Günel Natiq - Ayı dərisi 
30.12.21

Povest
                                                                                              
-Mirzə, olar?
Mirzə yazı masasının arxasından durub qonağa yaxınlaşdı.
-Gəl, Adaxan, keç içəri.
Qoltuğunda qovluqlar tutmuş cavan oğlan ayaqqabılarını kandardakı əskiyə ciddi cəhdlə sildikdən sonra içəri girdi. Stulların birində oturdu, amma stulun laxladığını hiss edib tez ayağa durdu. Qonağının pərtliyini hiss edən Mirzə heç nə olmamış kimi:  
-Adaxan, gərək bağışlayasan, o stul qırıqdır, səni də orda oturtdum… Gəl, keç mənim yerimə. Keç, keç.
-Mirzə, nə danışırsınız. Sizin yerinizə keçmək olar? Siz bizim ustadımızsınız.
- Ustad yeri deyil, mənim evimdəki ən etibarlı stullardan biridi,- deyə Mirzə onu öz yerində əyləşdirdi. Kağız-kuğuz və kitablar qalaqlanmış stolun arxasında oturan qonaq özünü naqolay hiss edirdi.
- Mən öz yerimi bilirəm, ustad.  Ustada xor baxmaram, bəziləri kimi…
Mirzə kağız-kuğuzu sahmana sala-sala:
-Sən qədirbilənsən oğlansan, Adaxan. Hə, nə oldu, dissertasiyan üçün yeni materiallar toplaya bildin?
   - Topladım, Mirzə, sizə gətirdim ki, baxasınız. Mən bu materialları saf-çürük edə bilmədim. Əcnəbi dövlətlərin hüquq sisteminə sizin kimi bələd deyiləm, hərçənd ixtisasca hüquqşünasam. Sizin kimi güclü analitik bacarığım yoxdur.
 Adaxan bunları deyə-deyə qovluğu açıb kağızları çıxardı.
-Ustad, dissertasiyanın birinci hissəsini oxudum, möhtəşəm yazmısız! İkinci hissəni sizin manevrlərinizdən faydalanaraq özüm yazmağa çalışdım, amma heyhat! Siz elə yazırsınız ki... Hədər yerə sizə Mİrzə demirlər ki… Mən sizə heyranam... Mən sizin kimi heç vaxt yaza bilmərəm...
- Şərt deyil ki, sən mənim kimi yazasan. Məsələn, sən Adaxan kimi yaza bilərsən. Məgər bu pisdir? Kİm deyə bilər ki bu pisdir? Bir də ki sən hüquqşünassan, düşüncələrini bədii əsər kimi yazmaq məcburiyyətində deyilsən. Hmm... Yaxşı, bunlar qalsın, mən baxacağam.
Mirzə Adaxanın onun önünə çəkdiyi kağızlara nəzər saldı, işin məğziylə tanış olandan sonra təkrar qovluğa yığdı. Adaxan onun hər əl hərəkətini diqqətlə izləyir, sözünü göydə tutur, ehtiramlı təbəssümlə dinləyirdi.
- Adaxan, ədəbiyyatda da fakta çevriləcək predmetlər var. Məsələn, yazışmalar, məktublar. Bəzən isə yazıçılar özləri məqsədli şəkildə bu məktubları ədəbiyyat faktına çevirirlər. Mənim əlimdə çox dəyərli məktublar var. Qaratayın həyatıyla bağlı məktubları nəzərdə tuturam...
- Mirzə, mən redaksiyaya gələndən bəri Qaratay poeziyasına sizin böyük maraq göstərdiyinizi görmüşəm. Halbuki 50- ci illərdə yaşamış bu şairin yaradıcılığı haqqında demək olar ki, heç bir bilgi yoxdur, əgər bir neçə şeirini hesaba almasaq.
- Məsələ də elə o şeirlərdədir, dostum. O şeirlərdə tale var.- Mirzə siqaret qutusunu götürüb həmsöhbətinə təklif elədi,- çəkirsən?
Adaxan başını buladı. Mirzə siqaretdən bir qullab vurub gözlərini qıydı, elə bil gözləgörünməyən mətləbləri görmək istəyirdi.
- O şeirlərdə çox dərin mətləblər var, elə bu da məni Qaratayın poeziyasına daha çox diqqət ayırmağa vadar edir. Bəziləri qəbul etmək istəmir, amma o, dissident idi. Ömrünün son illərini uzaq tayqada keçirmək onun şəxsi arzusu deyildi.
-Ustad, şübhəsiz ki, sizin yazmaqda olduğunuz sənədli roman- Qarataya həsr olunmuş-  möhtəşəm bir əsər olacaq. Qaratayın taleyi diqqətləri özünə çəkəcək…
-Adaxan, bir məqamdan sonra insanın şəxsi taleyi ədəbiyyata çevrilir. Çünki ən vacib nəsnələr hansısa materialdan deyil, sevinc, kədər və həqiqətdən yarananlardır... Mən bu romanı  yazmaqla Qaratayı bir də həyata gətirmək, qovulduğu mühitə yenidən qazandırmaq istəyirəm.
-Əlbəttə, ustad. Sizin fədakarlığınız...
-Qaratayla bağlı Bakı arxivlərindəki materiallar yetərincə deyil,- Mirzə onun sözünü kəsdi. – Düzdür, bunlar dəyərli sənədlərdir və düşünürəm ki, məni çox maraqlı və gərəkli yola salacaq. 70-ci illərə aid olan bu məktublarda bir neçə rus soyadına rast gəldim, onların hansı yazıçılar ola biləcəyini təxmin edirəm, amma əlimdə tutarlı dəlil yoxdur. Hər halda çox güman ki, Rusiya arxivlərinə də baş çəkməli olacağam.
-Mirzə, məni bağışlayın, sizin işinizə müdaxilə etməyə cəsarət edirəm, amma bəzi ağzıgöyçəklər deyir ki, siz dəyərli vaxtınızı boş yerə itirirsiniz. Guya dissident bir şair haqqında yazmaq sizin başınızı ağrıda bilər. Düzdür, Kommunist Partiyasının nüfuzu əvvəlki illərlə müqayisədə bir az səngiyib, amma…
- Mən o partiyanın üzvü deyiləm, dostum, heç vaxt da olmadım. Hətta vəzifənin qarşılığında belə... Heç vaxt qorxmadım və qorxmuram da. O ki qadı Qarataya… Təsəvvür edirsən, belə bir şairi yenidən ədəbiyyata qazandırmaq nə deməkdir? Çoxunun ağlına da gəlmir ki, belə bir şair vardı, o şair ki, yazdıqları dupduru poeziya idi…
Adaxanın masanın arxasında canı sıxıldı elə bil. Əlləriylə masaya təzyiq elədi. Mirzə bunu hiss etmədi.
-Qaratay vətəndən hiss etdirilmədən uzaqlaşdırılmışdı. Onun dərdini deyəcək bir kimsəsi yox idi. Bir tək sözlə bölüşürdü sarsıntılarını. Amma o sözləri-şeirləri də dinləmək istəmirdilər. Bu dəhşətdir.
Mirzə siqaretdən bir qullab da vurub susdu, elə bu vaxt Adaxanın darısqal yerdə sıxıldığını hiss elədi.
- Sənin yerin narahatdır deyəsən, üzrlü say, masa gediş-gəlişə mane olduğu üçün divara yaxın çəkmişəm... Azca qabağa çək, amma yavaş, çay dağılmasın, hə bax belə.
Adaxan deyəsən masanıı çəkilməsiylə rahatlamadı, qalstukunu da bir az boşaltdı. Mirzə gülümsündü.
- Bax, sən dar yerdə necə boğulurdun, o da elə boğulurdu- Qaratayı deyirəm. İzolyasiya və tənhalıq eyni şey deyil. Onun yeganə çıxış yolu inandığı həqiqətlər idi, axı insanın inandığı şeylər onun dünyasına çevrilir... Belə-belə işlər... Sən çayını soyutma, iç.
Adaxan gülümsəməyə çalışaraq çaydan qurtum aldı.  Gedəndə əlini ürəyinin üstünə qoyub xəfifcə təzim etdi, sonra dönüb qapıya yönəldi, amma qapıdan çıxanda da ehtiramını göstərməyi unutmadı, qapıdan dal-dalı çıxdı.
“Yaxşı oğlandır,- Mirzə özlüyündə düşündü.  Ədəb-ərkanlıdır. Belə iddiasız, təmənnasız adamları dəyərləndirmək lazımdır. Əslində insanları bəzən yanlış qiymətləndirirəm. Xızır haqqında da yüksək fikirdəydim. Amma mənim haqqında dediklərini eşitdikdən sonra bir az məyus oldum. Məsələ mənim haqqımda yanlış fikirdə olması deyil, məsələ ondadır ki, demək tamamilə yanlış yoldadır”.  Və stolun arxasına keçdi.
Adaxanın dissertasiyasının ikinci fəslinin redaktəsi Mirzəyə ağır başa gəlirdi. Tez-tez siqaret yandırır, otaqda var-gəl edir, beynini yeni informasiya ilə yükləyirdi. Sonra yeni fikri ürkütməmək üçün tələsik masanın arxasına keçirdi. Bəzən bütöv hissələrin üstündən çalın-çarpaz xətlər çəkirdi- həmin boşluq yeni informasiyanı acgözlüklə udurdu.
Qaratay haqqında yazılacaq kitab üçünsə materiallar azlıq edirdi. Mirzə bir neçə dəfə şairin oğlu Şamxalla əlaqə qurmaq istəsə də alınmamışdı. Rusiya arxivlərinə baş çəkməli olacaqdı.

***
Rusiyanın gözdən-könüldən uzaq bu ucqar vilayətində yalnız bir mövsüm vardı- qar mövsümü. Burda yaşayan insanların qardan başqa ümidləri və qardan başqa qayğıları yox idi.
İki balaca gözdən ibarət daxmaydı. İçəridə əsl rus sobası yanırdı. Mirzə bəzən düşünürdü ki, rus məişətinin ən böyük gerçəkliyi elə bu sobadır. Nağıllarda İvanın üstündə yatdığı, bəzən sehrli daşınma vasitəsinə çevrilən, isti fəsəlilərin bişdiyi, buzu əridib suya çevirən əsl rus sobası...
Bir vaxtlar Beriyanın göstərişilə tikilmiş arxiv idarəsi bu vilayətdə yerləşirdi. Elə ona görə də SSRİ-nin müxtəlif diyarlarından gələn alimlərin yolu burdan keçirdi. Daxmada tək yaşayan Lesya xala evini məmnuniyyətlə qonaqlara kirayə verirdi.
Daxmanın bir gözündə Mirzə yerləşmişdi. Otağa çökən sükutu yalnız sobanın üstündəki çaydanın səsi pozurdu. Pəncərənin o tayında arxayınlıqla yağan qar isti daxmada rahatlıq hissi yaradırdı.
Pəncərənin qabağındakı kiçik stolun arxasında oturub işləyən Mİrzəni soyuqdan ayı dərisi qoruyurdu. Ayı dərisi xəstəhal və çəlimsiz, şaxtaya dözümsüz Mirzənin yaman dadına çatmışdı.
Ayı dərisinin Lesya xalanın taleyilə birbaşa əlaqəsi vardı. Ayı dərisi onun intiqamıydı, amma Mirzənin sezgilərinə görə, bəlkə də onu günahlardan arındırırdı. Bəlkə ona görə bu dəriyə belə rahatlıqla bürünə bilirdi. Ayı dərisinin tarixçəsi beləydi...
Vaxt o vaxt idi ki, Lesya xalanın oğlu İlya tayqada işləyirdi. Öz evlərilə tayqa arasında bir neçə km məsafə vardı. İlya yer üzünün bu ucqar nöqtəsini çox sevirdi. Bu yerlər onu özünün təkrarsız, sərt təbiətilə özünə çəkirdi. Şairin dediyi kimi, bu yerləri anlamaq elə onun təbiətini duymaq idi.
Tayqada yaşamaq asan deyil, dəhşətli şaxtalar olurdu, qurd ulamaları adamın canına vəlvələ salırdı.
Oğlu tayqaya gedəndən bəri Lesya xala həssas olmuşdu,  çölə çıxıb hər quşun, hər ilbizin səsinə qulaq verirdi, elə bil oğlunun olduğu yerləri hiss etmək istəyirdi. Lesya xala analıq hissinin ona verdiyi qəribə intuisiya ilə oğlunu yanında hiss edəcəyinə inanırdı.
Həmin gün də tayqanın genişliyini duymaq və oğlunu hiss etmək üçün Lesya xala təbiəti dinləyirdi. Hər cür səslərin içində ayı xırıltısı var idimi, yoxsa yox, bunun hesabını sonralar özündən çox soruşmuşdu…
Tayqada ağac kəsməklə məşğul olan İlyagil isə ayı xırıltısını eşitmişdilər. Tapdıqları yuvada ancaq ayı balaları vardı. Əslində onları köməksiz sandıqları üçün yuvadan çıxarmışdılar. Qəsəbədəki baytara göstərəcəkdilər. Sonra isə yəqin zooparka göndəriləcəkdi.
Səhəri gün İlya yerindən durub işə getməyə özündə güc tapa bilməmişdi. Bu canlı-cüssəli adama şaxta elə asanlıqla əsər edə bilməzdi. Yüngülvari soyuqdəymə olduğunu sanmışdı. Amma bir neçə gündən sonra dərisində qırmızı ləkələr peyda olan İlya qızdırmadan huşunu itirəndə həkimə üz tutmuşdular.
İlyaya allergiya diaqnozu qoyulmuşdu. Heç vaxt həkimə yolu düşməyən bu pəhləvan cüssəli oğlanın ağlına da gəlməzdi ki, ayıya qarşı allergiyası olsun. Ayıyla təmas allergiya yaratmış, ilkin müdaxilə edilməyəndə isə xəstəlik şiddətlənib fəsadlar vermişdi.
İlya bir neçə gündən sonra qəsəbənin xəstəxanasında keçinmişdi. Xəbər qasırğa kimi Lesya xalanın evini, həyatını, taleyini sarmışdı. Lesya xala əmin idi ki, həmin ayı balası şər ruhlar tərəfindən ona göndərilən bəladır və nə qədər ki, intiqam almayıb, nə o rahatlıq tapacaq, nə də İlyanın ruhu.
Ayı ovuna çıxmaq cəsarət istəyirdi. Diyarda gülləsi yan keçməyən cəsarətli ayı ovçuları var idi. Onların arasında qorxaq adama yer olmazdı.
Lesya xalanın ayı izinə düşmək istəyi onu ayı ovçularının izinə saldı. Ayı ovuna onu da aparmaları üçün yalvarıb-yaxardı. Bundan başqa, Lesya xalanın oğlunun gələcəyi üçün yığdığı pullar onların mükafatı olacaqdı.
Ayı izinə düşmək çətin olmadı. Ovçular ayı ləpirlərini asanlıqla seçirdilər, ayının pəncəsi üçcünc, ensiz idi, ləpirləri də o formada olurdu.
Yerlər bataqlıq idi, Lesya xala tez-tez yıxılır, amma yenidən qalxıb yola davam edirdi. Bu yol ona təsəlli kimi doğmuşdu.
Ayıların izləri onları çay kənarına gətirdi. Təxminən əlli metr aralıda böyük, boz bir ayı iki balasıyla suyu keçmək üçün vurnuxurdu. Ovçular tüfəngi hazırlayıb ayıları izləməyə başladılar.
Boz ayı balasının birini dişinə alıb suyun üstündən keçirdi, sonra o biri balasını... Ovçu boz ayını hədəf almaq üçün tüfəngi qaldıranda Lesya xala əlilyə qundağı aşağı saldı.
Boz ayı hər iki balasını təhlükədən qurtardı. Artıq maneə yoxdur, yola davam edə bilərlər. Ayı balaları şıltaqlıq edir, analarının böyür-başına toxunurdular. Boz ayı dişiylə onların boynundan tutub qabağa atır, getməyə tələsdirirdi.
Lesya xala yerində donub baxırdı. Ayıların da ayı xoşbəxtliyi varmış... Ürəyinin mərhəmətini sonuncu dəfə özündən qovub ovçuya işarə elədi.
Bir azdan ayı balaları nəyə görəsə yerə yıxılmış analarının böyür-başını gəzib onu qoxlayır, donquldanır, başlarını onun qoltuğunun altına soxurdular.
Lesya xala bütün bunları görməmək üçün gözünün önünə tor çəkmişdi. Elə bil yaddaşı da tora bürünmüşdü, çünki belə lazım idi.
Ovçu, ayı dərisini onun evinə gətirəndə Lesya xala dərddən arınmışdı. Dərd üstünə dərd gələndə ürəyin tabı çatmır və arınmağa başlayır. Lesya xalada da belə olmuşdu.
Mirzə, xəstəhal, zəif vücudunu ayı dərisinə əmanət edəndən, yazdıqlarında ayı ruhunun da ləpirinin olduğunu düşünürdü. Bəlkə də roman həmin o qərib hekayətin yaşantılarının ağrılı sükutunda yarandığı üçün duyğusal qatı daha sərt, daha qabarıq idi.
 Hərçənd Qaratay  başqa mühitin adamıydı. Uzaq tayqadan onun da yolu keçmişdi, o da buranın dərin sükutunu dinləmişdi, bəlkə o da hansısa qurd ulartısını, ya ayı xırıltısı eşidərkən özü üçün vacib olan nələrisə əxz etmişdi.
 Mirzə Aristotelin anasını incitdikdən sonra intihar edən at haqqında bir hekayəsini xatırladı. Düşündü ki, görəsən ayılar da intihar edirmi? Bəlkə də balasını itirən ana ayı da intihar etmişdi və Lesya xalanın bundan xəbəri yox idi? Bəlkə Lesya xalanın ayını öldürməsi elə özünün intiharıydı, sadəcə onun bundan da xəbəri yox idi? İnsanın öz içindəki, çox gözəl şeylərə layiq olduğunu düşünən bir insanı öldürməsi elə intihar deyildimi?

***
 Mirzə Rusiyadan qayıdandan iki gün sonra Adaxan yenə gəldi. Ustad şəyirdinin nəzakətli təbəssümünü üzündə qoruyub saxlamaq üçün necə mücadilə etməsinə əhəmiyyət vermədən iti addımlarla stola sarı gedib kağızlarını araşdırdı. Nəhayət, istədiyi materialı tapıb kağızların arasından çıxardı.
- Adaxan, dissertasiyan hazırdır. Rusiyada olanda sənin araşdırman üzərində də işləmək imkanım oldu. Rusiya arxivində hüquq sistemiylə bağlı xeyli maraqlı məlumatlar tapdım. Bax, görürsən, sənin də işin düzəldi.
- Mirzə, sizə necə təşəkkür edəcəyimi bilmirəm. Sizin sayənizdə elmi ad alacağam.
-Təşəkkür lazım deyil. Sən qanacaqlı, böyük-kiçik yeri bilən oğlansan. İnsanın xarakteri onun fəaliyyətindəki hansısa nöqsanları gizlədə bilir. Əlbəttə, bununla sənin fəaliyyətinin yetərsizliyinə  eyham vurmuram. Sən əlindən gələni edirsən, elmi işin üçün materiallar da tapıb gətirmisən. Sadəcə mən onları tərcümə etdim, sistemləşdirdim və bir azca cilaladım. Onu da deyim ki, bu materialı işləyərkən az zövq almadım.
Adaxan ustadın gözlərinə baxıb düşündü ki, o özü heç vaxt bir əsər haqqında belə vəchlə, ruh yüksəkliyilə danışa bilməz, adi sözlər barədə belə yüksək fikirdə ola bilməz, bu şövq onun gözlərində belə parıdaya bilməz... Amma başqa bir şey dedi.
- Mirzə, siz məni utandırmamaq üçün belə deyirsiniz. Amma mən yerimi bilirəm. Həmişə can-başla sizin qulluğunuzda hazır olacam. Mən nankor adam deyiləm. Bəziləri kimi…
Mirzə tutuldu, əlindəki qələmi boş vərəqin üstündə gəzdirdi, sanki yaddaşın hansısa məqamını tutub saxlamaq istəyirdi.
- Adaxan, yəqin ki, Xızırı deyirsən. Düzü, Xızır pis oğlan deyil. Səndən eşitdiklərim ağlıma sığmır. Mənim haqqında dediklərinə inanmaq olmur…
- Çünki siz kristal kimi təmiz insansınız. Onu qanadınızın altına aldınız, qələm tutmağı öyrətdiniz, böyüklük etdiniz- amma nə oldu? Sizin haqqınızda xoşagəlməz sözlər deməyə başladı. Guya Qarataydan roman yazmaq istəyinizin arxasında onun şöhrətindən faydalanmaq məqsədi durur. Öz qulaqlarımla eşitdim. Mən olmasaydım, siz bu nankoru himayə etməkdə, elm aləminə tanıtmaqda davam edəcəkdiniz.
- Yəqin ki, insanlar haqqında fikrimiz onların bizə olan münasibətinin əsasında formalaşır. Mən onu mərifətli bir gənc hesab etmişdim. Dahilik iddiasında olmayan cavan adamlar həmişə öyrənməyə həvəsli olurlar. İddialı olmaq bir az cahil adamların xüsusiyyətidir. Cəhalət isə maariflənməyə xor baxır… Nə deyim, Xızır bu romanla bağlı məni fikrimdən daşındırmağa çalışanda elə bildim ki, məni təzyiqlərdən qorumaq istəyir.
- Üzr istəyirəm, amma bütün problemlər sizin sadəlövhlüyünüzdən qaynaqlanır. Sizin cəmiyyətdəki mövqeyiniz də təvazökarlığınızdan irəli gəlir. Sizin yerinizdə kim olsaydı, böyük mövqelərə yüksəlmək üçün ən azından cəhd etmişdi. Siz isə partbilet belə almağı özünüzə rəva görmədiniz.
-Adaxan, bilirsən, - Mirzə güldü.- İlya İlf və Petrovun əsərində belə bir söz var. “O, dünya elmlərinə yiyələndikdən sonra süpürgəçi işləyirdi”. Odur ki, sənin söylədiklərin yeni deyil. Və bir fikir kimi heç vaxt da köhnəlməyəcək. Mən heç vaxt yüksək mövqe, vəzifə iddiasında olmamışam. Mənim üçün ən böyük yüksəklik, ən gözəl uçuş ədəbiyyatdır. Qarataya gəldikdə isə… onun əsərləri Azərbaycan ədəbiyyatına, özü isə doğma torpağa qayıtmalıdır.
-Onun dissidentliyinə işarə edirsiniz?
-Əlbəttə. Bu adamı ailə, vətən, dövlət rədd edib, uzaqlaşdırıb. O da narkotikaya qurşanıb. Amma bu tək onun günahı deyildi. Mənim istəyim də onunla bu günahı bölüşməkdir… Qaratay ömrünün son illərini tək yaşamışdı. Narkotika və içki həyatındakı ən gözəl şeyləri məhv etmişdi. Yaxşı ki, təkcə sözə qıymamışdı. Söz bütün məhrumiyyətlərdən sapsağlam, diri çıxmışdı. Özünü də, şairi də yaşatmışdı… Yenə yaşadacaq. Mən buna çalışacam.
- Mirzə, siz çox böyük insansız. Doğması bu qədər maraq göstərməzdi…
-Oğlum, - Mirzənin sözü səsiylə bütövləşmişdi-  qələm adamının doğması bilirsən kimdir? Nə oğlu-uşağı, nə ailəsi, nə də bir başqa yaxını. Söz adamının ən dogması ədəbiyyata yaxın olan adamlardır. Çünki biz eyni taleyi yaşayırıq. Həyatımız necə olur olsun, -pis-yaxşı,- son nəticədə hamımız eyni taleni bölüşürük.
- Mirzə... Görəsən ədəbiyyat nə zamansa mənim də taleyim ola bilər?- Adaxan qəfildən sual verdi.
- Hmm... Ədəbiyyat sənin taleyin olanda bunu birinci sən hiss edəcəksən. – Mirzə gülümsədi. - Bir də unutma ki, biz nə yaradırıqsa yaradaq, bütün hallarda o bizdən yüksəkdə olacaq. İnsan öz yaratdığından balacadır.
Ancaq Adaxanın üzü tutqun idi.

***
Xızır redaksiyaya gələndə içəridə qızğın müzakirə gedirdi. O, Mirzənin son kitabından söhbət getdiyini anladı.
-    Ustadının əsəri yaman səs-küy yaradıb, Xızır, - Baş redaktor qəzetə işarə edərək dedi.- Sanballı məqalə yazılıb əsər haqqında.
-    Zarafat deyil, Mirzə o adamın obrazını yarada bilib, həm də bütün ştrixlərinə kimi,- redaksiyanın əməkdaşı Səməd onun sözünə qüvvət verdi.- Obraz bütün nüvəsinə kimi görünür.
-    Mirzənin belə əsər yazacağı sirr deyildi, -Xızır dilləndi. – Məni narahat edən başqadır. Mirzənin fikri bu idi ki, insanlar haqqında olduğu kimi, mənfi, müsbət cəhətləriylə birlikdə yazılmalıdır. Yalnız müsbət cəhətlərin qələmə alındığı əsər-oçerk gerçək deyil. Bu məsələnin ona problem yaradacağından qorxuram.
-    İndi 60-ci illərin romantikasının vaxtı deyil, oğlum,- baş redaktor dedi.- Mən Mirzənin fikriylə şərikəm. Obrazın tam mənasıyla açılması üçün ziddiyyətli məqamlar da incələnməlidir, yalnız belə olarsa, Qaratayın şəxsiyyəti aydınlığa qovuşa bilər.
-    Elədir, -Xızır dedi,- mən də razıyam, amma Mirzə həssas insandır, ruh adamıdır, onu incidəcəklərindən qorxuram. Əgər o, mənən yıxılsa, yenidən ayağa durması çətin olacaq… Kommunist Partiyasının dissident kimi tayqaya sürgün etdiyi bir şairi təmizə çıxarmaq fədakarlıq tələb edir. Razıyam, Partiyanın kəsərli vaxtları geridə qalıb, amma bu fakt ona bəraət veriləcəyi anlamına gəlmir. Amma nə olursa olsun, son ana qədər Mirzənin yanında olacağam. Baxmayaraq ki…
Xızır susdu. Onun simasını bürüyən xəfif kədər baş redaktorun nəzərindən yayınmadı.
-    Baxmayaraq ki?...
-    Baxmayaraq ki, Mirzə məni daha özünə yaxın hesab etmir. Keçən dəfə telefonda sərt danışdı. Düzü, səbəbini anlamadım.
-    Bura bax, o gədənin “xidməti olmasın”?- Səməd dilləndi.
-    Adaxanı deyirsən?
-    Hə də, yüz faiz, aranı o vurub! Sən öl, bu adam elə bil şərin simvoludur. İşi düşdüyü adama “ləbbeyk” deyir, mənfəət gələn yerdə quyruq bulayır, özünü şirin satır, ara qarışanda da aradan çıxır… Hələ bizim redaksiyaya hansı yolla gəlib çıxdı, o da təəccüblüdür.
- İnanırsan, buna mən özüm belə təəccüb edirəm,- baş redaktor dedi.- Mirzə mənə ağız açdı, “xəyallarını məhv edib sındırmayaq bu oğlanı”, dedi. Adaxan şübhəsiz ki, redaksiyaya yol tapa bilmək üçün Mirzədən istifadə etdi. Mirzə iddiasız adamlara hörmət edir, çünki onun fikrincə, təkəbbür balaca adamlara xas xüsusiyyətdir. Çünki təkəbbür kiçik, ötəri uğurların səthidir. Dərinlikdə təkəbbür yoxdur. Əksinə, özünə tənqidi baxış var. Amma Mirzə Adaxanın içində hansı dahilik meyillərinin olduğunu bilmir. Adaxanın yeganə bildiyi şey öz yekəxanalığını məharətlə maskalamaqdır.
-Haqlısınız, - Xızır təsdiqlədi, - Mirzə heç bir şagirdinə özünü dahi kimi görməsinə mane olmur. Amma bu hissin əsaslı, dərin özülü olmalıdır. Mən öyrəndiklərim üçün həmişə ona minnətdar olacam. O məni öyrətdi ki, hər kəs öz yolunu yarada bilər. Bunun üçün dahi olmaq lazılm deyil. Amma öz yolun səni dahiliyə aparıb çıxara bilər. Çünki heç kim istifadə etməyənə qədər öz imkanlarının gücünü bilmir.
-Sən bir işə bax. – Səməd dedi,- o vaxt Adaxanı redaksiyaya götürmürdülər ki, savadı yoxdur, indi daha buraları da bəyənmir. Kişi elmi iş yazır!
-Elmi iş ha.- nərmənazik makinaçı qız güldü.- Onun səhvlərini makinada mən yazarkən düzəldirdim, elmi işinin xətalarını kim düzəldəcək?
Baş redaktor başını yellədi.
-Ay qız, onun da çarəsini tapacaq o, sən narahat olma.- Sonra üzünü Xızıra tutdu.
- Yaxşı, Qaratayın oğlundan xəbər- ətər çıxdımı?
- Mən bilən, Mirzə onunla heç bir ünsiyyət qura bilmədi. Düşünürəm ki, atasının həyatındakı qara nöqtələr onu narahat edirdi. Əslində qara nöqtələr deməyək, mühitin yaratdığı çətinliklər deyək… Elə həyat yaşamağı heç kim istəməzdi.
- Hə, ailəsi onu tərk etmişdi. Arvadı yeganə oğluyla bir müddət ərindən ayrı yaşamış, sonra isə Moskvaya köçüb getmişdi… Qadın bir neçə il əvvəl halallaşıb dünyayla, oğlunun isə yeri rahatdı, Rusiyada özünə biznes qurub, yuxarıdan aşağı baxır adamlara…
- Pullu olmaq bunu tələb edir?- makinaçı qız soruşdu.
- Yox, travmalı adamdır, ona görə… Təkəbbür adətən kompleksli adamlarda olur. Özündə yarımçıqlıq kompleksi olduğu üçün hamının ona elə baxacağından qorxaraq özünü göylə aparır…
- Görək, bu məsələdə özünü necə aparacaq,- Xızır fikirli-fikirli dilləndi.
-Yaşayarıq, görərik,-dedi Baş redaktor.- Çox danışdıq, əsas məsələdən fikrimiz yayındı, jurnalın növbəti sayı üçün planı hazırlayıb stolumun üstünə qoyun. Hə, bu roman haqqında da məqaləni biriniz öhdənizə götürün. Nə olar ki, Mirzə daha bizim jurnalın heyətində deyil? O, qiymətli adamdır, bütün həyatını ədəbiyyata həsr edib. Bizim də borcumuz heç olmasa quru məqaləylə də olsa onu təbrik etməkdir.
- Mirzə niyə burdan getdi ki, müəllim?- makinaçı qız işini bir anlıq saxlayaraq soruşdu.
- Hmm- Baş redaktor fikrə getdi,- onun kimi sənətkarlar kiminsə tabeçiliyində yazıb-yarada bilməzlər. Sənətkar azad olmalıdır. Qazancını xırda-para işlərdən çıxarır. Kiminə kitab yazır, kiminə dissertasiya. Onun da həyatı bir cür faciədir… Eh. Nə isə, mən otağımdayam, məqaləni də hazırlamağı unutmayın.

***
Mirzə qəzetdə kitabı haqqında məqalənin dərc olunduğunu nəşriyyatda eşitdi. Dayanacaqdakı köşkdən qəzetin bir neçə nüsxəsini alıb evə gəldi. Blokda qonşuyla- istefada olan polis məmuruyla rastlaşdı.  O da qəzetdəki məqalədən xəbərdar idi, tam olaraq söhbətin nədən getdiyini anlamasa da, böyük həcmdə olan məqalənin boş yerdən yazılmadığını duyurdu. Hələ belə bir məqalənin qəhrəmanıyla qonşu olduğu üçün gizli-gizli də fəxr edirdi. Qalstuklu kişilərin televizordakı çıxışlarından yadında saxladığı, unutmamaq üçün bloknotunun bir küncünə yazdığı sözlərdən ibarət təbrik nitqindən sonra nəhayət, öz mənzilinə daxil oldu, Mirzə də rahat nəfəs alıb öz hücrəsinə üz tutdu.
Təkotaqlı mənzilində uzun illərdən bəri idi ki, tək yaşayırdı. Həyat elə gətirmişdi ki, evlənməmişdi. Amma ona həmişə elə gəlirdi ki, hardasa uzaqlarda oğlu, qızı və həyatının qadını yaşayır. Və nə vaxtsa, ölümündən sonra da olsa, onlara qovuşacaq.
Mirzə məqaləni oxumazdan əvvəl çaydanı qazın üstünə qoydu, bacısının göndərdiyi mürəbbədən kiçik nəlbəkiyə tökdü. Səbətdən iki kartof götürüb suya atdı. Soyuducuda hazır konserv olmalıydı. “Bu axşamın yeməyi də belə düzəldi”, deyə özlüyündə düşündü.
Dünəndən iki bulaşıq nimçə qalmışdı, onları suya çəkənə qədər çay da hazır oldu. Qazanda arxayınlıqla qaynayan iki kartof, mürəbbəli, limonlu çay, qəzetdə oxunmasını gözləyən məqalə… Bu günkü rahatlıq üçün bunlar kifayət idi.
Mirzə otağa keçib qəzeti əlinə almışdı ki, telefon zəng çaldı.
-    Mirzədir?- dəstəyin o başındakı adam salam-kəlamsız dedi.
-    Bəli, mən kiminlə danışıram?
-    Şamxaldır- Şamxal Qaratay.
-    Qaratayın oğlu? Biz sizinlə telefonda danışmışdıq, amma görüşüb üzbəsurət söhbət etmək qismət olmadı. Yəqin ki, kitabın çap olunmağından xəbəriniz var.
-    Bəli, təəssüf ki, var. Dostlar sağ olsun, məni xəbərdar etdilər. Yoxsa bu rəzalətdən uzun müddət xəbərsiz qalacaqdım.
Mirzənin dəstək tutan əli titrədi, amma əsəblərinə hakim olmağa çalışdı:
-Rəzalət deyəndə siz nəyi nəzərdə tutursunuz?
- Sizin kitabınızdakı iftiraları, hörmətli (Mirzə bu sözün deyilişindəki kinayəni tutdu) yazıçı! Siz hansı haqla atamın məhrəm həyatına soxulmusuz? Bunları yazmağa sizə kim icazə verib?
-Bir dəqiqə, Şamxal bəy,- Mirzə yenə özünü toparladı,- Qaratayın mənəvi ağrıları təkcə onun problemi deyildi, bu, cəmiyyətin müəyyən dairələrinin naqisliyi idi. Qaratay hər şeydən əvvəl söz adamıydı. O söz adamı ki, bütün istedadına rəğmən hamı tərəfdən dışlanmışdı. Əgər onun poeziyasının heyranı olan bir-iki nəfərin qeydləri olmasaydı, bu gün həmin bir-iki nəfərdən qeyriləri onu tanımayacaqdı. Yazdığım əsər Qaratayı daha geniş anlamda dərk etməyə və qəbul etməyə imkan verir. Doğrudanmı siz bunu görmürsünüz?
-Mirzə,  mənə nağıl danışmayın. Bu nağıllar üçün mən kifayət qədər böyümüşəm. Özü də… Deməli belə. Mən hər şeyi düşünüb-daşınmışam. Sizə 3 gün vaxt verirəm. Kitab 3 günün içində satışdan və qeyri yerlərdən yığışdırılmalı və məhv edilməlidir. Əks halda məhkəməyə üz tutacam. Bundan əlavə sizin yaradıcılığınızın alt-üst olması üçün əlimdən gələni edəcəm. Bunun üçün mənim kifayət qədər əlaqələrim var...
-Əlinizdən gələni edin,- Mirzənin səsi elə bil özününkü deyildi,- kitablar yığışdırılmayacaq.
Bir neçə gündən sonra məhkəmədən məktub gəldi. Məktubda şikayətçinin irad və tələbləri bildirilirdi. Daha sonra məhkəmədən gələn telefon zəngində Mirzəyə özünü müdafiə etməsi üçün vəkil tutması təklif edilirdi. O, vəkil tutmayacağını bildirdi. “Sizi müdafiə edəcək qələm dostlarınızdan bir neçəsini şahid qismində dəvət edə bilərsiniz” təklifi barədə isə düşünəcəyini dedi. O, bu məsələni artıq taleyin axarına buraxmağı qərara almışdı.

***
Şairin oğlu ortaboy, kök adam idi,  vücudu sanki yaşamaqdan yorulmuşdu, ancaq sahibinin inadkarlığı sayəsində həyatını sürdürməyə məcbur idi. Baxışlarında “mənəmlik” iddiası və açıq-aşkar kinayə vardı.
Mirzə ittihamçı və onun vəkilinin qarşısında, tək oturmuşdu. Qabaq sırada kitabın naşirindən başqa iki-üç həmkarı əyləşmişdi. Qeyriləri təsadüfi adamlar idi. Dost-tanışın belə az olacağı ağlına gəlməmişdi. Çünki bu günə qədər kitabla bağlı heyranlıqlarını bildirmək üçün elə bil yarışa girmişdilər. Şairin oğlunun iddialarından sonra da tərəfsiz qalmamışdılar, Mirzəyə zəng edərək Şamxalın qarasınca o ki var danışmışdılar: “Insanlara yaxşılıq da yaramır, Qaratayı bugünə qədər tanıyan vardı? Kaş ki, atasına sağlığında ona oğulluq etsəydi. Kişi dilənçi kimi öldü, barı, xatirəsini yaşadardı”.
Qarşı tərəfin vəkili sözə başladı. Mirzənin bu işə qanunsuz başladığından, mərhum şairin ailəsindən icazə alınmadığından, faktları saxtalaşdırdığından, şairə böhtan atıldığından danışdı:
-Sizi inandırıram ki, yazıçı məsələyə qərəzli yanaşıb. Qaratayın narkotika qəbul etdiyi barədə əsassız şayiələrə əsaslanıb. Halbuki bu çirkin bir iftiradır. Şairin ömrünün sonlarında tək-tənha ömür sürməsi barədə məlumatlar da cəfəngiyyatdır. Rusiyaya köçmüş həyat yoldaşı ona tez-tez tayqada baş çəkir, maddi vəsaitlə təmin edirdi.
Vəkil kitabda yazılanları az qala cümlə- cümlə dilə gətirib üstündə dayanır, öz təbirincə hüquqi nöqteyi- nəzərdən təhlil edirdi.
-Elə bil sözlər mətndən ayrılıb cəllad vəkilin əliylə qətl edilir,- arxa sırada, Xızırla yanaşı oturmuş Baş redaktor pıçıltıyla dedi. Onlar məhkəmə barədə elə həmin gün xəbər tutmuşdular. Zala hamıdan sonra daxil olub arxa sırada oturmalı olmuşdular.  
Nəhayət vəkil sözünü bitirdi. Zala nümayişkaranə nəzər salıb qələbə qazanmış adam ədasıyla yerində əyləşdi.
“O, qələbə çaldığını zənn edir, amma bu “qələbənin” analizlərini laboratoriyaya  göndərmək imkanı olsa, yüz faiz saxta çıxar” -Xızır açı-acı güldü.  
Məhkəmə bildirdi ki, Mirzənin vəkili yoxdur və o özünü müdafiə edəcək.
Mirzə lap əvvəldən başladı:
-Qaratayın taleyi məni həmişə narahat edib. Hərdən mənə elə gəlib ki, onun həyatı hansısa vasitəylə mənim taleyimə qovuşub. Sanki onun taleyi mənim içimdə hansısa bir enerjiyə çevrilmişdi və mən öz ideyalarım üçün necə çalışırdımsa, həmin enerjinin də öz mənbəyinə qovuşması üçün çalışmalıydım. Mən öz həyatımdan hansısa anları, dəqiqələri oğurlayıb həmin enerjiyə sərf etməli olduğuma inanırdım.
Mirzənin səsi əsdi. Kiçik pauzadan sonra davam elədi:
-Qaratayın yaradıcılığı yalnız kiçik ədəbiyyat dairəsinə bəlli olub. Biz ədəbiyyat adamları öz çevrəmizdə Qaratayın şeirlərindən danışır, təhlil edir, heyranlığımızı bildirirdik və məsələ bununla bitirdi. Müəyyən yazılar da yazılırdı, amma bu kifayət deyildi. Bu şeirlər o vaxt yazılmışdı ki, Qaratayın həyat tərzi cəmiyyətin idealist yönümüylə ayaqlaşmadığı üçün yasaq edilmişdi və çap olunmadığından ağızdan-ağıza keçərək yaşamışdı. Daha sonra isə onun həyatıyla daha böyük oyunlar oynanıldı. Rusiyanın ucqar vilayətinə sürgün edildi. Beləcə, Qaratay kimi bir söz ustadı həmişəlik xalqın tarixindən silinmək təhlükəsiylə üz-üzə qaldı. Onu da nəzərə alın ki, ədəbiyyat adamının taleyi həm də xalqın taleyidir…
 Mirzənin səsi yenə titrədi. Qaratayın oğlu gözünü belə qırpmadan oturmuşdu. Bütün görkəmiylə bu fikirlərin ona yad və gərəksiz olduğunu demək istəyirdi.
“Dahilərin həyatı ölümündən sonra başlayır, - Baş redaktor əyilib Xızıra pıçıldadı.-  ancaq bir şərtlə ki, cəmiyyətdə onları anlayan insanlar olsun. Mirzə kimi…”
Xızır tribunadan sanki boş məzarlığa baxıb danışan Mirzəyə baxıb təəssüflə başını tərpətdi:
“Qaratayın niyə içki düşkünü olduğunu indi daha yaxşı anlayıram. Yəqin o da Mirzə kimi nadanlarla çox üzləşib, onu da beləcə alçaldıblar və onun öz içinə gömülməkdən başqa yolu qalmayıb…”
Kitabın naşiri də dindirildi. O, kitabın ümumi məzmunu barədə ona məlumat verildiyini, detallardan isə xəbərsiz olduğunu bildirdi:  “Qaratay kimi bir şairin geniş kütləyə çıxmasını hamımız arzulayırdıq, amma əgər nəşr deyilən səviyyədədirsə, bu əlbəttə ki, böyük qəbahətdir”.
Naşir bunu deyib başını aşağı saldı, elə bil söhbət hardasa aşağılarda gedirdi. Yuxarılara baxmağa cəsarəti yox idi.
-Əgər detallardan xəbəriniz olsaydı, -vəkil hadisələrin bu istiqamətdə  inkişafından ruhlanmışdı,- nəşrin işıq üzünə çıxmasına yol verməzdiniz, deyilmi?
-Bəli, yol verməzdim, -naşir dedi.
-Təşəkkür edirəm, mənim daha sizə sualım yoxdur,-vəkil mənalı-mənalı hakimə baxdı.
-Sizin naşirə sözünüz varmı?- hakim Mirzəyə üz tutdu.
Mirzə naşirin üzünə baxmadan-“yox, yoxdu”,- dedi.
Naşir başı aşağı halda keçib yerində oturdu. Yanındakılardan kimsə qulağına nəsə pıçıldadı, naşir reaksiya vermədən əllərinə baxmağa davam edirdi. Bəlkə də əlinin içində sirli bir xətt aşkar etmişdi.
-Başqa kimsə danışmaq istəyir?- hakim zala üz tutdu.
- Mən danışmaq istəyirəm- arxa sıradan bir nəfər ayağa durdu- Xızır Bəkil.  
-Sizin baş verənlərlə nə kimi əlaqəniz var?
-Birbaşa əlaqəm var. Əsərin yazılış prosesində mən də Mirzəyə kömək etmişəm, -deyə Xızır “bəlkə lazım deyil” deyə pıçıldayan Baş redaktora əhəmiyyət vermədən dedi.
Hakim Mirzəyə baxdı. Yəni “etiraz etmirsiniz?” Mirzə başını tərpətdi. Yəni “danışsın”.
-Mən qələm adamıyam, - Xızır tribunaya çıxıb sözə başladı,- Qaratayın taleyi məni laqeyd qoya bilməz. Bu məsələ heç bir ədəbiyyat adamını laqeyd qoya bilməz.
Başını qaldırıb zala baxdı. Bəziləri başını aşağı saldı.
-Bu kitab çıxandan sonra çox adamla müzakirə etdk,- Xızır sözünə davam etdi.- “Möhtəşəmdir” deyənlərin bu iclasdakı sükunəti doğrusu, məni heyrətləndirdi. Əsəri heyranlıqla təhlil edən, bu əsərin ədəbiyyatımıza bir töhfə olduğunu və neçə-neçə tədqiqatlara təkan verəcəyini deyən siz deyildinizmi?
Zaldakı sükut qulaq batırırdı.
-Qaratay kimi bir az yalqız, bir az kimsəsiz şairi zamanın zülmətindən gün işığına çıxaran, yenidən bizə qazandıran əsərin doğuluşu məni laqeyd qoya bilməzdi. O kitabın ki, Mirzə onu ərsəyə gətirmək üçün yuxusuz gecələr keçirib, Bakı arxivlərində uzun illər axtarış aparıb. Sonra Rusiya arxivlərini gəzib. Ən xırda bir detala uşaq kimi sevinib. Şairin Rusiyada keçən illəri ən məhsuldar çağıydı. İlhamı bulaq kimi çağlayırdı. Onun rus dilindəki şeirləri bir başqa gözəldir.  Azərbaycanlı ruhunu rus dilində hiss etmək fərqli duyğular yaşatdı. Bütün bunlar bu böyük insanın- Mirzənin sayəsində mümkün oldu! Həm də bunları o, öz şəxsi vəsaiti və borc hesabına etdi, heç kim ona kömək etmədi, mənəvi və maddi arxa olmadı… O ki qaldı Qaratayın həyatıyla bağlı “xoşagəlməz” məqamların işıqlandırılmağına, az- çox yaradıcılıq haqqında təsəvvürü olanlar bilir ki, tarix boyu yaradıcı adamların çoxu səfil həyatı yaşayıblar. Hamı kimi düşünmədikləri üçün onları anlaya bilməyiblər və bu dərd də onları içki, qumar düşkünü edib, səfalətə sürükləyib. Qaratay kimi…
Xızır bir anlıq susub minnətdarlıq hissilə ustadına baxdı, Mirzə qəhərlənmişdi.
-Gözdən və könüldən uzaq olan bu gözəl şairi Mirzə yenidən kəşf etdi, yenidən ədəbiyyat adamlarının sırasına gətirdi. Biz isə ona təşəkkür etməkdən, onu ittiham etdik! Çox sağ olun, mənim daha sözüm yoxdur!
Zala sükut ələnmişdi. Hakim üzünü iddiaçıya və vəkilə tutdu.
-Bu çıxış vəziyyəti dəyişir. Sizin əlavəniz varmı?
İddiaçı və vəkil bir-birinin üzünə baxdılar. Vəkil irəli çıxdı.
-Əslində bir şahidimiz də var. O bu məsələlər haqqında daha çox bilir və iddiaçını da o agah edib. Amma o, anonim qalmasını istəyir.
Hakim qaşlarını çatdı.
-Amma anonim şahidin faktları dəlil sayılmır. Təbii ki, siz bunu bilməmiş deyilsiniz.
-Bəli, əlbəttə- deyə vəkil kəkələdi.
-Onda məsələni bağlayırıq, -hakim dedi və üzünü zala tutdu.
-Əgər çıxışlar bitdisə, yekunlaşdıraq və…
-Bir dəqiqə,- vəkil dedi. Şahidimizi çağırmağa icazə verin.
-Çağırın.
 Hakim vəkilin ona uzatdığı qeydi oxudu.
- İfadə vermək üçün çağrılır- Adaxan Adlı…
-Bu hansı Adaxandır?- Baş redaktor yerində əyləşən Xızıra üzünü tutdu.- Mirzənin yan-yörəsində hərlənib ona ustad deyən Adaxan?
-Əslində bu da baş versə, təəccüblənmərəm,- Xızır acı-acı güldü.
Zal ittihamçının şahidinin ayağa durmasını gözləyirdi. Nəhayət arxa sıralarda bir nəfər ayağa durdu.  O, ətrafına baxır, döyükürdü. Görünür, irəli çıxmağa ürək eləmirdi.
-Adaxan Adlı– hakim təkrar etdi.  
Adaxan əvvəlcə ürəksiz bir-iki addım atdı, sonra birdən- birə özünü ələ aldı və tribunanın aşağı tərəfində dayandı.
- Biz sizi gözləyirik, -sədr dedi.
Adaxan tribunaya çıxanda ayağı dolaşdı, az qala yıxılacaqdı. Amma görünür son dəfə özünə ürək-dirək verib tribunaya qalxdı.
-Siz tanışsınız?- hakim soruşdu.
-Bəli,- Adaxan Mirzə tərəfə baxmadan dedi.
- Əsərlərilə tanış idiniz?
-Bəli, çünki biz bir layihənin üzərində işləyirdi.
-Hansı layihənin?
-Bu barədə danışmağa ehtiyac yoxdur, bunun məsələyə dəxli yoxdur,- Adaxan dedi.
“Mirzə bu adama dissertasiya yazırdı, əclaf”, - Xızır pıçıltıyla dedi.
-Sizi dinləyirik, Mirzə bu kitabla bağlı sizə nələr demişdi?
-Hmm… Demişdi… demişdi ki… hmm
- Qaratayın oğlu iddia edir ki, siz ona Mirzənin Qaratayı ifşa etmək istədiyini bildirmisiniz?
Adaxan gözlərini qaldırmadan:
-Bəli, demişəm.
-Nəyə əsasən?
-Mənə Mirzə özü bunu etiraf etmişdi.
-Səbəblərini demişdi?
-Onun Qaratay ilə şəxsi ədavəti olub, Mirzə ondan qisas almaq istəyirdi. Amma əsas məqsədi…- Adaxan sözünə ara verdi.- Əsas məqsədi Qaratayın şöhrətinin arxasında gizlənmək idi.
Zaldan uğultu keçdi. Mirzə heyrətdən gözlərini geniş açıb Adaxana baxırdı.
-Əclaf, şərəfsiz!- arxa sıradan Xızırın səsi gəldi. O artıq əsəblərini cilovlaya bilmədən bütün hirsini, qəzəbini püskürürdü.- Yalan deyirsən, Mirzənin elə bir adam olmadığını hamımız bilirik!
Hakim əlini stola vurdu.
-Cavan oğlan, xahiş edirəm zalı tərk edin!
Xızır qalxdı, nəsə demək istədi, amma əlini yelləyib nifrətlə susdu və əsəbi addımlarla çıxışa yönəldi.
-Adaxan Adlının ifadəsi hər şeyi dəyişir,- hakim dedi.- Biz məşvərətə çəkilirik. Siz isə otura bilərsiniz.
Adaxan başını bir neçə dəfə tərpədib ehtiramını bildirdikdən sonra tribunadan düşdü, Mirzənin yanından keçərkən özündən razı halda ciyinlərini düzəltdi, nisbətən qabaq sıralarda boş yerlərdən birində oturdu.
Məhkəmə qərarını verdi. Bütün kitablar 3 gün müddətinə bütün satış yerlərindən yığılacaq, kitabın təkrar nəşrinə qadağa qoyulacaqdı. Məsələ təkcə bununla bitmirdi. İddiaçının şərəf və ləyaqətini təhqir etdiyi üçün Mirzəyə ikiillik məcburi cəza verilir, iddiaçının xeyrinə 10 min manat cərimə edilirdi.

***
Mirzə yerindən tərpənmədən gözünü boşluğa zilləmişdi. Qarşısından adamlar keçirdi; kimi təsəlli verir, kimi başını bulayır, kimi təəssüflə baxır, kimi də baxışlarıyla ittiham edirdi. Mirzə heç birini görmürdü. Zaman və məkanı unutmuşdu. Gözünün qabağında uzaq tayqada qələm tutan barmaqlarının işləməsi üçün əllərini nəfəsiylə isidən şairin silueti vardı. Bilmirdi, bu hansı zamandır; indidir, yoxsa keçmiş. Hətta o adamın özü, yoxsa Qaratay olduğunu da bilmirdi. Bircə onu bilirdi ki, bu faciədir- ədəbiyyat adamının faciəsi.
-Dayı, hamı gedib, siz də getsəniz, yaxşı olar. Həm iş günü sona çatıb, daha burda sizlik heç nə yoxdur- cavan qarovulçunun səsi Mirzəni reallığa qaytardı.
Küçəyə çıxdı. Evə tələsən adamlar… Qayğılı, qayğısız, şən, fikirli adamlar… Onda bu hisslərdən heç biri yoxdur. Nazim Hikmətin Polşada yazdığı “Son avtobus” şeirindəki adama oxşayır. Onu indi nə bəd xəbər gözləyir evdə, nə rakı ziyafəti. Onu indi heç kim və heç nə gözləmir. Hər şey mənasını itirdi. Artıq yazacağı əsərlər başqa cür tamamlandı. İndi o heç kimə gərək deyil. Hətta öz kitablarına da.
-Ustad!
Arxadan gələn səsə çevrildi. Xızır idi. Nazik plaşının yaxalığını başına qədər qaldırmışdı, elə bil özünü gizlətmək istəyirdi. Üşüyürdü. Eyni çarəsizlik onun da gözlərində vardı.
-Ustad, siz narahat olmayın. Biz hər şeyi həll edəcəyik. Biz bu işin arxasınca gedəcəyik. Kitab hələ Ədəbi Birlikdə də müzakirə ediləcək və ümumi rəy müsbət olsa, apelyasiya məhkəməsinə təqdim ediləcək. Biz bu işin müsbət həll olunması üçün əlimizdən gələni edəcəyik…
-Oğlum,- Mirzə əlini onun qoluna vurdu.- Sən nə lazımdırsa, elədin. Sən bir müəllim üçün edilməsi lazım olan hər şeyi elədin.
Mirzə doluxsundu.
-Mən bunu unutmayacağam. Məni bağışla, sənin haqqında yanlış fikrə qapıldım. Halbuki sən ləyaqətli adamsan. Bağışla məni, oğlum.
-Siz məni bağışlayın, ustad, sizi qoruya bilmədim…
Xızır qəhərləndi, sözünün ardını gətirə bilmədi. Mirzə təskinlik verirmiş kimi onun əlini sıxdı. Bir anlıq durdu. Sonra çevrilib getdi.
Xızır köhnə paltonun bir az da yorğun və çəlimsiz göstərdiyi müəlliminin ardınca ağrıyla baxdı.

***
Redaksiyada hamı olanlardan xəbər tutmuşdu. Təəccüb, məyusluq, çarəsizlik bir-birinə qarışmışdı.
- Adaxanın yaramazlığı mənə yaman yer elədi.- Baş redaktor təəssüflə dedi.- Ondan hər cür hərəkət gözləyirdim, ancaq bu cür rəzil ola biləcəyi ağlıma gəlməzdi.
- O sadəcə olaraq intiqam aldı.- Xızır fikrini yayındırmaq üçün əlinə aldığı mətni bir kənara atdı.
- Nəyin, kimin intiqamını aldı?- Səməd əsəbiləşdi.- Mirzə yaxşılıqdan başqa nə etmişdi ona? Ona ustadlıq yox, himayədarlıq etmiş, onun əvəzinə məqalə yazmış, hətta dissertasiyasını da işləmişdi!
- O uğursuzluğunun intiqamını alrdı. – Xızır özünün də təəccüb etdiyi sakitliklə dedi.- Axı Adaxan heç vaxt O ola bilməyəcək. O bunu anladı. Mirzəyə yalnız iki cür münasibət bəsləmək olar. Ya sevmək, ya da nifrət etmək. Adaxan ustadı sevə bilməz. Çünki onu sevmək üçün o yüksəklikdə olmaq lazımdır. O isə elə cılızdır ki... Ona görə nifrət etdi ona. Bütün qəlbilə.
-Deyəsən Xızır haqlıdır, - Baş redaktor dilləndi. – İndi anlayıram onun tribunadan düşəndən sonra Mirzənin yanından niyə elə təşəxxüslə keçdiyini. Öz aləmində onu məğlub etdiyini düşündü. Vay alçaq. Əgər sabah Mirzənin məqalələrindən onun adını sildirib öz adını yazdırsa təəccüblənmərəm.
- Və faciə ordadır ki, əgər elə etsə, Mirzəyə yox, Adaxana inanarlar. Andersenin bir hekayəsindəki kimi. Həmin hekayədə kölgə onları tanımayan bir mühitdə sahibini kölgə, özünü isə onun sahibi kimi təqdim edir...
Xızırın bu sözündən sonra araya sükut çökdü. Nəhayət Baş redaktor səssizliyi pozdu.
-Sizcə Ədəbi Birliyin bu məsələyə bir faydası olacaq? Hər halda onların təlimatnaməsində bildirilir ki, qələm müstəqilliyi ehtiva edir. Onlar da müstəqil fikir söyləməlidir.
-Orda söylənilən fikir Sürgün Sürgünlü qədər müstəqil ola bilər. - Xızır təəssüflə başı yellədi- Mənə dedilər, o, əsas çıxışçılardan biri olacaq. O da məlum məsələdir ki, özü haqqında keçmiş zamanda danışıb doluxsunacaq, heç vaxt baş verməmiş sürgünlərdən danışacaq, sözlərinin təsir gücünü artırmaq gözümüzün içinə baxacaq. Yetərli qədər sadəlövh görünməsək, işimiz bitdi. Emosiyalarının dozunu artıracaq. Çıxış təsiredici olmalıdır, yoxsa bütün mayası batacaq.
-Hələ Şükrü Şükrüzadə… - Səməd həmkarının sözünə qüvvət verdi- Sürgünlüyə baxanda yenə o şükürlüdür, çünki şükürlə danışır. Çıxışlarını şükürlə başlayıb şükürlə bitirir. Bu da göstəricidir.
Baş redaktor dilxor-dilxor yumruğunu stola vurdu:
-Yaxşı, bəs Mirzə 10 min manat cəriməni necə verəcək? Yazı-pozudan çıxardığı beş-on manat qazancıyla?! Sonra deyirlər ədəbiyyat yaradın! Bu faciələrin içində ədəbiyyat yaratmaq olar? Qulaq as, Xızır, Mirzə Ədəbi Birliyin tədbirilə bağlı nə dedi? Gələcək?
-Əlini yellədi. Yəqin ki, iştirak etməyəcək. Amma biz əlimizdən gələni etməliyik. Bunu təkcə onun üçün yox, həm də ədəbiyyat naminə etməliyik.
 Xızır həmin gün qəribə yuxu gördü. Sürgün Sürgünlü böcəklərin şairiydi. Böcəkləri yığıb nitq edirdi. Arada gözləri yaşarırdı, çünki böcəklərin yarıtmaz siyasətindən danışır, haqsız yerə sürgün olunduğundan bəhs edirdi. Qazamatda yatdığını da deyib hönkürürdü. Amma bir böcəyin də gözündən yaş çıxmırdı. Böcəklər ağlaya bilmir axı. Bu Sürgünlünü daha da qeyzləndirir, öz böcək taleyini qarğıyırdı...
Reallıqda baş verənlər yuxunun davamıydı sanki. Xızır bunları da yuxu kimi xatırlayırdı. Sürgünlünün Mirzəni sürgünə sürükləyən çıxışı, “bu adam həyasızcasına yalan danışıb” deməsi, Xızırın özünü saxlaya bilməyib “həyasız özünsən” deyə çığırması, sonra bunu çarəsizliyinə yozub ağrıması, ağrıması…
Mirzə tədbirdə iştirak etmirdi, məhkəmə bitəndən sonrakı bir həftə ərzində ustaddan heç bir xəbər yox idi. Xızır tədbirdən sonra ona baş çəkəcəkdi. İnanırdı ki, ustadına xoş xəbər aparacaq. Amma bu müzakirənin heç bir faydası olmayacağını elə ilk çıxışçı ağzını açan kimi anlamışdı. Ustadın yaşadığı binanın qabağında dayanıb fikrə getmişdi. İndi hansı üzlə çıxacaqdı onun üzünə? Nə deyəcəkdi? Bu ömür yanlış yaşandımı, deyəcəkdi? Ədəbiyyat üçün etdikləriniz kimsəyə lazım deyilmi, deyəcəkdi?
Nə olursa- olsun, ustad tələbəsinin onun yanında olduğunu bilməliydi.
Qapını əvvəl tərəddüdlə döydü, sonra zəngi basdı, amma qapıya gələn olmadı. Bir neçə dəqiqə dayandı, yenidən zəngi basdı. Yenə səs-səmir yox idi. Qonşuların qapısını döyüb xəbər almaq istəyirdi ki, pillələri çıxan bir qadını görüb əl saxladı.
-Xanım, bağışlayın, mən Mirzənin evinə gəlmişəm, deyəsən evdə yoxdur. Bir həftədir heç bir xəbər ala bilmirik, nigaranıq…
-O yazıçını deyirsiz? O gün də məhkəməyə çıxmışdı.
-Hə…
-O gündən onu ayıq vəziyyətdə görən olmayıb. O gün pilləkəndə yıxılıb qalmışdı. Qonşular kömək etdilər, içəri apardılar. Siz dostusuz?
-Bəli…
-Bəs niyə tək qoyursuz onu? O elə adam deyildi. Hamının hörməti olub ona. Ciddi adamdı. O hala düşməli deyildi o.
- Haqlısınız, bəs onunla necə əlaqə yarada bilərik?
- Əslində mən yaxın vaxtlarda köçmüşəm bura, bax bu sağdakı mənzildəki qonşu- keçmiş polis məmuru- onu daha yaxşı tanıyır.
Sağdakı qapını döydü. Qapının dalından səs gəldi.
-Kimsən ay uşaq? Nə istəyirsiz? Niyə qoymursuz bu xarabada qulağı dinc oturaq?
- Mən qonşunuzla bağlı soruşmaq istəyirdim.
Qapı açıldı, daha doğrusu yarıaçıq qapıdan bir baş uzandı.
 -Mən… Mirzəylə bağlı soruşacaqdım,- Xızır soldakı mənzilə işarə edərək dedi.
- Nə soruşacaqdın? Mən heç nə bilmirəm. Xatanı məndən kənar elə. Mənim məhkəməylə işim olmaz.
-Yox, mən onun dostuyam, sadəcə onun vəziyyətiylə maraqlanıram. Bir həftədir işə çıxmır, zənglərə cavab vermir. Nigaranıq.  Bəlkə siz biləsiniz?..
-Ay balam, mən bəyəm buranın uçasktovısıyam? Mən nə bilim Mirzə niyə işə çıxmır?
-Bağışlayın, dedim bəlkə…
-Paho işə düşmədik, -kişi bunu deyib qapını çırpdı. Xızır yenidən Mirzənin qapısına yaxınlaşıb zəngi basdı. Yalnız əlini dəstəyə aparanda fərqinə vardı ki, qapı açıqdır. Tərəddüdlə içəri girdi.
Gündüz vaxtı olsa da, içəri qaranlıq idi, görünür içəriyə gün işığı düşmürdü. Kiçik otaq idi. Köhnə mebellər. Döşəmədə ilk əvvəl boş şüşələr gözə dəyir, sonra isə kağızlar, siqaret kötükləri. Otağın sağ tərəfində- köhnə, ensiz divan. Əslində bir adamın ora yerləşməsi ağıla sığmır. Divanda bir adam üzüüstə uzanıb. Sol qolu altındadır, sağ qolu isə divandan aşağı sallanır. Xızır nə edəcəyini bilmədən bir az dayandı. Gəlməyinin doğru olub-olmadığı haqqında düşünürdü ki, telefon zəngi çaldı. Adam yatdığı yerdən yavaş-yavaş qalxıb oturdu. Başını qaldırmadan:
-Sən kimsən? –deyə soruşdu.
-Mənəm, ustad.- Xızır ehtiyatla dilləndi. – Sizdən nigaran qaldıq. Mən…
Mirzə başını qaldırdı. Qonur gözləri dəhşət saçırdı. Baxırdı, amma elə bil ki görmürdü. Əvvəl sakit-sakit danışırdı, birdən qeyzləndi.
-Mən səni tanımıram. Mən sizi tanımıram! Axı siz kimsiniz? Axı məndən nə istədiniz? Axı mən sizdən heç nə istəmədim! Mən ancaq ədəbiyyatı sevmək istədim! Axı mən yalnız ədəbiyyatı sevmək istədim!
Mirzə hönkürdü. Xızır nə deyəcəyini bilmədən otağın ortasında durmuşdu.
-Yaza bilmək  yeganə şey idi ki, mən onu heç vaxt itirməyəcəyimi düşünürdüm! O yeganə şey idi ki, məni xoşbəxt edə bilirdi! İndi o yoxdur! Mirzə də yoxdur! Və belə çıxır ki, heç vaxt olmayıb! Rahatlandınız? İndi rahatsınız? Di əl çəkin məndən! Rədd olun!
-Ustad, ədəbiyyatı sizdən, sizi də ədəbiyyatdan heç bir qüvvə ayıra bilməz! Əmin olun! Biz sizin yanın…
-Rədd olun, rədd olun, hamınız! Lənətəgəlmiş quzğunlar! Leşə daraşan quzğunlar! Məni rahat buraxın!
-Ustad, mən gedirəm, sakit olun, ustad, Allah eşqinə, -deyən Xızır mənzildən çıxıb qapını arxasınca örtdü. Amma getmədi, dayanıb içəridən gələn səsləri dinlədi. Aramsız çalan telefonun səsi nəhayət ki, kəsildi. Deyəsən Mirzə dəstəyi götürdü. Bir anlıq sükutdan sonra onun səsini eşitdi:
-Alo! Axı nə istəyirsiz? Niyə məni rahat qoymursunuz? – sonra rus dilinə keçdi- Nə kitab? Hansı Moskva? Məni bunlar maraqlandırmır! Hamınız gedin cəhənnəmə!
İçəridə səs kəsildi. Yəqin ki, Mİrzə dəstəyi asdı. Xızır bir az da dayandı, sonra yavaş-yavaş pillələri düşdü.

***
   Mirzəyə gələn zəng təsadüfi deyildi. Qaratay haqqındakı kitab Moskvada səs-küy doğurmuşdu. Məsələ burasında idi ki, Azərbaycan ədibinin fəaliyyətiylə bağlı izlər rus yazıçısı Nikolay Smirnovun həyatının gizli məqamlarına da işıq salırdı. Mirzə Smirnovun Qafqaza səfərində kiçik bir qeydə rast gəlmişdi. Qeyddə deyilirdi ki, şair Qafqazla bağlı bilgiləir toplamaq üçün qafqazlı şairin bilgilərindən istifadə edib. Həmin şairin yalnız soyadı göstərilirdi: Karatay. Smirnovun məşhur “Qafqazda” əsərinin yazılmasında Karatayın da rolu olmuşdu. Erməni tarixçilərinin ehtimalına görə indiyədək bu adamın adı Karatyan idi. Amma Karatyan adlı erməni yazıçısı əsər yazıldığı tarixdən beş il öncə dünyasını dəyişmişdi. Erməni tarixçiləri iddia edirdilər ki, Smirnov guya bilgiləri toplayıb və uzun illərdən sonra onların əsasında əsər ərsəyə gətirib. Amma bu halda çox uyğunsuzluqlar ortaya çıxırdı. Mirzə təsadüfən Karatayın gündəliyində rus ədibi ilə görüşündən bəhs edən qeydlərə rast gəlmişdi. Tarix təxminən əsərin yazıldığı ilə təsadüf edirdi.
Görkəmli rus yazıçısının həyatıyla bağlı bu ştrix Moskvanın marağına səbəb olmuşdu və əsər rus dilinə tərcümə edilmişdi. Kitab həmçinin sübut edirdi ki, Smirnovun əsərinin yazılmasında rolu olan qafqazlı- Azərbaycan yazıçısı Qarataydır.
Rusiya Yazıçılar Birliyində bu məsələ müzakirəyə çıxarılmışdı. Əsər tədqiqat işi kimi yüksək qiymətləndirilmiş və müəllif nüfuzlu ədəbiyyat mükafatına təqdim edilmişdi.
Xəbər mərkəzi qəzetlərdə çap olunduqdan sonra respublika informasiya vasitələrinin də manşetinə çıxmış, Mirzə az qala ölkənin ən məşhur adamına çevrilmişdi. Ədəbi Birliyin nümayəndə heyəti gül dəstələri və hədiyyələrlə Mirzənin evinə yola düşmüşdü.
Qapı açıq idi. Divanda uzanmış adam heç nədən xəbərsiz yatırdı. Səsə heç qımıldanmadı da. Yerdəki şüşələrin və siqaret kötüklərinin yanında yuxu dərmanının boş şüşəsini tapanda onun dərin yuxusunun səbəbini anladılar…

***
Dəfndən sonra Ədəbi Birliyin təşkilatçılığıyla təntənəli vida mərasimi keçirildi. Mərasimi Adaxan aparırdı. Gözlərində parıltı vardı. Özünü tədbirin qəhrəmanı kimi hiss edirdi. Sanki bütün deyilən fikirlər onun öz ünvanına idi. Hər çıxışdan sonra özünü bir az da haqlı sayırdı. Çıxışlar üçün təşəkkür etdikcə, sanki özünə deyilən xoş sözlərə görə minnətdarlıq ifadə edirdi.
Dost və həmkarlar isə xoş sözlər deməkdə çox səxavətli idilər. Bəlkə ona görə ki, artıq Mirzə yox idi və deməli, potensial ədəbi rəqib yox idi. Məsələn, Sürgün Sürgünlü Mirzəylə çiyin-çiyinə repressiyaya qarşı mücadilə etdiklərindən danışıb kövrəldi. Şükrü Şükürlü Mirzə kimi bir yazarı Azərbaycan ədəbiyyatına bəxş etdiyinə görə Tanrıya şükürlər etdi, onun müasiri olduğuna görə özünü və həmkarlarını dönə-dönə təbrik etdi.
Mərasimə fəxri qonaq kimi dəvət edilən Şamxal Mirzənin fədakarlığından danışıb hönkürdü. Adaxan onu toxtatmaq üçün söz verdi ki, Mirzənin həyatını, əsərlərini özü araşdıracaq. Necə ki, o, böyük fədakarlıqla Qaratayın “həyat məşəlinə” çevrilmişdi… Bu sözləri xüsusilə təsirli oldu. Tədbirin sonunda Lesya xala da ayı dərisiylə gəlib çıxdı. Adaxan bir vaxtlar ədəbiyyat dahisini soyuqdan qoruyan bu ayı dərisinə bürünərək ədəbiyyat ocağının istisini hiss etdi. Elə rəmzi olaraq tədbiri də “Ayı dərisi” adlandırdılar. Tədbir ruh yüksəkliyilə başa çatdı. Adaxan evə gedəndə özünü Nobel almış əhəmiyyətli ədəbi fiqur kimi hiss edirdi.
Səhəri gün Adaxan səbəbsiz titrədib-qızdırdı, yorğan-döşəyə düşdü. Heç bir dava-dərman kömək etməyəndə həkim belə diaqnoz qoydu: Çox güman ki, bu  titrətməyə səbəb hansısa allergiya idi… Adaxan ayı dərisini xatırlayıb nəsə demək istədi, amma dəhşətdən dilə gətirə bilmədi; ayı dərisiylə bağlı şübhələrini aydınlaşdırmağa macal tapmadan ürək tutmasından keçindi. Onu elə dəfnin ertəsi günü unutdular. Elə bil belə adam heç mövcud deyildi.
Şamxal Qaratay atası haqqında yazılan kitabın vasitəsilə yüksək dairələrə yol tapmağa çalışdı, amma cəhdləri səmərəsiz qaldıqda biznesmen taleyilə barışıb həmişəlik Rusiyaya köçdü.
Sürgün Sürgünlünü hansısa səbəbdən (bu dəfə doğrudan doğruya) uzaq diyarların birinə sürgün etdilər. Qayıdandan sonra (əgər qayıda bilsə) artıq sürgün xatirələrini danışarkən real faktlara söykənə biləcəkdi.
Şükrü Şükürlünü sürgün etmədilər, birlikdən uzaqlaşdırmaqla kifayətləndilər. Bəxti gətirdiyinə görə bundan sonrakı həyatını şükür etməklə keçirəcəkdi.
Dünyanın faniliyini öz gözlərilə görən Baş redaktor təqaüdə çıxıb dənizkənarı bağına köçdü. Bundan sonrakı həyatını Xəzərə, Günəşə və nəvələrinə həsr edəcəkdi. Xızır Bəkil perspektivli, istedadlı gənc kadr kimi onun yerinə təyin edildi. Jurnalın işlərilə bərabər, ustadı Mirzənin yoluna çıraq tutmaq missiyası da ona həvalə edilmişdi. Xızır ustadının bütün həyat və yaradıcılığını incələdiyi monoqrafiyasını onun anım gününə qədər yazıb bitirdi. Ədəbi Birlik bu münasibətlə sanballı bir tədbir keçirməyi təklif etdi, amma Xızır təşəkkür edib dedi ki, ustad səsli -küylü məclisləri sevməzdi.
O, kitabı Mirzənin məzarına apardı, hüznlü sükuta daldı, xatirələri dinlədi və ehtiramla uzaqlaşdı. Məzar daşına həkk olunmuş yazı yol boyu fikirlərini məşğul edirdi:“Yaradın və siz heç vaxt itirməyəcəksiniz”…

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.