədər bərabərlik və hüriyyət tərəfdarı olan bir nizam içində yaşamışlar. Bu bərabərlik və hürriyyət sadəcə öz ictimai durumları və siyasət adamlarının təhəmmül dərəcəsi ilə məhdudlaşmışdır. Müsəlman cəmiyyətlərdə şəxsi və ya mövqedən gələn heç bir imtiyaz istibdad səbəbi ola bilməz. Bu cəmiyyətlər ədalət və haqqaniyət əsaslarını tətbiq etməkdə məsuldur. Qərbdə din və məzhəb adına edilən zülümlər cəmiyyəti qana boyayarkən bu əsaslar sayəsində islam məmləkətlərindəki qeyri-müsəlman camaatlar məsud və rahat bir həyat sürmüşlər. Bu əsaslar geniş və aydın bir görüşlə təfsir və tətbiq olunduğu zamanlarda İslam cəmiyyətləri yüksəlmiş və məsud olmuşdur. Əksinə tərk və ihmal edilincə və ya yalnış anlaşılıb düzgün tətbiq edilmədikcə də başqalarının istibdadı altına girərək müstahak olduqları vəziyyətə düşümüşlər”.

İqbal “Cavidnamə” əsərinin Merkuri planeti fəslinin “Əfqaninin rus millətinə mesajı” bölümündə uyğun fikirləri yazır:
Quranın məqsəd və hədəfi başqa
Müsəlmanın adət və ənənəsi başqa.

İqbal da belə hesab edir ki, müsəlmanlar islam dəyərlərindən uzaqlaşdıqca problemlər ortaya çıxmağa başladı. Əsərin sonuncu “Cavidə xitap” fəslində İqbal yazır:
Müsəlman öz mənliyini itirdi
Ey Xızır” Boğuluruq, uzad əlini!

İqbala görə, günəşin ölkəsi olan Asiya özünü itirmiş, başqasına uymuşdur, ağıl, din, elm, namus və ar Avropa lordlarının zəncirinə bağlanmışdır. İqbal dəyərlərə geri dönməyi, Quranın ehkamlarını əla almağı vacib və yeganə həll yolu kimi göstərir.

Səid Həlim Paşa Osmanlı dövlətinin islamçılıq siyasətindən çıxış etdiyi üçün milli siyasətdə də bunu əsas almağı vacibliyini düşünürdü. “Məşrutiyyət” əsərində Səid Həlim Paşa yazır: “Osmanlı siyasi birliyi Avropa xiristian hökumətlərində olduğu kimi milliyyət əsasına deyil, islam birliyi və qardaşlığı əsasına dayanmaqdadır. Əsasən İslamiyyətə xas olan bu his sayəsindədir ki, dünyadakı bütün müsəlmanlar özlərini bir-birilərinin qardaşı sayırlar.

Bəzi mütəfəkkirlər belə bir siyasi birliyin həqiqi və davamlı olmayacağını iddia edirlər. Fəqət Osmanlı tarixi onların bu iddialarının qəti şəkildə yalan olduğunu yazır. Ayrıca olaraq, bunu da əlavə edim ki, zəruriyyət və ehtiyacları anlaşılmaq və yerinə gətirilmək şərti ilə belə bir siyasi birliyin də digərləri qədər dəyərli olmaması üçün məntiqi bir səbəb yoxdur. Nə yazıq ki, bizim mütəfəkkirlərimizdən bir çoxu bir millətin layiq olduğu səadətin dərəcəsini Qərbə olan bənzərliyi ilə ölçürlər. Qərbli millətləri nə qədər çox təqlid edə bilərsək, o qədər məsud olacaqlarına inanırlar. Halbuki bizim bu şəkildə Qərb millətlərini təqlid etməmiz öz şəxsiyyətimizdən, keçmişimizdən, adət və inanclarımızdan və sanki varlığımızdan siyrilib çıxmamızdan başqa bir məna ifadə etməz”.
İqbal da uyğun fikirləri ifadə etmişdir:
Din qüvvətli birlik məqamına dayanır.
Birlik biçimlənirsə, millət canlanır.

Səid Həlim Paşaya görə, milli kültürü və dini dünyagörüşünü inkar edən heç bir yenilik Osmanlı toplumu üçün faydalı ola bilməz.

Milli məsələlər

İqbal islam alimi və bütün müsəlman xalqlarının milli-mənəvi inkişafının tərəfdarı olduğu kimi, konkret olaraq milli məsələlərin həll ilə bağlı da ardıcıl düşünən və fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Təhsil, mədəniyyət, sosial-iqtisadi, siyasi, milli özünüdərk kimi müxtəlif sahələri əhatə edən milli problemlər İqbalın düşüncəsində və əsərlərində mühüm yer tutur. İqbal “Göylərin arxasında” fəslinin “İlahi camalın səslənişi” bölümündə milli birlikdən bəhs edir:
Fərd birlik ilə ilahi dərəcəyə yetişir
Millət birlik sayəsində cəlalı qazanır!

Səid Həlim Paşa əsərlərində də milli məsələlər önəmli yer tutur. “Fikir böhranımız” əsərində Səid Həlim Paşa milli ruhumuzu zəiflədən, türklük və milli dəyərlər əsasında gələcək inkişafımıza əngəl olan məsələlərdən bəhs edir: “Diqqət edilərsə, ədəbiyyatımızda ifadə vasitəsi olan kəlmələrdən başqa, türklüklə bağlı heç bir şey görülməz. İlhamın yerini sünilik, dərin və səmimi hisslərin yerini də kəskin və sərbəst bir zəka almışdır. Bu da milli ruhumuzu qüvvətləndirəcək yerinə zəiflədir. Ədəbiyyatımız qüvvətli və həqiqi imanlar meydana gətirmək yerinə zərərli şübhələr, tərəddüdlər və inancsızlıqlar saçır. Nəticədə, təbii olaraq, çox təsirli bir pozğuğunluq yaranır”.  Əsərdə Səid Həlim Paşa öz ölkəsinin milli kültürünü inkar edənləri də kəskin tənqid edir: “Öz məmləkətinin kültürünü, mədəniyyətini, irfanını inkar edən və ya xor görən milliyətini itirər. Bununla da artıq millətin adına danışmaq haqqı olmur”.

Səid Həlim Paşanın milliyətlə bağlı fərqli və özünəməxsus düşüncələri də diqqəti cəlb etməkdədir. O milliyət və mədəniyyəti eyni anlamda görür. Ona görə də mədəniyyətdə baş verən hadisələrin birbaşa milliyyətə bağlı olduğunu ifadə edir. Səid Həlim Paşa Osmanlı dövləti tərkibində yaşayan xalqın milli-mənəvi həyatının Qərb mədəniyyətindən kəskin şəkildə fərqlənməsinin səbəblərini də paşa bunda görməkdədir.

İqbal “Cavidnamə” əsərinin “Ay” fəslinin “Cahandost” hissəsində həmin məsələlərə diqqət yetirmiş, hər bir millətin öz milli mənliyini dərk etməsi, qəflət yuxusundan oyanması, milli şüura sahib olmasının vacibliyini qeyd edir:
Ruhu coşqu ilə titrəyən millət neca qismətlidir!
Yaradır o torpaqdan öz mənliyini!
Göydəkilər bayram sabahı sayar o vaxtı
Bir millət gözlərini açdığında!”

Səid Həlim Paşa milliyyət və mədəniyyət haqqındakı görüşlərində türk millətini, yaxud da Osmanlı hakimiyyəti daxilində yaşayan digər müsəlman millətləri dünya mədəniyyətindən təcrid olunmuş şəkildə yaşamaları, dünya elmini mənimsəməməli olduqlarını iddia etmir. Əksinə, üstün bir mədəniyyətdən faydalanmağı, öyrənməyi, müqayisə etmək üçün zəmin yaradan məsələləri araşdırmağı vacib hesab edir və aydın düşüncə və təfəkkürlə edilən bu işdən millət üçün yalnız fayda gələcəyinə inanır. “Fikir böhranımız” əsərində yazır: “Öz mədəniyyətimizi inkişaf etdirmək üçün özündən istifadə imkanına sahib olduğumuz daha üstün bir mədəniyyətdən faydalanmağı istəmək, əsalində, çox yerindədir. Bu istək həm müşahidə və müqayisə zehniyyətimizi, həm öyrənməyə olan şövq və qeyrətimizi, həm də zəka və düşüncə kimi qabiliyyətimizin inkişafını təmin edərək mənəvi varlığımızın qüvvətlənməsinə yol açar, millətləri salamatlığa aparacaq qanuni və təbii yeganə metod da budur”.

Lakin Səid Həlim Paşa bəzi həssas məqamlarda diqqətli olmağı, xüsusilə ictimai problemlərin həllində “Qərb heyranlığı” xəstəliyindən uzaq olmağı vacib hesab edir. Səid Həlim Paşaya görə, yapısı, milli dövlətçilik tarixi etibariylə demokratik ruha malik türk millətinə Qərb demokratiyasını örnək göstərmək və onu tətbiq etməyə çalışmaq zərərli və yersizdir. Çünki Qərb demokratiyası öz daxilində bir çox problemlərə sahibdir və onun fərqli milli kültürə və dövlətçilik, ictimai-siyasi ənənələrə sahib türk cəmiyyətinə tətbiq etmək yalnış nəticələrə gətirib çıxara bilər. “Təqlidçiliyimiz” əsərində Səid Həlim Paşa bu məsələlərə diqqət edərək yazır: “Onsuz də deyilə bilər ki, ictimai məsələlərdə göstərdiyimiz bütün xarici heyranlıq bizi Qərb üslubunda demokratikləşmək istəyinə gətirir. Halbuki biz quruluş dövrümüzdən bəri ən həqiqi bir demokratiya üsulu ilə yaşamış demokratik bir millətik. Tətbiq etmək istədyimiz Qərb demokratiyası isə hələ dünən meydana gəlmişdi, müxtəlif günahlarla ləkələnmiş və keçici bir haldır. Bu hal uzun bir aristokratik keçmiş ilə bərabərlik tərəfdarı bəzi cərəyanlar arasında bir inqlab halıdır. Bərabərlik tərafdarı yeni cərəyanlar Qərb cəmiyyətlərini bezdirməkdə və bəzi tədbirləri görməyə məcbur etməkdədir”.

Ona görə də Səid Həlim Paşa “Fikir böhranımız” əsərində “Qərb heyranları”nın Qərbdən aldıqları bilgi işığının özlərini aydınlatmaqdan çox görüşlərini kor eydiyini düşünməkdədir”. Səid Həlim Paşa onların “özünü bilməmək” cəhalətinə düşdüklərini təəssüflə qeyd edir: “Belə olduğu halda qərbçilər öz mənəvi və əxlaqi həyatlarını sosial və siyasi qanun, yetkinlik prinsiplərini, yəni millətin  dahiliyini göstərən, milli, fikri və əxlaqi varlığını meydana gətirən şeyləri aşağılayıb təhqir edirlər. Bunları öyrənib tədqiq etməkdən fayda umurlar. Onları cəhalətlərinin ən uğursuzu olan “özünü bilməmək” halına düşürən də budur”.


Qərbin Yaxın Şərqdəki siyasəti

20-ci illərin sonuna doğru M.İqbal siyasi fəaliyyətinə başlamışdır. Özünü siyasətçi hesab etməyən, sevgi və vətənə olan duyğularının onu siyasət meydanına gətirdiyini düşünən İqbal hind müsəlmanlarının siyasi fikrinin inkişafında mühüm rol oynamışdır. Məlum olduğu kimi, Hindistan orta əsrlərdə müxtəlif Avropa dövlətlərinin müstəmləkə uğrunda mübarizə meydanına çevrilmişdir. XX əsrin əvvələri üçün isə Hind yarımadasının yarıdan çoxu ingilislərin hakimiyəti altında idi. Buna görə də İqbalın yaradıcılığında Şərq-Qərb məsələsi, Qərbin Yaxın Şərqdəki siyasəti, siyasi və mədəni hegamonluğu daim ön planda olmuşdur.


İqbal “Merkuru planeti” fəslinin “Cəmaləddin Əfqani və Səid Həlim Paşa ruhlarını ziyarət” bölümündə sözügedən fikirləri dilə gətirmişdir:
Türk, İran və Ərəbistan bağlanmış
Hər kəs Qərbin qarmağına taxılmış kalmış!
Qərbin imperializmi Şərqi yıxmış
Kommunizm dinin parlağlığını çalmış!

İqbal Avropa hoqqabazlarının nərdlərində ümmətlərə qarşı oyun qazandıqlarını C.Əfqaninin dilindən kədərli şəkildə ifadə etməkdədir.

İqbal Qərb siyasətindəki yalançılığı, riyakarlığı, vəhşiliyi ortaya çıxarmağa çalışır və şərqliləri oyanıq olmağa, aldanmamağa çağırır:
Qərb lordu başdan-aşağı hiylə, aldatmaq
Vətənsevərliyi deyil, ayrımçılığı öyrətdi dindar.
O birləşmə arxasında, sən ayrımçılıqda
Şam, Fələstin və İrağı vecinə almır.
Yaxşı və pisi ayıra bilirsənsə,
Oduna, daşa, torpağa bağlama könlünü.

İqbal Qərb imperialistlərini “Ey bəyaz bütlər! Ey Qərb lordları! Savaşmadan qoltuqlarının altına alanlar dünyanı” sözləriylə tənqid edir. İqbala görə, Qərb sivilizasiyası aldadıcı cənnətləri təqdim edir, Qərbin işvələri Şərq ailələrini dağıdır, xarici görünüşü parlaq olduğu üçün heyran şərqlilər onun cazibəsinə aldanırlar.

Səid Həlim Paşa da İslam dünyasındakı Qərb siyasətinin və mədəni hegemonluğunun doğurduğu problemlərə yaxından bələd idi. Bir dövlət adamı kimi problemi yaxından izləyən paşa onun əsərlərində də ifadə etmişdir. “Təəssüb” əsərində Avropanın dünyadakı, eləcə də, Yaxın Şərqdəki dağıdıcı siyasətinə diqqəti çəkir: “Beləcə Avropa hər yerin huzur və rahatlığını pozmuş, keçmiş mədəniyyətlərin əsrlərcə qeyrət və çalışma ilə qurduqları siyasi-içtimai balansı alt-üst etmişlər. Yaxınlığı səbəbiylə Qərb təcavüzlərindən ən fazla zərər görən yer Yaxın Şərq olmuşdur. Bura parlaq bir mədəniyyətin tükənməz xəzinələrinə malik olduğu üçün də xristian rahiblərinin heç kəsilməyən buz və ədavət ildırımlarını üzərinə çəkirdi”.

Səid Həlim Paşaya görə, Qərbin bu siyasəti yalnız Şərqdə fəlakətlərə səbəb olmamış, eyni zamanda, Şərq və Qərb dünyası arasında problemlərin meydana çıxmasına, iki mədəniyyətinin qarşı-qarşıya durmasına səbəb olmuşdur. Şərq və Qərb insanının qarşılıqlı nifrətinə, etimadsızlığına səbəb olan bu durumun yeganə səbəbkarı kimi Səid Həlim Paşa Qərbin hegamonluğunu, amansız siyasətini göstərməkdədir. “Təəssub” əsərində yazır: “Qərblilərin etdikləri zülümlər, fəlakət və talanlar, onlara qarşı kin və nifrətin oyanmasına səbəb oldu. Qərbdən gələn heç bir şeyə etimad edə bilməyən islam aləmi uzun bir müddət onun mədəniyyətindən də nifrət etdi. Çünki Şərq Qərbi Səlib yürüşləri və müharibə edən papazlar vasitəsilə tanımışdı. Qərb isə islam aləmini və Şərqi soyunçuluq və qarətə göndərdiyi liderləri vasitəsilə öyrəndi. Avropa zehniyyəti nəsillər boyunca ruhani və cismani rəislərinin nəql və nəşr etdiyi yalanlarla bulandı dayandı. “Müsəlman” deyincə nəzərlərində zərəli və səviyyəsiz bir məxluq canlanırdı. Bu gün avropalıların çoxuna görə, müsəlman aşağı səviyyəli bir varlıqdır”.

Müasiri olduğu mərhəldə Səid Həlim Paşa Qərbin artıq “Mədəniyyət” hegamonluğuna başladığını, fərqli yollarla dağıdıcı siyasət yürütdüyünü göstərir, topluma önəmli bir mesaj verir: “İndi artıq Şərq “Xaç” adına deyil “Mədəniyyət və “İnsanlıq” uğrunda təcavüzə uğrayır. Müsəlmanlar daha görüşlərinə görə təhqir edilib həqarətə uğramırlar, amma Avropa ehtiraslarının təmin edilməsi üçün bazarların zəruri canlıları hesab olunurlar”.

 
Qərbi təqlidin tənqidi və milli-dini dəyərlərin təbliği

İqbalı Şərq-Qərb məsələsində düşündürən ən mühüm məsələlərdən biri Qərbin təqlidi ilə bağlı idi. Avropada təhsil alan, Qərb mədəniyyətinin xüsusiyyətlərinə bələd olan İqbal təqlidin qəti şəkildə tərəfdarı deyil. O Avropanın dəyərlərini, elmini qiymətləndirsə də, təqlidi inkar edirdi. İqbal yazır:
Çeşid-çeşid cilvələri varsa da
İbrət gözüylə baxaram Avropaya!
Ey onun təqlidinin əsiri olan!
Özgür davran
Quranın ətəyinə yapış, müstəqilliyini qazan!

İqbala görə, Qərbi təqlid etmək deyil, hadisələrə obyektiv yanaşmaq lazımdır. “Göylərin arxasında” bölümündə şair yazır:
Şərqə özünün itizdirir Qərb təqlidi
Bu millətlərə əslində Qərb tənqidi lazımdır.

İqbal Qərb heyranlarını “Qərbə məst olmuş, özündən getmiş, Şirin bir zəhər içmiş Qərbin əlindən” sözləriylə tənqid edir.

İqbal müsəlman xalqlarına üz tutaraq İslam dinindən, Quranın ehkamlarından gələn məsələlərdən qaynaqlanmağı, islam düşüncəsinə sahib olmağı, Qərb hiyləsinə uymamağı tövsiyyə edir:
Düşüncələrinə qaynaq ara Qurandan!..
Qərbi tərk edib mənliyini tap!
Əgər Qərbin hiyləsini anlayırsansa,
Tülkülüyü tərk et, aslanlığı məslək et!

Daxili təkamül və inkişafın tərəfdarı olan Səid Həlim Paşa “zirvəyə yetişdiyi dövrlər də daxil olmaqla uzun bir zaman fərqli mədəniyyətlərə sahib cəmiyyətlərin inkişafına təsir göstərən, fəqət son dönəmlərdə bu missiyasını itirməyə başlayan islam mədəniyyəti və onun ən önəmli təmsilçisi sayılan Osmanlı dövlətinin qarşı-qarşıya qaldığı sıxıntıların kəskin həll yolları ilə aradan qaldırılması zəruriyyətini düşünür. İslam mədəniyyətini qurtaracaq yollar bu mədəniyyətin öz içində axtarılmalı və Qərb mədəniyyətindən bu məsələdə böyük bir tədir gözlənilməməlidir” deyirdi. Səid Həlim Paşa “Təqlidçiliklərimiz” əsərində başqa millətlərin təcrübələrindən istifadə edən bir millətin təmiri imkansız bir sıra xətalara düşməməsini imkansız hesab edir: “Qərbin mədəniyyəti, siyasi və ictimai müəssisələri bizdə təbii olaraq bir heyranlıq doğurmuşdur. Bu heyranlığın sövqü ilə Avropa millətlərinin təcrübələrindən istifadə etməyi şiddətlə arzu edirik. Bu arzu bizim fikir həyatımıza, fəlsəfəmizə, siyasi və ictimai fəaliyyətimizə başqa bir özəllik gətirməkdədir. Hər millətin özünə xas fikirləri və ehtiyacları olduğu üçün siyasi və ictimai məsələlərdə başqa bir millətin təcrübələrindən istifadə etmək qədər çətin bir iş ola bilməz. Hər millətin özünə xas fikirləri və hissləri olmasaydı, ictimaiyyət elmi (sosilogiya), heyvanat elmi (zoologiya) ilə qəribə bir şəkildə qarışardı. Buna görə də başqa bir millətin təcrübələrindən istifadə etməyə başlayan bir millətin təmiri imkansız bir sıra xətalara düşməməsi çətindir”.

Qərbi kör-koranə təqlidə qarşı fikirlərini əsaslandırmaq üçün həm Səid Həlim Paşa, həm də İqbal Şərq və Qərb arasındakı fərqli cəhətləri göstərir, İslam dəyərlənin üstünlüklərini önə çəkir, müqayisə üçün imkanlar yaradırdı. “Mukallitliklerimiz” əsərində Səid Həlim Paşa Qərb və islama əsaslanan Şərq siyasətində çox mühüm fərqə diqqəti cəlb edir: “Şərqi Qərbdən ayıran ən görünən fakt Avropanın bütpərəstlikdən xristianlığı keçməsinə baxmayaraq, rahiblik və əsllik imtiyazlarının başqası altında yaşamasıdır. Bu hal isə, təbii olaraq, zülmə və düşmənliyə səbəb olmuşdur. Şərq isə islamiyyət ilə şərəfə qovuşduqdan sonra nə rahib sinfini, nə əslzadələri, nə də başqa bir imtiyazı tanımışdır. Hansı irq və məzhəbə mənsub olursa, olsun bütün insanlar arasında həqiqi bir ədalət, təbii bir bərabərlik və səmimi bir qardaşlıq dünyası qurmaqdan başqa qayəsi olmayan bir “ədalət və bərabərlik qanunu”na tabe olmuşdur”.

İqbal isə digər bir önəmli fərqə nəzər salır. Şairə görə, Şərq və Qərb arasında ən mühüm fərqlərdən biri eşq və elmin münasibətini düzgün qura bilməməsidir. “Gönül Haqqa bağlanarsa, peyğəmbərlik, Haqqdan uzaq qalarsa, kafirlik olar” deyən İqbal Avropanın “gönül atəşindn nasibini almayan elmi ilə yaradılmış bombaların dünyanı parça-parça etdiyini, hər yerdə fəlakət törətdiyini yazır:
Əl atar millətlərin sərmayəsinə!
Gücü İblisə həsrət edər
Atəşlə söhbət atəşə nur qatar.

Ona görə də bu elmin nailiyyətlərini İqbal “batil elm” adlandırır.
İqbal cəmiyyətə zidd olan yad qanunların təqlid və tətbiqinin faydasız olacağını, insanlar tərəfindən qəbul edilməsinin mümkün olmadığı fikrini müdafiə edir:
Göydən enmiş olsa da başqasının qanunu
Ruha ağır bir yükdür başqasının qanunu!

Səid Həlim Paşa yerli və milli cəhətləri əsas götürməyi, hər cəmiyyətin öz milli-mənəvi, dini, sosial-siyası özəlliklərindən irəli gələn məsələləri hədəf almağı daha doğru hesab edir. Təqlid ona görə, arzu olunan hədəfə yetişmək üçün yol ola bilməz. Ona görə də Said Halim Paşa Osmanlı dövlətində son onilliklərdə istifadə edilən qanunların yanlışlığını bir örnək kimi göstərir. “Məşrutiyyət” əsərində yazır: “Məmləkəti yenilik və islahat yolunda çəkmək üçün yarım əsrdən bəri qəbul və tətbiq etdiyimiz metod yalnışdır. Duşdüyümüz bu məşum xəta isə budur: “Biz məmləkətimizin məsul olması üçün Avropa qanunlarını tərcümə etməyin kifayət edəcəyini zənn etdik. Bu qanunların bizdə qəbul və tətbiq oluna bilməsi üçün isə ediləcək bir neçə dəyişikliyin yetəcəyini xəyal etdik. Məsələn, ədələt sistemizi islah etmək üçün Fransa ədalət sistemini əsas aldıq. Halbuki fransız cəmiyyəti bizimkinə əsla bənzəməyn, əsli və mənşəyi, ruh hali, adətləri və ənənələri, irfani və mədəniyyət səviyyəsi ilə bizdən fərqli olan, ehtiyacları isə çox və müxtəlif olan bir toplumdur”.

Səid Həlim Paşa belə hesab edir ki, mənəvi və elmi səviyyəsi hansı dərəcədə olursa, olsun bir cəmiyyətin özünü yaxşı şəkildə idarə edəcək, daha əmin və sağlam yollarla sövq edəcək ünsürlərdən məhrum olmasını ağıl qəbul etməz. Bu ünsürün bizdə daima olmadığını iddia etmək uğursuzluğumuzun səbəblərini yaxşı anlamamış olduğumuzun dəlilidir.

Səid Həlim Paşa milli özünəgüvəncin zəifləməsinin əsas səbəblərini də təqliddə görür. Təqlid sağlam düşüncəyə zidd, araşdırma imkanlarından məhrum, inkişafı əngəlləyən bir proses kimi paşanın düşüncələrində təkzib olunur. “Məşrutiyyət” əsərində bunu aydın şəkildə ifadə edir: “Fikrimizcə, bütün bu fənalıqları doğuran Qərb mədəniyyətini anlamadan təqlid etməmizdir. Cəmiyyətlərin təkamülü qanununa haqqıyla vaqif olmadığımız üçündür ki, millətlərin qanun və nizamlarını, anlayışlarını iqtibas edəcək olursaq, bütün işlərimizdə və idarədə onlar qədər inkişaf nail olacağımıza inanırıq”.
Eyni məsələlər İqbalı da dərindən narahat edir:
Təqlid və şübhəni gördüm müsəlmanlarda
Bu səbəbdən ruhum vücudumda daim sarsılır!
Bir gün ondan məhrum qalmaqdan qorxuram
Atəşini başqasının qəlbinə verməsindən qorxuram! 

Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.