Fəxri Uğurlu - Klassikanı diri saxlamaq

08.11.21

Fəxri UĞURLU
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı

"NİZAMİ GƏNCƏVİ İLİ"NİN AKTUALLAŞDIRDIĞI MƏSƏLƏLƏRDƏN BİRİ

Böyük ingilis ədibi Şelli deyirdi: "Şairlər dünyanın tanınmamış qanunvericiləridir". Yəni çağdaş dünyanın proqressiv qanunları, beynəlxalq normaları, bəşəri dəyərləri min illər bundan qabaq yaşamış adını bilmədiyimiz şairlərin diləkləri əsasında formalaşıb. Yəni biz bu gün hansısa xeyirxah, humanist əmələ imza atırıqsa, bununla min illər əvvəl dövran sürmüş adını bilmədiyimiz o şairlərin arzusunu, öyüdünü, lap elə hökmünü yerinə yetirmiş sayılırıq. Ümidvaram bu məqamda "şair" anlayışının tək hərfi mənada yox, həm də insan ruhunun, Allahın keşiyində duran mənəviyyat qoruyucularının ümumiləşdirilmiş obrazı kimi işləndiyini ayrıca izah eləməyə ehtiyac yoxdur...

Biz klassik ədəbiyyatımızın konturlarını yalnız keçmişimizin mənzərəsi kimi yox, həm bu günümüzün, həm də gələcəyimizin ifadəsi, yol xəritəsi kimi nəzərdən keçirməliyik. Gerçəkdən də, ali həqiqətlər, yüksək mənəvi dəyərlər əvvəlcə ədəbi-fəlsəfi əsərlərdə öz ifadəsini tapır, yalnız bundan sonra sənədlərə, qanunlara köçürülür. Hər böyük sənətkarın qələmindən çıxan əsər bəşəriyyətin taleyinə dair bir layihədir; bu layihələrin bəzisi gözümüzün qarşısındaca reallaşır, bəzisi də hələ yüz illər öz növbəsini gözləyəcək. Məsələn, bu gün fransız xalqı (eləcə də qalan Avropa xalqları) Volterin (eləcə də qalan maarifçi mütəfəkkirlərin) zamanında yaşayır; əgər bu münasibətlə fransızları təbrik eləmək istəsək, ardınca bunu da təəssüflə vurğulamalıyıq - Hüqonun zamanı öz xalqı üçün hələ də əlçatan deyil.

Əlbəttə, mən vaxtı keçmiş, müddəti bitmiş ədəbiyyatın (söhbət böyük sənət silsiləsinə qoşulan əsərlərdən gedir) olmadığı fikrini dilə gətirməkdən uzağam. Məncə, klassiklərə münasibətdə indikindən fərqli yanaşma ortaya qoyulmalı, belə deyilə bilərsə, ideya-məzmun baxımından sərrast çeşidləndirmə, doğru-düzgün təsnifatlandırma aparılmalıdır. Məsələn, son yüz ildə Azərbaycan xalqı da öz maarifçi babalarının ideallarını həyata keçirmək iradəsiylə silahlanıb; onların arzuladığı yaşayış normaları gündəlik həyatımıza tətbiq olunandan sonra, zənnimcə, maarifçi-demokratik ədəbiyyat da aktuallığını itirəcək (bilmirəm indi Volter çağdaş Fransada nə dərəcədə aktualdır). Ancaq Nizami Gəncəvinin ideallarına yetişmək üçün biz hələ uzun bir yol keçməliyik. Biz - yəni bütün bəşəriyyət.

Bu başqa söhbət ki, klassikanı aktuallaşdırmağın, ondan faydalanmağın, klassik ideyaların tozunu almağın çağdaş estetik tələblərə, forma qəliblərinə (bəlkə də qəlibsizliyinə), ədəbi vasitələrə uyğun üsulları tapılmalıdır. Aydın məsələdir, müasir Azərbaycan şairi Nizaminin işlədiyi qəliblərdə, formalarda iri həcmli poemalar yazmaqla böyük ustada sədaqətini göstərməyə çalışsa, ciddi qəbul olunmayacaq. Ancaq klassik ədəbiyyat motivlərindən, təravətini itirməmiş ideyalardan, tutalım, Nobel mükafatı laureatı, dünya şöhrətli türk yazıçısı Orxan Pamuk kimi yararlana bilsə, uğur qazanacağı şübhəsizdir. Yeri gəlmişkən, Pamukun ədəbi-estetik gedişləri, forma-üslubu Avropa sənət mühitinə aşağı-yuxarı çoxdan tanış idi; əgər o, Avropa nəsrindən əxz elədiyi forma qəliblərini klassik Şərq-müsəlman ədəbiyyatından (Firdovsidən, Nizamidən, Əttardan, Mövlanadan, Nəsimidən...), öz təbirlərincə desək, alqıladığı ideya-məzmunla doldurmasaydı, Qərb ölkələrində bunca maraqla qarşılanmazdı. Əgər bu gün Şərqin ən böyük mistiklərindən olan Cəlaləddin Ruminin adı azad, demokratik Qərb dünyasında əziz tutulursa, Mövlana Qərb ölkələrində ən populyar şairlərdən birinə çevrilirsə, demək, onun ideyaları bəşəriyyət üçün hələ də maraqlıdır, hələ də aktualdır; demək, bəşəriyyətin qarşısında elə suallar durur, onlara hətta yüksək demokratiya şəraitində də cavab tapmaq asan deyil. Bu kilidləri açmaq üçün insan oğlu yüz il, min il bundan əvvəl yazılmış əsərlərin dərinliklərinə baş vurmağa məcbur qalır...

Bizdə isə gənc ədəbiyyat adamları arasında buna bənzər məsələlər hələ də müzakirə olunur: bu gün Nizami yaradıcılığı hansı cəhətləriylə aktualdır, Nizamini oxumaq müasir oxucuya nə verə bilər?

Çox güman, klassik əsərlərə belə skeptik münasibət - ən müasir, ən yeni dərdlərini, bəlkə hələ adı da tapılmamış xəstəliklərini klassiklərin boynuna atmaq, bütün bunların onlardan miras qaldığını sübuta yetirməyə çalışmaq (eynən irsi xəstəliyə tutulan övlad mərəzə yaxalanmağının, işləri gətirməyən uğursuz vələd nəhs qəziyyələrə ürcah olmağının səbəbini valideynlərində, əcdadlarında gördüyü kimi) ideoloji baxımdan oturuşmamış, əmgəyi bərkiməmiş bir sıra başqa ölkələrin gəncliyinə də xasdır. İzləyə bildiyim qədər Rusiyada da milli klassikaya, məsələn, bu il anadan olmasının 200 illiyi qeyd olunan Dostoyevskinin əsərlərinə belə bir təftişçi yanaşma hökm sürür. Gənclər soruşurlar: axı bir əsr yarım əvvəl qələmə alınmış romanlar bu gün öz babalarından qat-qat bilgili olan nəvələrə hansı yeni həqiqətləri aşılaya bilər, onları hansı kəşflərlə heyrətləndirə bilər?

Əlbəttə, burada gənclik təkəbbürünün də rol oynadığını gözdən qaçırmaq olmaz (sualın cavabını bu çərçivədə qapalı saxlamamaq şərtilə). Əgər deyildiyi kimidirsə, onda biz gərək buna da inanaq: bu gün universitetin fizika fakültəsini bitirmiş gənc mütəxəssis Nyutondan da, Arximeddən də qat-qat savadlı, bilikli olduğuna görə onlardan qat-qat üstün, böyük adamdır... Yəqin o gənc fizik özü də bu iddiayla razılaşmaz.

Fikrimcə, Nizaminin, eləcə də, qalan klassiklərin əsərlərini şagirdlərə, tələbələrə tanıtmağın daha maraqlı, daha modern üsulları tapılmalıdır. Sovet dönəmində bu əsərlər marksist ədəbiyyatşünaslığı prizmasından çox sönük təhlil olunurdu; nəticədə Nizaminin kərpickəsən qocası məktəblərdə Karl Marksdan yeddi əsr əvvəl yaşamış marksist əməkçi kimi qələmə verilirdi. Keçmişdən qalma bu tendensiya, çox təəssüf, hələ də qorunub saxlanmaqdadır. Belə gülünc hallardan yayınmaq üçün klassikləri doğma kontekstinə qaytarmaq, onları öz varlıqlarına adekvat şəkildə tanıtmaq, konkret Nizamidən danışırıqsa, onun yaradıcılığını islam dini, idealizm fəlsəfəsi kontekstində öyrənib-öyrətmək lazımdır.

Sovet dərsliklərində bizə belə deyirdilər: guya Nizami Gəncəvinin məqsədi ağılsız, ədalətsiz, zalım şahları tərbiyələndirmək olub. Eləydisə, onda gərək şahlığın, sultanlığın tarix səhnəsindən silindiyi dövrdə Nizami də aktuallığını itirmiş, çoxdan unudulmuş olaydı. Hər şeydən göründüyü kimi, qətiyyən elə deyil. Üstəlik, bəşərin gəncəli müəllimi mürəkkəb insan xislətinin öyüd-nəsihətlə islah olunacağına inanacaq qədər sadəlövh də deyildi - bunu onun əsərlərini oxuyan hər kəs aydın görə bilər.

İdeya-fəlsəfi platforması baxımından platonçu, mistik olmaqla yanaşı, Nizami Gəncəvi ortodoksal müsəlman, Allaha, Qurana, şəriətə, peyğəmbərə, dörd rəşidi xəlifəsinə sadiq bir dindar idi. Hətta mistik obrazı göz qamaşdıran Məcnunun əhvalından bəhs eləyəndə də onun namazından, orucundan qalmayan bir iman əhli olduğunu vurğulamağı unutmur. Bir çox şairin, mütəfəkkirin düşüncəsində toqquşan, yola getməyən bu baxışlar, dünyagörüşlər onun əqidə süfrəsində bir-birini tamamlayan nemətlər kimi yan-yana düzülür. Neçə qızıl başları cəllad ayağına aparan düşmən ideyalar, barışmaz fikirlər Nizami yaradıcılığında sağ əllə sol əl kimi mehribanca yardımlaşır, bir-birinə dəstək verir. Bu baxımdan Nizami Gəncəvini özündən bir az əvvəl yaşamış böyük filosof, din islahatçısı, "ikinci Məhəmməd peyğəmbər" ləqəbli Məhəmməd Qəzzaliyə bənzətmək olar.

Yeri gəlmişkən, müstəqilliyimizin bərpasından keçən illər ərzində saf din axtarışıyla sağa-sola baş vuran, mənşəyi, məsləki, məqsədi bilinməz cürbəcür təriqətlərin mənəvi fəzamıza yaydığı qara dumanda azıb səmtini itirən səmimi gəncləri Nizaminin baxışlarıyla tərbiyələndirmək çox faydalı olardı. Bu ölkədə kimsə dinə, şəriətə Şeyx Nizamidən yaxşı bələd olduğunu söyləməyə cürət eləməz. Əgər doğrudan da saf din, gerçək islam axtarırsınızsa, buyurun Nizamini oxuyun! O, sizi mütləq aydınlığa çıxarar.

Üç dinin (zərdüştilik, xristianlıq, islam) müqəddəs bayramlarının heç bir rəsmi sifariş, məcburiyyət olmadan ellikcə keçirildiyi, multikulturalizmin, tolerantlığın dövlət siyasəti elan olunduğu bir ölkədə radikallığa, dözümsüzlüyə meyilli gənclər varsa, demək, ideoloji təbliğat sahəsində boşluqlar var. Azərbaycan ədəbiyyatının resursları o boşluqları doldurmağa artıqlamasıyla yetər. Nizami Gəncəvinin külliyyatından tutmuş Hüseyn Cavidin yaradıcılığına qədər bütün klassik ədəbiyyatımız, aşıq poeziyamız, folklorumuz, o cümlədən, dastanlarımız ürfan havasıyla nəfəs alır. Sufi-təsəffüv ruhunu dirçəltməklə biz mürgülü milli əxlaqımızı da oyada, gənc nəslimizi zəhərli dini-siyasi cərəyanların hədəfindən yayındıra bilərik. Bu fikri çox yox, bircə örnəklə dəstəkləmək istəyirəm: bizdə nəinki sıravi adamlar, hətta ziyalıların da çoxu fars-İran şiəliyi ilə sufi-qızılbaş şiəliyinin, başqa cür desəm, şiəliklə ələviliyin fərqini bilmir; halbuki bunların fərqi olmasaydı, çağdaş İranın dini-ideoloji qərargahı Qumda yox, Ərdəbildə yerləşərdi, o halda Ərdəbil mollası da Azərbaycan dövlətinin varlığına kəm baxmazdı...

Obrazlı desək, millət - ruh, dövlət - o ruhun bədənidir. Milli ideologiya milli ruhun ifadəsi, danışan dilidir, bu ideologiyanı ilk növbədə milli ədəbiyyat formalaşdırır; yəni ədəbiyyat hər şeydən əvvəl ideoloji hadisə, milli ruhu, deməli, həm də onun təcəllası olan dövləti diri saxlayan mənəvi qidadır. Bu gün - müstəqilliyimizin bərpasından otuz il keçəndən sonra ideoloji qaynaqlarımıza nəzər salanda əminliklə deyə bilərik: biz dini baxımdan müsəlman (dindar olsaq da, olmasaq da), etnik baxımdan turanlı (türk olsaq da, olmasaq da), coğrafi baxımdan qafqazlı, siyasi baxımdan avropalıyıq. Bunların biri o birini əsla sıxışdırmır, döymür. Bunlardan hansısa birini dansaq, mənəvi bütövlüyümüz hökmən yaralanacaq.

Kitab əhli olmayan, kitaba sığınmayan qövm tarixdən amansızcasına silinir, ən yaxşı halda başqa xalqların bətnində əriyib itir. Kitabdan, ədəbiyyatımızdan, klassiklərimizin ətəyindən bərk yapışmalıyıq - "Nizami Gəncəvi ili"nin şəxsən mənə verdiyi mesajlardan birincisi budur. Başda ulu Nizami olmaqla klassiklərimiz keçmişdən gələcəyimizə işıq tutan bələdçilərimizdir. Velosiped icad eləməyə ehtiyac yoxdur - ideoloji babalarımız, qurucu atalarımız bizə doğru yön veriblər. Qalır xalqı o yolla gələcəyə aparmaq, yaxud da yola salmaq.

Klassiklərimiz arasında işığı ən uzaqlara düşənlərdən biri yox, elə birincisi Nizami Gəncəvidir. Həm də uca şeyx tək bir qövmün, ümmətin yox, bütün bəşəriyyətin getdiyi, getməli olduğu, gedəcəyi yolu aydınladan parlaq zəkadır. Bütün azman mistiklər kimi Nizaminin də idealı kamil insan, ruhani cəmiyyətdir. Elə bir cəmiyyət ki, onun nə orduya, nə polisə, nə də vergi məmuruna ehtiyacı olsun. Elə bir cəmiyyət ki, orada insanlar, böyük türk şairi Nazim Hikmət demiş, bir ağac kimi azad, bir orman kimi qardaşcasına yaşasınlar. Yer kürəsində o zaman gəlib yetişməyincə Nizaminin dövranı da bitməyəcək. Bəşər cəmiyyəti dillərin, dinlərin, mədəniyyətlərin bir-birinə sarmaşdığı, tolerantlığın müqəddəs dəyər sayıldığı vahid ailəyə çevrilməyincə bizə doğru yol göstərən bütün peyğəmbərlər kimi Nizami Gəncəvi də aktuallığını itirməyəcək. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.