İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
24.01.20

Əvvəli burda

I məqalə
Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi


II məqalə
 “Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya




“Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...” Repressiyanın 80 illiyinə həsr olunur...

III məqalə

 “…və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən
beyin mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi”.
(C.Oruell)

Əvvəlki məqalədə də vurğulamışdım ki, təkcə insanlar yox, sənət abidələri belə “düşmən mədəniyyətinin nümunəsi” kimi repressiyaya məruz qala bilirdi. “M. Kaşğarlının “Divani-lüğət-it-türk” əsərini “pantürkizm elementi” deyə silmək istədilər. Xalid Səid Xocayev bu əsəri tərcümə etdiyinə görə cəzalananlar sırasında oldu. “Kitabi-Dədə Qorqud” dastanı sonradan “mürtəce abidə” kimi damğalandı. B.Çobanzadənin “Dədə Qorqudun dili” adlı əsəri məhv edilmişdi. Stalin siyasətində bizim farsdilli klassik ədəbiyyatımıza münasibət daha yumşaq idi. 1941-ci ildə N.Gəncəvinin 800 illik yubileyi münasibəti ilə görülən tədbirlərin mahiyyəti də bunu sübut edir. Türkçülük emosiyasını və sevgisini öldürmək lazım idi. Böyük rus dilçisi Y.Polivonov qırğız dastanı olan “Manas”la bağlı araşdırma aparmışdı. Və 20-yə qədər dil bilən (1963-cü ildə onun əfvi ilə əlaqədar həmkarlarının və dostlarının SSRİ Ali Məhkəməsinə yazdığı məktublarda çin, fin, hind, bütün türk və bir çox Avropa dillərini bildiyi göstərilirdi.) şərqşünas alim “Dilçilik terminləri lüğəti” hazırlamışdı. Bu yönümlü (türksevərlik) elmi xidmət Y.Polivonovun həyat tarixçəsində “cinayət” statuslu oldu.

Repressiya qurbanlarının sorğulanmasında iki qəribə sual vardı. Sorğulamanın ana sualları: 1. “1917-ci ilə qədər nə işlə məşğul idiniz?” 2. “Bəs 1917-ci ildən sonra nə işlə məşğul oldunuz?”

Təəccüblü olanı isə o idi ki, mühakimə olunan insanlar həyatlarının hər iki mərhələsi üçün günahkar hesab edilirdi. 1) İnqilabdan əvvəl məlum SSRİ ərazisindən kənarda fəaliyyətin olubsa (təhsil, iş, elmi-siyasi, mədəni əməkdaşlıq və s.) - şübhəlisən. 2) İnqilab baş verdi və sən bu hadisəyə öz “töhfə”ni vermədin –günahkarsan. 3) Sovet sistemini və rus əsarətini qəbul etmirsən, tarixini, dinini, dilini bərpa edib müstəqil xalq kimi mövcud olmaq istəyin var – artıq cinayətkarsan!...

Repressiyaya məruz qalan adamların tarixçəsini vərəqləsəniz, tam bu ittihamların güdazına getdiyini görəcəksiniz...

İşgəncə altında imzalanan sənədlərdəki faktlar nə dərəcədə inandırıcıdır? 1937-ci ildə “Butırskaya” həbsxanasında yazdığı ərizəsində Y.D.Polivanov deyirdi: “Mən 58- 1 a maddəsinə əsasən Yaponiya lehinə casusluq etməkdə günahlandırılıram. Mühakimənin ağır şərtlərinin (fiziki şiddət) dayandırılmasını istəyirəm, çünki bu şərtlər məni yalan söyləməyə məcbur edir və bu sadəcə məhkəmənin nəticələrinin ədalətli olmamasına səbəb olacaqdır. Ağlımı itirəcək bir vəziyyətə gəldiyimi də vurğulamaq istəyirəm”. (F.D.Aşnin, V.M.Alpotov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”)

Təkcə həmkarlar və dostlar yox, hətta qardaşın qardaş haqqında ifadələri bu gün birmənalı şəkildə “satqınlıq” kimi qəbul edilməməlidir.Arxiv qovluqlarında şiddət altında imzalanmış sənədlər, əslində daha çox söz deyir. “Bu həmin Əmin Abiddir ki, qardaşı Müznibin vəfatı xidmətindən (O, SSRİ DİXK yanında Xüsusi Müşavirənin 27 avqust 1937-ci il tarixli cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. Cəmi bir il sürgündə “yaşayan” Ə.Müznib 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi məntəqədə vəfat edir.) cəmi bir ay 21 gün sonra Azərbaycan SSRİ DİXK-nin 19 oktyabr 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilir və 21 oktyabrda əmr yerinə yetirilir. (Hər iki qardaş "Əmin" təxəllüsünü M.Ə.Rəsulzadənin şərəfinə götürüblər Məhəmməd Əmin Rəsulzadə ilə bir məhəllədə yaşayıb və ana tərəfdən qohumluq əlaqələri olub . “Gültəkin” təxəllüsü ilə şeirlər yazıb. Ən dəhşətlisi odur ki, Əliabbas Müznib istintaq zamanı “pantürkist təşkilatının üzv”ü kimi qardaşı Əmin Abidin adını çəkib. Onu satıb, ələ verib”. (E.M.Bədəl)

Repressiya şiddətinin çox tragik həbs situasiyaları olurdu. Bir çox adamları istirahətə getdikləri şəhərlərdə, parkda gəzdikləri yerdə yanlayıb aparırdılar. Bəzilərini iş yerlərində, hətta kitabxanalarda tuturdular. Amma, əsasən, gecə “yaxalamaları” daha ağır, daha travmalı olurdu. Səksəkə içərisində, qorxulu yuxular görə-görə açırdılar səhəri. “Bu işi həmişə gecə görürdülər. Həbs eləməyə gecələr gəlirdilər. Qəflətən yuxudan oyadırlar, kobud əl çiynindən yapışıb səni silkələyir, işığı düz gözünə salırlar. Sərt simalı adamlar yatağını dövrəyə alır. Əksər hallarda heç bir məhkəmə keçirilmirdi, həbslər barəsində məlumat verilmirdi. Adamlar bir qayda olaraq gecələr yoxa çıxırdılar. Adın siyahılardan silinirdi, gördüyün işlərlə bağlı xatırlatmalar hər yerdən pozulurdu, mövcudluq faktın inkar olunurdu, həmişəlik unudulurdun. Artıq sən yox idin. Ləğv edilmişdin, yoxa çıxarılmışdın, öz aralarında dedikləri kimi, buxara çevrilmişdin”. (C.Oruel.“1984”)

Repressiya faciəsi haqqında bədii ədəbiyyatda xeyli sayda əsər var. Lakin, Corc Oruelin “1984” romanı qədər bu rejimin anatomiyasını, mahiyyətini açan, obrazını yaradan ikinci bir nümunə tapmaq çətin olar. Corc Oruell İkinci Dünya müharibəsi illərində BBC telekanalında və “Observer” qəzetində işləmişdi. 1943-cü ildə sovet dövlətinin lideriİosif Stalinhaqqında “Heyvanıstan” romanını yazır. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Yazıçı kimi məşhurluqdan sonra da o yenidən jurnalistlik fəaliyyətini davam etdirir. 1948-ci ildə isə dünyanın 70-dən çox dilinə tərcümə edilən və müəllifinə əbədi şöhrət qazandıran “1984” romanını yazır. Totalitar qaydalarla idarəetmənin insana və insanlıq tarixinə vurduğu sarsıntılı zərbələri Oruell incə və dəqiq müşahidələr, siyasi uzaqgörənlik, fəlsəfi və analitik təhlillər, ideyaverici və təlqinedici ştrixlər əsasında faş və ifşa edə bilmişdir. 1956 və 1984-cü illərdə roman iki dəfə ekranlaşdırılır. Əlbəttə, totalitarizm, diktator hegemonluğu, milyonları utopiya, xəyal ilğımında bilərəkdən heçliyə, uçuruma sürükləmək, insana həqarət və rəhmsizliklə yanaşma mövzusu Corc Oruelədək də işlənmişdi. Lakin “1984” romanı qədər cilalanmış fikirlər və başdan-başa “siyasi bədiyyat” ampluasında cərəyan edən səhnələr zənginliyi ikinci bir əsərdə olmamışdır. O.Hakslinin “Heyrətamiz yeni dünya”, K. Boyun “Kallogen”, R. Bredberinin “Farengeyt 451” kimi əsərləri dünya ədəbiyyatında totalitar rejim mənzərələrini əks etdirən maraqlı nümunələrdir. Rus mühacir yazıçısı Y. Zamyatinin 1920-ci ildə çap olunan “Biz” romanı siyasi uzaqgörənliklə yazılmışdı. Y.Zamyatin artıq 1920-ci illərdə bolşevizmin təkcə keçmişə yox, həm də müasir insanın düşüncəsinə, şüuruna edilən zorakı təlqinlərini vaxtında görmüş və qələmə almışdır. Sovet ədəbi düşüncəsi üçün “təhlükəli yazıçı” təqdimatı ilə tanıdılan Y.Zamyatinin həmin əsəri Rusiyada 1988-ci ildə işıq üzü gördü. “Zamyatinin romanında “Vahid Dövlət” adlandırılan totalitar cəmiyyətdə yaşayan mühəndis D-503-ün (burada insanların ad və soyadları yoxdur, onlar yalnız nömrələrlə işarələnirlər) həyatı təsvir olunur. Bu dövlət Xeyirxah adlı rəhbər tərəfindən idarə edilir. Onun sakinləri isə robotları xatırladır. Onlar hər gün “Dövlət qəzeti”ni oxuyur, Mühafizlər Bürosunun nəzarəti altında yaşayır, şüşə divarlı mənzillərinin kandarından kənarda baş verən hadisələrlə maraqlanmırlar. Cəmiyyətə müxalif mövqe tutan İ-300 adlı qızla tanış olana qədər bu həyat tərzi mühəndis D-500 üçün tamamilə məqbul görünür. Sonra isə hər şey sürətlə dəyişir. Qeyd etmək lazımdır ki, Corc Oruell rus həmkarının romanı ilə yaxşı tanış idi. Hətta 1946-cı ildə ingilis mətbuatında Zamyatinin əsəri haqqında ayrıca resenziya ilə çıxış etmişdi. 1944-cü il fevralın 17-də B.Struveyə göndərdiyi məktubda isə yazırdı: “Siz diqqətimi haqqında daha əvvəllər eşitdiyim “Biz” romanına cəlb etdiniz. Belə kitablar məni çox maraqlandırır, özüm də əvvəl-axır yazacağım bu tipli oxşar bir kitab üçün qeydlər aparıram”. “1984” romanında da Zamyatinin əsərində olduğu kimi, Sovet İttifaqının və Stalin rejiminin timsalında totalitar təfəkkürün, totalitar üsul-idarənin təsviri əsas yer tuturdu”. (V.Quliyev)

Məlum totalitar rejimdə Stalin repressiyası daha çox düşüncə, əqidə və azad iradəyə və sözə qılınc çəkmək demək idi. Bu repressiyada həm də təhqir və aşağılama jestləri hədsiz dərəcədə çox idi. Məsələn, rus türkoloqlarını edam etdirəndən sonra onların bir çoxunun cəsədini xəndəklərə, kanalizasiyalara atdırırdılar. “Polivonovun edam və dəfn edildiyi yer bilinmir. Çox ehtimal ki, o da Samoyloviç kimi Butovo qəsəbəsi və “Kommunarka” sovxozunun xəndəklərində yatır”. (“Məhv edilmiş türkoloqlar”)

Alimləri “vətənə xəyanət” üstündə həbs edir və güllələyirdilər. Əlbəttə, sovet imperiyası miqyasında aparılan kütləvi repressiya hərəkatı səbəbsiz deyildi. Həmin illərdə, həqiqətən də sovet hakimiyyəti təhlükədə idi. 1930-cu illərdə türkçülük, turançılıq və s. bu kimi irimiqyaslı hərəkatın daha ciddi ictimai-siyasi proseslərlə əlaqəsi vardı. Və Stalin bu oyanışı, sosializm yalanından imtina meylini açıqca görürdü. Qan üstündə qurulan hakimiyyət qan tökə-tökə yaşamalıydı! Başqa çıxış yolu qalmamışdı. Məsələn, Azərbaycanın müsavat mübarizəsi həm mühacirətdə, həm də ölkə daxilində gizli şəkildə olsa da davam edirdi. Digər respublikalarda da buna bənzər müqavimət hərəkatları vardı. Bizim müsavatçı yazıçılar, şairlər haqqında bioqrafiya yazanda “Sovet dönəmində də öz müsavatçı fəaliyyətini davam etdirirdi”- mesajı verilir. Məsələn, C.Cabbarlının sovetizmi qəbul etdiyi zamana qədərki fəaliyyəti çox kitablarda bu cür səciyyələndirilir. Amma repressiya qurbanları haqqında danışanda bu nüans vurğulanmır. Yəni, Stalin sanki bu qətliamı psixi pozğunluq ucbatından, ya da S.M.Kirovun qətli ilə bağlı qisas andına sadiqlikdən edirmiş kimi yozulur. Bu adamların böyük əksəriyyəti, həqiqətən, əksinqilabçı, sosializmə əks -mövqeli adamlar idi. Hətta, bəraət illərində də yanlışlığa yol verilirdi. Zorla həmin əksinqilabçıları sosializmin dostu, sovet hökumətinin sədaqətli xidmətkarı kimi təqdim edirdilər. Bu isə həmin taleyi bəd gətirmiş adamları öz həqiqi obrazından, əqidəsindən fərqli, təhrif olunmuş şəkildə təqdim etmək demək idi. Məsələn, 1963-cü ildə SSRİ-nin baş prokuroru A.Rudenkoya bir qrup alimin (Y.Yanşansin, K.K.Yudakin, B.M.Yunisəliyev, B.A.Kaverin və b.), yazarın ünvanladığı məktublarda da dövrün siyasətinə uyğun olaraq türkçü professoru “marksist”, “leninçi - bolşevik”, “sosializmi alqışlayan sovet alimi”, “Kommunist partiyasının bütün qərarlarını birmənalı qəbul edən vətəndaş” və s. bu kimi təqdimatlarla tanıtmağa cəhd edirdilər.

Türkçü alim, qırğız dili və ədəbiyyatı professoru, 1930-1937-ci illərdə Orta Asiyada türk dilləri mütəxəssisi kimi fəaliyyət göstərən Y.Polivonovu 1938-ci ilin yanvar ayında Moskvada keçirilən qapalı məhkəmədə “Yapon hökumətinin təlimatı əsasında qurulmuş anti- sovet sabotajçı terrorist casusluq təşkilatının fəal üzvü” hesab etdiklərinə görə edam hökmünə məqbul bildilər və vurğulandı ki, 1916-cı ildən, daha sonra isə Orta Asiyada işlədiyi illərdə Polivonov SSRİ əleyhinə Yaponiyaya casusluq etmişdir. (Y.Polivonov I Dünya müharibəsi illərində bir müddət xarici işlər nazirliyində çalışmışdı.)

Birinci məqaləmdə repressiyanın S.M.Kirovun öldürülməsi ilə əlaqəsi məsələsini vurğulamışdım. Və qəribədir ki, repressiya qurbanlarına yazılan ölüm hökmünün sonunda, “Qərara alındı” başlığı altında yazılırdı: “Qərar qətidir və 1.12.1934- cü il tarixli SSRİ-nin MİK qərarına dərhal uyğunlaşdırılmalıdır!” 01 dekabr 1934-cü ildə Kirovun öldürülməsi ilə əlaqədar toplantı çağırılmış və həmin qərar qəbul edilmişdir.

Bəli, taleyin qəribə yazıları, qərarları olurmuş... Türk xalqlarının dili və ədəbiyyatı üzrə əvəzsiz mütəxəssis olan Y.Polivonov 1930-cu illərdə casus və vətən xaini kimi məhv edilir. Ona aid məhkəmə qovluğunda bir epopeyalıq tarixi sənədlər, bədii mətn materialı ola biləcək ərizələr, şahid ifadələri, dindirilmə mətnləri və s. var. Və bir də bir etiraz ərizəsi... Ölümündən bir az öncə işgəncədən cana doymuş alimin “dözə bilmirəm və yalan ifadələr verməyə məcbur oluram, ağlımı itirə bilərəm, işgəncəni dayandırın!”- məzmunlu ərizəsi... Həmin ərizəyə 25 ildən sonra -1963-cü ildə baxıldı və müraciət “nəzərə alındı”...

“SSRİ Ali Məhkəməsinin yığıncağı Polivonovun həbsini məntiqsiz bilir və onun etiraz ərizəsini qəbul edərək SSRİ Ali Məhkəməsi Qanununun 9. Maddəsinin “a” bölməsini əsas alaraq,
Qərara aldı:
RSFSR Məhkəməsi Qanunu 2. Maddəsi 5. bölməsini əsas götürərərk Y.D.Polivonovla bağlı verilmiş 25 yanvar 1938-ci il tarixli SSRİ Ali Məhkəməsinin hökmü ləğv edilsin və məhkəmə işi dayandırılsın.
Sədr: V.Terebilov
Katib: A.Kuznetsov” (“Məhv edilmiş türkoloqlar”)
Bu il SSRİ miqyaslı repressiyanın 80, Oktiyabr Sosialist İnqilabının isə 100 ili tamam olur. Repressiya haqqında istər tarixçilər, istər ədəbiyyatşünaslar, jurnalistlər, istərsə də diğər sənət sahibləri mütəmadi olaraq məqalələr, monoqrafiyalar, memuarlar yazır. Ədəbiyyat tarixçiləri içərisində davamlı olaraq bu mövzuya müraciət edən professor B.Əhmədlinin maraqlı və çox məqamlarda mənim məqalələrimdəki yanaşmalarla üst-üstə düşən (təbii ki, B.Əhmədli bu mövzuda sələf hesab edilir) fikirləri var. Məsələn, professorun “Ədəbiyyat və repressiya; xarakteri, genezisi və yanaşma meylləri” adlı araşdırma yazısında mövzuya konseptual və daha obyektiv münasibət metodologiyası görürük. “Repressiya-milli hadisə olmadığı üçün onun nədənlərini yalnız milli coğrafiya ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu gün mötəbər sənəd kimi istinad etdiyimiz istintaq sənədləri tamamilə yalan və saxta faktlara əsaslandığından oradakı ifadələrin doğrudanmı həmin şəxsə mənsub olub-olmadığı, ona məxsus olsa belə hansı yollarla alındığı nəzərə alınmalıdır. Hər hansı bir hadisəyə qiymət verərkən siyasi-ideoloji deyil, tarixi, mənəvi kontekstdən çıxış etmək lazımdır. Həmin dövrün mətbuatında çap olunan yazıların (repressiya zamanı, eləcə də, əvvəl və sonra!) hamısına ucdantutma istintaq üçün xammal materialı kimi baxmaq və bu yöndən təhlil etmək obyektiv nəticəyə gəlməyə imkan vermir”.

Və alim çox doğru olaraq bəyan edir ki, bu gün proses haqqında ciddi, elmi-tarixi faktlara dayanan bir kitab belə oxumayanlar “kimsə kimisə satıb”, “filankəs filankəsin donosu əsasında güllələnməyə məhkum edilib”, “yeni quruluşu qəbul etməyənlər həbs olunub, qəbul edənlər sağ qalıb”, “filankəs filankəsi satdığı üçün sağ qalıb” və s. bu kimi şaiyələrlə oxucuları çaşdırır. B.Əhmədli də göstərir ki, sağ qalanlar yox, həm də həbs olunan, məsləkdaş hesab edilən repressiya qurbanları özləri də bir-birinin barəsində ittiham xarakterli şahidlik səhifələrinə imza atıb.

Onu da qeyd edim ki, mövzunun bu məqamında nədənsə yadımıza daha çox düşən C.Cabbarlı olur. O da 1934-cü ildə Azərbaycan Yazıçılarının I qurultayında H.Cavidi tənqid etmişdi. Və məzmunları tutuşdursaq heç də sağ qalanların tənqidindən (xüsusən S.Vurğunun) geri qalmayan maddələrlə...

1937-ci ildə isə daha genişmiqyaslı təhdidlərə start verildi. Azərbaycan Sovet Yazıçıları İttifaqı yaradıçılıq birliyi funksiyasını mexaniki olaraq itirdi və sırf inzibati, siyasi-ideoloji təlimatlandırma mərkəzinə çevrildi. Qurum az qala hər təhlükəli, şübhəli misraya görə cavabdehlik daşımalı olmuşdu. Növbəyə düzülmüş kimi sıra-sıra hər kəs bu irimiqyaslı repressiyaya öz “töhfəsini” verməkdə idi. Daha doğrusu, məcbur idi. Xalq, millət üçün daha çox iş görənləri xalqın, millətin düşməni kimi qələmə verməli idilər. Maraqlıdır ki, həmin dövrdə “xalq” sözü daha çox işlənirdi, “millət” kəlməsi yaddaşda nəsə yarada bilər-qorxusuyla arxaplanlı olmuşdu. 1937-ci ildə C.Xəndan “Ədəbiyyat qəzeti”ndə “Sıralarımızı təmizləyəlim!”-deyib, sıralarındakı ən ləyaqətli adamları ittiham edirdi. Və təkcə “qurbanların”, məhv ediləcək adamların adını yazmırdılar, həm də özlərinə silahdaş, həmkar səsləyirdilər. C.Xəndan M.Rzaquluzadəyə və H.Mehdiyə “Niyə susursunuz?!”-sualını yazıçı yoldaşı kimi yox, ittihamçı, hakim kimi, Stalin, Bağırov intonasiyası ilə verirdi: “M.Rzaquluzadənin də susmağı və mətbuat səhifələrində öz səhvlərindən danışmamağı da bizi qane etmir... Biz averbaxçılığın kökünü kəsməklə mübarizə edərkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmağına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır”.

Daha sonra C.Xəndan həmin illərdə Azərbaycan mədəniyyəti və elmi üçün misilsiz xidmətlərdə bulunmuş Ruhulla Axundov haqqında “xalq düşməni” və “ziyankar” kəlmələrini işlədir: “Xalq düşməni Ruhulla Axundov və onun havadarlarının incəsənət və ümumən kultura sahəsində etdiyi ziyankarlıq xalqımıza bəlli olmuşdur. Sovet Yazıçıları İttifaqı sıralarının zibilləşməsini göstərən plenumumuz qarşımızda itifaqın konturrevolysion yazıçılardan təmizlənməsini kəsinliklə qoymuşdu. İttifaq üzvlüyünə layiq olmayan Səlman Mümtaz, Musaxanlı, Çəmənzəminli, S.M.Qənizadə, Seyid Hüseyn tezliklə ittifaqdan çıxarılmalıdır.

Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü “siyasəti” bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir”.
İttifaqın digər respublikalarında da “aktual ittiham tezisi” kimi dilləri dolaşan “Trotskiçi”. “Zinovyevçi” anlayışları Azərbaycan ədəbi mühitində də bayraq kimi “dalğalanırdı”... Bu çıxış isə M.S.Ordubadiyə məxsusdur: “Konturrevolysion Trotski və zinoyevçilərin, son vaxtlar trotskizmin bütün xüsusiyyətlərini əks etdirən averbaxçılığın bütün varlığı ilə rüsvay edilməsi sovet ölkələrində olduğu kimi Azərbaycan Sovet Yazıçıları İttifaqı qarşısında da mühüm məsələlər qoymuşdur... İttifaqın bu sükutu xalq düşmənlərinin ittifaq sırasında qalması və öz xain hərəkətlərinin davam etdirməsinə imkan yaratdı. İttifaq Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi kimi xalq düşmənlərinin ifşa edildiyi zamanda belə Əhməd Cavad, Sanılı, Səlman Mümtaz və başqalarının məsələsini də həll etməli idi... 18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı və bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaq bu kibirlərin təsirindən xilas olunmalıdır”.

Azərbaycan Sovet Yazıçılar İttifaqının 25-dən çox üzvü represiyaya məruz qaldı. Amma bu gün də Ü.Hacıbəyovun, S.Vurğunun və bir çox üzdə olan elm, sənət adamlarının bu tufandan salamat çıxması çoxlu suallar doğurur. Ü.Hacıbəyov XI Qızıl Ordunun Bakıya gəlişinə qarşı həm də mətbuatda çıxışlar edən adamlardan biri idi. O da nəzərə alınsa ki, Müsavat Hökuməti mühacirlərindən biri, Ceyhun Hacıbəyli də onun qardaşı idi, böyük bəstəkarın, alimin və pedoqoqun sağ qalması möcüzə hesab edilməli idi. Bəziləri bunu N.Nərimanovun xidməti kimi qiymətləndirir. Amma 20-ci illərdə bu qoruma olsa da, 1937-ci ildə mümkünsüz görünürdü. Nəzərə alsaq ki, N.Nərimanov 1925-ci ildə ölmüşdü.

Professor B.Əhmədlinin bir mülahizəsini isə mübahisəli hesab edirəm. Mən bir az yuxarıda da qeyd etmişdim ki, 1930-cu illərdə SSRİ üçün təhlükəli dövr idi. İttifaqa daxil olan millətlər zorən “birlik” ideyasına qarşı hərəkətlənirdi. Müstəqilliyi əlindən alınmış, tarixi, milli kimliyi rus şovinizmi təlqinində əriyib yoxa çıxmaqda olan xalqlar buxovdan yaxa qurtarmaq, zəncirin həlqəsi olmaq missiyasından imtina etmək istəyirdi. Bunu sırf silahlı etirazlar, terror və üsyanlar vasitəsi ilə deyil, düşüncə, ideya, şüurlu imtina hərəkatına dəstək formasında reallaşdırırdılar. B.Əhmədli isə yazır: “Repressiya ilə bağlı istintaq işləri ilə tanış olarkən məlum olur ki:
1. İstintaqçıların iddia etdiyi kimi Sovet hakimiyyətini yıxmaq üçün heç bir iş, hərəkət mövcud olmayıb.

2. Müstəntiqlər onlara verilən siyahı üzrə insanları həbs ediblər və istintaq zamanı çəkilən adları onlar ya özləri yazmış, ya da ağır cəza tədbirlərindən sonra boyunlarına qoymuşlar.
3. Terroru ayrı-ayrı adamlar deyil, zor və terror aparatı dövlət özü etmişdir.
4. ”Vahid türk-tatar dövləti”nin yaradılması, yaxud Azərbaycanın SSRİ-dən ayrılmasına təşəbbüs (halbuki bağlanmış müqavilədə buna formal olaraq icazə verilirdi) ilə bağlı iddiaları tarixi sənədlər təsdiq etmir.

5. Ümumiyyətlə, Azərbaycanı SSRİ-dən ayırmaq, silahlı üsyana hazırlaşmaq, təxribat və terror hazırlamaq və s. onlarla ittihamların heç biri başqa mənbələrdə yazılı sənədlərlə təsdiq olunmur və yalnız kiminsə şifahi, ya yazılı “xəbərçiliyinə” (bu isə təşkil edilirdi) əsaslanırdı”.
Bu barədə növbəti məqalədə fikrimi davam etdirəcəm.

Ardı var...

24.12.2017.

Yenililklər
14.08.20
“Çölçü” filmi yenidən mükafata layiq görülüb
14.08.20
Mədəniyyət Nazirliyində kadr təyinatı
14.08.20
Koreyalı türkoloqun kitabı Azərbaycanda nəşr olunub
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.