“Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub
28.07.21
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin və elmi işçisi, politologiya üzrə fəlsəfə doktoru Abbas İslamovun həmmüəllifi olduğu “Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub.
İnstitutdan bildirilib ki, rus və ingilis dillərində ərsəyə gələn nəşr erməni irqçiliyinin dərin köklərinin ifşasına həsr edilib. Kitabda qeyd olunub ki, gizli hərəkətverici qüvvə kimi fəaliyyət göstərən irqçi ideologiyası radikal erməni millətçiliyini onilliklər ərzində Cənubi Qafqaz xalqları üçün qanlı fəlakətə çevrilən təcavüzkar nasizm səviyyəsinə gətirib. Erməni işğalçı ordusunun məğlub olmasına, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə və Vətən müharibəsinin qələbə ilə başa çatmasına baxmayaraq, erməni irqçiliyi və nasizm ideologiyası heç də öz mahiyyətini və məzmununu dəyişməyib. Sözügedən ideologiya həm Ermənistanın özündə, həm də çoxsaylı erməni diasporlarında erməni milli şüurunun əsas hərəkətverici qüvvəsinə çevrilib. Erməni irqçiliyi nəinki müasir dövrün yeganə irqçi ideologiyasıdır, eləcə də erməni mühitində fəal təbliğ olunur və bölgədə sülh və sabitlik üçün təhlükə olaraq qalmaqda davam edir. /Azərtac/
|