Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay davam etməsinə baxmayaraq, həmin dövr ədəbi dilimizin tarixində xüsusi bir hissəni təşkil edir.
Azərbaycanda müasir anlamda dil siyasəti Xalq Cümhuriyyəti dövründən başlayır; həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın bir-başa təsirinin nəticəsi idi.  Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli kimi ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mübarizə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. Hökumətin bu qərarı mövcud vəziyyət nəzərə alınaraq verilmişdi; belə ki, həmin qərara əsasən ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlar dövlət dilini lazımi səviyyədə öyrənənədək hökumət ınüəssisələrində rus dilinin işlənməsinə də icazə (müsaidə) verilirdi.
1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə yeni və ən yeni dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlandı. 1918-ci il avqustun 28-də Azərbaycan dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas nailiyyətlərindəndir.
Bu baxımdan sonrakı proseslərdə bütün türk dünyasında başlanan milli ədəbi dil, əlifba kimi məsələlərin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Tədqiqatımızın bu hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə cümhuriyyət tərəfindən qəbul olunmuş qərarlar haqqında geniş şəkildə danışmaq istəyirik. Azərbaycan Xalq Cümhuriyyətinin dillə bağlı ilk qərarı 21 iyun 1918-ci ildə “Azərbaycan Respublikası Nazirlər Şurasının bəyannaməsinin dərc olunması haqqında” qəbul etdiyi qərardır.  Qərarda qeyd olunurdu ki, hökumətin deklarasiyasının (bəyannaməsinin) türk və rus dillərində dərci qərara alınsın. Əlbəttə, qərarın adından da göründüyü kimi, AXC hökumətinin bütün bəyannamələri türk və rus dillərində dərc olunmalı idi. Rus dilinin həmin dövr üçün işləkliyi məlum idi, ancaq həmin dövrdə türk dilində də deklarasiyaların (bəyannamələrin) dərc olunması cəmiyyətdə çox yüksək səviyyədə qiymətləndirilməklə AXC-nin Azərbaycan türk dilinə verdiyi dəyəri göstərirdi.
Əlbəttə, yeni yaranmış Cümhuriyyətin cəmi bir ay sonra, 27 iyun 1918-ci ildə dövlət dilini qəbul etməsi son dərəcə mühüm addım idi. Xalq Cümhuriyyətinin “Dövlət lisanı türkcə qəbul edilərək müvəqqəti hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında” Nazirlər Şurasının qərarında deyilirdi: “Dövlət lisani-türk dili qəbul edilərək içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.
Azərbaycan (türk) dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı. Bu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarını bu cür şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.
Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində dil, tədris və təhsillə bağlı bir çox qərarlar qəbul etmişdi. Azərbaycanda XIX əsrin sonlarında M.F.Axundzadə ilə başlayan ərəb əlifbasının islah edilməsi, yeni əlifbanın (latın) qəbulu kimi məsələlər XX əsrin əvvəllərində də aktuallığını saxlamaqda idi. Ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri cümhuriyyət dövründə də çox qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur.
Fərhad Ağazadə həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı. Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə öz nümayəndəsi Xudadat bəy Məlikaslanovun məruzəsi dinlənilir. Nəticə olaraq 427 saylı “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı qəbul edilir. Qərarda Xudadat bəy Məlikaslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi naziri yanında xüsusi komissiya yaradılır.
F.Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt müəyyən səbəblərdən (böyük ehtimalla xəstəliyinə görə) komissiyanın iclaslarında iştirak edə bilmir. Buna baxmayaraq, o öz fikirlərini “Azərbaycan” qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını sübut edir və inkişafa nail olmaq üçün latın əlifbasına keçidin yeganə düzgün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.
Hökumət tərəfindən yaradılan komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla bəy Əfəndizadənin, digəri Məhəmməd ağa Şahtaxtlının, biri də Abdulla Tağızadə ilə Mir Əbdüləziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi.
Uzun müddət davam edən müzakirələrdən sonra Abdulla bəy Əfəndizadənin layihəsi qəbul edilir və onun “Son türk əlifbası” adı ilə çapına icazə verilir. Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir, layihə tətbiq olunmur.
Beləliklə, “Son türk əlifbası” tətbiq olunmamış qalır. Bu haqda Fərhad Ağazadə yazır: “Abdulla bəyin əsəri olan “Son türk əlifbası” həm ərəb, həm də latın hərfləri ilə çap edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşuna əllərdə qalmışdı”. Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur.
Yuxarıda da qeyd etdiyimiz kimi, cümhuriyyət tərəfindən qəbul olunan bu qərarların hamısı bir-biri ilə bağlı olmaqla yanaşı, bir-birini tamamlayırdı. Hökumətin məktəblərin milliləşdirilməsi haqqında qərarından sonra, bir növ, bu qərarın davamı kimi 18 sentyabr 1919-cu ildə “Xalq məktəblərinin kitabxanaları üçün türk dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında” qanun qəbul olunur. Həmin qanunda xalq məktəblərinin kitabxanaları üçün türk dilində yeni kitabların alınmasına dövlət xəzinədarlığı vəsaitlərindən 1 (bir) milyon rubl ayrıldığı qeyd olunurdu.
Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyətin 23 ay öz mövcudluğunu qoruyub saxlaya bilməsinə baxmayaraq, bunun  müqabilində həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı. Bundan başqa, dillə bağlı başladılan dil siyasəti cümhuriyyət süqut etdikdən sonra da davam etdi. Belə ki, 18 sentyabr 1920-ci ildə “Azərbaycan İnqilab Komitəsinin birinci və ikinci dərəcə məktəblərdə lisan təlimi haqqında” əmrnaməsi qəbul edildi. Həmin qərarda, birinci və ikinci dərəcə məktəblərdə təlim dilinin şagirdlərin ana dilində olması, 2-ci dərəcə məktəblərdə birinci təlim ilindən (altıncı təlim ili) hər qrupda həftədə 4 saat olmaqla türk, həmçinin, rus dilinin təliminin məcburi olması, əksəriyyət millətlərin məktəblərində türk və rus məcburi dillərindən birinin 2-ci dərəcə, ikinci təlim ilindən (yeddinci təlim ili) tətbiqi qeyd edilir. Həftəlik dərslərin miqdarı elə götürülməliydi ki, təlimi qeyd edilən məcburi dil kursunun tamamilə icra edilməsi qeyd olunmalıydı. Bundan başqa, yenə həmin qərara əsasən, yazısı olmayan millətlərin məktəblərində təlim dilinin həmin millətin özünün qəbul etdiyi dilin olması, fransız və alman dillərinin təliminin vahid zəhmət məktəbində məcburi hesab edilməsi, vahid zəhmət məktəblərində latın dilinin təliminin tamamilə ləğv edilməsi, əksəriyyət millətlərin şagirdləri olan 2-ci dərəcə məktəblərdə hər qrupda (klasda) 3 həftəlik dərslə həmin millətin dilinin təlim edilməsi kimi bir çox ciddi məsələlər əmrnamədə öz əksini tapmışdı.
Nəriman Nərimanovun təşəbbüsü ilə  1921-ci ilin dekabr ayından başlayaraq dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilir. Bu müzakirələr zamanı əlifba məsələsində iki cərəyan yaranır. “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsində israr edənlər) və “ərəbistlər” (ərəb əlifbasının islahı tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xudadat bəy Məlikaslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şahtaxtlı, Azad Əmirov, Əhməd Pepinov və Hüseyn İsrafilbəyov. “Latınçılar” komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. O dövrdə Azərbaycanda istifadə olunan ərəb əlifbasına müəyyən dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının xeyli tərəfdarı olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər gətirməklə bu mübarizədən qalib çıxdılar.
AXC-nin 23 aylıq hakimiyyəti dövründə Azərbaycan (türk) dili ilə bağlı gördüyü işlər və qəbul olunmuş qərarlar həm cümhuriyyət dövrü, həm də ondan sonrakı dövr üçün çox əhəmiyyətli qərarlar idi. Cümhuriyyət XIX əsrin sonlarından əlifba və dillə bağlı başlayan hərəkatı, bütün prosesləri ümumiləşdirərək dil sahəsində konkret addımlar atmışdı. Əlbəttə, qəbul olunan bu qərarlarda və onların tətbiq edilməsində çatışmazlıqlar görə bilərik, bu da çox təbii idi. Çünki yeni qurulmuş cümhuriyyətin qarşısında elə ciddi məsələlər var idi ki, qeyd olunan müddətdə dillə bağlı nəzərdə tutulan sonrakı qərarlar da yarımçıq qaldı. Bütün bu dediklərimizə baxmayaraq, əminliklə söyləyə bilərik ki, cümhuriyyətin 23 aylıq mövcudluğu ərzində dil sahəsində gördüyü işlər nəinki həmin dövrdə yalnız Azərbaycanda, hətta bütün türk dünyasında gələcəkdə dillə bağlı yerinə yetirilməli işlər üçün cığır açdı və sonrakı proseslərə öz müsbət təsirini göstərdi. Hətta cümhuriyyət dövründə qəbul olunan qərarların əhəmiyyətini biz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay zamanı orada müzakirə olunan məsələlərdə də görə bilərik. Məhz 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay zamanı qəbul edilən və bütün türk dünyasında istifadə olunan “Birləşdirilmiş türk əlifbası” adı verilən əlifba məhz A.Əfəndizadənin hazırladığı “Son türk əlifbası” əsasında tərtib edilmişdi. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.