Bəsirə Əzizəli - Ölümqabağı etiraflar
05.06.20

          L.N.Tolstoyun “İvan İliçin ölümü” povesti haqqında qeydlər

Müasir həyatın, çağdaş zamanın qlobal kodu “ölüm”dür. Hər gün bütün dünya “COVİD-19” virusundan, dünyanı bürüyən pandemiyadan ölənlərin siyahısını gündəmə gətirir. Ölü saylarının artıb-azalması artıq dünya siyasətinin, iqtisadiyyatının, mədəniyyətinin xəritəsini, mənzərəsini və perspektivini müəyyənləşdirməyə başlayıb. Əslində, hər hansı bir səbəbdən – xəstəliklərdən, qəzalardan, savaşlardan, terordan və ya qədərdən ölənlər hər zaman dünyanın gündəlik həyatında bəlli bir siyahı təşkil etməkdə idi. Ölənlərin sayı çoxaldıqca “ölüm ucuzlaşırmı?” 

Ölüm bədii ədəbiyyatın ən önəmli mövzularından biri olmuşdur hər zaman. Ölüm gerçəkləşən bir aktdır, o özündən sonrakına qapıları bağlayır. Lakin ölümdən öncəki həyacan, geriyə, keçilən həyata boylanıb yaşananları analiz etmək bir çox məsələləri ortaya çıxarır. Ölümqabağı etiraf anları, başqalarına söylənilə bilməyən düşüncələrin öz içində dinləndirilməsi, xəstəlikdən zəif düşmüş bədənin günahkar araması, rahatlıq tapması...

“Hərb və sülh”, “Anna Karenina”, “İnsanı yaşadan nədir?” məşhur romanları ilə dünya ədəbiyyatında önəmli yer tutan Lev Nikolayeviç  Tolstoyun həcmcə böyük olmayan, lakin mühüm məsələləri ilə insanı düşündürən “İvan İliçin ölümü” povestində həmin duyğu, düşüncə, tərəddüd, etiraf və qorxuları görürürk. İvan İliç “dəhşətli bir həqiqəti” dilə gətirir.

“İvan İliçin ölümü” povesti əvvəlində ölümü haqqında məlu­mat verilmiş bir insanın – İvan İliçin ölümqabağı təbəddülatları, düşün­cələri, həyat və ölüm, tənhalıq haqqındakı fikirlərinin əksi əsa­sında qurulmuşdur. İvan İliçin cənazəsi üzərində dayanan dostu Pyotr İvanoviç onun ölüm çöhrəsində bu ifadəni duyur: “Üzündəki ifadə elə bil deyirdi ki, görülməli nə iş vardısa, hamısını görüb, özü də doğru-düzgün görüb. Həmin ifadədə bir də dirilərə məzəmmət və xə­bər­darlıq vardı”. Bu təqdimat öz real həyatını, demək olar ki, cəmiyyətin tələb etdiyi normalar çərçivəsində yaşayan, lakin dünyanı yaşaya-yaşaya mənəvi aləmindən, dəyərlərindən kənarlaşan, gü­nahlarını özündən yüksəkdə olanların dəfələrlə təkrar etdiyi üçün kiçik bir hal sayan insanın duyğularını ifadə edir və ölüm qarşısında dəhşət içərisindəki yaşantıların çox maraqlı şəkildə əks olunmasına keçid yaradır. Sonra yazıçı İvan İliçin yaddaşı ilə yola çıxır, keçdiyi həyat yolunda “doğru-düzgün gördüyü” işlərin həqiqət payını bir daha analiz edir, qəhrəmanın daxili səsini əks etdirir.

Hələ məktəb illərini İvan İliçin belə xatırlayır: “Məktəbdə oxuyanda elə hərəkətləri də olub ki, əvvəllər ona çox iyrənc görünüb və o vaxtlar bu günahlarına görə öz-özünə nifrət də eləyib, amma sonralar görəndə ki, cəmiyyətdə ondan xeyli yüksək mövqedə duran adamlar da vaxtı ilə belə işlər tutublar və özləri də bunu günah saymayıblar, o da sakitləşir, o vaxtki işləri ilə öyünməsə də, hər halda onları tamamilə unuda bilir, arabir yadına düşəndə isə bir tikə kədərlənib eləmir”. “Əfkari-ümumiyyə tərəfindən müəyyən olunmuş zahiri ləyaqətin tələbləri” əsasında həyatını qurmağa çalışan İvan İliç yaşamını “özünün istədiyi şəkildə gözəl və layəqətlə” təşkil etmişdir. Bu həyat onun “ağzında qəribə tam olmasından və sol böyründə naqolaylıq hiss eləməsindən” başlanan çox ciddi xəstəliyin səbəbindən tamamilə dəyişir. Cəmiyyət ona “tezliklə öz iş yerini boşaldacaq adam kimi” baxmağa, o isə cəmiyyəti daha dərindən təhlil etməyə başlayır. Xəstəlik qəhrəmanla cəmiyyət arasına böyük sədd çəkir, o, öz tənhalığı ilə cəmiyyətə qarşı dayanır. “Özü də ölüm ayağında, fəla­kətin astanasında beləcə, təkbaşına yaşamalıydı, nə bir dərd biləni, nə də halına yananı var idi”. “Məsələ kor bağır­saqda, böy­rək­də deyil, həyatda və… ölümdədir. Bəli, yaşayırdım, indi isə bu­dur, həyat tərk eləyir məni, gedir və mən tutub saxlaya bilmirəm onu” həyəcanı ilə yaşayan qəhrəman ölümün dəhşəti qarşısında qor­xur və bütün cəmiyyətə nifrətlə, kinlə baxır.

“Doğrudanmı həqiqət yalnız odur?” sualı qarşısında qalan İvan İliç bir müddət ondan – ölümdən qaçmağa cəhd etsə də, bu fikir qəhrəmanı daim təqib edir. Ölüm qabağı İvan İliçə ən çox iztirab verən cəhətlərdən biri yalan idi: “İvan İliçə əzab verən əsas şey yalan idi: hamı tərəfindən qəbul edilmiş həmin yalan ki, guya o, ölüm aya­ğın­da deyil, sadəcə xəstədir və buna görə də ancaq sakit olmalı, özü­nü müalicə eləməlidir və guya onda hər şey düzələcək”.

Əsərin qəhrəmanı ikinci bir səbəbdən də çox qüssələnir: “İvan İliçə bu yalandan başqa əzab verən bir də bu idi ki, heç kəs ona özü istəyən tək rəhm eləmirdi: etiraf eləməyə utansa da, bəzən uzun iztirab və məşəqqətlərdən sonra İvan İliç istəyirdi ki, kimsə ona xəstə uşaq kimi rəhm eləyib, qayğı göstərsin”.

Dəhşətli ağrılar, sonsuz iztirablar və tənhalıq içərisində inil­də­yən İvan İliç ölümün tez gəlməsini istəyir, sonra isə sanki diskinir, qor­xur və deyirdi: “Ölüm, zülmət. Yox, yox. Hər şey ölümdən yax­şı­dır”. Deməli, insan yenə də bu dünyadakı sonsuz əzaba rəğmən ölümə can atmır, həyata doğru getməyə çalışır. Çox para­doksal bir vəziyyətdir. İnsan həyat və ölüm arasında tərəddüd edir. O, cəmiyyətdə təkdir: “Təklik son dərəcə darıxdırıcıdır, kimisə çağır­maq istəyir, amma qabaqcadan bilir ki, başqalarının yanında halı bun­dan da pis olur”. 

İvan İliçin vəziyyətindəki növbəti mərhələ onun Allaha üsyanı olur: “O, özünün köməksizliyinə ağlayırdı, dəhşətli tənhalığına ağlayırdı, insan­ların qəddarlığına, Allahın qəddarlığına, Allahın yoxluğuna ağla­yır­dı”. O, cavabsız suallarla inləyirdi: “Bütün bunları niyə belə eləyirdin? Niyə məni gətirib bu yerə çıxartdın? Niyə mənə belə zülm eləyirsən”. Qəhrəman Allaha və insanlara üsyan et­mək­lə, əslində, özünə üsyan qaldırır.

İvan İliç qəlbi ilə danışmağa başlayır. Qəlbinin “nə is­tə­yir­sən?” sualına əvvəlki kimi gözəl yaşamaq istəyirəm cavabını ve­rir. “Əvvəllər gözəl yaşamamısanmı? sualı ilə dinlənən səs onu həya­tı­na yenidən baxmağa,  yaşantısının xarakterini çözməyə məcbur edir. Sən demə, o uşaqlıq çağlarının bəzi məqamlarını çıxmaqla heç də gö­zəl yaşamayıb. Burada o daha da dəhşətə gəlir: “Əgər həyat, doğ­ru­dan da, belə rəzil və mənasız olubsa, onda ölmək, özü də əzab çəkə-çə­kə ölmək nə deməkdir?”  Onu həyat da, ölüm də sanki tərk edir. Qəhrəman yenə də tərəddüd içində qalır, növbəti sualını verir: “Bəlkə mən düz­gün ömür sürməmişəm? Həyatın mənasını bu zamana kimi düz­gün anlamadığı üçün deməli o, düzgün də yaşamayıb.

 İvan İliç “dəhşətli bir həqiqəti” kəşf edir: “Ağlına bir də bu gəldi ki, bir vaxtlar qəlbin­də ondan çox-çox yüksəkdə duranlar tərəfindən bəyənilən, təqdir olunan şeylərə qarşı mübarizə aparmaq meyllərini dərhal özündən kənara qovurdu, bəlkə də əsl həyat həmin niyyətlərlə yaşamaq imiş, qalanları boş şeymiş? Qulluğu da, güzəranı da, ailəsi də, cəmiyyətin və daşıdığı vəzifənin mənafeyi də - bütün bunlar əsl həyat deyilmiş, bəlkə?”.  Bu həqiqəti dərk etdikdən sonra cəmiyyət ona bir söz deyirdi: “Bütün həyatın, indiyə qədərki ömrün və bu günün yalanıdır – həyatı və ölümü səndən gizlədən yalan”.

Yalanlardan qurtulmaq istəyən qəhrəman yenidən Allaha üz tutur, lakin bu dəfə üsyan yox, dua edir. İvan İliç dua oxuyur və bir qədər sakitləşir. İvan İliç həyatının bütün maddi cəhətlərini araşdırdıqdan sonra L.N.Tolstoy dünyagörüşünə uyğun olaraq qəhrəman ilahi həqiqətlərdə rahatlıq tapır. Bu mövzu və dünyadərki L.N.Tolstoy  üçün çox xarakterik idi. “Dəlinin qeyd­ləri” əsərində də insanın ölüm təhlükəsi qarşısındakı təbəddülatları, titrəmələri, qorxusu, təlaşı, həyacanı, şübhələri və nəhayət haq­qı tapması məsələsi qoyulur. Burada real olaraq ölüm faktı yox­dur, lakin onun qorxusu belə insanı həyata yeni nəzərlə baxmağa sövq edir, həyatın yeni cizgiləri qəhrəmanın gözləri önündə canlanır: “Adama elə gəlir ki, ölüm qorxusudur bu, amma həyatı yada salıb fikirləşəndə görürsən yox, bu ölməkdə olan həyat üçün qorxudur”. “Üç ölüm” heka­yə­sində də ölüm qarşısında titrəyən insan obrazına təsadüf edirik, o da ölüm qarşısında Allahdan mərhəmət diləyir: “Allah nə qədər mər­hə­mətliymiş. Mərhəmətli və qüdrətli, elə deyilmi? O, yaşla dolmuş göz­lərini yenə ehtiraslı bir yalvarışla ikonaya dikdi”.

L.N.Tolstoyun əsərlərində dini birlik, bərabərlik, ilahi baş­la­nğıc, ölüm, həyat etirafları kimi məsələlərin qoyuluşu, müzakirəsi və yazıçı münasibəti çox güclüdür. Məş­hur ədib yazırdı: “Bütün insanlıq onu idarə edən ilahi baş­lan­ğıc, ideallar əsasında yaşayır və inkişaf edır. Bu ideallar dinlərdə, elm­də, incəsənətdə, dövlət formalarında ifadə olunur. Bu ideallar yük­sə­lir, yüksəlir və insanlıq ali xoşbəxtliyə doğru gedir. Mən in­san­lı­ğın bir parçasıyam və mənim missiyam insanlığın ideallarını ger­çək­ləşdirməkdir”. L.N.Tolstoy, ilk növbədə, in­san­lı­ğın sirlərinin öyrənilməsi zəruriyyətini göstərirdi. O, inamı həyatın gü­cü adlandırırdı. L.N.Tolstoy insana dəyər verirdi: “Əslində mən nə istəyirəm? Mən digərlərinə xeyirxahlıq etmək istəyirəm, elə et­mək istəyirəm ki, insanlar ac və yoxsul olmasınlar, insanlar in­san­l­­­ı­ğa layiq yaşaya bilsinlər”.

Tanrıya ibadətdə ma­­hiyyətə üstünlük verilməsi yazıçının tez-tez səsləndirdiyi fikirlərdəndir. “İvan İliçin ölümü” povestində də L.N.Tolstoy öz qəhrəmanını Allaha doğru yaxınlaşdırır, ona həyatın yeni üzündə xilas yolunu belə göstərir: “Məni kim yaradıb? Allah, deyirdilər, Allah. Yadına düşdü ki, dua oxumaq la­zım­dır. Çoxdandır, iyirmi il olar ki, dua oxumuram…”. Baş­qa bir yerdə isə qəhrəman deyir: “Bir kəlam yadıma düşdü: siz dilə­yin, yerinə yetər diləyiniz. Mən də dilədim. Və bu diləkdən, yal­varışdan təsəlli yox, rahatlıq tapdım”.

Yenililklər
10.07.20
Könlünün bütünü şeir olaraq ötən şair. Hayku ustadı Matsuo Başou
10.07.20
Natiq Məmmədlinin yeni kitabı çap olunub
09.07.20
Əfsanə Laçın - Atam
09.07.20
Azərbaycanlı alimin “Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur
09.07.20
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb
09.07.20
Əhməd bəy Ağaoğlu və Azərbaycan ədəbiyyatı
08.07.20
Kanye Uest ABŞ-da prezidentliyə müstəqil namizəd olacaq
08.07.20
“İçərişəhər”də yeni muzey yaradılacaq
08.07.20
Səxavət Sahil - Poeziyamızın problemi
08.07.20
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək
08.07.20
Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir
08.07.20
Məşhur rəssamın toz basmış əsəri tapılıb
07.07.20
Türkiyənin Ərdahanda şəhərində Əbülfəz Elçibəy xatirə ormanı salınır
07.07.20
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir
07.07.20
“Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” foto-sənədli animasiya filmi təqdim edilib
07.07.20
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
06.07.20
Tanınmış bəstəkar Ennio Morrikone vəfat edib
06.07.20
Taleh Eminoğlu - Mədəni müxtəliflik və multikulturalizmin labüdlüyü
06.07.20
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
06.07.20
Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edən yeni kitab
06.07.20
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.