Adın zirvələrə çoxdan yazılıb...
01.06.20

DƏYƏRLİ ALİM, TƏKRARSIZ İNSAN PROFESSOR BABƏK QURBANOVUN ƏZİZ XATİRƏSİNƏ

Babək müəllimlə tanışlığım 2004-cü ildə, Vətəndən uzaqda gerçəkləşdi. O da illərdi, mənim kimi qürbətdə yaşayırdı. Mən Türkiyənin Qaziantəp vilayətindən Ərzuruma gələndə Atatürk Universitetində pedaqoji fəaliyyitindən xəbərdardım. Atatürk Universitetində işə başladıqdan sonra bir gün, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanovun otağına gedib tanış oldum. Məni gülərüzlə səmimi qarşıladı. Mənəvi gözəlliyi üzündən oxunurdu. Atası Osman Sarıvəlliyə çox bənzəyirdi. Aramızda yaş fərqi olsa da elə o vaxtan dostluq münasibətimizin təməli qoyuldu. Zaman – zaman görüşərdik. Bir gün nədənsə çox qəmgin əhval-ruhiyyədə idim. Dərdi-qəmimi dağıtmaq üçün Babək Qurbanovun iş otağına getdim.

Söhbətə başladıq. Vətəndən aldığımız xəbərlərdən bir-birimizi xəbərdar etdik. Söhbət qəriblikdən düşəndə ona qəriblik mövzusunda yazdığım bir şerimi oxudum. Şeirin müəllifini soruşdu. Çəkinə-çəkinə mənim şeirim olduğunu söylədim. Çox xoşuna gəldi. Bir neçə şeirimi istədi. Öncə tərəddüd etdim. İsrar edincə yox deyə bilmədim. Bir neçə şerimi Babək müəllimə təqdim etdim. Söhbət sırasında məndən bu şeirləri mətbuata niyə vermədiyimin səbəbini soruşdu. Mən bəzi fikrlərimi söyləmək məcburiyyətində qaldım. İlk görüşümüzün üzərindən bir müddət keçdikdən sonra Babək müəllim xəbərim olmadan şeirlərim haqqında mətbuatda məqalə dərc edərək, məni şair olaraq gördüyünü yazmışdı. Etiraf etməliyəm ki, hörmətli alimimizin dəyərli fikirləri mənim özümə olan güvənimi, inanımı artırmaqda qalmayıb, həm də bu yolda davam etməyimə səbəb oldu. Bir neçə ildən sonra (2014, 2018) yayınlatdığım “Səsimə səs verin” və “Kür harayı” adlı şeir kitablarımın ön sözlərini də Babək müəllim yazmış oldu. Birinci kitabımdakı ana şerimdən çox təsirlənmişdi. Bu hisslərini ikinci kitabin ön sözündə belə ifadə etmişdi:
“Müəllif, anaya olan dərin hisslərini ifadə edərkən eyni zamanda onu mənəviyyatın yüksək ideal nümünəsi olaraq görür və ona dərin bağlılıq hisslərini ifadə edir. Belə ki, bu qəbildən olan şeirlərdə anaya olan hiss və həyəcanların ifadəsini duya bilirik. Bu şeirlərin dili o qədər axıcı və təsirli olur ki, onları həyəcansız oxumaq belə mümkün olmur.Təvazörkarlıqdan uzaq olsa da bu şeirlərdən biri (“Dünyanın tacı”) vaxtilə məni o qədər təsirləndirdi ki, onun sözünə mahnı belə bəstələmiş oldum”.

Atatürk Universitetində 5 il bərabər çalışdığımız müddətdə mən ondan çox şey öyrəndim. 2008-ci ilin sonunda Babək müəllim Qaziantəp Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasına rəsmi olaraq dəvət edildiyi üçün, mən isə Ərdahan Universitetində pedaqoji fəaliyyətimi davam etdirməyim səbəbi ilə məcburi ayrılmalı olduq. Fəqət ayrı düşsək də mütəmadi olaraq telefonla zəngləşir bir-birimizdən xəbər tuturduq. İmkan olduğu zaman mən Qaziantəpə gedir, ya da Babək müəllim Ərdahana gələrdi, görüşərdik.

Heç unutmaram, 2013-cü ilin oktyabr ayı idi, Babək müəllim zəng edərək Ərdahana gələcəyini söylədi. Çox sevindim. Qurban bayramı idi. Sanki Azərbaycanda Qurban bayramını qarşılayırdım. Qazaxdan bir qohumu və “Sərbəst düşüncə” qəzetinin təsiscisi, Əlyazmalar İnstitutunun elmi əməkdaşı Şöhrət Səlimbəyli ilə gəlmişdi. Yemək yeyib, bir qədər şəhərin görməli yerləri ilə tanış olduqdan sonra onlar yenidən Qazaxa döndülər. Babək müəllim isə daha bir gün mənim qonağım oldu.



Professor Babək Qurbanov və dosent Rövşən Xasay oğlu Quliyev

Sonra onu Qaziantəpə yola saldım. İxtiyar yaşında olmasına rəğmən, yolun 850 km uzanacağına baxmayaraq, məni görmək üçün Ərdahana gəlmişdi. Çoxumuzda olmayan bu zəriflik, dostcanlılıq Babək müəllimdə vardı.

Babək müəllim öz elmində uca bir dağ idi. “Uca dağların başı hər zaman qar olur” - deyirlər. O qarlar əriyərək qurumaqda olan çayları su ilə canlandırdığı kimi, Babək müəllimin də dostları və tələbələri ondan qidalanıb, güc, qüvvət, inam, xeyir-dua alıb yollarına davam edirdilər. Qeyd etməliyəm ki, Babək Osmanoğlu sadə təbiətli insan idi. Həm böyük alim,həm də gözəl insan olmaq hər Adəm oğluna nəsib olmur.

Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın bir cümləsi yadıma düşdü. Sanki Babək müəllim üçün deyilib:

“O da dağlar kimidir: şəninə nə yazsam yaraşandır”.

Ustad Şəhriyarın dediyi kimi Babək müəllimin şəninə nə söyləsək, yenə az olar. O, sadəliyi və dərin hörməti ilə hər kəsi özünə valeh edirdi. Öz sahəsində bilgisindən başqa geniş dünyagörüşü, böyük qəlbə sahib olması, insanları tanıması və lazım gəldiyində onlara təmənnasız xeyirxahlıq etməsi məni heyrətləndirirdi. Bu arada yaxşılıq haqqında yazdığım şeir yadıma düşür:

Yaxşılıq eyləyib, əvəz gözləsən,
Demək ki, yaxşılıq etməmisən sən.
Əvəzi alınan yaxşılıq olmaz,
Bəlkə sən sayarsan, Allah ki saymaz.


Doğrudan da Babək müəllim yaxşılıq edib, ondan heç bir nəticə gözləməzdi. Onu başqalarından fərqləndirən cəhətlərdən biri də bu idi. Allah naminə tanıdıqlarından bir üçün xeyirxahlıq etməyi sevərdi.

2014-çü ilin sentyabr ayında Qaziantəpdə qızım Nigarın xeyir işi münasibəti ilə Babək müəllimi də dəvət etmişdim. Zaman tapıb bu mərasimə gəlməsi məni həddindən ziyadə sevindirməklə bərabər həm də qürurlandırmışdı. Bunun nə anlama gəldiyini qürbətdə yaşayanlar yaxşı bilir. Əziz və sadiq dostların övladımın bu xoş günündə iştirak etməsi təbii ki, insanı fərəhləndirməklə yanaşı mənəvi gücünə daha bir güc qatır və bir anlıq olsa da qürbətdə olduğunu unudursan. 




Babək Qurbanov, Rövşən Quliyev və həkim Xasay Rövşənoğlu


O sağ ikən Babək müəllimin şəninə bir dost ərməğanı olaraq bir şeir də ithaf etmişdim. Oxuduğumda qeyri-iradi gözlərinin dolduğunu sezdim. Bu gün o şeiri oxucularla paylaşmaq istəyirəm:


Ata ocağından alıb gücünü,   
O gücə güc qatıb zirvəyə çıxdın.
Sənətdə, elmdə dedin sözünü,
Ən zor əngəlləri əzminlə yıxdın.

***
Adını almısan ulu babamdan, 
Qələmin günümün qılıncı olub.
Xalq üçün yaşayıb, yaratdığından,
Xalqımın ürəyi sevginlə dolub.

***
“Ot kökü üstündə bitər” hər zaman,
İşinlə zərrədən ümman yaratdın.
Şair ocağının alim oğlusan,
Adla ucalmadın, adı ucaltdın.

***
Bakıda doğuldun, adın-sanınsa,
Çox-çox uzaqlarda söz açdı səndən.
Çaşmaram zirvələr səni qısqansa,
Qartallar zirvəni edərlər məskən.
İnsan ömrü doğumla ölüm arasında olan çox qısa bir məsafədir. 100 il yaşasan belə, sadəcə 100 bahar görürsən. Bu ömür də hər insana nəsib olmur. Bəzi fikirlərə görə insan ömrünün qiymətli olması onun qısalığından qaynaqlanır. Məncə, həyat o vaxt qiymətli olur ki, onu insan kimi şərəflə, namusla, vicdanla, qeyrətlə, alnıaçıq, üzüağ yaşayırsan. Bizə bəxş edilən əmanət ömrə xəyanət etmədən yaşamaq, son nəfəsini verdiyi anda geriyə baxarkən təəssüflənməməkdir. Özündən sonra xalqına, vətəninə qiymətli əsərlər ərməğan edib gedəsən. Fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanov kimi.

İkinci kitabım 2018-ci ilin oktyabır ayında çıxdıqda Babək müəllim xəstə idi. Mən Türkiyədə olduğum üçün dostum Səxavət Sahildən kitabın bir nüsxəsini Babək müəllimə təcili çatdırmasını xahiş etdim. Çünki kitabımın işıq üzü görməsində Babək müəllimin böyük zəhməti olmuş, mənim üçün önəmli olan son xeyir duasını əsirgəməmişdi. Sağ olsun Səxavət Sahil, xahişimi yerinə yetirdi. İlginc olanı o idi ki, xəstə yatağında ikən kitabım haqqında məqalə yazıb, mənə uğurlar diləmişdi. Babək müəllim belə insan idi.
28 mart 2019-cu ildə sabah saat 03.03-də Babək müəllimin həyat yoldaşı Gülnarə xanımdan içimi dağlayan belə bir mesaj aldım: “Hörmətli Rövşən müəllim, əzizimiz Babək müəllim vəfat etdi”.

Vəfalı dostlardan ayrılmaq çox çətindir. Yerləri dolmayan dost ayrılığını isə sözlə ifadə etmək mümkün deyil. Allahım rəhmət etsin o mübarək, ali təbiətli insana. Məzarı nurla dolsun!

Dostum Babək Qurbanova həsr etdiyim bu şeir də onun əziz xatirəsinə bir ərməğandır:


Yenə bir dostumdan gəldi bəd xəbər,
Yol aldı əbədi haqq dünyasına.
Hər xəbər canımdan can alıb gedər,
Küsərəm dünyanın puç vəfasına.


Yenə bir dostumun telefon nömrəsi,
Kədərli-kədərli gözümə baxar.
Yenə bir nömrənin səssiz naləsi
Qəlbimə od salıb, canımı yaxar.

Ruhum rəva bilmir silim nömrəni,
Barmağım alışar üstünə bassa.
Nömrəni görəndə dünyanın qəmi,
Üstümə yüklənir, batıram yasa.

Dostun əmanəti telefon nömrəsi,
Bəzən yanlışlıqla yığanda sizi,
Duyuram kədərli başqa bir səsi -
Acıdır qəlbimi “köçdü” kəlməsi.

Bəzən bu nömrədən zəng gələr sənə,
Eşitmək istərsən dostunun səsin.
Xəttin o başında qızıdır, demə,
Qəlbində boğular o an həvəsin.

Sahibsiz nömrələr, ağrılı sinəm,
Çevrilib nömrələr məzarlığına.
Günlərin birində mənim də nömrəm,
Salar yoxluğumu dostun ağlına.

Rövşən XASAYOĞLU
Ərdahan Universiteti, Mühəndislik fakültəsi

/525-ci qəzet/

Yenililklər
10.07.20
Könlünün bütünü şeir olaraq ötən şair. Hayku ustadı Matsuo Başou
10.07.20
Natiq Məmmədlinin yeni kitabı çap olunub
09.07.20
Əfsanə Laçın - Atam
09.07.20
Azərbaycanlı alimin “Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur
09.07.20
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb
09.07.20
Əhməd bəy Ağaoğlu və Azərbaycan ədəbiyyatı
08.07.20
Kanye Uest ABŞ-da prezidentliyə müstəqil namizəd olacaq
08.07.20
“İçərişəhər”də yeni muzey yaradılacaq
08.07.20
Səxavət Sahil - Poeziyamızın problemi
08.07.20
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək
08.07.20
Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir
08.07.20
Məşhur rəssamın toz basmış əsəri tapılıb
07.07.20
Türkiyənin Ərdahanda şəhərində Əbülfəz Elçibəy xatirə ormanı salınır
07.07.20
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir
07.07.20
“Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” foto-sənədli animasiya filmi təqdim edilib
07.07.20
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
06.07.20
Tanınmış bəstəkar Ennio Morrikone vəfat edib
06.07.20
Taleh Eminoğlu - Mədəni müxtəliflik və multikulturalizmin labüdlüyü
06.07.20
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
06.07.20
Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edən yeni kitab
06.07.20
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.