Elçin Hüseynbəylidən yeni hekayə - Arxadan vurulacağını gözləyirmiş kimi...
17.08.21

"O baxışlar mənə tanış idi..." və buna oxşar ifadələrə hekayədə bir neçə dəfə rast gələcəksiniz. Bezikdirici olmaz, yəqin. Bunun hekayənin təsir gücünü artırıb-artırmayacağını da deyə bilmərəm. Amma bu, mənim üçün vacibdir. Düzü, bunu sizə niyə dediyimi də anlamıram...

***

- Komandir, bəlkə biz bu evi seçək? - çavuş Məmmədov ikimərtəbəli evə baxıb dedi...

Mən etiraz eləmədim.

...N saylı yaşayış məntəqəsini ermənilərdən təzəcə azad eləmişdik. Özümüz də yorğun və ac-susuz idik. Ona görə də  Məmmədovun təklifilə dərhal razılaşdım. 

Mən bölük komandiriydim və əsgərlərə tapşırdım ki, kəndi yaxşı-yaxşı axtarsınlar, əgər ekstremal bir hadisə baş verməsə, mövqeləri bərkidək, özümüz isə növbə ilə dincələk. Çünki qarşıda bizi ağır döyüşlər gözləyirdi.

Məmmədovun bəyəndiyi ikimərtəbəli evə girdik. Ondan əvvəl isə hər tərəfi - evin içini və çölünü yoxladıq. Yatmaq və çimmək istəyirdik. Həyətdə quyu vardı, suyu ordan götürə bilərdik, amma harda qızdıracaqdıq: nə işıq vardı, nə də qaz. Evin içindəki hamam yararsız idi. Çölə çıxdıq. Ətrafa göz gəzdirdik. Tikililəri bir-bir açıb baxdıq. 

Həyətdəki əl damlarının birində əldəqayırma su sobası və odun vardı. Sauna kimi bir yer idi. Məmmədova dedim ki, sobanın aşağısındakı qapağı açsın, odunları ora doldursun və yandırsın.

O da mən deyən kimi elədi. Su qızandan sonra növbə ilə yuyunduq və evə qayıtdıq. Birinci mərtəbədə mətbəx yerləşirdi. Stolun üstündə yığışdırılmamış süfrə vardı. Görünür, sakinlər buranı tələm-tələsik tərk eləmişdilər. Yuxarı qalxdıq. Mən geniş yataq otağına keçdim və paltarlı-zadlı çarpayıya uzandım. Məmmədova da tapşırdım ki, gözdə-qulaqda olsun, dincimi alandan sonra bir az da o yatar və yuxarıdan hər hansı komanda verilməsə, səhərə kimi burda qalarıq. O biri əsgərlərlə ratsiya ilə əlaqə saxlamaq olmazdı, çünki düşmən eşidə bilərdi. Ona görə də sıralama üsulundan istifadə edirdik, yəni xəbəri bir-birimiz vasitəsilə ötürürdük. Söz yox, ermənilər bizim burada oluğumuzu bilirdilər. Amma indiki məqamda ehtiyat igidin yaraşığıydı. Mən yuxuya getməyə macal tapmamış, aşağıdan səs gəldi, sanki nəyisə aşırdılar. Məmmədov məndən qabaq aşağı düşdü və dərhal da dalbadal atəş açıldı.

Səksəndim. "Vurdular!" deyə ağlımdan keçdi.

Divara söykədiyim avtomatı əlimə alıb hövlnak aşağı qaçdım. 

Amma Məmmədov sapbasağ idi və yerindəcə quruyub qalmışdı.

- Nə olub!? - deyə həyəcanla xəbər aldım.

- Komandir, mətbəxdə kimsə vardı, qaçıb bax ora girdi, - mən də arxasınca bir-iki güllə boşaltdım. - Çavuş dedi, daha doğrusu, kəkələdi və həmin istiqamətə dalbadal atəş açdı. 

Məmmədov kontuziyalıydı. Hərdən tutması tuturdu...

Mən onun qolundan tutdum, yəni "bəsdir" və göstərdiyi səmtə baxdım. Divarda ensiz və alçaq qapı vardı, özü də azacıq aralıydi. Biz ona indiyə kimi fikir verməmişdik, yəqin ona görə ki, divar rəngindəydi. Qapını açdım. Aşağı pılləkənlər düşürdü. Anladım ki, aşağıda zirzəmi var və yol da ora aparır.

- Sən qal, - deyə Məmmədova pıçıltıyla dedim və başımı aşağı əyib zirzəmiyə düşdüm. Qapını isə açıq qoydum ki, içəri işıqlansın. Bərayi-ehtiyat aşağı bir-iki güllə də atdım və rus dilində "Burda kimsə var?" - deyə çağırdım. Cavab gəlmədi. Mənə elə gəldi ki, Məmmədovun gözünə görünən siçovul imiş, çünki heç bir səs-səmir yox idi. Birdən qulağıma səs gəldi, sanki pişik döşəməni cırmaqladı və astadan miyoldadı. 

Başımı ehtiyatla aşağı əyib pillələrin altından baxdım. Fənərlə oranı işıqlandırdım.

Küncdə bir qadın büzüşüb oturmuşdu. Əlləri ilə iki uşağın başını özünə sıxmışdı. Yan-yörəyə baxdım. Şüşə balonlar, plastmas çəlləklər, dəmir və taxta qutular... Başqa heç nə.

Bir müddət baxışdıq. Qadının gözlərində qorxu və təlaş vardı. O baxışlar mənə tanış idi. Sonra o, gözlərini aşağı dikdi... 

- Sizdən başqa burda kimsə var? -deyə astadan rusca soruşdum.

Qadın dinmədi. Sualımı bir də təkrarladım, yenə də cavab olmadı.  Qadın heç qımıldanmadı da. Ya  kar idi, ya da rus dilini başa düşmürdü. 
Məmmədov da mənim dalımca aşağı enmiş və arxamda dayanmışdı. Yaxınlıqdakı evlərdə yerləşən əsgərlərdən bir neçəsi də səsə gəlmişdi.

- Eeey!? - Bu dəfə səsimin tonunu bir az qaldırdım.

Qadın səksəndi və üzümə baxdı.

Əlimlə işarə elədim ki, ayağa durub yuxarı qalxsınlar.

Qadın qorxa-qorxa ayağa qalxdı, uşaqlarının da əllərindən tutub qaldırdı. 

Yuxarı çıxdıq. Baxdım ki, uşaqların hər ikisi oğlandır. Biri 3-4, o birisi 6-7 yaşında olardı.

Balaca uşaq ağlayır, anasının paltarını didişdirir və öz dilində nəsə deyirdi, daha doğrusu, nəsə istəyirdi. Böyük oğlan isə təəccüb və qorxudan bərəlmiş gözlərilə bizə baxırdı.

Məmmədov:

- Komandir, indi neyliyək bunları, bəlkə o məsələ?  

- Tələsmə, - dedim, - hələ araşdıraq görək kimdilər, nəçidilər.

Məmmədov bu dəfə daha çox kəkələdi:

- Kiiim olacaqlar, eeermənidirlər də!

- Orasını bilirəm...

- Öööldürməsək, biiizə yük olacaqlar.

- Elədir.

- Ooonda nəyi gözləyirik?

O biri əsgərlər də suallı baxışlarını üzümə dikdilər.

Mən cavab vermədim və qadını əlimlə başa salmağa çalışdım ki, kim olduqlarını desinlər.

Qadın yenə də dinmədi. Balaca uşaq başını anasının qarnına sıxmışdı, böyük oğlan isə mənə təəccüb və heyrətlə baxmaqda davam edirdi, sanki üzümdə nəsə axtarırdı.

Anası oğlu ilə mənim baxışlarımın kəsişdiyini görüb qorxdu, onun da başını özünə sıxdı, gözlərini də əli ilə bağladı.

- O şkafları axtar görüm nə tapırsan? Sənəddən-sünəddən, - Məmmədova əmr elədim.

Çavuş siyirmələri çəkib baxdı. Qadın, deyəsən, nə axtardığımızı anladı və əlini qoynuna atıb bükülü çıxardı.

Bükülünün arasında almaz qaşlı cürbəcür qızıl üzüklər, sırğalar, bilərzik, boyunbağı, əzilmiş əskinaslar və sənədlər vardı. İki pasport diqqətimi çəkdi. Açıb baxdım. Hər ikisi qadına məxsus idi. Şəklindən tanıdım. Pasportun biri erməni, o biri ərəb əlifbasıyla yazılmışdı. Ərəb əlifbası yazılan sənədə qadının cavanlıq şəkli vurulmuşdu. Hələ uşaqkən nənəmin quran kitabında bu hərfləri görmüşdüm və bəzilərini də bilirdim.

Cavan şəkil olan pasport ağ rəngdəydi, üstündəki herb silinmişdi, ancaq yaşıl çalar hələ də dururdu. Güman ki, livanlıydı.

- Bu ermənilər Livandan köçmədilər, - dedim və hardan ağlıma gəldisə:

- Salaməleykim, -  dedim.

Qadının qırışığı, sanki açıldı. Cavab vermək istədi, amma boğazı qurumuşdu, ya nəydi, heç nə deyə bilmədi.

- Livan erməniləridir, - təkrar elədim, sanki öz-özümə danışırdım.

Məmmədov heç nə anlamadı.

- Meşəyə aparım, onları?

- Yox, - deyə etiraz elədim.

Qadın yalvarışlı baxışlarını mənə zilləmişdi. Bayaq dediyim kimi, həmin baxışlar mənə tanış idi, təpənin o üzündəki kəndimiz işğal olunanda anam bizi də götürüb qarlı meşəyə qaçmışdı. Amma ermənilər bizi hər tərəfdən mühasirəyə almışdılar, qırdıqlarını qırmış, bəzilərini isə diri-diri yandırmışdılar. O zaman mən ermənilərə yalvaran anamın gözlərindəki qorxu və təlaşı tam anlaya bilməmişdim, heç anlamağa macal da tapmamışdım. Avtomatdan açılan güllələr anamı, bacımı və məni yerə sərmişdi. Anam bacımı qorumağa macal tapmamış və yalnız məni sinəsinə sıxa bilmişdi. Eləcə üzüquylu yerə yıxılmışdı. Necə sağ qalmışdım, məni kim və necə tapmışdı, onu da xatırlamırdım. Amma böyüyəndən sonra söz vermişdim ki, anamın, bacımın, bütün qohum-əqrəbamın qisasını alacam. Ona görə də hərbçi olmuşdum. Əslində, qisasımı alırdım da. Amma arvad-uşaq mənlik deyildi. Mən həmin qadına baxanda, anamı, öz arvadımı və uşaqlarımı yada salırdım... Görünür, analar öz övladlarını qorumaq üçün eyni qorxu hissini yaşayırlar.

Qadının baxışlarına dözmədim, keçmiş kədərli xatirə də bir tərəfdən mənə əzab verirdi. Ona görə də:

- Mənə elə baxma, - deyə öz dilimdə qışqırdım.

Qadın qorxdu, gözlərindəki heyrət daha da artdı.

Öldürək onları, komandir, özümüzlə daşıyası deyilik ki!

- Öldürmək lazım deyil. Onların nə günahı?

- Bəs bizimkilərin günahı vardı!? Xocalıda heç kimə aman vermədilər.

- Ermənisən!? - deyə bağırdım.

Məmmədov coşdu:

- Eeeerməni niyə oluram ki!?

- Çünki arvad-uşaq öldürmək onların işidir.

- Elə bilirsən bu dığalar böööyüyəndə saaakit oturacaqlar? 

Məmmədov düz deyirdi. Oturmayacaqdılar!

- Nə lazımsa, onu da edəcəyik, - o biri əsgərlər də eşitsin deyə qəzəblə dedim.

- Mən də onu deyirəm da! - Məmmədov az qala bağırdı.

Ermənilər dağ dediyimiz təpənin o üzündəki mövqelərdəydilər və döyüş də o təpə uğrunda gedəcəkdi. Səhər tezdən düşməni təpədəki mövqelərdən vurub çıxarmışdıq, amma hələ tam bərkiməmişdik, əlavə qüvvə gözləyirdik. Hər iki tərəf həlledici döyüşə hazırlaşırdı.
Mən təpənin o üzünə can atırdım, çünki doğma kəndim ordaydı. Kənd işğal olunanda 5 yaşımın içindəydim, onu tam xatırlamırdım, amma hansısa qüvvə məni ora dartırdı...

Çıxılmaz vəziyyət yaranmışdı. Döyüşdən çıxmış, qan-qada görmüş, ən yaxın dostlarını itirmiş əsgərləri başa salmaq müşkül məsələydi. Təmkinli görünsələr də, içlərindəki qəzəbi hiss edirdim. Əlləri tətikdəydi. Amma qadının və uşaqların günahı yox idi. Tək bircə günahları vardısa, o da erməni olmalarıydı. Çünki onlarda türkə qarşı nifrəti uşaqlıqdan yaratmışdılar. Ona görə də qarşılarına çıxan türkləri - qadınlı, uşaqlı, qocalı öldürürdülər...

Mən uzun müddət ermənilərə nifrətlə yaşamışdım, amma indi o hisslər yoxa çıxmışdı. Səbəbi də mənə aydın deyildi. Bəlkə ona görə ki, o vəhşiliyin insanlığa xas olmadığını anlamışdım... Bəlkə hisslərim korşalmışdı, ya da ona görə ki, böyümüşdüm...

Mən qisas hissi ilə alışıb-yanan çavuş Məmmədovu və əsgərləri sakitləşdirmək üçün:

- Özüm hər şeyi yoluna qoyacam, -dedim və qadına işarə elədim ki, qabağıma düşsün.

Məmmədov mənə şübhə ilə baxdı və adəti üzrə boynunu irəli uzatdı.

Qadın uşaqlarının əlindən tutub göstərdiyim səmtə getdi. 

Qadın qabaqda gedir, mən də onun arxasınca. Sağ və sol mövqelərdən arabir top səsləri eşidilirdi. Hər dəfə top atılanda qadın səksənirdi. 

Hiss edirdim ki, qadın getmir, ayaqlarını sürüyür və ayaq üstə ölüb. Böyük oğlan hərdən geri qanrılıb mənə baxmaq istəyəndə, anası onun başını özünə tərəf döndərir və bədəninə sıxırdı. Balaca isə daim nəsə istəyir və ağlayırdı. Təpə ilə bizim aramızda böyük bir ağaclıq vardı: nə bağ idi, nə də meşə. Ora girəndə dayandım. Keçmiş günlər, anamın yalvarışlı baxışları, güllələri hara gəldi səpələyən vəhşiləşmiş ermənilər yadıma düşdü. Bəlkə də bu qadın həmin ermənilərdən birinin gəlini, uşaqlar isə onun nəvələriydi? Onlar mənim anama, bacıma, qohum-əqrabama aman verməmişdilər. Bəs mən niyə aman verməliydim? Hələ bu erməni dığaları? Onlar türkə nifrətlə böyüyürdülər və gələcəkdə gördükləri hadisələri unutmayacaqdılar. Məmmədov kontuziyalı olsa da, düz deyirdi.

Qarmaqarışıq hisslər içindəydim. Hərdən məni qara basırdı... Anasının əllərindən tutan uşaqlar gözlərimin qabağında böyüyür, saqqallı vəhşilərə dönür, mənim arvadımın yalvarışlarına, uşaqlarımın məsumluğuna baxmayaraq, onları uf demədən qətlə yetirir, vəhşi bir gülüşlə qaqqıldayırdılar. Anaları onların tətik çəkən əllərini sığallayır, ataları da divanda oturub ləzzətlə siqaretini tüsdülədirdi...

Onları sağ buraxsaydım, daim lənət damğasıyla yaşayacaq, lənətlə xatırlanacaqdım. Qeyri-ixtiyarı olaraq avtomatı yuxarı qaldırdım.

Qadın bunu hiss elədi və dayandı. Bir müddət yerindəcə qurudu, bədəni tir-tir əsməyə başladı. Sonra halsız şəkildə geri döndü, ölü baxışları ilə mənə baxdı, uşaqlarının başını bərk-bərk özünə sıxdı və gözlərindən yaş süzüldü, dizi yavaş-yavaş bükülməyə başladı. Məni tər basdı...

Həyəcanlandım... 

Bu hal bir müddət davam elədi. Zaman sanki dondu. Bədənim keyimiş, başım, elə bil, qurumuşdu. Mən indi heç nə hiss eləmirdim... Birdən ağacların arasından şıqqıltı gəldi, sanki tapançadan atdılar və kimsə meşədən keçib təpəliyə doğru qaçdı. Diksinib ayıldım. Ətrafa baxdım. Sakitlik idi.

Qadın başını aşağı salmış və sual işarəsi kimi əyilmişdi. Mənə bir anlıq elə gəldi ki, qadını kimsə vurdu. Bəlkə mən vurmuşdum? Böyük oğlan həmişəki kimi mənə heyrət və qorxu ilə baxır, balaca oğlan isə daha ağlamırdı.

- Eyyy?! - deyə çağırdım. 

Qadın cavab vermədi. Yaxına gəlib avtomatın lüləsi ilə onu dümsüklədim. Uşaqlar analarına sığındılar. Qadın isə başını qaldırıb bulanıq gözlərilə mənə baxdı. Sanki keyimişdi. Ona işarə elədim ki, yoluna davam eləsin...

Ağaclıqdan çıxdıq və təpəyə doğru getdik. Təpədə hər şey ola bilərdi. Bizi vura bilərdilər. Sanki snayperin baxışlarını hiss edirdim. Kürəyim tərləyirdi...

Təpəliyə qalxdıq. Aşağıda erməni mövqeləriydi. 

- Gedin, - deyə işarə elədim, - sizinkilər ordadı.

Qadın əlimin işarəsini başa düşdü və təpədən aşağı endi. O, aşağı enərkən dəfələrlə dönüb mənə baxdı, bir neçə dəfə ayağı ilişib səndirlədi, amma yıxılmadı. Onun bir gözü arxadaydı və güllənin nə zaman açılacağını gözləyirdi...

Onlar təhlükəsizlik məsafəsinə çatana kimi baxdım.

Mənə elə gəldi ki, kimsə aşağıdan mənə əl eləyir. Gözlərimi ovuşdurub baxdım. Heç kim yox idi...

Aşağı endim. Təpənin o üzündən atəş səsləri qulağıma gəldi və səksəndim...

İyul-avqust, 2021 

/525.az/

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.