Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20

Paşa ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini

Bu ilin mart ayında ömrünün son illərini İngiltərədə yaşayıb-yaratmış görkəmli soydaşımız mərhum ədəbiyyatşünas, dilçi alim Turxan Gəncəyinin 95 yaşı tamam olur. Ölkəmizdə haqqında çox az məlumat olduğundan Azərbaycanda daha yaxşı tanıtmağa böyük ehtiyac vardır.

Turxan Zeynal oğlu Gəncəyi 1925-ci ilin mart ayının 20-də Təbrizdə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı universitetin türk və fars dilləri bölümünü bitirib.

Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neopol  Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə - İtaliyada (1949-1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956-1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969-1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir.

Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş geniş miqyaslı bir alim kimi vətənimizin başını uca etmişdir.

Hələ gənc ikən şərqşünasların XXIV qurultayında iştirak edən Gəncəyi haqqında dövrün tanınmış elm və siyasət adamı Seyid Həsən Tağızadə demişdi: "Bildiyimə görə, cənab  Turxan Gəncəyi yeganə iranlıdır ki, türk dilləri və tarixi üzrə ixtisas sahibidir. İtaliyada Neopol darülfünununda məlumatlarını təkmilləşdirməklə və tədrislə məşğuldur".

Ötən əsrin 87-ci ilində "Sovetskaya türkologiya" jurnalında Turxan Gəncəyi əsərlərinin icmalını verən rus alimi A.M.Şerbakın dediyi kimi, alimin elmi maraqları əski özbək (cığatay), əski türk (osmanlı), əski  Azərbaycan və fars-tacik ədəbiyyatını əhatə edirdi.

Gəncəyinin ilk işlərindən biri Əlişir Nəvainin "Mühakimətül-lüğəteyn" əsərinin farscaya tərcüməsidir.  Bunun ardınca o, Azərbaycan şairi, farsca divan və məsnəvi müəllifi  Təsir Təbrizinin (1655-1717) türkcə şeirləri haqqında məqalə yazmışdır.

Alimin Hüseyn Bayqaranın memuar janrına aid olan nəsr əsəri haqqında məqaləsi öz məzmununa görə çox maraqlıdır (Həmin əsərdə Əbdürrəhman Cami, Əlişir Nəvai və digər şairlərin xarakteristikası, orta əsrlər  Xorasan həyatının müxtəlif tərəfləri haqqında məlumat verilmişdir). Məqaləyə Hüseyn Bayqaranın cığatay dilində yazdığı əsərin mətni və onun tərcüməsi də əlavə edilib.

Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətnini Turxan bəy 1959-cu ildə tərtib edib. Divanın 259 şeirdən ibarət mətnini hazırlayarkən o, Londonun Britaniya muzeyindəki iki, Vatikan kitabxanasındakı bir və V.Minorskinin şəxsi kolleksiyasındakı bir nüsxədən istifadə edib. Alimin bu nəşrinə yüksək qiymət verən görkəmli türkoloq alim A.Zayançkovski nəşrə yazdığı rəydə göstərirdi ki, Xətai divanında Azərbaycan dilinin tarixi üçün əhəmiyyəti faktlar üzə çıxır. Qeyd edək ki, bu əsərin əhəmiyyətini nəzərə alaraq 2013-cü ildə onu yenidən Bakıda nəşr etdirmişik. Bu nəşrdə ərəb əlifbasıyla yazılan mətnlə bərabər, onun müasir əlifbaya transliterasiyası da verilmişdir.

T.Gəncəyinin ən iri həcmli işlərindən biri XIV əsrdə yaşamış şair Xarəzminin "Məhəbbətnamə" əsərinin nəşridir. Onun Britaniya muzeyində saxlanan uyğur nüsxəsinin faksimilesi əlavə edilən birinci hissəsi ön söz, transliterasiya və mətn barədə qeydlərdən, ikinci hissəsi ön sözlə mətnin italyancaya tərcüməsindən ibarətdir, üçüncü hissə isə poemada rast gəlinən türk sözlərinin lüğətini ehtiva edir. Türkoloq alim C.Kloson alimin bu nəşrinin qısa xarakteriskasını verərək onu yüksək qiymətləndirmişdir.

Elxanilər dövrünün (XIII-XIV əsrlər) fars poeziyasında türk və monqol  sözlərindən bəhs edən bir məqaləsində T.Gəncəyi göstərir ki, artıq Samanilər dövründə fars şairlərinin dilində (məsələn, Rudəkidə) türk dillərindən götürülmüş sözlərə rast gəlmək olar. Sonrakı dövrdə Qəznəvilərin və Səlcuqilərin hakimiyyəti zamanı fars dilinə türk sözlərinin axını artmışdır. Monqol istilasından sonra fars dilinə bir sıra monqol sözləri də daxil olmuşdur.

Fars dilində türkizm və monqolizmlərin öyrənilməsini gələcəyin aktual vəzifələrindən hesb edən T.Gəncəyiyə görə, bu sahəyə dair xüsusi tədqiqatlar, demək olar ki, yoxdur.

"Novruznamə və türk məsəli" adlı məqaləsində T.Gəncəyi Novruz haqqında bu risalənin əlyazma və çap nüsxələrinin qısa icmalını verir və əsərin müəllifi barədə fikir söyləyir. "Novruznamə"nin ilk tədqiqatçıları əsərin müəllifinin Ömər Xəyyam olduğunu göstərmişlər.  Bu fikrin yanlışlığını göstərən T.Gəncəyi əsərin mətnində gedən bir türk məsəli əsasında sübut edir ki, müəllif türkləri tərif edən Alib Məhəmməd əl-Xiyazi əl-Qainidir.

T.Gəncəyi məqalələrindən birini  1533-cü ildə Təbrizdə dünyaya gəlmiş görkəmli Azərbaycan şairi, alimi və rəssamı Sadiq bəy Sadiqinin şeirlərinə həsr edib. II Şah İsmayıl və I Şah Abbas dövründə saray kitabxanasına başçılıq edən Sadiqi 1602-ci ildə İsfahanda yaşayarkən üç hissədən ibarət külliyat tərtib etmişdir: "Məcməül-xəvas", "Divan" və "Münşəat". Əlişir Nəvainin "Məcalisün-nəfais" əsəri əsasında yazılan birinci hissədə "Məcməül-xəvas" təzkirəsində əski Azərbaycan əski özbək və əski türk dillərində poetik əsərlərdən nümunələr verilib. Məqalədə müəllif Sadiqinin bütün sadalanan əski türk dillərini kamil bildiyini sübut edir.

T.Gəncəyi klassik türk poeziyasında vəzn və qafiyə məsələlərinə xüsusi fikir vermiş, bu barədə ciddi elmi əsərlər yazmışdır.

Görkəmli alimin elmi əsərləri bu sadalananlardan qat-qat çoxdur və biz onların hamısını əhatə etməyi qarşımıza məqsəd qoymamışıq. Vaxtilə "Fəsli-kitab" dərgisinin müəlliflərindən biri onu həm də dəyərli bir şəxsiyyət kimi səciyyələndirərək yazırdı. "O, məşhur bir alim olmaqla yanaşı, həm də yüksək intellektual səviyyəyə, insani dəyərlərə malik gözəl bir şəxsiyyətdir".

Dərin elmi təfəkkürə, geniş biliyə malik Turxan bəy öz yazılarına çox ciddi yanaşar, kiçik həcmli bir məqaləni yazmaq üçün uzun müddət çalışardı. Tanınmış yazıçı, alimin yaxın dostu və həmyerlisi Məhəmmədəli Müvəhhid bu barədə belə yazır: "Turxan çox oxuyub az yazan tədqiqatçıdır. Onun bilik vüsəti, fikir üfüqlərinin genişliyi ilə müqayisədə yaradıcılığı az nəzərə çarpır. Turxan ancaq öz ixtisasına dair yazılar yazar, özü də o vaxt əlinə qələm alar ki, deməyə yeni bir sözü olsun. Onun hər bir qısa və konkret məqaləsi uzunmüddətli mütaliə və araşdırmaların məhsuludur".

Orasını xüsusilə qeyd etmək istəyirik ki, bu yazıda adını çəkdiyimiz azsaylı alim və yazıçılar istisna olmaqla bir çox İran müəllifləri T.Gəncəyini yalnız fars dili və ədəbiyyatını tədqiq edən alim kimi təqdim etməyə çalışmışlar və onun əsas tədqiqat sahəsi olan türkologiyadakı fəaliyyəti üzərindən sükutla keçmişlər.

Görkəmli Azərbaycan alimi  Turxan Gəncəyi 2005-ci ilin aprel ayında Londanda vəfat etmişdir. Onun Azərbaycan türk, fars, ingilis, fransız, italyan, alman dillərində yazdığı əsərlərini çevirərək ölkəmizdə nəşr etdirmək, elmi yaradıcılığını hərtərəfli elmi araşdırmaya cəlb etmək tədqiqatçılarımız qarşısında duran vacib məsələlərdəndir. /525.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.