Elçin İbrahimov - Azərbaycanda dil siyasəti

06.08.20

Elçin İBRAHİMOV
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri
[email protected]
Dövlət dili real sosial-linqvistik hadisə kimi çoxdan mövcud olsa da, sosial-linqvistik anlayış kimi yenidir və tarixən daha çox yaşadığımız yüzilliklə bağlıdır. Akademik Ağamusa Axundovun təbiri ilə desək: "Şifahi ədəbi dilin gözəl nümunəsi olan "Kitabi-Dədə Qorqud (KDQ)" dastanları nəzərə alınarsa, xalqımızın mənəvi aləminin ifadəçisi olan ədəbi dilimizin yaşı 1000-i aşırsa, dövlət dilimizin həqiqi fəaliyyəti heç 100-ə də çatmır".

Dil siyasəti  Azərbaycan dövlətçilik tarixinin tərkib hissəsidir. Əlbəttə, tarixi aspektdə, Azərbaycan dövlətçilik tarixi böyük bir mövzudur və həmin mövzunun ana xətlərindən biri dövlət dili məsələsidir. "Azərbaycanın tarixi coğrafiyası Azərbaycan dövlət anlayışı ilə həmişə üst-üstə düşür. Çünki Azərbaycan dövlətçiliyi türk dövlətçiliyinin, yəni milli tarixin ayrılmaz bir hissəsidir".

XVI əsrin başlanğıcında Azərbaycanın tarixində böyük rol oynamış Səfəvilər dövləti meydana çıxır və çox keçmədən ölkənin Şimalını Cənubu ilə birləşdirir. Səfəvilər Azərbaycanın beşiyi - əsas vətən, yurd sayılırdı. Dövlətin əsasını türk kütləsi təşkil etdiyindən türk dili də dominant rolunu oynamağa başladı. Bu dövrdə milli ədəbiyyatımızın formalaşmasında, poeziya nümunələrinin ana dilimizdə yaranmasında Xətainin böyük xidmətləri olmuşdur. Məhz Xətainin hakimiyyəti dövründə dövlət dili kimi gözləmə mövqeyində dayanan ana dilimiz öz layiq olduğu mərtəbəyə qaldırıldı.

Professor Əbdüləzəl Dəmirçizadə ədəbi dilimizin tarixi ilə bağlı apardığı tədqiqatlarında həmin dövrü bu şəkildə xarekterizə edir: "Məlumdur ki, Azərbaycan dili indiki dərəcədə rəsmi dövlət dili hüququna heç bir zaman malik olmamışdır. Doğrudur, XV-XVI əsrlərdə, xüsusən Səfəvilər dövrünün əvvəllərində Azərbaycan dili rəsmi dövlət dili halında işlənilmişdir. Lakin bu dövrdə, yəni XV-XVI əsrlərdə Azərbaycan dilinin dövlət dili halında işlənilməsi çox keçici olmuş və daha çox hüquqa malik olan ərəb, fars dilləri ilə yanaşı, üçüncü bir dil kimi işlənilmişdi.

Bundan əlavə, məlum olur ki, XV-XVI əsrlərdə Azərbaycan dili, sözün həqiqi mənasında hərtərəfli rəsmi dövlət dili kimi işlənilmə hüququna malik olmamışdır. Çünki o dövrdə hərbi dairələrdə danışıqlar əsasən ərəb, fars dillərində aparılmışdır. Eyni zamanda, fərmanlar, dövlət sənədləri yenə də əksərən ərəb və fars dillərində yazılmışdı".

Həmçinin, görkəmli tarixçi alim Oqtay Əfəndiyev yazırdı ki, "XV əsrin ikinci yarısından ana dilinin işləkliyi genişlənir, şah İsmayıl şeirlərini Xətai təxəllüsü ilə Azərbaycanda dilində yazır. Türk dili Səfəvi monarxları, zadəganları arasında fars dilini həmişə sıxışdırırdı, üstün gəlirdi. Ana dili məsələləri Şah İsmayılın siyasi və dini marağına çevrilmişdi".

Azərbaycan dilini ilk dəfə dövlət dili elan edən Şah İsmayıl Xətai, təbii olaraq, "türk dili" ifadəsinə üstünlük vermişdir. Səfəvilər dövründə "saray adamlarının dili türk dili olmuşdur".

Başqa bir mənbə 1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempferə istinadən yazır: "Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün Şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır".

Azərbaycan türkcəsinin nüfuzu, təsir dairəsi uzun zaman dövlətlərarası və millətlərarası dil kimi yaşadı. "Rusiyanın öz şərq və cənub əyalətləri ilə və ümumiyyətlə, Yaxın Şərqlə siyasi-diplomatik və yerli-milli əlaqələrində Azərbaycan dili mühüm rol oynamışdı". A.Bestujev-Marlinski yazırdı: "Avropada fransızca ilə olduğu kimi, Zaqafqaziya tatarlarının (türklərin) dili ilə də bütün Asiyanı tamam dolaşmaq olar".

Analoji sözləri böyük rus şairi M.Y.Lermontov, alman iqtisadçısı, səyyah Avqust fon Haksthauzen də demişdir. M.Y.Lermontov dostu S.A.Rayevskiyə məktubundan bir parçaya diqqət yetirək: "Tatarca (türkcə) öyrənməyə başlamışam. Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda və ümumiyyətlə, Asiyada da bu dili bilmək o qədər zəruridir".

Azərbaycanda həyata keçirilən dil siyasətindən danışarkən onu qeyd edə bilərik ki, Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq Yaxın və Orta Şərqdə Osmanlı imperiyasından sonra ikinci böyük və qüdrətli dövlət olan Səfəvilər dövlətində (1501-1736) Azərbaycan dili rəsmi dil, dövlət dili səviyyəsinə yüksəlmişdi. Xarakterinə görə Azərbaycan dövləti olan Səfəvilər dövlətində Azərbaycan dili sarayda və orduda hakim dil idi. Dövlətin iqtisadi və mədəni istinadgahı zəngin Azərbaycan vilayətləri idi. Dövlət azərbaycanlılar tərəfindən idarə olunurdu. XVI əsrin ortalarına yaxın 74 əmirdən 69-u azərbaycanlı idi. Hərbi komandanlıq azərbaycanlıların əlində idi. Dövlət fərmanları azərbaycanlıların məskunlaşdığı vilayətlərə Azərbaycan dilində, farsların məskunlaşdığı vilayətlərə fars dilində göndərilirdi. Mədrəsələrdə ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan dilində də təlim-tədris işləri aparılırdı.

"1828-29-cu illər Rusiya-Türkiyə müharibəsi zamanında, 1828-ci ildə çar I Nikolayın göstərişi ilə xalqın "türk" etnonimi dəyişdirilərək "Qafqaz tatarları", dilinin "türk dili" adı dəyişdirilərək "tatar dili" adlandırıldı. Bu, 1918-ci ilədək davam etdi. Həmin müddətdə Rusiyada xalqın və dilinin yeni adları yuxarıda göstərildiyi kimi işlədilir, Azərbaycanda isə yerli müəlliflər bəzən "türk-tatar dili", "Azərbaycan-tatar dili" kimi ifadələrdən istifadə edirdilər".

1918-ci il mayın 28-də Azərbaycanda müstəqil dövlət - Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra xalqın və dilinin adı bərpa edildi. AXC Nazirlər Şurası 1918-ci il iyunun 27-də "Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında" qərar qəbul etdi. Bu qərar Azərbaycanın dövlətçilik tarixində dövlət dili haqqında qəbul edilmiş ilk rəsmi sənəddir.

"1936-cı il dekabrın 5-də SSRİ-nin yeni konstitusiyası qəbul olundu. Bundan sonra bütün müttəfiq respublikalar da öz yeni konstitusiyalarını qəbul etdilər. Azərbaycan SSR konstitusiyasının layihəsində Azərbaycan SSR-də dövlət dilinin türk dili olduğu haqqında maddə olsa da (20-ci maddə), 1937-ci il martın 14-də IX Fövqəladə Ümumazərbaycan Sovetlər qurultayında konstitusiya təsdiq edilərkən, həmin maddə çıxarılmışdı. Eyni zamanda, qurultayın sənədlərində xalqın "türk" adı dəyişdirilərək "azərbaycanlı", dilinin "türk dili" adı dəyişdirilərək "Azərbaycan dili" adlandırıldı".

1950-ci illərdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan dili nəinki mərkəzi dövlət idarələrindən və ictimai təşkilatlardan tamamilə sıxışdırılıb çıxarılmışdı, hətta bəzi poçt şöbələrində Azərbaycan dilində teleqramlar qəbul edilmirdi, bəzi müəssisələrdə işçilərin Azərbaycan dilində yazdıqları ərizələr onlara qaytarılırdı.

"1956-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri işləyən görkəmli yazıçı və dövlət xadimi Mirzə İbrahimovun təşəbbüsü ilə Azərbaycan rəhbərliyi konstitusiyaya dövlət dili haqqında maddə daxil etməklə ana dilinin hüquqlarını qismən bərpa etməyi qərara aldı. Həmin dövrdə Gürcüstan və Ermənistan istisna olmaqla (dövlət dili haqqında maddə həmin respublikaların ilk konstitusiyalarına daxil edilmişdi və 1937-ci il konstitusiyasında da saxlanılmışdı) SSRİ konstitusiyasında və müttəfiq respublikaların konstitusiyalarında, həmçinin, Avropa və Asiyanın sosialist ölkələrinin konstitusiyalarında dövlət dili haqqında maddə yox idi. Həmin il avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında Sov.İKP MK-ya məlumat verilmədən (məsələ yalnız şifahi tərzdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilovla razılaşdırılmışdı) "Azərbaycan SSR Konstitusiyasına (Əsas qanununa) Azərbaycan SSR-in dövlət dili barəsində maddə əlavə edilməsi haqqında" qanun qəbul olundu. Bununla da, bütün sosialist ölkələri birliyi sistemində konstitusiyalarında dövlət dili haqqında maddə olan Zaqafqaziya respublikalarının əlahiddəliyi yarandı. Yeni maddədə elan olunurdu ki, "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir (151-ci maddə)".

1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni konstitusiyası qəbul edildi və sovet dövlətçilik ənənəsinə görə, müttəfiq respublikalar da öz yeni konstitusiyalarını qəbul etməli idi. Azərbaycan SSR konstitusiyasının mətbuatda dərc olunmuş layihəsində dövlət dili haqqında maddə yox idi. Müttəfiq respublikaların konstitusiyalarının modeli Moskvadan verilmişdi və Mərkəz dövlət dili məsələsində bütün sosialist ölkələri birliyi daxilində Zaqafqaziya əlahiddəliyinə son qoymağı qərara almışdı. Lakin Zaqafqaziya respublikaları rəhbərlərinin prinsipial və qətiyyətli mövqeyinin, həmçinin, respublikalardakı ictimai rəyin təsiri ilə Sov.İKP  MK güzəştə getmək məcburiyyətində qaldı. Hər üç respublikanın konstitusiyalarına dövlət dili haqqında maddə daxil edildi. 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR konstitusiyasının 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu" elan edildi.

Azərbaycan SSR konstitusiyasına dövlət dili haqqında maddənin yenidən daxil edilməsi mərkəzi dövlət idarələrində və ictimai təşkilatlarda onun işlədilməsini təmin etmədi və 1956-58-ci illərin təcrübəsi göstərir ki, Azərbaycanın həmin dövrdəki reallığı şəraitində bu, obyektiv olaraq qeyri- mümkün idi. Lakin Azərbaycan dilinin dövlət dili kimi konstitusiyada təsbit olunmuş hüququ əsasında onun funksional dairəsinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülmüşdü.

"Azərbaycan SSR-in tarixində dövlət dili ilə əlaqədar sonuncu sənəd "Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək tədbirləri haqqında" Azərbaycan KP MK-nın 18 avqust 1989-cu il tarixli qərarıdır. Lakin Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında gərginliklər yarandığı və dağıdıcı proseslər başlandığına görə həmin qərarın icrası qeyri-mümkün idi. 1990-cı il aprelin 24-də qəbul edilmiş "SSRİ xalqlarının dilləri haqqında" SSRİ qanunu da elə bu səbəbdən əhəmiyyətsiz idi".

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdi və Azərbaycan dilinin artıq tam səlahiyyətli dövlət dili kimi işlədilməsi üçün əlverişli şərait yarandı. Lakin dövlət aparatı buna hazır olmadığı üçün işlərin əsasən rus dilində aparılması bir müddət davam eləmişdi.

1992-ci ilin dekabr ayında Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun qəbul edilmişdi.

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendumda qəbul edilmiş konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili olması qeyd olunmuşdu.

2001-ci il iyun ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dilinin dövlət dili kimi tətbiqi sahəsindəki çatışmazlıqların aradan qaldırılması üçün "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” ilə bağlı qərar qəbul etmişdi. 2002-ci il sentyabr ayının 30-da Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası qanununu qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin qanunu imzaladı və Azərbaycan dili dövlət dili statusu qazandı və dövlət idarələrində yüksən səviyyədə istifadə olundu.

Azərbaycan dili ilə bağlı Heydər Əliyev tərəfindən çox yüksək səviyyədə həyata keçirilən dil siyasəti daha sonra Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş və bu gün də davam etidirilməkdədir.  

Dil siyasəti ilə bağlı həyata keçirilən işlərin davamı kimi, 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı", 5 avqust 2004-cü ildə "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı", 27 dekabr 2004-cü ildə, "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı", 24 avqust 2007-ci ildə, "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı", həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 2012-ci il 29 may tarixli, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2013-cü il 9 aprel tarixli, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli sərəncamları, eləcə də "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı, ana dilinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin saflığının qorunması ilə bağlı 01 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Azərbaycan dili ilə bağlı qeyd olunan bütün sərəncamlar, qəbul edilən bütün qərarlar Azərbaycan dövlətinin dil siyasəti sahəsində keçirdiyi ardıcıl və məqsədli siyasətin tərkib hissəsidir. /525.az/

Yenililklər
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
08.09.20
Elnura Cavadzadə - Eybəcərlər anası
08.09.20
Azərbaycan filmi Venesiya Film Festivalında nümayiş olunacaq
07.09.20
Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş" kitabı Türkiyədə nəşr olunub
04.09.20
Elçin Hüseynbəyli yeni roman yazdı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.