İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
02.02.20

Əvvəli burda

I məqalə
Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi


III məqalə
Repressiya illərində  tragik həbs situasiyaları...



IV məqalə
Nərimanovun Lenini ittihamı: “Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?”



V məqalə
Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi



VI məqalə

 “Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...”

(Repressiyanın 80 illiyinə həsr olunur...)

Əvvəlki məqalələrimin birində o zamankı Azərbaycan Yazıçılar İttifaqının katibi S.Şamilovun M.Müşfiq haqqındakı ittihamlarını (“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır, bizim sovet qəhrəmanları ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib?” və s.) yada salmışdım. M.Müşfiqin adını çox adamlar “qara tribuna”da dilinə gətirdi. Tərəddüddə qalanlar da oldu, amma Müşfdiq itkisi ədəbi-tarixi yaddaşımızda bir nisgilə çevrildi. Bəraətdən sonra da M.Müşfiq ağrısı bitmədi... R.Rza “Qızılgül olmayaydı” poemasındakı etirafında səmimi idi. O zamanın üç canlı şahidi, Müşfiqin ən munis dostları, sirdaşları (R.Rza, N.Rəfibəyli, M.Müşfiqin həyat yoldaşı Dilbər) sağ qalmışdı və indi başlarını aşağı salıb, bir-birinin gözünün içinə baxmadan M.Müşfiqi və həmin faciəli illəri yad edirdilər:

Səndən nə gizlədim,
o ağır gündən sonra
doğrudur,
dostluğumuzu danmadım.
Amma həm inandım, həm inanmadım.
Uzun zaman qara şübhələr
məni incitdi yaman.
Amma nəticə birdir-
apardılar, demək müqəssirdir...
Bu nəticəyə gələndə mən
bir səs qalxırdı sinəmdən:
Bəs günahı nədi,
bəs cinayəti nədi?
- Düşündüm mən də
müqəssirdir, əgər
cəzasını çəkər,
minlərlə başqası kimi.
- Çəksin! Fəqət, müqəssirdir əgər
neçün xalq qabağında
qurulmasın məhkəməsi?

“Xalq düşməni” adıyla güllələnənlər, əslində xalq qarşısında, açıq-aşkar mühakiməyə çəkilməli deyildimi? Zirzəmilərdə, bağlı, sirli məkanlarda məhv edilən insanlar haqqında ən yaxın dostlar belə illər boyu şübhəli-şübhəli düşünməli oldu.

Doğrudur,
ona namərd şilləsi kimi vurulan
imzalar içində
mənim imzam olmadı.
Heç kəs məndən iltizam almadı.
Lakin,
lakin necə sakit deyim ki,
səsim gəldikcə bağırmadım.
Xalqı
ədalətsiz bir hökmü pozmağa
çağırmadım...

Elə poemanın özündə də cavablar səsləndirilir: “Bir zaman ki, cinayətin qanlı ləpirlərini cinayət süpürürdü, bağırmaq olardımı, elə bir gündə?!”
Dostlar və sevgili qadın əllərində M.Müşfiqin kədər və nisgil rəngli dəftəri yana-yana xatırlayır və əl yazmasına baxır, misraları oxuyurlar:

Bir bura bax,
sınmış qələm ucunun
kağızda yeri qalıb.
Bir də yarımçıq şeirin
Dağınıq sətirləri qalıb:
“Bəs niyə nadanlar məni incidir?
Mən bu xoş bahardan necə ayrılım?”

“İnqilab” sovet ədəbiyyatında müqəddəs, ali hisslərlə sevilməli və qorunub saxlanılmalı bir dəyər kimi vəsf edilirdi. “İnqilab” ədalət, haqq, bərabərlik, əxlaq və mənəviyyat kimi dəyərlərin məcmusutək beyinlərə yeridilirdi. Və R.Rza da, S.Vurğun və digər sovet yazarları da bu tendensiyanın təbliğçiləri olmuşdur.

Biz inanmışdıq ki,
inqilab üçün belə gərəkdir.
Kim yolumuzda
əngəl olsa
adı yer üzündən silinəcəkdir...

Müəllif qorxu, təşviş hissini də etiraf edir. “Doğrudur, Müşfiqi apardılar – deyib kitablarını ev-ev qaçırmadım, şəklini, məktublarını cırmadım... Amma götürdüm hamısını ilk baxışdan gözə görünə biləcək qəfəsəsindən kitabxanamın, gizlətdim göz yaşında möhrü çaylaq daşı kimi hamarlanmış köhnə canamazında anamın” - deyir...
Poemada müəllif şair dostunun ağrısının bitməyəcəyini bəyan edir. Cəza alacaq adamlarla hesablaşmaq da gecdir artıq:

Onlar - sonra quzu görünən
eks-fironlar
intiqama da layiq deyillər...
İndi onlar: “Biz bilmədik”-deyirlər...

Bəli, qatillər 20 il sonra cəzalandı, qurbanlar bəraət aldı, dostlar, qohumlar, şairlər, şahidlər isə xatirələrini, nisgillərini, ağrılarını kitablara, sənədlərə köçürdü... R.Rza da yazdığı misralardan, şeirlərdən sıxılır, özünü günahkar bilir, “şəfa deyil söz məlhəmi”- deyərək bəraətlə geri dönə bilməyəcək qurbanların ruhu qarşısında sükuta qərq olurdu.

Sıramıza pasport alan
neçə namuslu vətən oğlu
neçə ev, neçə ocaq
təmizləndi ləkədən.
Ağır günlərin vahiməsi
Günbəgün bir cani kimi
Qovulur böyük bir ölkədən.
Amma qəlbin böyük ağrısına
Şəfa deyil söz məlhəmi.
Minbir ümumi sevinc
Dağıdarmı bir həsrətdən
Bir ölümdən qovan qəmi?

Artıq neçə on illərdir ki, repressiya mövzusunun araşdırıcıları ilə bu mövzudan sui-istifadə edib öz ambisiyalarını cəmiyyətə, ədəbi ictimaiyyətə təlqin edən “qarışdırıcılar”ı ayırmaq problemimiz yaranıb. H.Cavidin bir dramını belə oxumayan, S.Vurğunun, M.Müşfiqin və başqalarının yaradıcılığını mükəmməl öyrənməyən müəlliflər qəflətən özlərini yada salmaq və kimlərinsə diktəsini yayımlamaq üçün ölüləri mühakimə edir. Son zamanlarda bu cür kompaniya S.Vurğunla bağlı yenə fəaliyyətə başladı. Xalqın S.Vurğun sevgisini onun əlindən almaq olmur, amma xalq bəzən söz sahibi olmaya da bilir...

Qəribədir, repressiya qurbanları bəraət aldıqca sovet şair və yazıçılarını dar ağacı altına sürükləyirik sanki. Doğrudanmı, biz mütləq günahkarları şair və yazıçılar arasında axtarmalıyıq? İctimai-iqtisadi formasiyaların, quruluşların, qərb və şərq dünyası qarşılaşdırmalarının, dini, irqi ayrı-seçkiliklərin törətdiyi daimi düşmənçilik mübarizəsinin, iqtisadi maraqların, dünya ağalığı, imperializm, müstəmləkə siyasətinin nəticəsi olaraq dünyanın mənzərəsi dəyişir. İnqilablar, dünya müharibələri insanların və insanlığın taleyinə ağır zərbələr vurur. Bu cür böyük hərəkatlardan birinin başlanması XX əsrin əvvəlində Oktyabr inqilabı ilə bitdi... Və bizim üçün hər şey elə bil bu tarixdən başladı...

Zaman o zaman oldu ki, hayqırmaq, vicdan meyarları ilə mübarizəyə qalxmaq imkanı sıfıra endirildi. Söz ancaq “hakim”lərin, hökmdarların idi... Meydan bir cəllad kötüyünü andırırdı...

Qılınclar toqquşub iş görən zaman
Neylər dediyiniz quru bir vicdan? (S.V)

H.Cavidlə, Ə.Cavadla S.Vurğunu repressiya zamanının həqiqi mənzərəsini unudaraq qarşılaşdırırlar çox zaman. H.Cavidlə S.Vurğunun arasında 24 illik yaş fərqi vardı. H.Cavidin əqidəsi, ideya yolu İranda, Türkiyədə aldığı təhsilin, xarici ölkələrdə gördüyü ictimai-siyasi, sosial-mədəni mühitin təsiri ilə müəyyənləşmişdi. H.Cavid böyük bir ədəbi məktəb, bədii-estetik, elmi-mədəni konsepsiyalar təriqətini mənimsəyib sənətə qədəm basmışdır. Müsavat hakimiyyətinin tərəfdarı, türk dünyası yazarı, T.Fikrət, R.Tofiq təliminin yetirməsi idi. Romantik, bəşəri, qlobal mövzular müəllifi kimi XX əsrin 20-30-cu illərində Azərbaycan ədəbiyyatında yad, zamana və mühitə aidiyyatsız kimi görünürdü hətta... İnqilab, partiya, kolxoz, kollektivləşmə şüarları, bayraqları onun başı üzərində dalğalanırdı. Amma H.Cavidi ilhama gətirə bilmirdi... M.Müşfiq yaradıcılıq baxımından H.Cavid yolunun yolçusu olmasa da, sosial-siyasi baxış etibarı ilə onun davamçısı, əqidə, amal yoldaşı idi... Yaradıcılığa müsavatçı kimi başlayan, bu yöndə siyasi fəaliyyətini belə uzun müddət davam etdirən C.Cabbarlı daxili təbəddülatlarına 1927-ci ildə yazdığı “Od gəlini” əsəri ilə son qoydu və 1928-ci ildə sovet hakimiyyətinin ideoloji tezislərindən biri olan “qadın azadlığı” məsələsini “Sevil” pyesi ilə reallaşdırdı... C.Cabbarlı kimi mübariz insanı artıq erkən başlayan psixoloji repressiya dalğası sovet ədəbiyyatı dairəsinə sala bilmişdi. Və ədəbiyyat tarixində ilk sovet dramaturqu statusuna qədər dəyişdirilən C.Cabbarlı kolllektivləşmə, kolxozlaşma (“Almaz”, “Dönüş”, “Yaşar”) beynəlmiləlçilik (“1905-ci ildə”) və s. mövzular ampluasına gətirildi... Bəzi araşdırıcıların qeyd etdiyi kimi, C.Cabbarlı sovet hökumətini ona görə qəbul edib, onun bayrağı altına keçmədi ki, “mədəni inqilab” uğurlarına valeh oldu, ona görə Müsavat yazarından sovet dramaturquna çevrildi ki, daima təhdid və təqib altında yaşadı. Həqiqi müstəqillik mübarizəsinə inamını itirmiş C.Cabbarlı öz anti-sovet həmkarları haqqında sözünü açıq-aşkar çıxışlarında bildirirdi...

S.Vurğun Azərbaycanın əyalətində (Qazax müəllimlər seminariyasında) təhsil almışdır. Azərbaycanda sovet hökuməti qurulanda onun 14 yaşı vardı. S.Vurğunu zamanın, sovet, sosialist nəzəriyyələrinin diktəsi, tərbiyəsi formalaşdırdı. Eləcə də R.Rza, S.Rüstəm, S.Rəhimov, M.İbrahimov, M.Hüseyn, M.C.Paşayev və başqalarını...

S.Vurğun 1933-cü ildə “Azərbaycan” şeirini yazır, 1937-ci ildə bir neçə həftənin içərisində “Vaqif” mənzum dramını. Konkret olaraq onu repressiya qurbanı kimi güdaza verməyin materiallarını, anti-sovet, anti-stalinizm faktlarını həm 1931-ci ildə yazdığı “Komsomol” poemasında, həm “Azərbaycan” şeirində, həm də “Vaqif” dramında tapmaq olardı... Necə ki Ə.Cavadın “Göy göl”, M.Müşfiqin “Oxu tar” əsərlərini siyasiləşdirmək mümkün olmuşdur...

Alimlər, tədqiqatçılar görəcəyi işi ictimai auditoriyadan gözləmək mümkün deyil. Bu gün çox hallarda S.Vurğunu təbliğ etmək istəyənlərin “xeyiri” onu inkar, tənqid edənlərin ziyanı ilə üst-üstə düşür. S.Vurğunu sevmək hələ onu lazımı qaydada təqdim etmək demək deyil. Məsələn, mən şairə həsr edilmiş tədbirlərin birində S.Vurğunun “Ceyran” şeirində ictimai-siyasi motiv axtaran araşdırıcının çıxışını dinlədikcə şairin bu zamandakı ədəbi taleyinə də acıyası oldum... Artıq 25 ildir ki, ədəbiyyatşünaslığımızın qarşısında S.Vurğun yaradıcılığını, ümumiyyətlə, klassik və XX əsr sovet ədəbiyyatı tarixini yeni, müstəqillik və azadlıq, demokratiya şəraitinin prinsipləri ilə araşdırmaq vəzifəsi dayanıb. Həmin dövrün faciəsini S.Vurğunun “Komsomol” poeması, “Vaqif” dramı qədər psixoloji incəliklərlə açan başqa bir əsərə rast gəlmək çətin olar. Onun Gəray bəy obrazı 1960-cı illər ədəbiyyatımızdakı “yeni nəsr”in ziddiyyətli xarakter axtarışlarındakı ən uğurlu sələf idi. İstər Cahandar ağa (“Dəli kür”), istərsə Kərbəlayı (“Qarlı aşırım”) və başqa bu xarakterli obrazlar onun xələfi idi...

S.Vurğun “Komsomol” poemasını 1931-ci ildə yazdı. Onda hələ repressiyanın güllə səsləri bütün küçələrdə eşidilmirdi. S.Vurğun bu poemasında anlaşılmaz, ziddiyyətli durumun faciə qəhrəmanlarını yaratmışdı. Bəxtiyar obrazı baş qəhrəman idi, Gəray bəy də. Və şair hər iki mövqeyi zamanın məğlub tərəfi kimi canlandırırdı. Hər iki cəbhədə rus-sovet sisteminin vurduğu yaraların ağrısı ifadə olunurdu. Bəzən S.Vurğunun bu misralarını misal gətirib onu repressiya qurbanları ilə qarşılaşdırırlar:

Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!..
Amma elə bu misraların əvvəlində bu fikir də səsləndirilir:
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə...
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!

S.Vurğun Azərbaycan ədəbiyyatında ən aydın ictimai-siyasi görüşləri olan və açıq sözlü müəlliflərdən biri idi. S.Vurğunun adı dəfələrlə əksinqilabçılar siyahısına düşmüşdü. Amma o istər yazdığı əsərlərin ideyasına, istərsə də sovet hakimiyyətinin təbliğat strategiyasına görə sosialist mövqeli idi. Repressiya illərində Lenin, Stalin, Moskva və partiya haqqında ən alovlu şeirlər onun qələmindən çıxdı. Amma onun əqidəsində inqilaba inam, inqilabın qələbəsini qoruma tendensiyası danılmazdır:

O yanda Bəxtiyar, yanında Cəlal:
- Olsun inqilaba qanımız halal, -
Deyib vermişdilər elə baş-başa,
Onları meydanda qoyub Mirpaşa
Qaçıb soxulmuşdu qaranlıqlara...

Poemada Mirpaşa obrazı “allahsız” kimi təsvir edilir. “Allahsızlıq” sovet ideologiyasının ana təlqinlərindən biri idi. Allaha ünvanlanacaq sevgilər sosializmə, leninizmə, kommunizmə, stalinizmə yönəlməli idi. Ona görə də məscidlər təhqir edilir, dini kitablar təhrif... S.Vurğun isə həmin illərdə yazırdı:

Əsrlər boyunca o əzan səsi,
İnsanın insanla mübarizəsi
Sizə əfsanələr kimi gəlməsin,
Göydən tökülməmiş nə Tanrı, nə din.
Bəşər bu yolları keçəydi gərək,
Böyük addımlarla gəlir gələcək...
O məscid, o əzan, ordakı insan,
Onların ən gizli sirrinə dalsan,
Hər biri vaxtında yeni bir xəbər,
Hər biri vaxtında canlı bir əsər...
Bəşər vicdanını bağlamış ona,
İnanmışdır onun haqq olduğuna.
İştə, o zamandan, o gündan bəri
Gəlib dolandıqca ömrün illəri.
Hər könül olmuşdur ibadətxana,
İşləmiş ürəyə, qarışmış qana.

Və şair çox cəsarətlə bəyan edirdi ki, insanların qəlbinə hakim olan bu cür müqəddəs duyğular “əmrlə insanın çıxmaz canından”...

Bir də, komsomolçu deyil xuliqan
Ki, onun ağlına nə gəlsə tutsun.
Ar olsun, doğrudan, sana ar olsun!

Gəray bəyin dilindən deyilən “O top səslərinin altında bu gün Əli tüfəng tutan nə varsa bütün Ölür də, Öldürür, lap qiyamətdir! Anlayan yoxdur ki, bu, siyasətdir!” - fikrinin repressiv məna çalarları diqqəti çəkir...

S.Vurğunun təqibi Stalinin öldüyü ilə qədər davam edir. 1950-ci illərdə onu millətçilikdə təqsirləndirir, kitablarına və tamaşalarına qadağa qoyurlar. Və taleyin çox qəribə yazısıdır ki, S.Vurğun ölən gün qəzetdə M.Bağırovun edam olunması xəbərini eşidir...

1937-ci ildə R.Axundov ifadə verəndə 54 adamın adı olan (əksinqilabçılar dəstəsi) bir siyahıya da imza atır və həmin siyahıda güllələnmə əmrindən taleyi yan keçən Ü.Hacıbəyovun, M.S.Ordubadinin, S.Vurğunun da adı olur.

Aşnin də göstərirdi ki, bu illərdə S.Vurğunun adı təhlükəli siyahılara tez-tez düşürdü. Onun haqqında ya cinayət qovluğu yaradılmadı, ya da sonradan həmin qovluq məhv olundu... Elə ittihamlar edirdilər ki, güllələnmə ilə o günahlandırmalıar arasında sadəcə bircə addımlıq məsafdə qalırdı. Cəzalar isə davam etməkdə idi. Hamını ittiham edən Yazıçılar İttifaqının katibi S.Şamilov və İttifaqın katibi S.Vurğun, eləcə də tənqid şöbəsindən Hidayət Əfəndiyev vəzifəsindən azad edilir. Hətta S.Vurğunla S.Rüstəm arasındakı söz-söhbətə göz yumduğuna görə M.Hüseyn də cəzalandırılır, idarə heyətindən çıxarılır.

“Daha 25 fevral tarixində Azərbaycan Dram Teatrının sabiq müdiri Kərimov S.Vurğuna qarşı ifadə verdi. 9 apreldə Ruhulla Axundov ondan uzun siyahısında “partiyadan kənardakı millətçilər” kimi bəhs etmişdi. (R.Axundovun mühakimə qovluğu) Əli Nazim Mahmudzadə onu “əksinqilabçı və müsavatçı” kimi xarakterizə edirdi. Talıblı 17 avqustda bildirmişdi ki, Nəzərli, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza və İsmayıl Hafizdən ibarət “qrup təşkil etmişlər” (H.Cavidin mühakimə qovluğu). Şairə qarşı müxtəlif adamların ifadələrini H.Cavidin mühakimə qovluğunda da tapdıq. Sonda M.Müşfiqi də ifadə verməyə məcbur etdilər və Ə.Cavadın da mühakimə qovluğunda bu cür ifadələrə rast gəlmək olur”. (“Məhv edilmiş türkoloqlar”)

Adı çəkilən kitabda (“Məhv edilmiş türkoloqlar”) “şanslılar” ifadəsi bir neçə dəfə çəkilir və bu siyahıya isə Ü.Hacıbəyov, S.Vurğun, R.Rza, S.Rüstəm, A.Şaiq, M.Hüseyn, M.Rahim, rəssam Ə.Əzimzadə, aktyor M.Əliyev və başqaları daxil edilir. A.Şaiq 1905-ci ildən H.Cavidin ən yaxın dostu olmuşdur. S.Rüstəm haqqında isə maraqlı bilgi ilə qarşılaşırıq. Müəlliflər göstərir ki, Ə.Nazim ifadə verərək bildirir ki, 1925-ci ildə S.Rüstəmin başçılığı ilə Bakı Pedoqoji məktəbin bir qrup məzunu B.Çobanzadənin dərs dediyi Pedoqoji İnstituta daxil olmağa üstünlük verir. Nəzərli isə göstərirdi ki, Süleyman Rüstəm 30-cu illərdə “bütün rusları hökumətin sosial həyatından uzaqlaşdırmağı” tələb edirdi. Yazıçıların 10-12 iyun 1937-ci ildə olan toplantısında S.Rüstəm ən ağır tənqid olunanlardan oldu. O, güllələnənlər siyahısına düşmək üzrə idi. Amma qurtuldu və daha 52 il yaşadı...

Ülvi Rəcəb və M.Əliyev də siyasi baxışlarına görə eyni durumda olan adamlar idi, amma Ü.Rəcəb güllələndi, M.Əliyev isə qurtuldu, sonralar SSRİ xalq artisti oldu...

Ə.Cavadın mühakimə qovluğunda S.Vurğunun adı iki dəfə çəkilir və onun haqqında da düşünmək lazım olduğu vurğulanır. Repressiya illərinin şahidləri, əlaqədar qurumların əməkdaşları 1950-ci illərdə verdikləri ifadələrdə təsdiqləyirdilər ki, M.Bağırov inzibatçılara əmr vermişdi ki, məhbuslar dindiriləndə “Boynuna qoyuluncaya qədər döyün!” Xalq Daxili İşlər Komissarlığının əməkdaşı P.Vladimiroviç 1954-cü ildəki ifadəsində deyirdi ki, məhbuslar lazım olan ifadəni vermək istəməyəndə Bağırov qəzəblənir və deyirdi: “Məlum olur ki, az döymüsünüz!”... 1952-ci ilə qədər S.Vurğunun daima nəzarət və təqib altında olması faktını da P.Vladimiroviç ifadəsində təsdiq edirdi... “S.Vurğun Bağırovun təqdimatı ilə tutuldu, daha sonra “qurtarıcı mələk” rolu oynadı, onu otağına gətirmələrini əmr etdi və şəxsən orda da azad elan olundu”. (“Məhv edilmiş türkoloqlar”)

S.Vurğun yaradıcılığının dəyərli araşdırıcısı Aslan Salmansoy onun haqqında yazdığı məqalələrdə şairin mütəmadi olaraq repressiya maşınının ağzına atıla biləcək təqib və tənqidlərinin bir çoxunu müxtəlif mənbələrdən əldə edərək məqalələrində konkret sitatlarla göstərmişdir. “...Hər halda S.Vurğun özünün yenidən tərbiyəsinə əhəmiyyət verməlidir” (“İnqilab və Mədəniyyət” j., 1931, №3-4, s.68).

Səməd Vurğun yoldaşın yaradıcılığı qəti bir günəşə möhtacdır. O, ya birdəfəlik üçtelli saza yapışmalı, el aşıqları ilə ağız-ağıza verərək “yaşıl dağları, əlvan buludları, çırpınan titrək könülləri şairanə bir surətdə” təsvir etməli və yaxud mübariz proletariatın qalibiyyət marşını çalmalıdır”. (“Kommunist” q., 8 may 1931, №102).

Şairin yaradıcılığının ilk dövrlərində yazdığı şeirlər bu məqalələrdə də inkar edilirdi: “Səməd yaradıcılığının ilk dövrlərində xırda burjua dünyagörüşünün şiddətli təsirinə məruz qalmış, qarşısına qoyduğu məsələlərin heç birini proletar sinfi nöqteyi-nəzəri ilə həll edə bilməmişdir...O bu zamanda tipik bir romantikə bənzəyir. Şeirləri “bəşəri humanizm” siması daşıyır. İctimai hadisələrə NEP dövrünün böyük təbəddülat və yeniliklərinə kənardan bir tamaşaçı kimi baxır”. (“Hücum” j., 1932, №5-6, s.31- 32).

1937-ci ilin iyununda Yazıçılar İttifaqının rəhbərləri – S.Şamilov sədrlikdən, S.Vurğun isə katiblikdən azad edilir. Tənqidçilərdən biri yazır: “Necə ola bilər ki, Ə.Cavadın, H.Cavidin yuvasından çıxmış...Müşfiq İttifaqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tribunasına çevirmişdir. Necə ola bilmişdir ki, Müşfiq kimi xain düşmən Sovet Yazıçıları İttifaqı rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı altında son günədək öz kontrrevolyusion pozucu işlərini yerinə yetirməyə imkan tapmışdır. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir” (“Kommunist” q., 1937, 20 iyun).

S.Vurğunda poetik talant vardır, bu şübhəsizdir; o da şübhəsizdir ki, inkişaf etməyən, bu gün Sovet epoxamızın qabaqcıl ideyaları səviyyəsində möhkəm dura bilməyən talant, mənasız və boş bir şeydir” (“Ədəbiyyat qəzeti”, 20 sentyabr 1937, №39).

Ardı var

14.01.2018.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.