Fərid Muradzadə - Güclü kişi 
26.06.20

Hekayə

Pul yaxşı qulluqçudur, lakin pis ağadır
Frensis Bekon

Hündür, əzəmətli,  bağ-bağçalı, güllü-çiçəkli, üç mərtəbəli, geniş eyvanlı bu imarətin - villanın zövqlə yığılmış, bər-bəzəkli, bahalı mebellə təchiz olunmuş yataq otağında ismətini əbədilik itirmiş gənc qızın ruhu sızıldayırdı. Səhərə qədər ehtiras gətirici dərmanların təsiri altında qıza verdiyi əzablardan həzz alan təpəgöz kimi nəhəng, yekəpər 40 yaşlı biznesmen suya yatıb, gözünü yumaraq özünü yuxulu göstərən, ovunu güdən timsah kimi gözaltı ələ keçirdiyi ovunu oğrun-oğrun süzürdü. Zərif çiyinlərinin enib-qalxmasından qızın səssizcə ağladığı bilinirdi. Üzbəüz güzgüyə baxanda dəhşətə gəldi. Onun ağappaq zərif sinəsi, boynu, çiyinləri, qolları iri göy ləkələrlə dolu idi. Bütün əzalarında ağrı vardı, amma ən çox ağrıyıb, sızıldayan vicdanı idi, ruhu idi. Nifrətlə çevrilib yataqdakı, “ahamar kötüyə” baxdı. Bu divə oxşar məxluqat onun ismətini, şərəfini, arzularını əlindən almış, gələcəyinə təcavüz etmişdi. Röya bu alçaq adama inanmışdı. O, sanki indi tam olaraq aldadıldığını hiss etdi. Ağlından keçənlər nəinki bədənini, hətta ruhunu belə buzlatdı. Bir andaca atasına nifrət hissi qəlbini bürüdü. Bütün bunların günahkarı atası idi...
Röya şimal rayonlarından birinin ucqar kəndindən idi. Uşaqlıqdan deyib-gülən, zarafatcıl bu şən qızın öz dünyası vardı. O, hələ lap kiçik yaşlarından müəllimə olmaq istəyirdi. Balaca olanda gah günorta örüşdən gələn körpə quzuları, gah da kəndin özü kimi balaca uşaqlarını bir yerə toplayıb onlara , “dərs" keçər, özünü “müəllimə" hesab edərdi. Müəllim peşəsi onun ən sevdiyi peşə idi. Zamanla bu istəyi Röyanın fikirlərini daha da konkretləşdirməyə sövq etdi. Röya müəllim çatışmazlığı yaşanan ucqar rayonda müəllimə işləyəcək, uşaqları elmə həvəsləndirəcək, onlara ingilis dili tədris edəcəkdi. Ucqar kəndlərdə kadr çatışmazlığı ucbatından şagirdlər dil öyrənə bilmirdi. Məhz o, uşaqların idealı olacaq və bu kimi çatışmazlıqların aradan qaldırılması üçün əlindən gələni edəcəkdi. Lakin bütün bunlar üçün o, mütləq Dillər Universitetinə qəbul olunmalı ,yaxşı təhsil almalı, özünü püxtələşdirməli idi. Universitetə qəbul olanda o qədər sevinmişdi ki, gecəni səhərə qədər oyaq qalmışdı. Utanmasa, kəndin hər yerində qürurla, - universitetə qəbul olmuşam- deyərdi. Dərs ilinin başlanmasını səbirsizliklə gözləyirdi. Tələbə biletini alanda elə zənn etmişdi ki ona ən bahalı hədiyyəni məhz bu universitetdə verdilər. Röyagilin Bakıda yaşayan qohumları, yaxınları olmadığı üçün o, bir neçə qızla birlikdə kirayə mənzil tutmalı oldu. Dərslərinə səylə hazırlaşırdı. Özünün, anasının və balaca bacısının onun tələbə olmasına sevinməsinə baxmayaraq qaraqabaq, uzun saqqallı atası əsla sevinmirdi. Yenicə hansısa təriqətə qoşulan atası onun Bakıda oğlanlarla birlikdə təhsil almasına razı deyildi. O, qızını yolundan döndərə bilmədiyini gördükdə bir növ “maliyyə müharibəsinə" keçdi. Cahil ata qızını maliyyə sıxıntısı ilə özünə tabe etmək, təhsildən yayındıraraq kəndə gətirib burda təriqət üzvlərindən birinə ərə vermək niyyətinə düşmüşdü. Artıq birinci kurs yekunlaşmaq üzrə idi. Ailədən maddi dəstək almayan qızın vəziyyəti acınacaqlı olmuşdu. Əyin-başı ilə də uşaqlardan seçilirdi. Paltarları köhnəlmişdi, xərcliyi yox idi. Qızlara əlavə yük olduğunu gözəl başa düşdüyü üçün özünə yüngülvari iş axtarırdı. Hər etdiyi cəhddən sonra məyus olurdu. Tələbə olması işə götürənlərin “işinə yaramırdı". Pulu olmadığı üçün hər yerə piyada gedirdi. Havalar isti idi. Piyada gəzdiyi üçün çox yorulmuşdu, odur ki qarşıdakı dayanacaqda əyləşib yorğunluğunu almaq istəyirdi. İsti yaz günəşi onun ağappaq dərisini qaraltmışdı. Ayaqları zoqquldayırdı. Özünü dayanacaqdakı oturacağa yıxdı. Saatlarla bədənini üstündə gəzdirən ayaqları rahatladı. Gözlərini yumub havanı qoxuladı. Kəndlərini xatırladı. İndi baharda oralar çox gözəl olur. Ətrafı qalın meşələrlə, güllü-çiçəkli çəmənlərlə, buz bulaqlarla və çayla əhatə olunmuş kəndlərinin gözəl mənzərəsi gözləri önündə canlandı.  Bir andaca kənd üçün , anası və bacısı üçün darıxdı. Atasını xatırlayan kimi işə xəyalları şüşə kimi cilikləndi.
Radikal dini təriqətə qoşulandan sonra Umar birdən-birə Abu Umar oldu. Az müddətdən sonra onun həyat və yaşam fəlsəfəsi kökündən dəyişdi. Umarın əqidəsinə görə Röya evə qayıtmalı, ailə qurmalı (Röya gecikib), dini kitablardan başqa heç bir kitab oxumamalı, televizora baxmamalı, kişilər olan yerlərə getməməlidir.  Röyaya maddi dəstək olmamasının əsas səbəbi  məhz bu idi. Onun qarşısında iki yol vardı, - ya Röyanı evə gətirməli ya da ki qızından  imtina etməli idi.
Birdən kiminsə əli onun çiyninə toxundu. Gözünü açanda 35-40 yaşlarında bir qadının gülümsəyərək ona baxdığını gördü.
-Xanım, bağışlayın, cürbəcür ətirlərim və kosmetik vasitələr var, istəməzsiniz ki?
Cavab verməyə çətinlik çəkdi. Axı necə deyəydi ki avtobusa belə verməyə pulu yoxdur. Qadın elə bil onu anladı. Yanında əyləşib söhbətə başladı. Qadın intuisiyası bu yaraşıqlı, gözəl, həyatın amansızlığını, insanların hiyləgərliyini, cəmiyyətin eyiblərini anlamayan saf, utancaq, sadəlövh və mədəni qızın çətinliklə üzləşdiyini hiss etmişdi. Səmimi olaraq onunla danışırdı. Öz taleyini, başına gələnləri, sıxıntılarını danışdı və sonda üzülməməsini, ayaq üstə durmaq üçün mübariz olmasını  tövsiyyə etdi. Adı Lalə olan bu xeyirxah, zəhmətkeş, cəfakeş qadın Röyaya iş təklif etdi.
-Qızım, mən “Oriflame" dən ətriyyat götürüb satıram. Həm firmanın məhsullarını sataraq onlara xeyir verir, həm də özüm xeyir qazanıram. Mən sənə zamin duraram. Sənin üçün də götürərik. Nə deyirsən?
Röya elə sevincək olmuşdu ki, cavab verməyə çətinlik çəkirdi. Lalə bunu hiss edib ayağa qalxdı və dedi:
-Telefon nömrəmi yaz. İndi isə qalx səni də yola salım, gedib dincəl və sabah zəngləşib görüşək.
Röya olduqca yorğun idi deyə etiraz etmədi. Yol boyu işləyib pul qazanacağını, dərslərini də vaxtında hazırlayacağını düşündükcə daxilən rahatlaşırdı. Yorğun, narahat olmasına baxmayaraq özünü gümrah hiss edirdi. Avtobusdan düşüb dar dalanı burulub arxa qapıdan həyətə keçdi. Açarı burub qapını açdı və gördüyü mənzərədən üşəndi. Dəhlizdə yarıçılpaq otaq yoldaşı Gülşən ucaboy,  yaraşıqlı, uzun saçlı bir kişi ilə ehtirasla sevişirdi. Qızın nitqi batmış, ayaqları yerə mıxlanmışdı. Nə geri qayıda, nə də danışa bilirdi. Mat-mat onlara baxırdı. Röya bu səhnədən həm utanır, həm də qeyri-iradi bir həzz alırdı. Sanki bütün hormonları “üsyan" qaldırmışdı. Daxilində halsızlıq qarışıq izahsız həzz yaranmışdı. Ayaqüstə dayana bilmirdi. Səndələyib qapının arxasındakı ayaqqabı şkafına dəydi. Səsə gözünü açan Gülşən onu gördü. Bir anlıq kinlə sonra isə gülərək Röyanı süzə-süzə onu qucaqlayan kişinin qulağına nəsə dedi. Artıq Röya özünə gəlmişdi. Üzr istəyib otaqdan çıxdı. Həyətdə oturub ürəyində  özünü danlayır, ədəbsizlikdə günahlandırırdı. Az sonra uzun saçlı, boy-buxunlu kişi heç nə olmamış kimi gəlib onun yanından keçdi. Elə bil onun üzündə xüsusi bir təbəssüm vardı. Röya döyükmüş gözləri ilə onun ardınca baxırdı. Həyətdə elə bir sakitçilik vardı ki, sözün əsl mənasında milçək vızıltısı belə eşidilirdi. İçəri keçsinmi, yoxsa elə burda gözləsinmi? Gülşən astaca açılan dəmir qapının arxasında dayanıb onu him-cimlə içəri dəvət etdi.
Gülşən bu ikiotaqlı mənzildə kirayə qalan üç qızdan biri idi. Otağın birində tək qalırdı, əvvəlcədən belə razılaşmışdılar. O bu otaqda tək qaldığı üçün kirayə pulunun yarısını ödəyirdi. Özü belə təklif etmişdi. Onun nə işlə məşğul olduğunu bilmirdilər. Tələbə olduğunu və işlədiyini deyirdi. O, hər zaman zövqlə və dəblə geyinərdi. Çoxlu bahalı paltarları vardı. Şəhərin ən yaxşı ətriyyat dükanından ətir alardı.  İnsafən zahiri görünüşü ilə də çox gözəl qız idi. Hündür qaməti, biçimli ətli dodaqları, al yanaqları, şüşə kimi hamar ayaqları, cazibədar bədən quruluşu istənilən adamı cəlb edər, yoldan çıxarardı.
-Ay qız, burda gördüklərini bir kimsəyə demək olmaz. Unutma haaa... O kişi mənim sevgilimdir. Rəssamdır. Hələlik isə bu ikimizin arasında sirr olaraq qalsın. Bir-neçə aya hamı biləcək. Sən nə edə bildin? İş tapa bildinmi?
Röya hər şeyi ona danışdı.
-Ay qız , dəlisən? O nə işdir elə. Can-cəsədin də yoxdur. Boş ver elə şeyləri. Sabah mən səni bir yerə aparacağam. Ayazın (sevgili dediyi adamın) imkanlı bir biznesmen dostu var. Sənə kömək edəcək.
Sadəlövh Röyanın ürəyində qorxuqarışıq bir ümid də yarandı. Öz-özünə, -bəlkə yaxşı adamdır, həqiqətən köməklik göstərəcək, -dedi. Gülşənin rəssam məşuqundan mənə nə? Gecəyarıdan keçsə də yuxusu gəlmirdi. Sabahkı işi düşünürdü. Səhərə yaxın onu möhkəm yuxu tutdu. Bərk yatmışdı.
-Ay tənbəl ,qalx!
Səsə ayılanda Gülşəni başının üstündə gördü. Hamamdan çıxmışdı. Gözəl şampun qoxusu gəlirdi. Bilinirdi ki satışda olanlardan deyil, özəl bir şampundur.
-Qalx, get sən də duş al! Özünə bir az əl gəzdir, iş görüşməsinə gedirsən. Bir az işvə-nazın olsun. Heykəl kimi dayanma, -deyərək ona göz vurdu. Otaqdan çıxan Röyanı görən Gülşən onu başdan ayağa süzüb dedi:
-Bu nə vid-fasondur? Belə olmaz. Gəl mənim otağına deyib onun o biri otağa sürüdü. On beş dəqiqə sonra güzgü önündə dayanan Röya özünü tanıya bilmirdi. O nə qədər gözəl imiş. Öz-özünə , gözəllik ondur, doqquzu dondur "u boşuna deməyiblər, - dedi.  Geyim insanı çox dəyişdirir. Yenə də güzgüdə özünə baxırdı. O, nə qədər dəyişmişdi. Düzü bir az sıxılırdı, çünki hələ indiyə qədər belə qısa ətək geyməmişdi. Eyni zamanda da özündən xoşu gəlirdi. Gülşənin seçdiyi paltarlar onu olduqca gözəgəlimli göstərirdi. Bütün əzaları paltarı qabartmışdı. Gülşənin telefonu çağırırdı. Telefona baxan Gülşən sevincək dilləndi, - tez ol, gedək, Ayaz bizi gözləyir.
Ayazın bahalı gümüşü “Cip" maşını gün işığında par-par parıldayırdı. Gülşən onları tanış edəndən sonra maşına əyləşdilər. Ayaz birbaşa mətləbə keçdi
-Rəhim bəy, bizi ofisində gözləyir. Danışmışam. Sizi işlə təmin edəcək. Narahat olmayın.
Ürəyində, -nə yaxşı oldu -deyə düşünürdü. İşləsəm çox yaxşı olacaq. Tətildə anamla bacımı şəhərə dəvət edəcəm. Onları qonaq saxlayacağam, ciblərinə xərclik qoyacağaçm, hədiyyələr alacağam.
Maşın hündürmərtəbəli bir binanın qarşısında dayandı.
-Rəhim bəyin ofisi bu binadadır, - düşün.
Onlar lift ilə yuxarı mərtəbəyə qalxıb geniş, xüsusi işləmələri olan tünd şabalıdı rəngli bir qapıdan içəri keçdilər. Avanqard üslubda hazırlanmış ofis Röyanı valeh etmişdi. İrəli keçən dərin dekolteli və qısa geyimli hündürboy, modelə oxşayan qız onları qarşılayıb Rəhimin kabinetinə apardı. Dəniz panoramalı iri lay şüşəli pəncərənin önündə əllərini qoynunda çarpazlamış, sözün əsl mənasında yekəpər, nataraz, enlikürək bir kişi dayanmışdı.
-Ooo , Rəhim bəy, xoş gördük, - deyib Ayaz irəli yeridi. Qucaqlaşıb görüşdülər.
Rəhim təxminən 40-45 yaşlarında olardı. İri cüssəli olmasına baxmayaraq qıvraq adam idi. İri əzələli, tüklü qolları onu bir az da vahiməli göstərirdi. Qızlarla da əl verib görüşdü. Röyanın əli onun iri əlinin içində itmişdi. O, ehtiraslı baxışlarla Röyanı süzürdü. Rəhimin baxışlarından üşənən Röya gözlərini yerə zilləmişdi. Çay içə-içə söhbətləşirdilər. Röya divana qısılmışdı. Qısa ətəyindən lap narahat idi. Rəhimin onun düz biçimli, ağappaq ayaqlarına şəhvani baxışlarından sıxılırdı. Belə geyiminə görə peşman olmuşdu. Ürəyində bu geyimə görə Gülşəni asıb-kəsirdi. Söhbət get-gedə qızışırdı. Gülşənlə Ayaz daha fəal idilər.
-Balam,  sən də bir söhbət etsənə.  Bayaqdan elə özümüz danışırıq. Sənin işindən heç danışmadıq, - deyə Rəhim mövzunu dolayısı ilə tam olaraq Röyanın üstünə gətirdi.
Röya nə dəyəcəyini bilmirdi. Gülşənin müdaxiləsindən və ən əsas da Rəhimin “balam" sözündən sonra bir az rahatlaşıb söhbətə başladı. Sadəlövh qızcığaz bu “balam"ın nə bəla olduğunu bilmirdi. Artıq həyəcanı ötmüşdü. İndi Rəhimə qorxu ilə deyil ümidlə baxır, verdiyi sualları dəqiq cavablandırırdı. Rəhim onu işə götürdüyünü bildirib ayağa qalxdı və birdən Ayaza tərəf dönüb:
-Durun gedək bu işi bir “yuyaq". Röya bu “yuma"nın nə olduğunu bilməsə də sövq-təbii ayağa qalxıb onların yanında dayandı.
Restoran sırf yüksək təbəqə üçün nəzərdə tutulmuş bir məkan idi. Röya bu günə qədər belə bir restoranda olmamışdı. Dəbdəbəli zalı, bahalı avadanlıqları, hər zövqə uyğun təamları, yüksək səviyyədə təşkil olunmuş xidmət, peşəkar personal və musiqiçilər bu məkanın yaxşıların yaxşısı olmasını bir daha  sübut edirdi. İnsanın ruhunu oxşayan  gözəl, lirik musiqi adamı əsla darıxmağa qoymazdı. Onlar sərin zalda əyləşmədilır. Rəhim bu restoranın ən hörmətli müştərilərindən idi. Onun belə havalarda hər zaman düşərgə saldığı özəl bir məkanı vardı. Qarşısı gül-çiçəklə dolu olan, havası daha təmiz, üzü dumduru,lacivərd  dənizə açılan şüşəli artırma. Onları qarşılayan inzibatçı və ofisiantların üzlərində xüsusi bir təbəssüm vardı. Hamı bu “xüsusi" qonağın gəlişindən məmnun idi.
  Məclis qızışmışdı. Ayaz maraqlı lətifələr və həyat hadisələri danışaraq onları güldürürdü. Onun həqiqətən də gözəl nitq qabiliyyəti vardı. Rəhim də maraqlı söhbətlər edirdi. Bu nəhəng adam elə şirin danışırdı ki, bəzən Röya səsin bu iri gövdəli, zabitləli adama aid olmadığını düşünürdü. Röyanın bakalına da tünd içki süzülmüşdü. Yazıq qızcığaz əyilib Gülşəndən bunun nə içki olduğunu  soruşdu. Eşitdiyindən ağzındakı olduqca yüksək qiymətə olan nadir Fransız şərabını süfrəyə dağıtmamaq üçün özünü zorla toparladı və şərab olduğunu dedi. Röya belə içki içməyəcəyini bildirib üzrxahlıq etdi.
Rəhim o birilərə göz vurub dedi:
-Balam, narahat olma, eybi yox. Məcbur deyil ki. Sənə xüsusi kokteyl hazlrlatdıraram. Həm də əla bir limonad gətirdərəm.
Rəhim əlinin işarəsi ilə ofisiantı çağırdı. 20-lik dolları onun cibinə basıb qulağına nəsə dedi. O da bic-bic gülərək baş endirib getdi. Az sonra ofisiant üzündə təbəssüm, əlində xüsusi hazırlanmış kokteyllə Röyaya yaxınlaşdı. Kokteyl əla təsir bağışlamışdı. Üç belə kokteyldən sonra Röyanın dili elə açılmışdı ki heç özü də özünü tanıya bilmirdi. O hər söhbətə qoşulur, deyib-gülür, zarafatlaşırdı. Hətta Rəhimin “balamı" ona çox şirin gəlirdi. Restorandan çıxanda artıq saat beşi keçmişdi. Rəhim onu öz maşınında iri ticarət mərkəzinə gətirdi. Burdakı brend butiklərdən birinə keçdilər. Dəbli, zövqlə geyinmiş qızlar Rəhimi görən kimi onları xoş qarşılayıb qıza qulluq  göstərməyə başladılar. Röyanın indiyə kimi bu qədər paltarı olmamışdı. Alınan paltarlar çox bahalı və dəbli idi. Röya özü ilə bacarmırdı. Daha Rəhimdən qorxmurdu və hətta əlindəki çantaları sanki öz maşınına qoyurmuş kimi şəstlə irəli yeridi. Maşın onun yaşadığı məhəlləyə çatdı. Rəhim sabah saat 10 da ofisdə olmasını bildirərək sağollaşıb getdi.
Qapını digər otaq yoldaşı olan Xatirə açdı. Qız gözlərinə inanmırdı. Mat-mat Röyanı süzüb bir söz demədən onu içəri buraxdı. Röya heç özündə deyildi. Güzgünün qarşısında ora-bura dönərək özünə tamaşa edir, astadan mahnı oxuyurdu. Xatirə olduqca ağır təbiətli, əxlaqlı bir qız idi.  Onun Gülşəndən ,Gülşənin də ondan xoşu gəlmirdi. O, bu evdə məcburiyyətdən yaşayırdı. Açığı başqa mənzil tutmaq onun büdcəsinə uyğun gəlmirdi, həm də Röyaya da isinişmişdi deyə hələlik dözürdü. Xatirə Röyanı məsum bir qız kimi tanımışdı. İndi Röyanı bu görkəmdə görəndə əməlli-başlı özünü itirdi. Nə dəyəcəyini, nə edəcəyini bilmirdi. Gözlərini məchul bir nöqtəyə zilləyib səssizcə dayanmışdı. Onu Röyanın, “paltarlarım necədir, Xatirəcan?”-deməsi fikir dünyasından ayırdı. Röya tamam dəyişilmişdi. Onun bir neçə saat içində bu cür dəyişməsi Xatirəni çaşdırmışdı. Röya bir iki dəfə də sağa-sola çevrilib qəribə pozalar verərək Xatirədən necə göründüyünü soruşdu. Bayaqdan deməyə söz tapa bilməyən Xatirənin dili birdən-birə açıldı.
-Ay qız bu nədir? Mən səni ağıllı bir qız bilirdim. Bu gün səhərə  qədər iş axtarırdın. Pulun yox idi. Danışanda da səsin çıxmazdı. Olmaya sərvət tapmısan?! Səsin də tamam dəyişib. Hardan əldə etmisən bu qədər bahalı brend paltarları? Həm də bu qədər şit geyinmək sənə yaraşmaz. Sən kimin kəməndinə keçdin, ay yazıq? Tfu... Sən içmisən?! Bu nə biabırçılıqdır.
-Aaa, dəlisən, nə içmək?!
-Röya , ağzından içki qoxusu gəlir.  
-Mən kokteyl və bir də limonad içmişəm.
-Yazıq! Sənə likorlu kokteyl və şampan şərabı içiriblər, bəlkə də ağ çaxır.
Onun bu sözləri içkinin təsiri altında olan Röyaya pis təsir etdi. Çığır-bağır salaraq Xatirənin haqsız olduğunu, ona böhtan atdığını, gözü götürmədiyini deyirdi. Xatirə keyimişdi. Ana quzusu saydığı Röyanın dili açılmışdı. O, dibi görünməyən, lakin ilk baxışdan insanı cəlb edən uçurumun üstündə dayanmışdı. Röya necə bir bataqlığa ayaq basdığının fərqində deyildi. Girdaba girən ayaqlarını qurtarmaq üçün ona doğru uzanan əli deyil, görünüşü gözəl olan, lakin onu çirkaba çəkən gülü tutmuşdu. Daha Xatirənin burda qalmağı mənasız idi. Gecə ilə yaxın Rəfiqəsi olan Aliyəylə danışıb onlara getdi. Sabah universitetdə kirayənşin qızlarla danışıb onların yanına köçəcəkdi.
...Pərt olduğu üzündən bəlli idi. Gözlərini Rəhimdən yayındırmağa çalışırdı.
-Bala , nə olub sənə? Kefsizsən?
-Yox, Rəhim bəy, gecə bir az gec yatmışam, yəqin ondandır.
Rəhim şəhvət yağan gözlərini ona zilləyib bic-bic gülümsədi.
-Hər şey yaxşı olacaq. Bir az işlə sənə yaxşı bir mənzil tutarıq. Elə Gülşən də ordan narazıdır. İkiniz bir mənzildə yaşayarsınız. Pulunu özüm verəcəm.  Mən istəmirəm ki, mənim mələk kimi gözəl,incə, zərif işçim narahat şəraitdə yaşasın.
-Yox-yox, Rəhim bəy, narahat olmayın. Maaşım kirayə mənzil tutmağa da, xərclərimə də yetər.
-Nə danışırsan, balam. Belə bir çiçəyin toz içində qalmasını qəbul edə bilmərəm, - deyib əlini onun çılpaq qoluna sürtdü.  Bu təmasdan canına bir üşütmə düşdü Röyanın...
Artıq o Rəhimin əsirinə çevrilmişdi. Rəhim onu dərsə getməyə də qoymurdu. Qrup nümayəndəsi zəng edib qayıblarının çox olmasından dolayı universitetdən qovula biləcəyini söyləmişdi. Bunu eşidən Rəhim hamısını asıb-kəsmiş, Röyanın mobil telefonunu və nömrəsini də dəyişdirmişdi. Rəhim qızı işlə elə yükləyirdi ki, proqramları və iş üslubunu yenicə mənimsəyən qızın dərsə getmək imkanı olmurdu. Bəzən o, iş vaxtından əlavə də işləyirdi. Günlər sürətlə ötürdü. Artıq Röyanı universitetdən xaric etmişdilər. Çarəsiz qızcığazın ağlamaqdan gözləri şişib qan çanağına dönmüşdü . Heç nəyə marağı qalmamışdı. Onun ümidləri yarıda qırılmışdı. İnamı ölmüşdü. Rəhimə güvənmişdi, lakin əbəs imiş. Rəhim öz dünyasında idi. Nə qədər bu vəziyyətdə gözləri yol çəkə-çəkə qaldığını bilmədi. Onu xəyal dünyasından Rəhimin amiranə səsi ayırdı.
-Eşitmirsən?! Bu nədi? Niyə ağlayırsan?
İlk dəfə idi ki Rəhimə cavab vermirdi və hətta hər zaman qorxub-çəkindiyi bu yekəpər adamdan qorxmurdu. Rəhim heyrət içində ona baxırdı. Səsi gələndə ayaq üstə dayanan, qorxudan baxışlarını ondan yayındıran bu zərif qız indi ona cavab vermirdi. Əlbəttə bu Rəhimin xoşuna gəlmirdi. Yaxınlaşıb qızın gözəl və zərif biləyindən tutaraq dedi
-Kimin qarşısında olduğunu unutma! Sənə sual verdim, zəhmət çək, cavab ver!
Düz Rəhimin gözlərinin içinə baxaraq, “sayəndə universitetdən qovuldum” - dedi.
Rəhim ilan kimi fısıldaya-fısıldaya telefonu götürüb əsəbi halda düymələri döyəcləyə-döyəcləyə kimisə yığdı. Sonra danışa-danışa kabinetindəki  istirahət otağına keçdi. Təxminən yarım saat sonra otaqdan çıxıb Röyanın başı üstündə dayandı.
-Məni o lüt müəllimlərlə və tələbə gədələrlə səhv salma. Mən güclü kişiyəm, əlim hər yerə çatır. Sayəmdə universitetə bərpa olundun. Əmri ləğv etdilər. Bundan sonra danışığına fikir ver!
Əslində Röyanın belə çılğın və aqressiv olması onun ehtirasını daha da artırırdı. Rəhim ələ keçməməyə çalışan qadınları əldə edəndə daha çox zövq alırdı. O, Röyaya bir neçə dəfə üstüörtülü eyham vurmuş qarşılığını sərt almışdı. Bu gün isə həm qızın ona qarşı dik dayanmasından, həm də bərpa olunduğunu eşidəndən sonra az qala onu qucaqlayacağından zövq almışdı. O, çox təcrübəli adam idi. Röyanın ürəyində ona bə qədər minnətdar olduğunu və özünü Rəhimə borclu saydığını hiss edirdi. Belə bir vəziyyət onun qələbəsi idi. Ov yavaş-yavaş tələyə düşürdü. Rəhim mahir ovçu olduğu üçün bərədə əsla tələsmirdi. Amma hər gecikən gün onun içindəki heyvani şəhvaniliyi daha da artırırdı. Röya bir-iki dəfə Rəhim istəmədən belə ona çay gətirmişdi. Rəhim istirahət otağından günortadan sonra çıxdı.
Mobil telefon ara vermədən çağırırdı. Rəhimdən günlük tapşırıqları alan Röya onun qarşısında ürək edib telefona baxa bilmirdi. Rəhim hiyləgərcəsinə üzünə ciddi və narazı bir ifadə verib qıza nə isə diktə edirdi. Nəhayət qaşlarını bir az da yuxarı çəkib ağızucu, - ya bu telefonu səssizə al, ya da cavab ver! -deyib öz kabinetinə keçdi. Telefonu götürüb kimin zəng etdiyinə baxmaq istəyirdi ki, bu dəm də iş telefonu çağırdı. Alo dəyən kimi xəttin o biri başından tanış səs eşitdi. Gülşən idi. Dayanmadan, birnəfəsə danışırdı.
-Ay qız, sən dəlisən! Camaat Rəhim bəy kimi bir adam axtarır, sən isə kişinin xətrinə dəymisən. Elə güclü, imkanlı adamların öz kaprizləri olur. Sənə dərsə getmə deyir, getmə də. O cür mədəni, tərbiyəli, dünyagörmüş, sənə hər zaman balam dəyən bir adama qarşı bu nə ədəbsizlikdir.  İnan, Rəhim bəy səni çox istəyir, yoxsa həmin dəqiqə qovardı.
-Gülşən, özüm də pis olmuşam. Az qalırdım ucaqlayam onu, amma bilirsən də olmaz.
-Ay dəli, niyə olmasın. Qızlar o kişidən ötrü ölür e. Hər cür cildə girib qarşısında cürbəcür poza verirlər. Sən görmürsən ki Rəhim bəy səndən başqa heç kimə diqqət ayırmır. Ağılsız adamsan. Özü də ailəsindən boşanıb. Bəlkə elə sənin qismətindir, ay dəli. Mənə bax, Ayaz Rəhim bəylə söhbət edəcək. Görüşəcəyik. Özünü ağıllı apar.
İçəridə qızların söhbətini dinləyən Rəhim isə ürəyində Gülşənə əhsən deyirdi. Yenə də axşama qədər kabinetindən çıxmadı. İş yekunlaşmaq üzrə idi. Bu gün həftə sonu, sabah da istirahət günü olduğunu və işləməyəcəklərini nəzərə alaraq əlindəki işi yekunlaşdırmaq istəyirdi. Artıq ofisin işçiləri getmişdilər. Onun başı işə elə qarışmışdı ki səssizcə içəri girən Gülşənlə Ayazı görməmişdi. Sonuncu cümləni bitirib başını yuxarı qaldıranda onları gördü. Ayaz sakitcə salam verib Rəhimin kabinetinə girdi. Gülşən isə onunla görüşüb divanda əyləşdi. Zəngin həyat təcrübəsi olan Gülşən şirin sözlər ilə Röyanın qəlbini duyğulandırmışdı. O, Rəhimdəki fiziki gücdən və enerjidən danışdıqca Röyanın gözləri önünə bir neçə ay əvvəl kirayə yaşadıqları mənzilin dəhlizində yarıçılpaq sevişən Ayazla Gülşənin silueti canlanırdı. Sonra isə siluetlər dəyişilir Gülşənin yerində o, Ayazın yerində isə Rəhim olurdu və bu an qız qeyri-ixtiyari diksinərək qımışırdı. Onlar uzun-uzadı söhbət etdilər. Təxminən 30-40 dəqiqə sonra Ayazla Rəhim də otaqdan çıxdılar və onlar birlikdə ofisin binasını tərk etdilər.
...Kokteyl yenə də Röyanın dilini açmış, hərəkətlərini sərbəstləşdirmişdi. Gülşən və Ayazın canfəşanlığından sonra Rəhim Röya ilə “barışmış" və bundan sonra qızın kefi açılmış, üzü gülməyə başlamışdı. Onlar məşhur dənizkənarı restoran bağlanana qədər əyləndilər. Gözəl bir yay gecəsi idi. Göy üzü tərtəmiz, parlaq və minlərlə kilometr uzaqda par-par parıldayaraq bərq vuran ulduzlarla dolu idi. Elə bil ulduzları əl ilə kəhkəşana düzmüşdülər. Süd kimi ay işığı altında səssizcə dörd kölgə hərəkət edirdi. Sükutu Ayaz pozdu.
- Daha gecdir, gedək!
-Yox canım, hara gedirsiniz? Unutmusan Ayaz? Mənim burada böyük evim var, bu gecə hamı bizdə qalacaq.  Rəhim bu sözləri elə dedi ki kimsə etiraz edə bilmədi. Röya belə dəm-dərgahlı evi yalnız o zamanların məşhur Braziliya seriallarında görmüşdü. Rəhim soyuducudan növbənöv bahalı xarici içkilər,  buz, çərəz çıxarıb stolun üstünə düzdü. Hamı kimi Röya da içirdi. Nə olduğunu bilməsə də içirdi. Xeyli söhbət etdilər. Rəhim gələcək planlarından, Ayaz isə yaxınlarda Rusiyada təşkil olunacaq sərgisindən danışır, qızlar isə sakitcə qulaq asırdılar. Ayaz Rəhimlə Röyanı ən əziz dostlar olaraq sərgiyə dəvət edirdi. Gecə yarı idi. Ayaz mənalı şəkildə Gülşənə baxdı. Qız onun nə demək istədiyini anlayan kimi otaqdan çıxdı. Röya ilə Rəhim tək qaldılar. Rəhim divanda küncdə əyləşmiş Röyaya daha yaxın oturdu. Röya dalbadal Rəhimin təkidi ilə özü də bilmədən az-az içdiyi şampan şərabından əməlli-başlı dəmlənmişdi. Çılpaq ayaqlarını bir-birinin üstünə aşırıb oturmuşdu. Bu vəziyyətdə o, olduqca füsunkar görünürdü. Rəhimin içində ehtiras atəşi qalanmışdı. Arabir Röya içki gətirmək üçün qalxıb onun qarşısında dayanmış Rəhimin odlu baxışlarından hürksə də özünü toparlaya bilmirdi. İçki onun bütün hərəkətlərini və müqavimətini kilidləmişdi. Rəhimin əlləri onun ayaqlarını tumarlayır dodaqları isə dodaqlarını, boynunu və sinəsini yandırırdı. Röya heç bir müqavimət göstərə bilmirdi. İlk başda azacıq dartınsa da sonradan içkinin təsirindən və təmasdan məst olaraq Rəhimə qısılmışdı.
O gecə Rəhimin və “köməkçilərinin" toruna düşən Röya səhər açılanda hər şeyi anlasa da artıq gec idi. Rəhim altdan-altdan gecə sahibləndiyi bu gözəlliyə tamaşa edirdi. Güzgüdə göz-gözə gəldilər. İki fərqli baxış toqquşdu. Aldadılmış,  namusu ləkəkənmiş sadəlövh bir qızın kinli baxışları ilə daima aldatmağa meyl edən, əylənməyi sevən, istədiyinə əldə etmək üçün hər cür rola girən birinin gözlərindəki özündənrazılıq toqquşmuşdu.
-Sən nə alçaq adamsan. Adın Rəhim olsa da özün rəhimsiz adamsan. Məni içki ilə tora saldın. Heçmi insafın yoxdur? Heçmi vicdanın sızıldamır?
-Eee,  mənə əxlaq və vicdandan moizə oxuma. Nə vicdan, nə əxlaq?!  Mən güclü kişiyəm. İstədiyimi edə bilirəm. Hələ ki mənimsən, dadını çıxaraq, sonra ərə də gedərsən. Narahat olma dedim axı güclü adamam, hər şeyi yoluna qoyacam.
-Sən əsl alçaq adamsan! Unutma Rəhim,  mən sənin məşuqən olub, sonradan da namuslu bir adamın evinə bakirə qız kimi gedə bilmərəm. Əgər məni kimsə belə qəbul edərsə başqa, etməzsə  ömrümün sonuna kimi tənha yaşayaram. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq olmaz. Mənim vicdanım buna yol verməz. Tfu sənə. Nakişi!
2015 -ci ilin dekabr böhranından sonra işlər yeni-yeni canlanmağa başlayırdı. Maşını təmirdə olduğu üçün taksi sifariş etmişdi. Aramsız yağış yağırdı. Pəncərənin önündə dayanıb məhəccəri döyəcləyən yağış damlalarına baxırdı. Yağış bağçadakı bütün çiçəklərin tozunu yuyub təmizləmişdi. Pəncərəni açıb təmiz havanı qoxuladı. Havadan torpaq ətri gəlirdi. Telefonu çağırırdı. Pəncərəni bağlayıb telefonu götürdü. Nömrə ona tanış gəlirdi. Taksiçi idi. Öz-özünə, bu nömrə və səs mənə yaman tanış gəldi, kim olar? - deyib yaz pencəyini əyninə keçirib qapıdan çıxdı. Tünd göy rəngli “Mercedes" maşın onu gözləyirdi. 55-60 yaşlarında gözləri çuxura düşmüş,  arıq, lakin iri sümüklü bir kişi ona “xanım taksi sifariş etmişdiniz?” -deyəndə tükləri biz-biz oldu. Qapını açıb əyləşdi və birdən
-Rəhim, Allahın ədaləti böyükdür, deyilmi?
Kişi mat qalmışdı. Olduqca gözəl olan bu qadın onu hardan tanıyırdı?
-Tanımadın, ay güclü kişi? Sən güclü deyilsən, səni güclü edən cibindəki və bank hesablarındakı yaşıl əskinasların üzərindəki o kişilər idi. Pul kimindirsə güclü odur, amma mən səndən daha güclüyəm. Səndən sonra mərd, ləyaqətli, ailəcanlı bir kişi ilə tanış oldum. O, səndən fərqli olaraq mənə əsl dəyər verdi, təhsil verdi, işlə təmin etdi. Tədricən bir-birimizə isinişdik, sonra isə sevdik, sevildik. Ailəsini itirmişdi. İki azyaşlı qız övladı ilə çətin durumda qalmışdı. Mən onun övladlarına analıq etdim, böyütdüm. Bu il böyük qızım, qızı demirəm çünki onları öz övladım bilirəm, universiteti qurtarır. Ali təhsilli həkimdir. Mən xoşbəxtəm sən isə əməllərin bəlasını çəkən müflis, bədbəxt və tüfeyli. Sənin kimilərini güclü edən qiymətli kağızlardır. O kağızlar olmadan sizlər bir heçsiniz. Qabaqda maşını saxla və rədd ol! Bir daha qarşıma çıxma, gücsüz kişi!

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.