Səma Məmmədsalahova - Birgə razılaşmaya gedilən yol
02.02.22

Ramin Allahverdinin “Birgə razılaşma konsepsiyası” kitabı haqqında

Hər bir insanın azad və ədalətli cəmiyyətdə xoşbəxt olmağını arzulayan müəllif “Birgə razılaşma konsepsiyası” ilə belə bir cəmiyyət qurmağın nəzəri və fəlsəfi müddəalarını bizə təqdim edir. Bu müddəalar və onların izahına keçməzdən əvvəl biz yeni düşüncə modeli ilə tanış oluruq: “Mən edim, başqası da edər”. Təbii ki, bütün insanların düşüncə tərzini dəyişmək heç də real deyil. Lakin fəlsəfi fikirlər içərisində uzun zaman önəmli yer tutan “özünü dəyişmək”, “dəyişməyə birinci özündən başlamaq” fikirlərinə əsaslanaraq, öz düşüncə modelimizdə müəyyən dəyişikliklər edərək bir nəticə əldə edə bilərik.

Bu konsepsiyaya – “cəmiyyətimizin güzgüsü” kimi yanaşmaq daha doğrudur. Belə ki, müəllif Mən, Sən, O – cəmiyyətlə bağlı müxtəlif anlayışlara aydınlıq gətirir, bir anlayışla bağlı müxtəlif fikirləri, düşüncələri təsvir edir. Yəni Məni, Səni, Onu əhatə edən bütün məsələlər “Birgə razılaşma konsepsiyası” kontekstində nəzərdən keçirilir. Sonra isə hər birini analiz edərək Birgə razılaşma konsepsiyasının tələblərinə uyğun gələn yol bizə göstərilir. Bu yol və ya yolların necə seçilməsi və dəyərləndirilməli olduğunu konsepsiyadan gətirilən sitatla aydınlaşdıra bilərik: “Bu kitabı oxuyarkən, ümumiyyətlə, bütün məsələlərə “rasional olaraq” (ilk növbədə emosionallıqdan kənar), düşüncənin, elmin, ağlın işığında yanaşsaq, müəyyən ortaq nəticələr hasil etmiş olarıq” (s. 50). Birgə razılaşma konsepsiyasının bizə 7 müddəası təqdim olunur ki, bu müddəalar hər bir insanın ən ali varlıq olaraq azadlığını və xoşbəxtliyini təmin etməyə hesablanıb.

Bəs azadlıq və xoşbəxtlik nədir? Müəllif azad və ədalətli cəmiyyət deyəndə nəyi nəzərdə tutur? İnsan tam azad ola bilərmi? Bu şəkildə çoxlu sayda suallar ünvanlamaq olar ki, bu suallara daha konkret cavabı həmin konsepsiyada tapa bilərik.

Bu vaxta qədər azadlığa müxtəlif cəhətdən yanaşılmış və müxtəlif fikirlər söylənmişdir. Ən çox yayılan fikirlərdən biri də azadlığın məsuliyyət olması, yəni hər bir insanın məsuliyyətini daşıyacaq qədər azad ola bilməsi fikridir. Bu konsepsiyada isə azadlıq – seçim kimi izah edilir. Yəni nə qədər seçim imkanımız varsa, bir o qədər də azadıq və bizim azadlığımız digərlərinin hüquqları başlayan yerdə bitir. Hətta sonuncu fikir konsepsiyanın 4-cü müddəasının əsasıdır. Buna əsaslanaraq müəllif “seçim sayı çox olarsa, fərd (insan) daha artıq azad olar” tezisini irəli sürür. Hər bir insanın vicdan, söz, düşüncə, etiqad və s. azadlıqları vardır. Bəs bu azadlıqlar məhdudlaşdırıla bilərmi?

Bu suala cavab axtarmazdan əvvəl azadlıq anlayışının fərqli bir formada əks olunduğu bir filmə diqqət çəkmək istərdim. Bəlkə də, Azərbaycan kinematoqrafiyasında ən dəyərli filmlərdən biri olan “Köpək” filminə. Məqsəd filmdəki hadisələri danışmaq olmadığından, filmin süjet xəttinə toxunmuram. Filmdə insan azadlığını məhdudlaşdıran bir sıra amillər öz əksini tapmışdır ki, insan bu gün də düşünür: “Mən, həqiqətən, azadammı?” 
Və ya Musa Yaqub dili ilə desək:

                ...Bəs qayda-qanunlar, fərmanlar necə-
                Hökmlər, divanlar nədən ötrüdür?
                Azad dil nə gəzir bu yer üzündə,
                Azad el nə gəzir bu yer üzündə,
                ....Qışqırma içimdə azadlıq deyə
                Azadlıq nə gəzir bu yer üzündə
                Azadlıq gəzirəm elə özüm də...

İnsanı düşündürməyə vadar edən hər bir fikir, hər bir söz önəm daşıyır. Bu misraları şərh etməyi də saxlayaq, hər bir oxucunun özünə.
 
Konsepsiyaya yenidən nəzər salsaq, burada bizə təqdim olunan azadlıq anlayışı mücərrəd deyil və hər bir insan başqa birinin azadlığını məhdudlaşdırmadan, hüquqlarına toxunmadan azad ola bilər. Sadəcə bu cəmiyyətdə könüllü və şüurlu şəkildə azadlığımızı özümüz məhdudlaşdırmalı oluruq. Ümumilikdə isə Birgə Razılaşma Cəmiyyətində qaydalar təlqin etmək, propaganda aparmaq yolu ilə deyil, şüurla dərk edilib, doğru olanı seçmək məqsədilə qəbul olunur. Yəni insan öz azad düşüncəsi ilə bu fikirləri şüurlu şəkildə qəbul etməlidir. Azad düşüncə də sadəcə oxuyaraq, hazır məlumatları kiminsə fikirlərini (hətta bu konsepsiyanın müddəalarını da) olduğu kimi qəbul edərək formalaşa bilməz. O fikirləri təhlil etməsək, öz düşüncə süzgəcimizdən keçirməsək, yəni şüurumuzla dərk etməsək, bu fikirlər bizi sadəcə kölələşdirər. Sadəcə başqalarının fikirlərini təkrarlayan “tutuquşu”ya çevirər. Amma qeyd etdiyimiz kimi, biz bu cəmiyyətin, konsepsiyanın qaydalarını şüurlu şəkildə qəbul edirik. Bəli, burada insan azaddır. Seçim hüququ var və bu seçimin məsuliyyətini də daşımağa borcludur. Bu cəmiyyətdə sən robot deyilsən, “cəsur yeni dünya” modeli də deyil. İnsanın səhv edərək öyrənmək haqqını heç kim əlindən ala bilməz, bunu heç bir düşüncə modeli tənzimləyə bilməz. Lakin bunun nəticəsində kiməsə ziyan dəyirsə, kiminsə hüququ pozulursa, həmin şəxs - Mən, Sən, və ya O cəzalandırılmalıdır. Qanun institutu ali olduğundan, ədalət məhkəməsində vəzifə, status, qohumbazlıq, pul və s. amillər də keçərli deyil. Birgə Razılaşma Cəmiyyətində “şah qanun deyil, qanun şahdır”. Belə bir sual ortaya çıxa bilər. Məgər Konstitusiyamızda da belə deyil? Cəmiyyət tərəfindən qəbul olunan əxlaq normalarında da bu fikirlər əsas tutulmur? Günümüz reallıqlarını düşünən hər kəs müşahidə etdiyindən bu barədə cavab deyil də, sual vermək daha məqsədəuyğundur. Problem nəzəriyyə deyil də, praktika məsələsidirsə, bəs bu məsələ Birgə Razılaşma Cəmiyyətində necə tənzimlənə bilər? Əslində bu məsələ bizim fikrimizi bir az qarışdıra bilər. Fəqət konsepsiyadan nəticə çıxarsaq, əslində müəllifin tamamilə yeni bir cəmiyyət qurmaq deyil də, yeni bir cəmiyyət formalaşdırmaq fikrini ortaya qoyduğunu görərik. 

Yəni bu cəmiyyətdə yaşayırıqsa, atdığımız hər bir addımı fikirləşərək, şüurla atmalı, yaranmış institutların fəaliyyətini dəyərləndirib yaxşı və pis cəhətlərini anlamalı, qəbul olunmuş yeni, məntiqli prinsipləri qəbul edərək həyatımızı davam etdirməliyik. Ən azından konsepsiyanın müəllifi bizi belə bir cəmiyyətdə yaşamağa dəvət edir.

Nəticədə biz hansısa real olmayan “xoşbəxtlər ölkəsi”nə, “ütopiya”ya gedib çıxmırıq. Belə bir cəmiyyəti, öz “bəyaz zanbaqlar ölkəmiz”i özümüz qururuq ki, bu, təcrübə ilə yoxlanılıb.  Ya xoşbəxt olmaq istədiyimiz üçün bunları edirik, ya da şüurlu şəkildə bunları edirik və nəticədə xoşbəxt bir cəmiyyət qururuq. ( Burada xoşbəxt sözünü, azad, ədalətli kimi sözlərlə əvəz edə bilərik.) Bəs bu cəmiyyəti kim qurur? Öz insan (fərd) kimliyini hər bir kimlikdən üstün tutan Mən, Sən, O – biz. 

İnsan ağlının mərkəz kimi götürülməsi, bunun haqqında nəzəriyyələrin yazılmasının dünya fəlsəfi və ədəbi fikrində uzun müddət yer tutmasını, hər şeyin ən yüksək səviyyədə getdiyini düşünərkən iki dünya müharibəsi və s. amillərin təsiri ilə bu nəzəriyyələrin təkzib olunmasını əks-arqument kimi iddia etmək olar. Lakin bizim cəmiyyətin sanki bu mərhələdən keçmədiyini müşahidə etdiyimizə görə ən sadə insan azadlığı və hüquqlarının pozulduğu cəmiyyətimiz üçün belə bir konsepsiyanın yazılmasını sadəcə təqdir etmək olar. 

Konsepsiyada bir çox məsələlər öz əksini tapıb ki, bəzi məsələləri ümumiləşdirib nəticə çıxaraq. Birgə Razılaşma Konsepsiyasında nəzərdə tutulan azad və ədalətli cəmiyyətə gedən yol sanki günümüz reallığındakı bir çox şeylərlə razılaşmamaqdan keçir. Bu cəmiyyətdə: Mən, Sən, O – bizə hər zaman öz düşüncələrini yeritməyə, təlqin etməyə çalışan  ağsaqqallıq institutunun üzvləri ilə razılaşmırıq. Biz “ağıl yaşda deyil, başdadır” prinsipini qəbul edən kəslərlə razılaşırıq.

Mən, Sən, O – biz öz cinsi, dini, etnik və s. kimliklərini insan (fərd) və vətəndaş kimliyindən üstün tutan insanlarla da razılaşmırıq. Biz əvvəlcə insan (fərd), sonra vətəndaş kimliyini üstün tuturuq. İnsanları cinsi, etnik, dini və s. kimliklərə görə yarğılamır, insanların seçimlərinə kiminsə hüquqları pozulmadığı müddətdə qarışmır, bir-birimizə hörmət edirik.

Mən, Sən, O – biz dövlət və hakimiyyət anlayışlarını bir-birindən fərqləndirməyənlərlə razılaşmırıq. Biz bir çox vətəndaşın indiki cəmiyyətdə anlamağa fürsəti olmadan qarişdırdığı dövlət və hakimiyyət anlayışlarını Birgə razılaşma konsepsiyası cəhətdən qiymətləndirir, müxtəlif manipulyasiyaların təsirinə düşməməyə çalışırıq.

Mən, Sən, O – biz “azad mətbuat” adı ilə bizə təqdim olunan (“sırınan”), lakin problemlərimizi gündəmə gətirməyən mətbuat ilə razılaşmırıq. Biz bizə fayda verən, həqiqətən, azad olan bir mətbuat istəyirik.

Mən, Sən, O – biz ədalətin sadəcə sənədlərdə olması ilə razılaşmırıq. Biz “Berlində hakimlər var” ifadəsinin cəmiyyətimizə uyğunlaşaraq “Bakıda hakimlər var”, “Azərbaycanda hakimlər” var ifadəsi ilə assosiasiya olunmağını istəyirik.

Mən, Sən, O – biz adı ziyalı, özü isə “ziyanlı” olan şəxslərlə də razılaşmırıq. Biz - həqiqi ziyalıları, işıqlı Zərdabi yolu tutub “daş ürək və daş beyinlərin mürur ilə yumşalmağına” çalışan aydınlarla razılaşır, onları örnək götürürük. Öz ölkəmizin Snelmanlarının nümunə olacağına inanırıq və bunu istəyirik. 

Təbii ki, sadəcə istəməklə sayılan və sayılmayan məsələlər öz həllini tapmayacaq. Birgə razılaşma konsepsiyasının müddəalarını şüurlu şəkildə qəbul edən cəmiyyətin üzvləri “öyrən”, “şəxsi nümunə ol”, “öyrət” prinsiplərini də qəbul edir. Yəni Mən, Sən, O – biz müəllifin də qeyd etdiyi kimi, bu konsepsiyanı öyrənməli, canlı nümunə olmalı, sonra isə öyrətməliyik. “Özünə rəva bilmədiyini başqasına rəva bilmə” prinsipinə əsaslanıb “özünə rəva bildiyini başqasına da rəva bil və bunun üçün çalış” nəticəsi çıxarırıq.  Müəllif qarşıya çıxa biləcək çətinlikləri nəzərə alıb birinci kimə öyrətmək məsələsini də məntiqi cəhətdən açıqlamışdır ki, bunu da konsepsiyadan oxuya bilərik.

Sonda Mən, Sən, O  əvəzliklərini deyəndə ağlımıza sadəcə Azərbaycan dili dərslərində deyil, bütün həyatımızda “biz” əvəzliyinin gəlməsini, bunu görməyimizi və hissetməyimizi arzulayaraq yazını bitirirəm.   

Yenililklər
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.