İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?

25.01.20

Əvvəli burda

I məqalə
Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi


III məqalə
Repressiya illərində  tragik həbs situasiyaları...




Nərimanovun Lenini ittihamı: “Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?”

“Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...”

IV məqalə

(Repressiyanın 80 illiyinə həsr olunur)

Repressiya ilə bağlı yazdığım 3-cü məqalənin sonunda “Repressiya və ədəbiyyat” mövzusunda dəyərli araşdırmalar müəllifi professor B.Əhmədlinin “Sovet hakimiyyətini yıxmaq üçün heç bir iş, hərəkət mövcud olmayıb” - tezisi ilə razılaşmadığımı bildirmişdim. Əslində, bu çox maraqlı polemika mövzusudur. İstər tarix, istərsə də ədəbiyyatşünaslıq, publisistika materiallarında repressiya qurbanlarının faciəli taleyi çox hallarda subyektivləşdirilərək təqdim olunur. Yəni, bir çox adamların “anti-sovet” fəaliyyəti inkar edilməklə, sanki onlara bu yolla bəraət qazandırılır. 1950-1960-cı illərdə bu yanaşmanı başa düşmək olardı. Sovet hökuməti hələ yaşamaqda davam edirdi. Stalinə pərəstiş kultu dağıdılmışsa da, leninizm ideyalarına və sovet sisteminə, kommunizm xülyalarına sadiqlik təlqini yaşamaqdaydı. 1950-ci illərdə əfv ərizələri yazılanda haqqında bəhs edilən adamı “kommunist partiyasının sadiq üzvü”, “leninçi”, “marksizm nəzəriyyəsinin tərəfdarı” və s. kimi təqdim edirdilər. Bu isə o adamların həqiqi siyasi, sosial görüşlərini pərdələmək anlamına gəlir. Əvvəlki məqalələrimdə böyük türkoloq Somoyleviçin timsalında bunu vurğulamışdım...

Bəli, 1934-cü ildə Stalinin SSRİ miqyaslı repressiyaya start verməsi reallığının, təbii ki, obyektiv səbəbləri vardı. “Obyektiv” o mənada yox ki, Stalin haqlı idi, o mənada ki, sovet hökumətinin hakimiyyət əlahiddəliyi təhlükə altında qalmışdı. Stalinin və stalinizmin yeganə ideyası sovet sistemini nə yolla olursa olsun, qoruyub saxlamaqdan ibarət idi. Məsələn, həmişə ermənilərin tərəfində olan Stalin bizim torpaqlarımızla bağlı “mübahisəli ərazi” problemindən danışanda vurğulamışdı ki, əgər bilmək istəyirsinizsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar...

Hələ 1922-1923-cü illərdən etibarən bolşeviklərin hakimiyyəti ələ aldığı digər respublikalarda olduğu kimi, Azərbaycanda da sovet idarəetməsi təhlükə qarşısında qalmışdı. Bunun bir neçə konkret səbəbi vardı: 1. Daxili (bolşevik hakimiyyətin özündə) parçalanma. 2. Xarici dövlətlərin Azərbaycan neftinə marağı və başqa ictimai-siyasi amillər hesabına anti-sovet hərəkatda iştirakı. 3. Hakimiyyəti əlindən alınmış Azərbaycan Demokratik Respublikasının mühacirətdə olan və vətəndə qalan üzvlərinin gizli və aşkar əksinqilabi fəaliyyəti. 4. Bölgələrdə anti-sovet təbliğat, xalq üsyanları və s.

XX əsrin əvvəllərində Qafqazın mədəni mərkəzinə çevrilmiş Bakıda anti-sovet təbliğatı bir çox istiqamətlərdə olduğu kimi, ədəbiyyat, dilçilik və digər elmi-mədəni sahələrdə də güclənmişdi. Sovet hökumətini yıxmaq istəyən daxili və xarici qüvvələr mövcud idi. Bununla bağlı bəzi tarixi faktları məqalənin sonrakı hissələrində diqqətə çatdıracam. Onu da qeyd etmək istəyirəm ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultay, eləcə də bundan əvvəl və sonra Azərbaycanın elm, təhsil strukturlarında işləmək üçün “göndərilən” və ya “dəvət olunan” türkçü alimlər, ədəbiyyat, sənət adamları haqqındakı tarixi sənədlər istər-istəməz suallar doğurur. Bəzən onların bioqrafiyasında Rusiyadan, Türkiyədən, Orta Asiyadan, Avropa təhsili aldıqdan sonra dolayısı ilə yenə Türkiyədən keçib gəlməsi faktları xüsusi araşdırma tələb edir. Aydın məsələdir ki, Bakı Universitetinin və digər ali təhsil qurumlarının, eləcə də SSRİ Elmlər akademiyasının Azərbaycan bölməsinin və ya “Azərbaycanı Tədqiq və Tətəbbö (araşdırma) cəmiyyəti”nin bu kadrlara ehtiyacı vardı. Amma Stalini həyəcanlandıran da məhz sonralar “trotskçi”, “zinovyevçi”, “pan-türkist”, “millətçi” damğası ilə qaraladığı bu adamların ola bilsin ki, daha böyük ideyalar üçün hesablanmış (L.Qumilyovun təbirincə desək, bəlkə də Yeni Türk İmperiyası!) fəaliyyəti idi. Elmi, bədii, fəlsəfi təfəkkürdə türk xalqlarının tarixi yaddaşına dönüş, mənəvi mədəniyyət, milli oyanış ideyalarını söz, sənət, elm və ədəbiyyat dili ilə təlqin etmək və s. bu kimi fəaliyyət artıq bir zaman gəldi ki, “anti-sovet” mahiyyətli məsələ kimi qiymətini aldı. Bu cür çalışmalar üçün Azərbaycan daha uyğun məkan idi. Bu baxımdan, “repressiyanın lap çox qurbanları Azərbaycanda oldu”- fikri də səbəbsiz deyil. Məsələn, özbək alimi, türkoloqu X.S.Xocayevin və tatar professoru, yazıçısı, türkoloq Ə.S.Qubaydullinin bioqrafiyasında yazılırdı ki, onların öz ölkələrində geniş şəkildə fəaliyyət göstərməsi üçün şərait olmayıb. Ona görə də, elmi fəaliyyətlərinin əsas hissəsi Azərbaycanla bağlı idi. 1926-cı ildə “Azərbaycanı Tədqiq və Tətəbbö” cəmiyyəti X.S.Xocayevin “Osmanlı, özbək və qazax dillərinin müqayisəli dilçiliyi” adlı kitabını türkcə yayımlayır. Onun həyatı və fəaliyyəti haqqında məlumat az idi, “əfv”i isə 1957-ci ildə mümkün olub. 1937-ci ildə məhv edilməsinə baxmayaraq, bəzən adı 1939-cu ildə fəaliyyət göstərən dilçilər siyahısında da əks olunub. (Məsələn. A.N.Kononov sonralar böyük türkoloqların bioqrafiyasını yazanda bu rəqəmi -1939, göstərib.)

Aşnin yazırdı ki, təsadüfən Moskvada bir türkoloqun şəxsi kitabxanasında X.S.Xocayevin 1926-cı ildə çap olunan kitabını gördüm və müəllifi haqqında məlumat toplamaq üçün 1983-cü ildə Bakıya, Daşkəndə, Alma-Ataya məktublar yazmağa başladıq. Bircə Bakıdan Əkrəm Cəfər cavab verdi və X.S.Xocayevin qızı Bəhicənin Bakıda yaşadığını bildirdi. Və müəlliflər bundan sonra Bəhicə xanımın təqdim etdiyi sənədləri və atası haqqında yazdığı digər məlumatları əsas götürdülər. 1998-ci ildə isə Bakı arxivlərində onun haqqında yetərli məlumat yığırlar.

Bu məqama diqqəti cəlb etmək istərdim. X.S.Xocayevin bioqrafiyasında sual kimi qoyulan məsələ, əslində bir çox türkoloqlara da aid edilə bilər. X.S.Xocayev 1911-ci ildə oxumaq üçün İstanbul universitetinə göndərilir. Tarix və ədəbiyyat fakültəsini bitirdikdən sonra bir neçə il harada olduğu bilinmir və qəribədir ki, Aşninin də yazdığı kimi “bioqrafiyasının ən qaranlıq hissəsi” sual doğurur: “Elm adamının bioqrafiyasının ən qaranlıq hissəsi 1918-ci illə əlaqəlidir. Türkiyədən öz ölkəsinə deyil, Azərbaycana dönür. Bəlkə də Azərbaycana getmək o zaman Daşkəndə dönməkdən daha asan idi, üstəlik o zaman bir müddət türk əsgərləri Azərbaycanda olmuşdu. İlk sorğulama zamanı Xocayev həyatının bu dönəmi haqqında çox qısa danışmışdı: “1918-1920-ci illər arasında Gəncədə dərs dedim”.

Daha sonra elm adamı sorğulamada təzyiqə məruz qalaraq bunları söyləmək məcburiyyətində qalmışdı: “1918-ci ildə mən pan-türkist lider Abdal Raşid İbrahimovun iştirakı ilə İstanbul Universiteti tələbələrindən ibarət bir qrupla Nuru Paşanın tabeliyindəki türk ordusu ilə birlikdə Azərbaycana göndərildik. Biz eyni zamanda Azərbaycandakı Müsavat hökumətini polis departamentinin başçısı vəzifəsini yerinə yetirən Bahəddin Paşanın başçılıq etdiyi türk ordusunun xüsusi bir bölümü olan “Şubayi Mahsud”a keçdik. Kəşfiyyat və siyasi fəaliyyət üçün bizdən istifadə etmək mümkün deyildi. Azərbaycana gəldikdən sonra, əvvəlcə biz türk ordusu üçün vergi toplamaq üçün göndərildik və bir ay, ay yarım sonra türk ordusu hərbçilərini buraxmaq məcburiyyətində qaldıq”.

Bu məqamda Ə.S.Qubaydullinin bioqrafiyası ilə bağlı konkret bir faktı diqqətinizə çatdırmaqla, repressiyanın əsil səbəblərindən birini- anti-sovet təbliğatın və sovet sisteminə qarşı yaradılmış irimiqyaslı mübarizə formalarının (gizli təşkilatlar, mətbu orqanlar və s.) mövcudluq faktını bir daha vurğulamaq istəyirəm. “Şərq xaqanlığının tarixi təcrübəsi”, “Bir tatar salnaməsinin məhvi”, “Puqaçov üsyanı və tatarlar”, “Puqaçov üsyanında tatarların iştirakı”, “Xəzərlərin mənşəyi məsələsi”, “İsmayıl Qaspiralının ideologiyasına bir nəzər”, “Teymur imperiyasının tənəzzülü və özbəklər məsələsi”, “Bakı və ətraf kəndlər” və s. bu kimi əsərlər müəllifi Qubaydullin 1921-ci ildən Şərq akademiyası və Şərq pedoqoji institutunda müəllim işləməyə başlayıb. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərindən etibarən o artıq həm Şərq tarixi kafedrasının, həm də Moskva Dövlət Universitetinin professoru idi. Lakin diqqət yönəltməyə çalışdığım əsas məsələ budur: “1925-ci ildə Səmərqənddə keçmiş Rusiya müstəmləkəsi olan, indi də sovetlərin zülmü altında inləyən Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdstan Dağıstan, Azərbaycan və b. bölgələri azad edib vahid bir dövlət qurmaq istəyi ilə bir gizli təşkilat qurulub. Az sonra bu təşkilatın ağırlıq mərkəzi Bakıya köçürdülüb. Təşkilatın bir çox rəhbərləri kimi Əziz Qubaydullin də Bakıya gəlməli olub”. (KərimovaT. Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən. Bakı, 2005)

Maraqlıdır ki, get-gedə səlahiyyətləri və titulları, şöhrəti artan Qubaydullin sovet həyatında fəal iştirak edən alim kimi görünsə də, əslində anti-sovet təbliğatlı cəmiyyətlərdə fundamental işlər görürmüş… “1931-ci ildən Yaxın Şərq tarixi kafedrasına müdirlik edən prof. Əziz Qubaydullini SSRİ Xalqları Tədqiqat İnstitutuna, Marksistlər Tarixi Cəmiyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna, Tarix və Arxeologiya Cəmiyyətinə, Tatarşünaslıq Cəmiyyəti və başqa təşkilatlara üzv seçiblər. Əziz Qubaydullin ali məktəbdə dərs deməklə yanaşı, gizli təşkilata kadrlar cəlb edib, tələbələrinə getdikləri yerdə gizli təşkilatın özəklərini yaratmağı öyrədib. Rəhbər vəzifələrdə işləyən partiya, sovet işçiləri ilə görüşən, onları da gizli təşkilatın işinə cəlb edən Əziz Qubaydullin 1937-ci il martın 17-də çalışdığı universitetdən və SSRİ Elmlər Akademiyası Azərbaycan filialından işdən azad edilib, həbs olunaraq güllələnib”. (Kərimova T. Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən. Bakı, 2005)

Gördüyümüz kimi, bu artıq repressiya qovluqlarındakı “quraşdırma ifadələr”, zorla yazdırılan etiraf arayışları deyil, alimin bioqrafiya qovluğundakı tarixi faktdır…

Qəribədir ki, repressiya qurbanlarının “etiraf”ları, nəinki məzmununa görə, hətta ifadə tərzinə, intonasiyasına görə də bir-birinə bənzəyir. Çünki, ad qoymaq, cəza kəsmək üçün bütün “pan-türkistlər”, “trotskçilər” və s. bu tip təyinatlı “cinayət” daşıyıcıları “xalq düşməni” ümumiləşdirməsinə uyğun olmalı idi. X.S.Xocayev də ifadəsində demişdi: “Kaşğarlı Mahmudun tərcümə olunan kitabı ilə və digər əsərlərimdə pan-türkçülük təxribatı etdim”. Və hətta, izahatında türk gizli təşkilatı üçün fəaliyyət göstərdiyini belə qeyd etmişdir. Həmin illərdə türkoloqların türk dilləri ilə bağlı araşdırmaları, müqayisəli təhlilləri, tərcümələri cinayət və anti-sovet hərəkatı kimi səciyyələnirdi. Məsələn, “türk dilləri ailəsi” təsnifatı, “ulu, qədim dil” və s. bu kimi ifadələr “burjua görüşləri”tək yozulurdu. B.Çobanzadə də mühakimə ediləndə öz ifadəsində 1920-ci illərdə yazdığı əsərlər haqqında “düşmən metodologiyası ilə çalışırdım” – fikrini bəyan etmişdi… Bu cür suçlamaların yekun qərarında isə elan olunurdu ki, qədim tarixə malik olan türk xalqlarının SSRİ-dən silahlı üsyanlar yolu ilə ayrılıb “Türk-tatar dövləti” qurmaq işinə hazırlıq prosesi gedirdi…

M.Ə.Rəsulzadə rus istilasından sonra Türkiyəyə gedir və orada “Azərbaycan Milli Mühacirət Mərkəzi” yaradıb fəaliyyətini genişləndirir. Ə.M.Topçubaşov, C.Hacıbəyli, Ə.Ağayev, M. Vəkilov, M.B.Məmmədzadə, M. Əsədullayev, Ə. Əmircanov və başqa ziyalılar, ADR liderləri mühacirətdə öz əqidələrinə uyğun mübarizələrini davam etdirirdilər.

Azərbaycan fövqəladə komissiyasının sədri M.C.Bağırov “ÇK”-nın yaranmasının beşilliyi münasibətilə “Kommunist” qəzetinin 1925-ci il 3 iyul tarixli sayında yazırdı: “... Düşmənlərimizin başında, şübhəsiz, “Müsavat” partiyası durur”.

Bu gün tarixi sənədlər əsasında hazırlanan dərsliklərimizdə, arxiv materiallarını təhlil edən monoqrafiya və bu məzmunlu elmi məqalələrdə də anti-sovet hərəkatın konkret faktları geniş şəkildə təqdim edilir.
Doğrudan da, 1930-cu illərdə sovet hökumətinin həm daxili, həm də xarici düşmənləri çoxalmışdı. Bu hakimiyyətə qarşı yarandığı gündən etibarən əks-təbliğat hərəkatı mövcud olmuşdur. Və təsadüfi deyil ki, “Əksinqilab sabotaj və möhtəkirliyə qarşı mübarizə” üzrə Fövqəladə Komissiya, Ali İnqilabi Tribunal, Fəhlə-kəndli müfəttişliyi kimi cəzalandırıcı qurumlar yaradılmışdı.

“Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək üçün Sovet Azərbaycanına agentlər, böyük miqdarda silah göndərdilər. Britaniya ali komissarı Lük 1920-ci il iyunun 9-da Tiflisdən Kerzona xəbər verirdi ki, “bolşevikləri Bakıdan çıxarmaq məqsədilə tatarların (azərbaycanlıların - məsul red.) üsyanı onlar bizim dəstəyimizə əmin olanadək davam edəcəkdir. Əgər qəbul edilmişsə ki, Bakıdakı bolşevik hakimiyyəti Britaniya və İran üçün çox böyük təhlükə doğurur və buna görə də devrilməlidir, onda biz tatarları (azərbaycanlıları - məsul red.) pulla təmin etməliyik”. Yeri gəlmişkən həmin vaxt Bakıda 53 nəfər Britaniya hərbi qulluqçusundan ibarət dəstə tutulmuşdu. Bu istiqamətdə Tiflisdə təşkil olunmuş “Azərbaycanda qurtuluş komitəsi” işləyirdi. Həmin komitə ilə əlaqə saxlayan “İttihad” partiyası öz fəaliyyətini gücləndirmişdi. İttihadçılardan Bakı qəzasında, Lənkəranda, Zaqatalada üsyanlar qaldırmaq üçün nəzərdə tutulan çoxlu silah aşkar edilmişdi. Antisovet qüvvələr əhali arasında XI Qızıl ordu əleyhinə iş görür, “müsəlman kommunistlərinin xəyanətkarlığı”, “ümummilli fəlakət” və s. haqqında fikirlər yayırdılar”. (Azərbaycan tarixi. VI c. B, “Elm”, 2008. )

Rus-sovet siyasəti “Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!”-şüarı ilə Bakıya daxil olmuşdu. Şüarlardakı “müstəqil” sözü ilə ictimaiyyəti arxayın salmışdılar. Xalq inanmışdı ki, ölkə 23 aylıq müstəqil Azərbaycan hökumətinin siyasətindən o qədər də fərqlənməyən bir yolla inkişafa davam edəcək. V.İ.Leninin və N.Nərimanovun şəkilləri çap olunan “Qırmızı Azərbaycan” adlı bir saydan ibarət qəzetlər yayımlandı. “Qırmızı” rəng o gün, bu gün sovet Rusiyasının bizə baxdığı bucaqda əsas rəng çaları oldu - qan çalarlı qırmızılıq... XI Qızıl (qırmızı) Ordunun əsgərləri papaqlarında qırmızı ulduzlar, əllərində qırmızı bayraqlar bir bahar günü (1920-ci il 28 aprel) azadlığımızı əlimizdən almağa gəldi… Bu yerdə N.Hikmətin “Taranta Babuya 10-cu məktub” adlı şeirini xatırlayır adam. Şeirin əvvəlindəki qeyddə yazılır ki, İtalyan ordusu Həbəşistanda hərbi əməliyyatlar aparmaq üçün yağışların kəsməsini, baharın gəlməsini gözləyir. N.Hikmət Taranta Babuya müraciətlə çöx kədərli misralar pıçıldayır:

Dəhşətdir, Taranta Babu!
Bizi öz torpaqlarımızda öldürmək üçün
öz baharımızı gözləyirlər...

Doğrudan da N.Hikmətin o şeirdə də dediyi kimi, “qanlı sarğılarına parıltılı xaç taxıb ölməyə və öldürməyə gələnlər” bir nəsli yox, bir neçə nəsli şikəst etdi…

Qırmızı-qırmızı oktyabryat, pioner, komsomol nişanlarımız, şagird qalstuklarımız oldu. 1937-ci ildə qırmızı rəngin çaları bir az da tündləşdi. Azadlıq, müstəqillik haqqında düşünən bütün dərrakəli başlar qılıncdan keçirildi. Düşüncələrə, beyinlərə, şüurlara qorxu toxumu əkildi. Bu gün də canımızdan çıxmayan qorxu...

Qan çalarlı qırmızılıq daha sonralar “20 Yanvar” və Qarabağ faciələrində bir az da artdı. Sonuncu ümidlərimizi, həqiqətlərimizi üzümüzə qırmızı-qırmızı yalanlar deyə-deyə əlimizdən aldılar. Tarixi dədə-baba torpaqlarımızı gözümüz görə-görə qanlı səngərlərə çevirdilər...

N.Nərimanov 1921-ci il mayın 8-də Birinci Azərbaycan sovetlər qurultayında Bakıda sovet hakimiyyətinin ilk faciəli günlərini xarakterizə edərək demişdi: “Bolşeviklər hakimiyyəti ələ alırlar. Mən daha demirəm ki, ələ keçirirlər, alırlar və sonra öz proqramlarını inkişaf etdirməyə başlayırlar. Bax, burada bəzi sui-istifadə halları baş verir. Bu yerdə Rusiya şablonu ilə yenidənqurma başlayır”.
Azərbaycan xalqı üçün repressiya hərəkatının tarixi bir az da əvvələ gedib çıxır. XI Qızıl ordunun “Xüsusi siyasi şöbəsi” Azərbaycan Demokratik Respublikası üzvlərini, Müdafıə nazirliyi nümayəndələrini təqibə başlamışdı. Nargin adasında güllələnmə hadisələri rus və erməni millətçilərinin türk və müsəlman olan bir xalqa nifrətinin potologiyası kimi üzə çıxdı. F.Xoyskinin, F.Köçərlinin, H.Ağayevin, X.Rəfibəyovun, B.Cavanşirin qətlə yetirilməsi də 1920-1921-ci illərə təsadüf edirdi. Bolşevik hökuməti üçün təhlükə ola biləcək insanlar Solovetsk adalarına, Novqoroda, Suzdala və başqa həbs düşərgələrinə göndərildi.

Əsil müstəqilliyi 23 ay ərzində bütün varlığı ilə yaşaya bilən xalqımız rus-sovet siyasətinin “Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!”-şüarı ilə “istiqbal” verməyə yox, “istila” etməyə gəldiyini anladı. Müstəmləkəçilik və diktatorluq bütün sahələri bürümüşdü. Həmin illərdə baş verən antisovet üsyanları haqqında M.Ə.Rəsulzadə yazırdı: “Xalq təhəmmül etmədi və üsyan etdi...”

Ordudan milli kadrların uzaqlaşdırılması siyasəti ilə fəaliyyətə başlayan bolşevik hakimiyyətinə qarşı ilk aylardan etibarən üsyanlar baş qaldırdı. Gəncədən başlayan etiraz hərəkatı (1800 nəfərlik Gəncə qarnizonu may ayının sonlarında Gəncənin müsəlmanlar yaşayan hissəsini ələ keçirmişdi) daha da genişləndi, Nuru paşanın rəhbərliyi ilə Qarabağda, xüsusilə də, Ağdam və Bərdə ərazisində, daha sonra Zaqatala və digər bölgələrdə üsyanlarla nəticələndi. İlk repressiya addımları (1920-1921-ci illərdə) da amansızlıqla yerinə yetirilirdi. Minlərlə etirazçı məhv edildi. Bunların arasında general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və başqa böyük şəxsiyyətlər də var idi. S.Mehmandarov, Ə.Şıxlinski isə N.Nərimanovun xahişi ilə həbsdən azad edildi.

1921-ci ilin fevralında N.Nərimanov V.İ.Leninə yazdığı məktubda deyirdi: “Sizdən heç nəyi gizlətməməyi zəruri hesab edirəm. Mənə inanırlar və hər şeyi deyirlər: mən bütün ucqar muxtar respublikaların vəziyyəti və Sizə münasibəti haqqında şifahi və yazılı məruzələrdən xəbərdaram. Bütün məruzələrdə Sovet Rusiyasının müstəmləkə siyasətindən danışırlar...”

Nərimanov başqa bir məktubunda isə aldanışını dərk etmiş insan kədəri ilə Lenindən soruşurdu: “Əziz Vladimir İliç, məgər “müstəqil Azərbaycan” sözü Sizin dilinizdən çıxmamışdırmı?”

1923-cü ildə N.Nərimanov: “Mən hələ yayda Mərkəzi Komitəyə yazmışdım ki, partiya günbəgün deyil, saatbasaat parçalanır. Görünür, MK Serqodan məlumat alaraq arxayınlaşıb, çünki heç bir tədbir görülməyib. Ancaq indi bütün Zaqafqaziyada partiyanın vəziyyəti haqqında düşünmək lazım gəlir... Mən bəyan edirəm... hazırda Zaqafqaziyada bizim hakimiyyətimiz yalnız süngü gücünə yaşayır. Lakin belə məsuliyyətli dövrdə onu süngü gücünə çoxmu saxlamaq olar?” –deyə yazmışdı.

“M.D.Hüseynov surətini Çiçerinə göndərdiyi həmin notada Azərbaycana qarşı təxribatçılıqda yalnız İranı deyil, Antantanı, xüsusilə İngiltərəni də təqsirləndirir, onların dəstəklədikləri “İranın ərazisində yerləşən əksinqilabçı bəy və xanların fəaliyyətini qadağan etməyi Tehrandan tələb edirdi”. Sovet Azərbaycanına qarşı müxalifətçi, təxribatçı qüvvələrin mərkəzi bir müddət Ərdəbildə yerləşirdi. Hətta Moskvadan birbaşa Tehrana dəfələrlə nota verilməsinə baxmayaraq, Azərbaycana qarşı hücumlar genişlənir və yeni-yeni sərhəd rayonlarını əhatə edirdi”. (Azərbaycan tarixi. VI c. B, “Elm”, 2008)

1929-1933-cü illər arasında dəfələrlə “partiyanı təmizləmə” tədbirləri görülüb, qərarlar qəbul edilib. Partiyada “polad proletar intizamı” yaradılması üçün çox cəhdlər edildi. Və nəhayət 1933-cü ildə partiyanın Yanvar plenumunun “Partiyanı təmizləmək haqqında” qəbul etdiyi qərar tədricən öz işini gördü. Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya vətənindən sürgün edilmişdi.

Repressiya Azərbaycan ədəbiyyatı üçün də ağır və məşəqqətli sınaq işi oldu. Sona qədər dayana bilənlər barmaqla sayılacaq qədər az idi. Adətən, bu mövzuda söhbət düşəndə bir neçə ad çəkirlər. (Məsələn,S.Mümtaz, M.B.Məmmədzadə və b.)

M.Müşfiqin isə həyatı kimi ölümü də, bəraəti də onun poeziyasını sevənlər üçün nisgilə çevrildi. Çox qısa bir zamanda üzünə ölüm hökmü oxunan M.Müşfiqin 1950-ci illərdə bəraət istəyən ailə üzvü olmur. (Baxmayaraq ki, həyat yoldaşı Dilbər Axundzadə Bakıda yaşayırdı.) Lakin S.Rəhimov, M.Hüseyn, M.Cəlal, M.Arif, İ.Əfəndiyev, B.Vahabzadənin imzasıyla 16.11.1955-ci ildə məktub hazırlanır, M.Müşfiqin bəraəti ilə bağlı məhkəmə qərarı isə 23 may 1956-cı il tarixinə təsadüf edir. Bu məqamda bir məsələyə də diqqəti çəkmək istərdim. Bu gün bəzən repressiya və bəraət dövrü ilə əlaqədar Azərbaycan Yazıçılar İttifaqı haqqında kəskin iddialar, suçlama xarakterli yanaşmalarla təhlillər aparılsa da, həqiqət öz sözünü deyir. “Məhv edilmiş türkoloqlar” kitabının müəllifləri (Aşnin, Alpotov, Nasilov) digər sovet respublikaları ilə müqayisə edərək yazırdı ki, “Qazaxıstanda Yazarlar Birliyi bəzən doğrudan - doğruya repressiya qurbanı olan yazıçıların bəraətinə əngəl olduqları halda, Azərbaycan yazıçılar Birliyi onlara yardımçı olurdu”.

Doğrudur, artıq 1936-1937-ci il yox, söhbət 1956-1957-ci illərdən gedirdi, amma hər halda müqayisədəki üstünlük kiçik bir təsəlli kimi rəğbət doğurur...

Repressiya zamanı təkcə tarix, siyasət, ədəbiyyat hadisəsi kimi təhlil olunmamalıdır. Repressiya insanın fizioloji, psixoloji tərəflərinin sınağı kimi də tədqiqatlar mövzusudur. İnsan bioloji varlıq kimi işgəncəyə nə qədər dözə bilər? Niyə sorğulananların hamısı eyni cür danışır, ifadə verir və eyni qaydada bağışlanma ərizəsi yazırdı? Sorğulanma mərhələləri də eyni ssenari ilə icra edilir, çox hallarda eyni nəticə ilə sonlanırdı? Niyə Ə.Cavad və M.Müşfiq güllələndi, H.Cavid isə bir neçə ildən sonra sürgündə öldü? (Yəni, tez məhv edilmədi) və s. H.Cavid günahını “etiraf” etmir. Araşdırıcılar da göstərir ki, ittihamları qəbul edib tez “etiraf” edib, günahını təsdiqləyənlərin cəzası operativ şəkildə verilirdi.

Adı qara siyahıda olanlar üçün mütləq “danlaqçılar”, ittihamçılar onların öz məsləkdaşlarından, həmkarlarından seçilirdi. Bu da mənəvi repressiyanın bir növü idi. Amma o ittihamçıların nitqini, ifadəsini bu gün gözdən keçirəndə və müqayisə edəndə yenə “şəxsiyyət fərqliliyi” məsələsi öz sözünü deyir. Məsələn, Ə.Cavad haqqında ağrıya-ağrıya, yana-yana danışan S.Vurğunun çıxışı ilə S.Şamilovun M.Müşfiq və başqa qurbanlar haqqındakı gülünc şəkildə ifadə etdiyi nitqini müqayisə belə etmək olmaz. “...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvi oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən”- (S.Vurğun).

S.Şamilov isə deyirdi: “Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır, ancaq bizim sovet qurluşu ilə maraqlanmır, bizim sovet qəhrəmanları ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin flankəsdir qohumun. Bəlkə ola bilər demişik ki, sənin qohumun müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə çalışmırsansa bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir bunu yazırsan?”

Zaman dəyişir, hadisələr tarixləşir, münasibət və yanaşmalar da fərqli ampluaya keçə bilir, amma obrazlar, xarakter, xislət dəyişmir, hər sənəddə, hər qovluqda eyni cür qalır. Ə.Cavadı da dəyişmək olmazdı. S.Vurğun çox düz qiymət verirdi: “Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən”... Ə.Cavad “Oktyabr” şeirini yazırdı, amma ona redaksiyada “bunun səmimi olmadığını” irad tuturdular...

Ardı var...

01.01.2018

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.