Anar Məcidzadə -
Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
Nəyini sevmişik qoca dünyanın?
Əvvəli dünyanın sakit, həlimdi, Sonu ayrılıqdı, bil ki, ölümdü, Axan göz yaşıdı, qəmdi, zülümdü; Nəyini sevmişik qoca dünyanın?
Bitmir qovğaları, nə qalmaqalı, Hər gün də dəyişir kefi, əhvalı. Zəhərə dönübdü şəkəri, balı; Nəyini sevmişik qoca dünyanın?
Qorxusu, təlaşı, hürküsü vardır, Aslanı, pələngi, tülküsü vardır. Ürəyə sancılan süngüsü vardır; Nəyini sevmişik qoca dünyanın?
Qəlbləri buz edər, daşa döndərər, Arzunu, diləyi quşa döndərər, Bahar həyatını qışa döndərər; Nəyini sevmişik qoca dünyanın?
Anar, həyat ki var, gəldi - gedərdi, Ne etsən, əbəsdi, onsuz hədərdi. Bu dünya ən böyük dərdi, kədərdi; Nəyini sevmişik qoca dünyanın?
İlahi ədalət
İnanıram ki, əlbət, Var İlahi ədalət! Qapına daş atanlar, Qapını döyəcəklər. Ayağından çəkənlər, Sənə baş əyəcəklər.
Bir ömür yaşayım səninlə qoşa
Sən mənim həyatda sevdiyim adam, Sənsiz bu dünyaya ögeyəm, yadam. Səninlə açılar sabahım mənim Səninlə sevincli, səninlə şadam; Dönməsin məhəbbət gözümdə yaşa, Bir ömür yaşayım səninlə qoşa.
Gecə də, gündüz də səni aradım, Sən oldun istəyim, arzum, muradım. Gözümdə nurumsan, sinəmdə ürək Səninlə bağlıdır taleyim, adım; Sevgimiz dəyməsin amandır, daşa, Bir ömür yaşayım səninlə qoşa.
Mən sənin qismətin, naxışın olum, Görən gözün olum, baxışın olum. Səhərlər Günəşin, gecələr Ayın Əsən mehin olum, yağışın olum. Gözəlim, bir olaq, verək baş-başa, Bir ömür yaşayım səninlə qoşa.
Həsrət yanğısı
Hicrana dözənmirəm, Həsrətini çəkdiyim. Dünya boyda dərd olub, Tənhalığım, təkliyim.
Mən ki tənha qalmışam, Yoxluğunla baş-başa. Mən yaşayan acını, Sən də bircə gün yaşa.
Bilərsən həsrət nədir, O, min əzabdan betər. Gözlərdə həyat eşqi, Ürəkdə sevinc itər.
Gecələri göz yaşı, Qaranlıq olur səhər. Bu əzaba, möhnətə, Ürək dözür birtəhər.
Ayrılıq ağrısını, Ürəyimdə saxladım. Bi gözümlə güləndə, Bir gözümlə ağladım.
Hicrana dözənmirəm, Həsrətini çəkdiyim. Dünya boyda dərd olub, Tənhalığım, təkliyim.
Biz rast gəlməyəydik
Ömür bağçam saraldı, Bircə xatirən qaldı. Ağlımı başdan aldı, Səndə olan o göz, qaş; Biz rast gəlməyəydik kaş.
Bilsən necə sevmişdim, Sənə könül vermişdim. Yolunda gül əkmişdim, Səninsə ürəyin daş; Biz rast gəlməyəydik kaş.
Bitib söhbətim, sözüm, Qalmayıb daha dözüm. Bir qələmdir, bir özüm, Qəlbdə hicran, gözdə yaş; Biz rast gəlməyəydik kaş.
Qəm verdin bu Anara, Sinəmə vurdun yara. Bilmirəm gedim hara? Başım da qalıbdı çaş; Biz rast gəlməyəydik kaş.
|