"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20

Avanqard.net Epiloq.az saytna istinadən yazıçı Mübariz Örənlə müsahibəni təqdim edir.

– Bəzən deyirlər, nəsr 40 yaşdan sonra başlayır. Siz yazmağa təxminən 40 yaşda başlamısınız. Amma, əvvəllər şeirləriniz rus dilində çap olunub. Bu prosesi necə keçirdiniz?

– Əvvəla onu deyim ki, bu 40 yaş “sindromu” mənə o qədər də inandırıcı görünmür. Məsələn, mənim çox sevdiyim yazıçılar var: Kamü, Steynbek, Kafka… Bu sənətkarlar ən yaxşı əsərlərini əsasən 40 – a qədər yazıblar. Kafka cəmi qırx il yaşayıb, amma görün özündən sonra hansı əsərləri qoyub gedib: “Məhkəmə”, “Qəsr”, “Çevrilmə”… Con Steynbek “Qəzəb saxlımları”nı, “Siçanlar və adamlar”ı 35 yaşına qədər yazıb. Eləcə də Alber Kamü… Yəni, bu yaş məsələsi bir az mübahisəli ola bilər. Amma görünür, bəli, “sanballı” roman yazmaq üçün yetərincə ömür sürməlisən, zəngin həyat təcrübən, müşahidələrin, güclü mütaliən olmalıdı; “qalın” romanlar üçün “qalın” da yaşamalısan.

O ki qaldı sualın ikinci hissəsinə, özümü heç vaxt şair hiss eləməmişəm, bu gün də eləmirəm. Şeirlərimi zəif hesab edirəm. Gənclik havası olub, nəsə beş-on şeir pərvazlanıb… O vaxtlar Rusiyada neft sahəsində işləyirdim, şimalda, bir növbə rəisimiz vardı, Andreev Vladimir Petroviç.  Kazan Universitetinin jurnalistikasını bitirmişdi, savadlı adam idi.  İşdə çox tələbkar, həm də bir az qaba, kobud adam idi, heç kim onunla bir növbədə işləmək istəmirdi. Amma mən işləyirdim, çünki ədəbiyyat adamıydı, yaxşı şeirləri, publisistikası vardı. Sonradan o, bizim şəhərin meri oldu. Necə? Qələmin hesabına. Özünün şəxsi qəzeti vardı, həftədə bir dəfə çıxırdı, çox da maraqla qarşılanırdı. Çünki fəhlənin sözünü deyirdi, neftçilərin hüquqlarını müdafiə edirdi… Hə, bir dəfə o dedi ki, şeirlərini ver ruscaya çevirək, qəzetdə verək, maraqlı olacaq…

– Sərbəst vəzndə yazılmışdı?

– Bəli, sərbəst.

– Mütəmadi çıxırdı şeirləriniz?

– Yox, bir-iki dəfə. Gecə növbəsində bekarçılıq olurdu, onun da çap makinası vardı, çox vaxt özüylə işə gətirirdi…

– Rus mühiti sizin bədii menyunuza nələri qatdı, nə qazandırdı?

– Rus mühiti ilk növbədə mənə pul qazandırdı. Orada, dediyim kimi, neft sahəsində işlədim, sonradan bazar iqtisadiyyatına “yaşıl işıq” veriləndə şəxsi biznesimi qurdum. “Bədii menyu”ya gəldikdə isə… Rus mühiti mənə elə bir zəngin həyat təcrübəsi verdi ki, yaradıcılıq üçün ondan qiymətli heç nə ola bilməzdi. Əvvəla onu deyim ki, uzaq neft şəhərində – Sibirdə uzun müddət işsiz qalmışam. Necə deyərlər, həyatın dibini görmüşəm, başım daşdan daşa dəyib. O vaxt Rusiyanın ən mürəkkəb, ən qarışıq vaxtları idi. Xüsusən, şimalda anarxiya idi. Bir tərəfdən də işsizlik, qəribçilik, şaxta…  Şəhərdə ən iri NQÇİ – nin direktoru erməni idi, Bakı ermənisi. Düzdü, yanında azərbaycanlı mütəxəsislər var idi, özü də, yaxşı vəzifələrdə. Amma niyəsə məni işə götürmək istəmədi, dedi, başa düş, mən gecələr evimdə rahat yatmaq istəyirəm. Bəlkə Qarabağlı olduğumu demişdim, ona görə, – hansı rayondan olduğumu özü soruşmuşdu. Amma ikinci dəfə götürdü. İxtisasım birbaşa neftlə əlaqəli olmadığı üçün (inşaat mühəndisliyini bitirmişdim) operator kimi götürdü. Biznesə keçəndən sonra isə çətinliklər daha  çox oldu, daima risk, maddi çətinliklər, qarlı-şaxtalı yollar… Elə olurdu, yük maşınında səkkiz-on sutka yol getməli olurdum. Təsəvvür elə, sürücü öz işində, mən də… öz içimdə! Daxili dialoqlar, fikir çarpıntıları, götür-qoylar… Buyur, bu da sənə “bədii menyu” materialı. 

– Bişmiş bir yazıçı olaraq “yaradıcılıq fakültəsi”ndə oturmaq sizə qəribə gəlirdi?

– Qəribə gəlmirdi, əksinə, yaradıcı adamın daima elə bir istiyə, ocağa – mühitə ehtiyacı var.  Kamal müəllim o fakültəni işıqlı bir məramla, titanik bir əmək sayəsində yaratmışdı, ətrafına Azərbaycanın ən dəyərli ədəbiyyat , fikir adamlarını yığmışdı; ulduzlu KƏHKƏŞAN:  Rüstəm Kamal, Rəhim Əliyev, Niyazi Mehdi, Cavanşir Yusifli, Aydın Talıbzadə, Tehran Əlişanoğlu, Azad Qaradərəli,  Etimad Başkeçid, Salam Sarvan… Onlar hərəsi öz sahəsinin “as”larıdı. Kamal Abdulla özü həftədə bir, ya iki dəfə master-klass keçirdi. Fakültənin qapısı məbəd qapısı kimi hamıya açıq idi, ocaq kimi, pir kimi əlçatan idi. Uşaqlar bir ailənin üzvü kimi mehriban bir sözlə, əsl yaradıcılıq atmosferi, ab-havası vardı,  rəsmiyyətsiz, filansız.

– “Ağ buludlar” əsərində “Edip” mifinə müraciət etmisiniz. Sizi belə çətin bir mövzudan yazmağa nə vadar etdi?


– Əvvəlcədən o əsərin hara aparacağını, təbii ki,  bilmirdim. Çünki o, kiçik bir hekayə kimi nəzərdə tutulmuşdu, yazılmışdı da. Adı da “Ağ buludlar” deyildi, başqaydı. Bədbəxtlikdən,  ya xoşbəxtlikdən o hekayə kompüterdən itdi. Onu yenidən yazmaq cəhdi nəticəsində isə süjet yiyəsiz-yüyənsiz dağ seli kimi vurub yatağını dağıtdı. Rahat yazı prosesi idarəolunmaz, məşəqqətli yaradıcılıq “stixiyasına” çevrildi. Gedişatı ram eləmək mümkün olmadı; səmtsiz-çəpəki külək mətnin havasını, ruhunu dağıdıb  alt-üst elədi, mətn özü-özünü yaratmağa, – bəlkə də dağıtmağa başladı. “Su axar, çuxurun tapar”, düz sözdü. Bulanıb, durulandan sonra məlum oldu ki, əsər “Edip mifi”nin strukturuna oturub, rahatlığını, yatağını, hətta ideyasını da orda tapıb.

– Hekayələrinizin əksəriyyətində mifoloji göndərmələr var. Niyə düşünürsünüz ki, hər hansı bir hekayənin arxasında mütləq qədim bir hekayə dayanmalıdı?

– İki, ya üç hekayəmdə mifoloji  göndərmə var.  Ümumiyyətlə, o qənaətdəyəm ki, əgər hansısa əsər alınıbsa, həyatdan, ya kitabdan gəlir, fərqi yoxdu,  bütövdürsə, tamdısa, yəni bir orqanizm halına gəlibsə, bu və ya başqa şəkildə onun mifologiya ilə əlaqəsi mütləq olur. Bu, qaçılmazdı. İstəsən də, istəməsən də. Yəni, alt qatda mütləq olur. Çünki başlanğıc, maya məsələsi var. Bir də, mifoloji süjetlərə göndərmələrin başqa bir mühüm cəhəti də var: açar! Bu yolla sən başqa mədəniyyətlərə körpü  atırsan, yad oxucuya tanış kodlar verirsən, mənanı fokuslandırırsan, doğmalaşdırırsan… Əgər oxucu intellektualdırsa, təbii ki. İntellektual deyilsə, nə oyundan çıxırsan çıx, xeyri yoxdu.  Məsələn,  Pamuk sonuncu “Qırmızı saçlı qadın” romanında kodları son dərəcə, açıq verib, amma “Rüstəm və Söhrab” dastanından (Firdovsi) və Edip mifindən xəbəri olmayan oxucu üçün o kodların heç bir mənası yoxdu..

– Mübariz Cəfərli ədəbiyyata sizdən öncə gəlib. Təxminən yaşınız da eynidi. Siz birdən-birə gəldiniz və adınız ən çox çəkilən nasirlər sırasında oldu. Belə tez parlamağın sirrini bölüşün. Sizi qısqananlar olurmu?

– Biz Mübariz Cəfərli ilə nəyinki eyni yaşdayıq,  həm də eyni institutda, eyni fakultədə oxumuşuq. Səhv eləmirəmsə, o məndən bir kurs yuxarı olmalıydı. Həmin vaxt onunla tanış deyildik. Amma sənətkarla bağlı maraqlı bir xatirəm var. 80-ci illərdə mən bir hekayə yazıb “Ulduz”a göndərmişdim. Zəif olduğu üçün, təbii ki, dərc eləməmişdilər, sonralar onu düzəltdim “Ağ yel” hekayəsi elədim. Sən demə, həmin ərəfələrdə Cəfərlinin “Ulduz” da hekayəsi çıxıbmış. Təsəvvür edin, adımız, institut, fakültə eyni, jurnalda bunların hamısı yazılıbmış. familiyamız da oxşayır. Mən Rəfiyev, o Cəfərli. Görən mənə gözaydınlığı verir, təbrik edir. Mən də, məəttəl qalmışam, bilirəm axı, məktubum üstümə qayıdıb, mənlik bir iş yoxdu, amma yenə də, təbrikləri geninə-boluna qəbul edirəm, şellənirəm. .. Hə, adaşımın hesabına cavanlıqda bir az təşərləndiyim də olub, sağ olsun.

O ki qaldı, parlamağa, parlayıb nə etmişəm ki, kiminsə mənə paxıllığı tutsun. Elə bir şey yoxdu.

– Çox enerji tələb edən bir üslubda yazırsınız. Nəsrdə yenilik edirsiniz. Bu yenilik necə başa çatacaq? Proses, yeniləşmə davam edirmi?


– Mənim üçün roman yazmaq məşəqqətli bir işdi.  Çünki mən iynəylə gor qazıram, yazmaqdan çox pozuram. Günə min işarə yaza bilsəm, papağımı göyə ataram.  Yəqin ki, mənim üslubum roman üslubu deyil, yaxud da, “Ağ buludlar” kimi yığcam roman üslubudu. Romanın gərək addımları yeyin ola, ərazisi geniş ola. Mən əsəri başlayanda bilmirəm o, məni hara aparacaq. Çətinlik də bundadı. Amma bir iş də var: sirr də bundadı; hadisələrin nə ilə qurtaracağını özüm əvvəlcədən bilmədiyim üçün, oxucu da bilmir, son nöqtəsinədək əsər maraqlı qalır. Özümü təriflədim, deyəsən.  Gec və az yazmağım, yəqin ki, zəif cəhətimdir, amma özümdən asılı deyil.

– Son vaxtlar nə oxuyursuz?

– Hal-hazırda Salman Rüşdinin “Gecəyarı uşaqları” əsərini oxuyuram.
Kamal Abdullanın “Sirlərin sərguzəşti”  və Aqşin Yeniseyin “Tarix və Tale” romanlarını maraqla və ləzzətlə oxudum. Hər ikisi qiymətli əsərlərdi. Kamal Abdulla ustalığı sayəsində asan yazır, asan da oxunur. Asan yazıb, asan oxunmaq elə də sadə məsələ deyil. Ustalıq da, əsasən burda bilinir. Kamal Abdulla əsərdə boşluqlar qoyur ki, oxucu hadisələrin iştirakçısına, oyunçusuna çevrilə bilsin, hansısa hadisəni, süjeti özü inkişaf etdirsin, yaxud tamamlasın. Belədə əsər daha diri, daha canlı, daha “onlayn” olur. Oxucu əsərdən, hadisələrdən doya, ayrıla bilmir, ayrılsa da, uzun müddət o təsirdən, o havadan çıxa bilmir. Aqşin Yenisey də ortaya sanballı bir roman qoyub. Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan romançılığında yeni nəfəsdi. Gələcək oxu planlarımda Zahid Sarıtorpağın, Pərviz Cəbrayılın yeni yazılmış romanları var.

– Azərbaycan ədəbiyyatında bir roman adı çək desəydilər, hansını deyərdiniz?

– Yusif  Səmədoğlunun “Qətl günü” romanını deyərdim. O roman məni heyran eləmişdi. O əsərdə fantastik bir üslub var. Həm də ruh var. Elə əsərlər var ki, baxırsan, hər şey cağbacağ yerindədi, dilində, cümləsində bir qüsur yoxdu, amma nəsə çatışmır. Elə bil, Tanrı cismi yaradıb, amma nəfəs verməyib. “Qətl günü”ndə hər şey vəhdətdədi. 

– Bəs mütaliəyə ilk hansı əsərlə başlamısınız?

– İlk oxuduğum əsər Bayram Bayramovun “Fəhlə qardaş” romanı olub. O vaxt yeniyetmə idim, heyran eləmişdi məni o əsər. Kitabda yazıçının “vodolazka”da şəkli vardı, tez-tez çevirib o şəkilə baxırdım və heyrət edirdim ki, bir adam bu gözəllikdə  və bu böyüklükdə əsəri necə yaza bilər!  Elə bilirdim, dünyada Bayram Bayramovdan böyük yazıçı yoxdu. Sonra Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını oxudum və  gördüm ki, yox, ondan da böyük yazıçılar ola bilər.

– “Ağ buludlar” Fransada nəşr olunacaqdı. Nə yerdə qaldı? Gözləntiləriniz nələrdi? Sizcə əsəriniz fransız oxucusuna çatacaqmı?

– Gözləntilərim böyük olsa da, eyforiyaya da uymuram.  Fransa böyük ölkədi, ildə orada minlərlə roman çıxır. Lakin bir məsələni deyim. Strasburqda fəaliyyət göstərən “Kəpəz nəşriyyatı”nın gördüyü işlər, Azərbaycan mədəniyyətinə verdiyi töhfələr fövqəladə dərəcədə böyükdür. Azərbaycan Tərcümə Mərkəzinin “Kəpəz”lə birgə layihəsi olan “Azərbaycan ədəbiyyatı antologiyası” Fransada  nəşr edilib. Eyni zamanda “Kəpəz”  Məmməd Əmin Rəsulzadənin, Nəsiminin, Timurçin Hacıbəylinin, Hüseyn Abbaszadənin və başqa klassiklərimizin əsərlərini fransız dilinə tərcümə  və çap edib. Hal-hazırda müasir azərbaycan yazıçılarının əsərləri də tərcümə, hətta redaktə mərhələsindədir. Ümid edirik ki, yaxın vaxtlarda əsərlərimiz fransız dilində işıq üzü görəcək. İnanmıram ki, onların bizi çap etməklə hansısa böyük bir qazancları olsun. Amma bu, Azərbaycan naminə böyük bir fədakarlıqdır.

Dəniz Pənahova

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.