Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20

İtalyan dilindən tərcümə edən və ön sözün müəllifi yazıçı-tərcüməçi: Cəmşid Cəmşidov

ÖN SÖZ


Antonio Tabukki 1943-cü il sentyabrın 24-də İtaliyanın Toskana regionundakı Piza şəhərində anadan olmuşdur. Kommersant Adamo Tabukki və tibb bacısı Tina Pardellanın yeganə övladı idi. Yerli ibtidai və orta məktəblərdə oxumuş, təhsilini Piza Universitetində davam etdirmişdir.
1964-cü ildə Sorbonna Universitetində fəlsəfə üzrə sərbəst mühazirələri dinlədikdən sonra İtaliyaya dönən A.Tabukki Parisin Lion vağzalı yaxınlığındakı bukinist köşklərindən birində məşhur Portuqaliya şairi Fernandu Pesoanın (1888–1935) heteronimlərindən biri olan Alvaru de Kampuş adı ilə imzalanmış “Tabakaria” (“Tütün dükanı”) poeması ilə tanış olur. Bu balaca kitabçanın səhifələrində öz həyat idealını tapan gələcək yazıçı bütün elmi-bədii fəaliyyətini Portuqaliyaya, portuqal dilinə və ədəbiyyatına, Portuqaliya – İtaliya ədəbi əlaqələrinə həsr etməyi qərara alır.
Elə həmin il o, Piza Universitetinin filologiya fakültəsinə daxil olaraq roman filologiyası kurslarında portuqal dili və ədəbiyyatı üzrə ixtisaslaşmağa başlayır. 1965-ci ildə ilk dəfə Portuqaliyaya səfər edən A.Tabukki orada 1970-ci ildə ailə quracağı gələcək həyat yoldaşı Mariya Joze de Lankastre və bir çox sənət adamları ilə tanış olur. 1969-cu ildə “Portuqaliyada sürrealizm” mövzusunda diplom işi müdafiə edərək universiteti bitirir. Bir müddət Piza Ali normal məktəbində təkmilləşmə kursu keçdikdən sonra Bolonya şəhərinə portuqal dili və ədəbiyyatı müəllimi işləmək üçün dəvət alır. 1970-ci ildən başlayaraq həyat yoldaşı ilə birlikdə Fernandu Pesoanın bir çox əsərlərini italyan dilinə tərcümə edir, onun haqqında yazılmış esselər toplusu çap etdirərək tamaşa səhnələşdirir.
A.Tabukkinin ilk romanı olan “İtaliya meydanı” 1975-ci ildə çap olunur. Daha sonra onun “Balaca gəmi” (1978), “Porto Pimli qadın”(1983), “Hind noktürnü”
(1984),“Önəmli olmayan kiçik yanlış anlamlar” (1985), “Beato Ancelikonun qanadlıları”(1987), “Qara mələk” (1991), “Yuxuların yuxusu” (1992), “Fernandu Pesoanın son üç günü” (1994) və digər maraqlı əsərləri çapdan çıxır.
O, İtaliyanın və İspaniyanın nüfuzlu çap orqanları olan “Korriere della Sera” və “El Pais” qəzetləri ilə əməkdaşlıq edərək səmərəli jurnalistika fəaliyyəti də göstərir.
1994-cü il A.Tabukki üçün xüsusilə əhəmiyyətli oldu. Həmin il ona beynəlxalq nüfuz gətirəcək “Pereyra iddia edir. Şahid ifadələri” adlı əsəri işıq üzü gördü. Əsər yazıçının başqa roman və povestləri kimi ekranlaşdırılaraq 40 dilə tərcümə olundu. Son illər yazıçının qələmindən çıxan “Damaşenu Monteyrunun itmiş başı” (1997), “Tristano ölür. Bir həyat” (2004), “Zaman çox tez qocalır” (2009)
və nəhayət, vəfatından sonra işıq üzü görmüş son məşhur əsəri olan “İzabel üçün. Mandala” (2013) romanı A.Tabukkini müasir Avropa ədəbiyyatının ən görkəmli nasirlərindən biri kimi tanıdır. Ümumilikdə otuza yaxın gözəl sənət əsəri qoyub getmiş
A.Tabukki müxtəlif illərdə Portuqaliyanın “İnfant Don Enrike” (1989), Fransanın “İncəsənət və Ədəbiyyat ordeni” (1989), Avstriyanın “Ədəbiyyat üzrə Dövlət mükafatı” (1998) və digər beynəlxalq ödüllərə layiq görülmüş, adı dəfələrlə Nobel mükafatına namizəd kimi irəli sürülmüşdür. Yazıçı 2012-ci ildə uzun sürən ağır xəstəlikdən sonra 68 yaşında vəfat etmiş, Lissabonun Fəxri xiyabanlarından birində dəfn olunmuşdur.
“İzabel üçün. Mandala” romanı itkin düşmüş bir qadınla onun sorağında dolaşan bir yazıçının mistik ayrılıq hekayətidir. Roman öz quruluşuna, bədii təsvir vasitələrinə, dialoq və təhkiyəsinə görə müəmmalı bir formada təqdim olunan orijinal sənət nümunəsidir. Əsərin əsas qəhrəmanı Tadeuş Slovatskidir. O, polyak əsilli olsa da, Portuqaliya yazıçısıdır. Romanda onun Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından gəldiyi yazılır. Tadeuş artıq dünyasını dəyişmişdir. O bir xülyadır. Fotoqraf “Polaroid”lə şəkil çəkdiyi zaman Tadeuş kadra düşmür. Çünki o, sadəcə, mövcud deyil. Əsərin digər qəhrəmanı portuqaliyalı İzabeldir. O, tanınmış aristokrat ailəsində böyümüş, valideynləri yol qəzası nəticəsində həlak olmuş, özü isə gənc yaşlarından kommunistlərə qoşulmuşdur. İndi Tadeuş bir vaxtlar sevdiyi bu qadını tapmaq üçün Mandalanın dairələri ilə mərkəzə doğru irəliləyərək onu tanıyan müxtəlif insanlarla görüşür, öz Evridikasının ardınca Ölülər səltənətinə enən Orfeos kimi İzabelin sorağında metafizik bir səyahətə yollanır. Səyahətin yeganə məqsədi İzabel barədə həqiqəti bilməkdir.
Tadeuş – Tabukki Mandalanın doqquz konsentrik dairəsini təqib edərək oxucunu mərkəzə doğru aparır, çevrənin daxilində hərəkət edir və sezdirmədən İzabelin yanından keçir, hətta bəzən ona yüngülcə toxunur da. Tədricən məlum olur ki, İzabel gizli siyasi fəaliyyət göstərmiş, Salazar rejiminin faşist həbsxanasında özünü rəfiqəsi Maqda kimi qələmə vermiş, işgəncələrə məruz qalmış, hətta qətlə yetirilmişdir. Əsərin süjet xətti sirli bir nəhr kimi axaraq oxucunu real və fantasmaqorik təsvirlərlə üzləşdirir. Məsələn, o, Lissabondan keçərkən müxtəlif içkilər dadır, Sonni Rollinzi dinləyir, Tadeuşun təmasda olduğu personajlar vasitəsilə tarixin reallıqdan kənar səhifələrinə sirayət edir, müəmmalı bir yarasa obrazında təqdim olunan əsl Maqdanın “səsi” isə onda paradoksal şəkilnmiş həqiqətlərə yaxın olsa da, qurduğu zərif oyunlar nəticəsində hekayətinin tonu oxucunu narahat etmir. Yazıçının insanlara baxışı da onun zaman barəsində düşüncələri ilə üst-üstə düşür: –“Uzaq keçmiş, yaxın keçmiş, indiki zaman, gələcək zaman, çox üzr istəyirəm, ancaq mən zamanları tanımıram, zamanı tanımıram, mənim üçün hamısı eynidir”.
İzabeli axtardığı müddət ərzində Tadeuşun rastlaşdığı insanlar – müxtəlif şəraitlərdə o qadınla təmasda olmuş rəfiqəsi Monika, xanım Bi, saksafonçu Tecs, senyor Almeyda, fotoqraf Tiaqo, onu yaxından tanımış əsl Maqda və süjetlə bağlı digər iştirakçılar ona İzabel haqqında tam həqiqəti söyləyə bilmir. Çünki hamısı İzabel hekayətinin yalnız dumanlı aspektini işıqlandıran əyri güzgülərdir.
Nəhayət, Doqquzuncu dairədə Tadeuş onu İzabellə görüşdürəcək eksentrik bir personajla – Dəli Violinçi ilə rastlaşır: “Əynində qırışmış frak, başında ağ silindr var idi. Əlində violin tutmuşdu... “– Mən Dəli Violinçiyəm... sizin konsentrik dairələrinizi və ya, əgər kefiniz belə istəyirsə, stansiyalarınızı yönəldən mənəm...” ... Sonra kamanını götürüb qumda balaca bir dairə çəkdi. “– Mərkəzə yetişmişik, deyə pıçıldadı, – İzabelin fotoşəklini mənə verin...” ... Onu dairənin ortasına qoydu. Sonra qalxdı, violini alıb astadan Bethovenin “Vida” sonatasından melodiyanı çalmağa başladı. Və elə həmin an İzabeli gördüm. O, pittosporum çiçəkləri ilə dolu kiçik yoxuşla qalxırdı... mavi ipəkdən don geyinmişdi. Başında ağ tüllü şapka var idi... “– Salam, – deyə İzabel dilləndi, – bax, görürsən, mən hələ varam”... Ancaq bu görüşün də sonu ayrılıqdır, çünki həyatda “hər şeydən bir az, bəzən isə yalnız bir əks qalır”... Çünki xəyalların ayrılıq hekayətindəki görüş də ayrılıqla bitməlidir... Bəs İzabel? O da mı xülya idi? O da mı ölmüşdü? Bəli, ölmüşdü, ancaq həm də var idi. İzabel yaşayırdı, çünki “ölüm yoldakı bir döngədir, ölmək isə, sadəcə, görünməmək deməkdir”.

* * *
Bu gün Tabukki həmin o döngənin arxasındadır. Biz onu kitablarının səhifələrində, son romanındakı həqiqətə aparan dairələrin mərkəzində axtarırıq. Eyni zamanda biz də Tadeuş kimi anlayırıq ki, hər bir insanın mərkəzi bizim hər
birimizin mərkəzindən başqa bir şey deyil – onlar bizim heç nəyimiz, həm də hər şeyimizdir. Ona görə də bizlərdən heç birimizin Gerçək Həqiqəti mövcud deyil. Deməli, onu axtarmaq da əbəsdir.... Çətin ki, onu varlığımızın çevrəsində
tapa bildik. Romanın əsas qayəsi də həqiqətin hər bir insanın taleyi qədər subyektiv olması labüdlüyü, bir insanın başqa birisini axtarmaqla özü barədə həqiqətə qovuşmaq arzusudur.
Buyurun, hörmətli oxucular, indi də sizi itmiş bir qadının, əlçatmaz bir həqiqətin çevrəsində dairələr cızan qeyri-adi, kosmik bir romanla üz-üzə qoyuram...

Tərcüməçi


Bu kitab, mandala (sanskritcə dairə, disk: tərc.) fərziyyəsi ilə Çağırış dairəsindəki bir qadına həsr olunmalıdır. Ancaq dünyəvi fərziyyə baxımından rəfiqəm Tecsə ithaf olunub... (Onu belə çağırsam da, əslində, adı belə deyil...) Bir də onunla birlikdə köhnə dostum Sercoya...


“Kim bilir, başqadır, bəlkə, ölülərin adəti...”

SOFOKLES, Antiqone


Qeyd şəklində əsaslandırma


Bu kitabın başlıca hərəkətverici qüvvəsi özəl vəsvəsələr, çay sularının öz çınqıllarını aşıladığıtək zamanın gəmirdiyi, ancaq dəyişdirmədiyi şəxsi təəssüflər, həqiqətə uymayan xəyallar və reallığın qeyri-adekvatlığıdır. Ancaq bir yay gecəsi gördüyüm, öz rəngli tozları ilə çılpaq daş üzərində mənim üçün Şüur mandalası çəkən qırmızı geyimli rahibin də buna təsiri olduğunu inkar edə
bilmərəm. Həmin gecə Hölderlinin mütaliəsinə vaxt ayıra bilmədiyim üçün bir aydan bəri çamadanımda gəzdirdiyim qısa yazısını oxumağa fürsət tapdım. O gecə – ay sonuncu mərhələsini başa vurmazdan öncə Hölderlindən oxuyub altından xətt çəkdiyim sözlər bunlar idi: “Əslində, hədəfi ürək üçün maraqlı olmayan zamanın faciəvi, üzücü gedişi zamanın sürəkli ruhunu son dərəcə ifratçılıqla izləyərək özünü sonra vəhşicəsinə göstərir; çünki o, insanlara günün
ruhu kimi rəhm etmir, özünü qəzəbin əbədiyaşar və yazılmamış ruhutək, ölülər səltənətinin ruhu kimi təqdim edir”.
Yaşı əllini adlamış bir yazıçının bu qədər kitab çap etdirdikdən sonra yazılarındakı macəralara haqq qazandırmağa ehtiyac duyması qəribə görünə bilər. Bu mənim özüm üçün də maraqlıdır. Və əgər söhbət dünya qarşısındakı hansısa günah hissindən və ya, sadəcə, dərin bir hüznün məhrumiyyətindən gedirsə, onda, yəqin ki, mən bu problemi hələ həll etməmişəm. Təbii, digər fərziyyələr də mümkündür. Qeyd etmək istəyirəm ki, həmin o yay gecəsi xəyallarımda Napoliyə uçmaq mənə qismət oldu. Çünki o uzaq göy üzündə bədirlənmiş Ay var idi. Özü də qırmızı Ay.
A.T


I
Birinci dairə. Monika.
Lissabon. Çağırış

Mən heç vaxt Tavaresdə olmamışdım, ömür boyu. Tavares Lissabonun ən dəbdəbəli restoranıdır. XIX əsrdən qalma güzgüləri, məxmər kürsüləri var. Orada dünya mətbəxinin, həmçinin Portuqaliya mətbəxinin də tipik, ancaq bir qədər nəfis şəkildə təqdim olunan yeməkləri verilir. Məsələn, sən Alenteju üsulu ilə hazırlanan dəniz ilbizi və ya donuz əti sifariş edirsən, onlar isə bunu sənin üçün Paris xörəyi kimi bişirirlər. Uzaqbaşı, mənə belə demişdilər. Ancaq heç vaxt orada olmamışdım, yalnız deyilənləri eşitmişdim.
İntendenteyə gedən bir avtobusa oturdum. Meydan fahişələrlə, qadın dəllalları ilə dolu idi. Erkən gəlmişdim... Günortadan hələ təzəcə keçmişdi. Tanıdığım köhnə bir kafeyə girdim. Bilyardı olan bir kafe idi. Oyunu izləməyə
başladım. Təkayaq bir qoca qoltuq ağacına söykənib oynayırdı. Aydın gözləri, qıvrım ağ saçları var idi. Keqlləri bir stəkan su içirmiş kimi aşırırdı. Rəqiblərini silib-süpürdükdən sonra kürsüyə sərələnib sanki yediyini yaxşı həzm
etmək istəyirmiş kimi qarnına bir şapalaq ilişdirdi.
– Dost, oynamaq istəmirsən? – deyə soruşdu.
– Yox, – deyə cavab verdim. – Səninlə oynasam, mütləq uduzaram, ancaq istəsən, bir stəkan Portodan oynaya bilərik. Bir aperitivə ehtiyacım var. Ürəyin istəyirsə, səni qonaq da edə bilərəm.
Mənə baxıb gülümsədi.
– Qəribə aksent ilə danışırsan, – əlavə etdi. – Əcnəbisən?
– Bir az, – cavab verdim.
– Haradan gəlirsən? – soruşdu.
– Siriusun ətraflarından, – dedim.
– Belə bir şəhər tanımıram, – o cavab verdi. – Hansı bölgəyə aiddir?
– Kane Maccoreyə, – dedim.
– Hə, gör bir dünyada nə qədər yeni bölgələr üzə çıxıb,
– deyə təəccüb etdi. Bilyard kiyi ilə kürəyini qaşıdı. – Bəs adın nədir?
– Adım Vatslavdır, ancaq bu mənim xaç adımdır, dostlarım üçün Tadeuş...
Simasındakı inamsızlıq yoxa çıxdı, ürəkdən gülümsədi.
– Deməli, xaç suyuna çəkilmisən, – dedi. – Elə isə xristiansan, mən özüm səni içkiyə qonaq edərəm, nə içirsən?
– Bir qədəh ağ Porto içərəm, – dedim. Ofisiantı çağırdı.
– Bildim sənin nəyin çatışmır, – deyə sözünə davam etdi.
– Sənin bir xanıma ehtiyacın var, on səkkiz yaşında qəşəng bir afrikalı xanıma... Elə də baha deyil... Özü də, demək olar ki, bakirə... Kabo Verdedən dünən gəlib.
– Yox, təşəkkür edirəm, – dedim. – Birazdan getməliyəm, taksi tutmalıyam... Axşam vacib görüşüm var, qızlara sərf edəcək vaxtım yoxdur.
Çaşqın bir görkəmlə üzümə baxdı. – Hmm, – dedi, – elə isə buralarda nə gəzirsən?
Bir siqaret yandırıb susdum.
– Bir qadın var, – dedim, – onu axtarıram... Gəzib soraqlaşıram... Buralarda təsadüfən, vaxtı öldürmək üçün yubanmışam. Ondan xəbər verə biləcək bir xanımla görüşməliyəm. Bilmək istəyirəm nə deyəcək, ancaq getmək vaxtıdır. Dayanacaqda boş bir taksi var, tələssəm yaxşıdır.
– Bir dəqiqə, – o dedi, – sən o qadını niyə axtarırsan? Ona ehtiyacınmı var?
– Ola bilər, – deyə cavab verdim. – Deyək ki, izini itirmişəm və Kane Maccoredən də məhz onu axtarmaqdan ötrü gəlmişəm. Onun barəsində bir qədər artıq bilmək istərdim. Elə görüşüm də bununla əlaqədardır.
– Bəs görüşün haradadır? – deyə soruşdu.
– Lissabonun ən nəfis restoranında, – cavab verdim. – Güzgülü, büllurlu bir yerdir. Heç vaxt orada olmamışam... Düşünürəm, bir az baha başa gələcək, ancaq necə də olsa, pulunu mən vermirəm... Nə deyim, dost, burada məzuniyyətdəyəm, cibimdə də qəpik-quruş... Ən yaxşısı elə dəvət almaqdır.
– Ora faşistlərin yeridir? – qoca soruşdu.
– Bilmirəm, – cavab verdim. – Doğrusu bu barədə heç düşünməmişəm də.
Tələsik ayağa qalxdım, vidalaşıb çıxdım. Taksi hələ də öz yerində dayanmışdı. Maşına oturub dedim:
– Axşamınız xeyir, zəhmət olmasa, Tavaresə. Biz Lissabondakı Escravas do Amor Divino kollecində tanış olmuşduq. On yeddi yaşımız var idi. İzabeli bütün sinif bir əfsanə kimi qəbul etmişdi, çünki fransız liseyindən gəlmişdi. Bilirsiniz, o dövrdə fransız liseyi bir müqavimət məkanı idi. Antifaşist ideyalarına görə paytaxt liseylərində iş tapa bilməyən bütün müəllimlər orada dərs deyirdilər. Və fransız liseyinə getmək dünyanı tanımaq, Parisə təcrübə səfərlərinə yollanmaq, Avropa ilə əlaqə qurmaq demək idi. Biz isə, sözə görə üzr istəyirəm, poxlu bir yerdən – Salazarın korporativ konstitusiyasının, Portuqaliyanın çay adlarının əzbər öyrədildiyi, gözəl dəniz dastanı, milli poema olan Luziadaların, sanki Afrika savaşıdır deyə sarsaq-sarsaq parçalara bölünərək tədris olunduğu şəhər liseyindən gəlmişdik. O zamanlar koloniyalar var idi. Ancaq onlara koloniya yox, Dənizarxası deyirdilər. Gözəl addır, elə deyilmi?
Və bu Dənizarxası ilə yaxşıca varlanmış adamlar da çox idi. Onu da deməliyəm ki, kollecə gedən qızların ailəsində bu, normal hal hesab olunurdu. Salazarçıların
hamısı qəddar və faşist olsa da, bizim valideynlərimiz elə deyildilər. Yəni mənim ailəm və İzabelinkiləri deyirəm... Bəlkə də, elə ailələrimizin bu ortaq xüsusiyyətinə görə biz dost ola bilmişdik.
Onun ailəsi Portuqaliyanın qədim aristokrat ailələrindən idi. Salazarizmə heç bir aidiyyəti olmayan, çökməyə doğru gedən bu ailənin şimalda, qəribə formalı çörəklər bişirilən Amarantedə mülkləri vardı. Ancaq, artıq dediyim kimi, bu, pulsuz və imkansız bir ailə idi. Şimaldakı bütün mülkləri icarədarlara və fermerlərə verilmişdi, heç bir gəlir gətirmirdi. Bəzi yay tətillərini mən İzabellə birlikdə onların Amarantedəki evlərində keçirirdik. Əslində, bu, ev yox, çaya
açılan pəncərəsi olan, içi əntiq əşyalar və sandıqlarla dolu, Orta əslərdən qalma qranit qüllə idi. Biz orada xoşbəxt idik.
O zamanlar yaşadığımız gözəl yay aylarından biri idi. İzabelin həsir şlyapası vardı. Qohumlarından hansınınsa Toskana səfərindən gətirdiyi bu məzəli şlyapa onun üz cizgilərini daha da zərif göstərirdi.
O vaxtlar o, rəsmlər çəkirdi. Rəssam olacağına əmin idi və çox zaman da pəncərələrin rəsmini çəkməyi sevirdi. Bənd qapıları bağlı pəncərələri, bənd qapıları açıq pəncərələri, pərdəli pəncərələri, dəmir şəbəkəli pəncərələri... Həmişə də Doru və ya Minyudakı kimi füsunkar taxta tirləri olan, bəzən də kətan pərdələr asılmış pəncərələri...
Ancaq nədənsə, heç vaxt insan fiqurları çəkməzdi. “Personajlar sirri məhv edir, – deyirdi, – bax mən qarşısında heç kim yox ikən bu qədər sirli olan bir pəncərə çəkirəm, ancaq oradan başını çıxaran hansısa bir tipi çəksəydim, sirr dərhal yox olacaqdı... Bizim bu Amarantenin mal həkimini deyirəm... Saqqalı keçi saqqalına oxşayan, yatanda saçları dağılmasın deyə başına tor örtük çəkən adamı... Təsəvvür et ki, pəncərənin önünə gəlib oturub-durma hərəkətləri edir... Dünən pəncərəsini çəkəndə qarnını irəli verib pəncərənin qabağında quruyub qalmışdı. Özünü elə göstərirdi ki, guya məni görmür, ancaq lap əla görürdü. Ehtiraslı bir görkəmlə gözlərini göy üzünə dikmişdi. Şübhəsiz, rəsmimə düşdüyü üçün qürur duyurdu. Ancaq mən ona fırıldaq gəldim, şəklini çəkmədim.
Tez-tez gəzməyə çıxardıq. Amarantedən bir qədər aralıda axan çay çökəkliklər yaradır... Bu durğun sularda qurbağalar böyüyürdu. Səhərimizi qurbağa ovlamaqla keçirərdik. Ancaq Portuqaliyada qurbağa ovlamağı bacarmırdılar, çünki onu yemirlər. Ona görə də biz uşaqların kərtənkələ ovlaması ilə eyni olan bir sistem icad etmişdik. Təzə qamış götürür, sürüşkən bir ilmək atıb halqanı qurbağanın başına yaxınlaşdırırdıq. Və o, sıçramaq üçün hərəkətə keçmək istəyəndə hoooop – onu tuturduq.
O zamanlar hələ plastik torbalar yox idi, bizdəki isə bazarlıq üçün istifadə olunan balaca tor zənbil olurdu. Beləcə, qurbağalar başı tordan çıxmış vəziyyətdə, mən şalvarda, İzabel isə Firentsedən gəlmə həsir şlyapasında... Əlimizdə qurbağa dolu zənbil Amarantenin küçələri ilə keçib getməyimiz əsl tamaşa idi. Camaat bizi dəli hesab edirdi. Bu da bizim ürəyimizcə olurdu... Axı bu yaşda belə şeylər adamın xoşuna gəlir.
Axşamlar qurbağaları öldürürdük və bu iş mənim üzərimə düşürdü, çünki İzabel boyun qaçırırdı. Qurbağaların başını dəqiq bıçaq zərbəsi ilə kəsmək lazım idi. Sonra onlar həyat gücü tükənənə qədər bir neçə dəqiqə beləcə başı kəsili çabalayırdı. İzabel deyirdi: “Bir gün mən də özümü öldürəsi olsam, inanıram ki, eynən bu cür edəcəyəm, havada bir-iki təpik atacağam, vəssalam... Çünki heç kim öz başını kəsə bilmir, sadəcə, özünü asmaq gəlir əlindən... Bu da eyni şeydir... Havada üç-dörd təpik atırsan və hamıya “gecəniz xeyrə qalsın”...
Qurbağaları İzabelin xoşladığı kimi – provans üsulu ilə bişirirdik. Çünki o, Fransada, Arldakı fransız liseyində oxuyurdu və provans üsulu – sarımsaq və cəfəri ilə bu yeməyi çox dadmışdı. Özü də bunun dünyada ən ləzzətli yemək olduğunu söyləyirdi. Ancaq sonralar bütün ailə qızardılmış çəpiş və sopa seca1
 yeyəndə biz provans üsulu ilə bişirilmiş qurbağalardan iyrəndik. Belə ağ, belə incə, ancaq artıq tamam dadsız olduğunu anladığımız bu narahatlıq verən qurbağa ayaqlarından... O yaşda adamın yaxşı iştahası olur. Düzdür, Provansda yeyilən ekzotik yeməkləri əfsanələşdirmək asandır, ancaq sonra ac qalırsan. Beləcə, qurbağaları bağçada azad buraxmağa başladıq və bağça qurbağalarla doldu. Onları hər yerdə – çəməndə, kolluqda, qızıl balıqların hovuzunda, bambuk dəstələrinin arasında görmək olardı.
Xoşbəxtlikdən, İzabelin valideynləri dərrakəli insanlar idi və qurbağa işğalından narahatlıq keçirmədilər. Onlar bizə qarşı həmişə şən, əlçatan, anlayışlı idilər. Sonra bir yol qəzasında həlak oldular... Ancaq bu, başqa bir əhvalatdır.
Əslinə qalsa, elə eyni əhvalatdır.
Cümə günləri bütün bölgədə ən gözəl bazarı olan Barseluşa gedirdik. Siz o vaxtlar əyalətdə necə gözəl bazarlar olduğunu təsəvvür belə edə bilməzsiniz. Ya da, bəlkə də, bilərsiniz. Səhər tezdən bizi Braqaya qədər aparacaq bir avtobus, oradan da Barseluşa qədər bir başqa avtobus tuturduq. Getdiyimiz yerə günortaya yaxın çatırdıq. Terrakottalar arasında bir qədər gəzişməyin əsl vaxtı olurdu... Bilirsiniz, Barseluşda terrakottadan Portuqaliyanın rəmzi olan rəngli xoruzlar, digər keramik əşyalar, gəlinciklər, tipik fiqurlar, İsa Məsihin doğulduğu koma, musiqi qrupları, pişiklər, sürahi və boşqablar düzəldirlər... Sonra da nahara yollanırdıq...

Əsəri əldə etmək üçün kitab mağzalarına müraciət edə bilərsiniz.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.