Nizami Cəfərov - "Sirlər xəzinəsi"nin Türk dünyası
30.06.21

Nizami yaradıcılığının türk-müsəlman mənşəyi, ideologiyası və estetikası dahi şair-mütəfəkkirin ilk poeması olan "Məxzənül-əsarar" ("Sirlər xəzinəsi"ndən) özünü bütün mümkün miqyasları ilə hiss etdirməyə başlayır.

Əsas hiss edilən də odur ki, öz söz xəzinəsinin qapılarını səxavətlə açan sənətkar artıq keçmiş əyyamlarda (Firdovsi dövründə) olduğu kimi cəngavərlik dastanı danışmır, ümumən insanın (və insanlığın!) sözün geniş mənasında həyatından, cəmiyyətin müxtəlif təbəqələrinin "tərcümeyi-hal"ından bəhs edir. Və bu, onun ideya-estetik mövqeyini əks etdirən elə bir strateji əlamətdir ki, türklüyə (və türk dünyasına) münasibətini də müəyyənləşdirir. Belə ki, "Sirlər xəzinəsi"ndən başlayaraq Nizamidə türklük özünü hərbi-siyasi yox, mənəvi cəngavərlikdə -ərənlikdə göstərməyin klassik təcrübələrini verməklə postepos dövrü üçün səciyyəvi olan xüsusiyyətlər təqdim edir. 

1170-ci illərin ortalarında Ərzincan hakimi Məlik Fəxrəddin Bəhram şaha (1162-1225) ithafən qələmə alınmış əsərin əvvəlində Bəhram şahın şəxsiyyəti olduqca yüksək qiymətləndirilir. Lakin Səlcuqlular dövrünün hər nə qədər nüfuzlu olsa da, adi bir türk hakiminə göstərilən həmin ehtiram, "Sirlər xəzinəsi"nin azərbaycancaya filoloji tərcüməsinin (məqaləmizdə əsərdən örnəklər də məhz bu tərcümədən gətirilir) müəllifi görkəmli nizamişünas Rüstəm Əliyevin də dediyi kimi, sonrakı katib-şairlər tərəfindən o dərəcədə vulqarlaşdırılmışdır ki, istər-istəməz dahi şairə yaraşdırılması heç cür mümkün olmayan bir məddah obrazı meydana çıxmışdır. Halbuki Nizaminin elə "Sirlər xəzinə"sindən özünü mükəmməl bir şəkildə təzahür etdirən ədəbi əqidəsi hər cür məddahlığa qarşı dayanmaqla zəmanəsinin intellektual olduğu qədər də cəsarətli sözünü deməkdədir.

"Sirlər xəzinəsi"ndə Nizaminin özünəməxsus mövzuları, eləcə də idealları mövqeyindən ən çox maraq doğuran hekayələrdən biri "Qarı və Sultan Səncərın hekayəsi"dir. Ona edilən haqsızlıqlardan təngə gəlmiş bir qarı Sultan Səncərin (1117-1157) ətəyindən tutub deyir: "Ey məlik, sənin qayğını mən az görmüşəm, lakin bütün ili səndən zülm görmüşəm... Mənim dadıma çatmasan, ey şəhriyar, bu hesabı hesab günü səndən alarlar... Türklərin dövləti ona görə ucaldı ki, məmləkətdə ədalət hakim oldu. Sən isə zülmkar bəslədiyin üçün türk deyil, bir quldur hindlisən... Şəhərlilərin evini yıxmısan, kəndlilərin xırmanını dənsiz qoymusan". 

Şair əlavə edir ki, "Xorasan vilayətini tutmuş Səncər bu sözə əhəmiyyət verməyib özünə ziyan verdi". Və ümumiyyətlə, zəmanəsində ədalətin olmadığını, göy üzündə utanmaq qabiliyyətinin, yer üzündə abır-həyanın qalmadığını deyir.

Nizami başqa bir türk hökmdarının - Sultan Mahmud Qəznəvinin də "bir-iki kişinin incimiş hümməti" qarşısında bəlalara düçar olduğunu xatırladır ki, bundan da əsas məqsəd "zülmkar şah və hakimləri məzlumların ah-naləsi, bəddua və qarğışları ilə qorxudub zülmkarlıqdan saqındırmaqdır" (Rüstəm Əliyev).

Nizami müasiri olduğu türk dünyasının coğrafiyası, onun hüdudları barədə olduqca mükəmməl biliyə malik idi. Və Gəncədən çox da kənara çıxmasa da, elmi təsəvvürləri hər sahədə olduğu kimi, bu sahədə də geniş idi... Adəmin günahlardan təmizlənməsi barədə bəhs edərkən şair yazır ki, "o, Ay kimi Xətay türkü oldu və xəta zülfünü papağının altında gizlətdi". Bu isə o deməkdir ki, ilk insan olaraq bu dünyaya qovulmuş (əslində, təşrif buyurmuş) İnsanın simasında türk çöhrəsinin hər cəhətdən müsbət məna ifadə edən ağlığı (işığı!) var. Və həmin ağlığı (və işığı) mifoloji zamandan bu günə qədər daşıyan türkün mənəvi qüdrəti həm də bir ilahi təqdirin təcəllası kimi dəyərləndirməyə hər hansı halda əsas verməlidir.

Nizami türk-müsəlman dünyasının coğrafiyaçısı olduğu qədər də tarixçisidir. Və bu tarixçilikdə özünəməxsus bir təəssübkeşliyin olduğu da, əslində, ona görə müzakirə predmeti olmamalıdır ki, Nizami üçün insanlığın fəlsəfəsini dərketmə sahəsi olaraq onun özünün mənsub olduğu etnososial (və etnomədəni) sistemdən daha yaxın obyekt ola bilməzdi.

Akademik Teymur Kərimli yazır:

"...Məhəmməd peyğəmbər Nizami poemalarında konkret tarixi şəxsiyyət kimi deyil, bütün dövrlərin və xalqların ən ideal insanı kimi... çıxış edir". Odur ki, Nizaminin bütün ədəbi-fəlsəfi məntiqi ilə diktə olunan "dünyada gözəl, dəyərli və ilahi nə varsa türkdür" prinsipinə görə, əslində, həzrət peyğəmbərimizi "türk" saymaqda ona görə elə bir ciddi yanlışlıq yoxdur ki, "Sirlər xəzinəsi" müəllifi etnik mənşəcə türklüyü mübahisə doğurmayan istənilən bir zülmkar türk hökmdarına qoca bir qarının dili ilə (və cəsarətlə!) "sən türk deyilsən" deyə bilər.

Nizami "türk" sözünə bütün yaradıcılığı boyu verdiyi ideya-estetik şərhləri "Sirlər xəzinəsi"ndən başlayır:

Türkə (oxşar) yasəmən öz çadırını səhrada qurmuşdu,
Çadırın aycığı isə Sürəyyaya ucalmışdı.

...Lalənin hindciyi və yasəmənin türkü
(Elə bil biri) ərəb qarğası, o biri isə Yəmən Süheyli idi.

***

Türk gözəllərinin gülüşlərindən
şəkər xəcalət çəkirdi,
Onların nəzəri ceyranların
gözündən sürməni aparırdı.

Mənim kətan geymiş ayabənzər türk gözəlim
Ürəyimə kətan kimi rəxnə salmışdı

və s.

Nizaminin"türk"ləri yalnız "gözəl" deyil, həm də "basqınçı" olduğu qədər də "müdafiəçi"dir:

Sənin saçlarının (ölkəsinə)
Həbəşistandan Taraza kimi
Ərəblər və türklər basqın ediblər.

***

Heç kim hələ türkü qarət edə bilməyib,
Heç kim öz evini hindliyə tapşırmayıb

və sair.

Nizami "Sirlər xəzinəsi"ndə doğulduğu ata-baba yurdu Gəncəni həm vəsf etmiş, onu "mənim Babilim" adlandırmış, həm də bu şəhərdə qəfəsə salınmış bir bülbül olduğunu söyləməklə şairlik-yaradıcılıq qüdrətinin həmin qəfəsə sığmadığına da eyham vurmuşdur: "Gəncə mənim yaxamı düyünləyibdir, bu düyün olmasaydı, İraqın xəzinələri mənim olardı. Bütün dünya bar-bar bağırır ki, ey qulam, Gəncə hara, Nizami hara!"

"Sirlər xəzinəsi"ndəki türk ruhunun təsiridir ki, çox keçmədən ona türkcə nəzirə-cavablar yazılmışdır. XIV əsrin sonu, XV əsrin əvvəllərində Heydər Xarəzmi əlinə qələm alıb əsər yaratmaq eşqinə düşəndə, özünün dediyi kimi, Nizaminin ruhu ona məsləhət görür ki, "mənim yolumla get, ancaq türkcə yaz, bu gün dövran türklərin dövranıdır". Nizamiyə bu cür türk təəssübkeşliyilə münasibət özünü XV əsr başqa bir dahi türk-özbək şairi Əlişir Nəvaidə də göstərir.
Artıq neçə on illərdir ki, nizamişünaslar dahi şair-mütəfəkkirin türkcə yazmış olduğu əsərləri axtarır, lakin tapa bilmirlər. Görünür, onunla kifayətlənmək lazım gələcək ki, Nizami öz dövrünün populyar ədəbi dili olan farscada məhz türkcə yazmışdır. /525.az/

Yenililklər
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.