Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20

Avanqard.net Ceylan Mumoğlunun Cəlil Cavanşirin "Azğın" romanı haqqında yazdığı "Dəliliyin azğınlığı" yazısını təqdim edir.

Mənə ağlı başında bir insan göstərin, sizin üçün onu sağaldım.
(Karl Qustav Yunq)

“Dəlilik” mövzusu dünya ədəbiyyatında mərkəzi mövzulardan biridir. Bu mövzu həmişə müxtəlif ədəbi məktəb və cərəyana aid yazıçıların diqqətində olub. “Dəlilik” mövzusuna dünya ədəbiyyatının bir sıra məşhur nümayəndələri zaman-zaman üz tutub: V.Şekspir, M.Servantes, A.Qriboyedov, N.Qoqol, F.Dostoyevski, A.P.Çexov, J.P.Sartr, N.Hikmət, R.Bredberi, U.Eko... Milli ədəbiyyatımız da bu cəhətdən istisna deyil: “Koroğlu”, N.Gəncəvi, M.Füzuli, Ə.Haqverdiyev, M.Cəlil, İ.Əfəndiyev, Elçin, İ.Muğanna...

Dəlilik nədir? Ağır zehni pozğunluq? Tibbi, hüquqi və ya mədəni termin? Bəlkə, azadlıq və yaxud ruhun hər tərəfdən yırtıldığı, parçalandığı iztirab təcrübəsidir? Bu təcrübəni kim və hansı dillə daha dəqiq ifadə etməyə qadirdir? Fransız postmodernist filosof Mişel Fuko bəşər tarixini, az qala, dəliliyin tarixi kimi nəzərdən keçirdiyi “Dəliliyin tarixi” əsərində onun nə olduğu sualına tam olaraq cavab tapa bilibmi? Niyə zaman-zaman dahi dediyimiz insanlar özləri də dəlilik haqqında bizi heyrətləndirən fikirlər söyləyiblər? Məsələn, Höte, “Bəzən planetimiz mənə kainatın dəlixanası kimi gəlir” deyib, yaxud Frensis Bekon, “İnsanın təbiətində ağıllılıqdan çox dəlilik var” nəticəsinə gəlib.

Dəlilik anlayışı haqqında elmi araşdırmaları kənara qoyub, ədəbi əsərlərə üz tutsaq, bu anlayış haqqında daha dolğun cavab tapmış olarıqmı? Bəlkə də... Ancaq hər əsərə görə oxucunun tapacağı cavab da fərqli ola bilər. Buna görə də, dəlilik haqqında əsərləri oxuyub anlamaq nə qədər çətin və ağırdırsa, həmin əsərlər haqqında yazmaq da bir o qədər çətindir. Bu mənada rumın dramaturqu Ejen İoneskonun sözləri ilə desək, “Həyatın amansızlığını çatdırmaq üçün ədəbiyyat min qat daha amansız olmalıdır”.

Bu yaxınlarda oxuduğum, yazıçı Cəlil Cavanşirin yeni nəşr olunmuş “Azğın” romanını da mövzusu ağır romanlar siyahısına əlavə etdim. Dəlilik mövzusunun işləkliyi Azərbaycan ədəbiyyatında ta qədimlərdən başlayır. “Dədə Qorqud” dastanının boylarında çılğın qəhrəmanlarla (Dəli Domrul, Dəli Qarcar) qarşılaşırıq. Düşünürəm ki, “Azğın” romanının müəllifi baş qəhrəmanı Dəli Qorqud adlandırması da təsadüfi deyil. Bununla dəlilik mövzusunun tarixi keçmişini xatırlamağa və bu mövzunun hər zaman canlı olduğuna işarə edib. “... Hə, lap yadımdan çıxmışdı. Mənim adım Qorquddur. Toylara gedəndə uşaqlar arxamca düşüb “Dəli Qorqud”, “Dəli Qorqud” deyib çağırırdılar. Adım Qorquddur, siz Dəli Qorqud deyin. Dədə Qorqud yox ha, Dəli Qorqud!”

Dünya ədəbiyyatında yaradılmış dəli obrazları müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyir. Onlar təkcə yaşadıqları dövr, yeni və müasir olan mühitə görə fərqlənir. Qalan hallarda yeni nəsə yoxdur, ədəbiyyat tarixində hər şey deyilib, hər şey yazılıb. Bu mənada Cəlil Cavanşirin də yaratdığı dəli obrazı klassik mətnlərdən gələn dəlilik obrazı – müəllifin şəxsi özünütəhlil, yaşadığı dövr və mühitin işığında görünən irəliləməsidir.

“Azğın” romanı çox maraqlı müqayisə ilə başlayır. Əsərin baş dəli obrazı özünü milçəklə müqayisə edir. O, eyni zamanda yazıçıdır: cəmiyyətlə uyuşmayan, dəlilik sərhəddində olan, dərin psixoloji sarsıntılar içərisində yaşamağa çalışan, yadlaşmış, tənhalığını, anlaşılmama duyğusunu, təcridolunma hissini çatdırmağa çalışan ziyalı. O, artıq şüuraltında öz sonunun qərarını verib. Ancaq yenə də: “Görəsən, dünənki milçək hələ də yaşayırmı? Xatirələrimi aydınlaşdırmaq, bir-birindən seçib-ayırmaq, başladığım nöqtəyə, geriyə doğru səyahət etmək istəyirəm. Bu yoldan, yaşadıqlarımı yazaraq, xatirələrə dalaraq bir daha keçmək istəyirəm. Həyatlarımızda utanılacaq şeylər olmasaydı, özümüzü necə mühakimə edərdik?” – deyir.


Romanın qəhrəmanı güzgülərə baxa bilmir. Çünki orda uşaqlıq şəkillərinə oxşayan balaca əclafı görür. Üstəlik, onu dəli hesab etməsinlər deyə, bu barədə heç kimə danışmır. Müəllif romanda əksolunma simvolundan məharətlə istifadə edib. Güzgü şüurla şüuraltı arasında astana funksiyasını simvolizə edir, insan ona baxmaqla şüuraltının dərinliklərinə boylana bilir...

Güzgünün yaratdığı təsvir simvolik olub, hər iki aləmi – şüur və şüuraltını anladır. Romanın qəhrəmanı ziddiyyətli xarakterdədir, güzgüdəki uşaqlıq şəkillərinə oxşayan əksindən qorxur, qaçır, onu öldürmək istəsə də, öldürə bilmir, onun qarşısında gücsüzdür. Eyni zamanda da, zaman-zaman cəsarət nümayiş etdirir. Bir gün o öz qorxularının üstünə gedərək balaca əclaf əksi ilə danışır:


“– Öz güzgü dünyanın içindən məni dəli eləmək üçün gəlmisən.

– Sən nə vaxtdan qara qüvvələrə inanan olmusan?

– O ifritə gedəndən, – övladlarımı və məni tərk edən arvadımı yadıma saldıqca əhvalım pozulurdu. Bu, yüz faiz onun düşündüyü oyunlardan biridir. Yəqin, getməklə ürəyi soyumayıb”.

Gördüyümüz kimi, qəhrəmanın bu nöqtədən sonra düşdüyü depressiv vəziyyətin səbəbkarı kimi başqalarını günahlandırması da başlayır. O cümlədən, oxucu güzgüdəki balaca əclafın qəhrəmanın xəyal dünyasına niyə gəldiyini öyrənmiş olur. Balaca əclaf niyə ağlını itirdiyini, nə üçün səfil günə düşdüyünü, nəyə görə dəli olduğunu özünün yetkin yaşlı qəhrəmanına başa salacaq.

Roman boyu irəlilədikcə qəhrəmanın şüurlatına səyahət edirik. Qarşımızda iyirmi il əvvəlki mənzərə açılır: qəhrəmanın ailəsi – atası, anası, nənəsi, kənd camaatı, sinif yoldaşları, dostları və s. Onun ilk dəfə dəliliklə tanış olması səhnəsi xüsusilə maraqlıdır. Cəmo adlı dəli obrazının simasında öz dəliliyini də tanıyan qəhrəman ilk travmasını almış olur və hər iki obrazın bənzər taleləri yaşaması romanı təsirli edən məqamlardan biridir.

Diqqətimi çəkən məsələlərdən biri də romanda müəllifin yaratdığı dəli obrazlarının sayca çoxluğu və onlara qarşı cəmiyyətin müxtəlif təbəqələrinin fərqli münasibəti idi. Sanki yazıçı qəsdən cəmiyyətin daxilindəki anlaşılmazlıqları, fərdlə mühitin yadlaşmasını, psixi nasazlığın və daxili ikiləşmənin çoxalması fonunda göstərməyə çalışır. Bu da təbiidir, çünki əksər ədəbiyyatşünaslara görə, ümumən ikili qəhrəmanın ortaya çıxması cəmiyyətin keçid dövrləri üçün səciyyəvidir. Uşaqlıqları “Sovetin dağıldığı, müharibənin canlar aldığı, təhsil sisteminin iflic olduğu, işsizliyin tüğyan etdiyi bahalıq və yoxluq illərinə düşmüş” insanlara dövrün mürəkkəb təzadları təsirsiz keçə bilməzdi. Çökmüş sistemin dağıntıları altında qalmaq azmış kimi, şəxsi həyatda olan əngəllər, natamamlıqlar, uğursuzluqlar da personajların özündən çıxmasına səbəb olur.

Bütün bu özündən çıxmış dəlilərin içərisində baş qəhrəman özünün də dəli olacağından qorxur. Çünki dəliliyə gətirib çıxaran səbəblər hələ bitməyib. Əzablar, dərdlər, həyat şərtləri əlbir olub onun beynini məngənədə sıxır, düşüncələri getdikcə qaranlıqlaşır. Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman özünü təhlil edə-edə nə qədər xəyanətə uğradığının fərqinə varır. Atası, ilk sevdiyi qız Gülçin, müəlliməsi Gültən, onu atıb gedən həyat yoldaşı, həyatında olan bütün qadınlardan daha çox sevdiyi narsis sevgilisindən aldığı zərbələr yığın-yığın Dəli Qorqudun başına tökülür. Bu məqamda qəhrəmanın özündən çıxmaması mümkünsüz hala çevrilir.

Əsər nikbin sonluqla bitməsə də, insanın dəlilik təbiətini anlamaq üçün, sanki oxucuya bələdçilik edir. Ruhu silkələyən təsirli səhnələr və obrazlarla yadda qalır. Yaxşı bilirik ki, “dəlilik” mövzusu yazıçıdan cəsarət tələb edir. Obrazın psixi patologiyasını, çılğınlığını, ruhi sarsıntılarını çatdırmaq heç də asan deyil. İnsanın gerçəyi haqqında onun normal təbiətindən daha çox dəlilik təbiəti danışdığını unutmayaq.

“Azğın” romanı ilə ədəbiyyat tariximizdə olan dəli obrazlarının siyahısına biri də əlavə edildi. Müəllif Cəlil Cavanşirə yeni yaradıcılıq uğurları arzulayıram!

/Kulis.az/

Yenililklər
14.08.20
“Çölçü” filmi yenidən mükafata layiq görülüb
14.08.20
Mədəniyyət Nazirliyində kadr təyinatı
14.08.20
Koreyalı türkoloqun kitabı Azərbaycanda nəşr olunub
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.