Toni Morrison - Şirinim
22.02.22

Bu mənim səhvim deyil. Buna görə də siz məni günahlandıra bilməzsiniz. Bunu mən etməmişəm və necə baş verdiyini də bilmirəm. Onu ayaqlarımın arasından çəkib çıxaranda  nələrinsə düz getmədiyini anlamağım  bir saatdan çox çəkmədi.  O qədər qara idi ki, məni qorxudurdu. Gecəyarısı kimi qara, Sudanlılar kimi qara. Mənim dərim belə qara deyil. Saçlarım da düzdür. Biz tərəflərdə bu rəngə açıq sarı deyirlər. Lunanın atası da eynilə mənim kimidir. Ailəmizdə də bu rəngə yaxın heç kim yoxdur. Bəlkə də, Tan azca ona bənzəyir. Ancaq Tandan fərqli olaraq onun saçı dərisinin rəngi ilə uyğunlaşmır. Saçı fərqlidir, həm düz, həm də dalğalı. Avstraliyanın  çılpaq tayfalarındakı insanların saçları kimi. Fikirləşə bilərsiniz ki, o nəslimizdən kiməsə bənzəyir. Amma, kimə? Nənəmə? Onu görməlisiniz; dərisinin açıq rəngi ona damarlarındakı zənci qanını gizlətməyə imkan verirdi. Sonralar, ikinci dəfə zənci olmayan ağdərili birisiylə evlənəndə uşaqlarının kimliyini həmin adamdan gizlətdi.  Anamın və xalalarımın göndərdiyi bütün məktubları oxumadan geri qaytardı. Axırda, bu məktubların cavabsız qaldığını görən anamla, xalalarım onu rahat buraxdılar. Demək olar ki, bütün mulat tipləri və mələzlər əvvəllər belə edərdilər- bircə saçları zəncilərinkinə bənzəməsin. Heç bilirsiniz, nə qədər ağdərilinin damarlarından zənci qanı axır? Təxmin edin. Mən 20% eşitmişəm. Mənim  anam Lula Mae də nənəm kimi zənci kimliyini gizlədib rahatca yaşaya bilərdi. Amma, o, bu yolu seçmədi. Mənə bu qərarına görə nələrdən keçdiyini bir-bir danışıb. Anamla atam evlənmək üçün ədliyyəyə gedəndə orada iki İncil var imiş və onlar əllərini qaradərililər üçün ayrılan İncilin üzərinə qoymalı imiş.  Digər İncil isə ağ dərili insanlar üçün imiş. İncil! Başa düşə bilirsiniz? Anam varlı ağ dərili cütlüyün evində xidmətçi işləyib. Onlar onun bişirdiyi bütün yeməkləri yeyirdilər.Üstəlik, vanna qəbul edəndə anam onların belini sürtürdü. Allah bilir, onu başqa nə intim şeylər etməyə məcbur ediblər. Amma, eyni İncilə and içmək olmazdı.
Bəlkə də fikirləşirsiniz ki, ictimai klublarda, qonşuluqda, kilsələrdə, qız yataqxanalarında, hətta zənci uşaqların oxuduğu  məktəblərdə özümüzü dəri rəngimizə görə qruplaşdırmaq( daha açıq dəri rəngi daha yaxşıdır) ağılsızlıqdır. Amma, başqa necə biz öz ləyaqətimizi az da olsa qoruya bilərdik? Başqa necə əczaxanada üzümüzə tüpürülməkdən, avtobus dayanacağında dirsəklə vurulmaqdan, ağ dərililərin bütün səkini tutması üçün novun üzərində yeriməkdən, baqqalda ağ dərili müştərilərə  pulsuz verilən kağız kisələrin bizə beş sentə satilmasından  qaçına bilərdik? Hələ, bizə qoyduqları adlardan belə danışmıram. Mən bunların hamısını, çoxunu, lap çoxunu eşitmişdim. Amma, anam dərisinin çox da tünd olmayan rənginə görə mağazada  rahatca papaqlara geyinib baxar və ya xanımlar üçün olan otaqlardan istifadə  edərdi. Və atam da ayaqqabıları  arxa otaqda yox, mağazanın  qabaq hissəsində geyinib yoxlayardı. Nə də onlardan heç biri susuzluqdan ölsələr belə heç vaxt üzərində “Zəncilər üçün” yazılmış çeşmədən su içməzdilər.
Bunu deməyə nifrət edirəm. Amma, elə lap əvvəldən  doğum evində uşağım Lula Ann  məni utandırırdı. Doğulanda onun dərisi bütün uşaqlarınkı kimi (hətta, Afrikalı uşaqların dərisi doğulanda solğun olur) solğun idi. Amma, tezliklə dəyişdi. Gözlərimin qarşısında bir anda maviyə çalan qara rəngə çevriləndə az qaldı dəli olam. Bilirəm ki, bir anlıq dəli oldum, çünki bir neçə saniyə yorğanı onun üzünə tutub sıxmağa başladım. Ancaq, bacarmadım. Onun bu dəhşətli rənglə doğulmamasını nə qədər  arzulasam da, bunu edə bilmədim. Hətta, yetimxanaya  qoymağı belə fikirləşdim. Amma, uşağını kilsə pilləkənlərində tərk edən analardan biri olmaqdan qorxdum. Bu günlərdə  Almaniyada yaşayan bir cütlüyün qar kimi bəyaz dərilərinin olmasına baxmayaraq heç kimin izah edə bilmədiyi qaradərili uşaqlarının doğulduğunu eşitdim. Səhv etmirəmsə, uşaqlar əkiz idi: biri ağ digəri isə qaradərili. Ancaq, mən bu xəbərin doğru olub-olmadığını bilmirdim. Bircə bilirdim ki, onu yedizdirmək balaca, qapqara bir şeyin döşümü əmməyinə bənzəyirdi. Evə gedən kimi ona süni qidalanma üçün şüşə butulka aldım.
 Həyat yoldaşım Luis yükdaşıyandır və o, bir gün dəmir yolundan evə qayıdanda mənə elə baxdı ki, sanki, qabağında dəlinin biri dayanmışdı. Qızım isə onun gözündə Yupiter planetindən gəlmiş yadplanetli idi. O kimə gəldi söyən, qarğayan biri deyildi. Buna görə də “ Lənət olsun! Bu nədir belə?”  deyəndə başa düşdüm ki, işlərimiz heç də yaxşı şey getməyəcək. Və bu mənimlə onun arasında çoxlu mübahisələrə səbəb olurdu. Bizim evliliyimizi parçalayıb hissələrə bölürdü. Birlikdə üç gözəl il keçirmişdik. Amma ,o anadan olandan sonra yoldaşım ancaq məni günahlandırır və Lula Anla yad hətta, bir düşmən kimi davranırdı. Ona heç toxunmurdu da.
 Onu heç vaxt başqa biri ilə aldatmadığıma  inandıra bilmədim. O, yalan dediyimə tamamilə əmin idi. Biz davamlı olaraq mübahisə edirdik, dalaşırdıq. Ta ki bir gün mən ona uşağın qara rənginin mənim yox onun ailəsindən gəldiyini deyənə kimi. Bundan sonra hər şey daha da pisləşdi, o bizi tərk etdi və mən yaşamaq üçün daha ucuz bir yer  axtarmalı oldum. Bacardığımın ən yaxşısını edirdim. İş üçün ev sahiblərinə müraciət edəndə onu özümlə aparmamalı olduğumu çox yaxşı bilirdim. Buna görə də ona dayəlik etməyi yeniyetmə bir qohumumaa tapşırırdım. Onu çölə də çox çıxarmazdım. Çünki, uşaq arabasında gəzdirəndə insanlar xoş sözlər demək üçün əyilib ona nəzər yetirəndə   diksinə bilərdilər, sıçrayıb qaşqabaq tökərdilər. Və həqiqətən, bu məni incidərdi. Əgər dərisinin rəngi belə tünd olmasaydı, mən dayə də işləyə bilərdim. Şəhərin mərkəzində ev kirayələmək  qaradərili bir qadın üçün( dəri rəngi nə qədər açıq olsa belə) kifayət qədər çətin idi. 90-cı illərin sonunda, Lula An anadan olanda evlərin kirayə verilməsində ayri-seçkiliyə yol verilməməsi üçün qanun mövcud olsa da,  ev sahiblərinin çoxu buna əhəmiyyət vermirdi. Hətta, evdən uzaqlaşdırmaq  üçün bəhanələr uydururdular. Baxmayaraq ki, elandakı qiymətdən yeddi dollar artıq ödəyirdim və cənab Lei pulu bir qədər gecikdirəndə əsəbləşib özündən çıxırdı, ancaq onun  kirayənişini olduğuma görə özümü şanslı hesab edirdim.
Lunaya öyrətdim ki, məni ana və ya mama əvəzinə “Şirinim” deyə çağırsın. Bu daha təhlükəsiz səslənirdi. Onun bu cür qara dəriyə və çox qalın dodaqlara sahib olması, üstəlik məni ana deyə çağırması insanları çaşdıra bilərdi. Bundan başqa gözlərinin rəngi də qəribə idi, açıq mavi tonla qarğa dərisi qara rəngin  qarışığı gözlərinə mistik abu-hava qatırdı.
Uzun müddət ikimiz bir yerdə yaşadıq. Və  tərk edilmiş qadın kimi yaşamağın nə demək olduğunu kiməsə izah etməyə belə dəyməz. Deyəsən, Luis bizi o cür tərk etdiyinə görə özünü günahkar hiss etmişdi. Çünki, bir neçə ay sonra bizim harada yaşadığımızı öyrənmiş və ayda bir dəfə pul göndərməyə başlamışdı. Baxmayaraq ki, mən ondan nə pul istəmişdim, nə də müavinət  üçün məhkəməyə müraciət etmişdim. Onun göndərdiyi 50 dollar və mənim xəstəxanada gecə növbəsində işləyib qazandığım maaş  ikimizə də  rifah içində yaşamağa imkan verirdi ki, bu da əla idi. Arzulayardım ki, daha rifah sözündən istifadə etməsinlər və anamın gənc qız olan vaxtları işlətdikləri sözə qayıtsınlar. Onda rifah əvəzinə yüngülləşmək, rahatlanmaq deyərdilər. Belə daha yaxşı səslənir. Sanki, toparlanmaq üçün qısa müddətlik fasilə verirsən. Üstəlik,rifah məmurları üzlərinə tüpürüləcək xəsis insanlar idi. Nəhayət,  iş tapanda onların puluna ehtiyacım qalmadı, çünki, bu xəsis məmurların verdiyindən daha çox qazanırdım. Yəqin ki, xəsislik onların  maaş çeklərini doldururdu, buna görə də bizimlə dilənçi kimi davranırdılar. Xüsusilə, mənə və Lula Ana elə baxırdılar ki, sanki onlara kələk gəlməyə,  ya da başqa bir şey etməyə çalışırdıq. Hər şey yaxşı gedirdi. Amma, hələ də diqqətli olmalı idim. Onu necə böyüdəcəyimi fikirləşməliydim. Ciddi olmalıydım, çox ciddi. Lula An necə davranmalı olduğunu, başı aşağı gəzməyi və problem yaratmamağı öyrənməli idi. Adını neçə dəfə dəyişməyi vecimə də deyildi. Rəngi həmişə üstündə gəzdirəcəyi xaç olacaqdı. Amma, bu mənim səhvim deyildi, mənim səhvim deyildi, deyildi.
Hə, bəzən balaca Lula Anla necə davrandığımı xatırlayanda özümü günahkar hiss edirəm. Amma, siz məni başa düşməlisiz: onu qorumalıydım. O, hələ bu dünyanı tanımırdı. Hətta haqlı olsaydın belə, bu rənglə özünü dözümlü və ya arsız aparmağın heç bir mənası yox idi. Söz qaytardığına və məktəbdə dalaşdığına görə azyaşlıların saxlandığı cəzaçəkmə müəssisəsinə göndərilə biləcəyin bir dünyada mənası yox idi, işə götürüləcək son insan və qovulacaq ilk insan olduğun bir dünyada. O, bunların heç birini, onun qara dərisinin  ağ dərili insanları necə qorxutduğunu, güldürdüyünü, əyləndirdiyini və onu pis vəziyyətdə qoyacağını anlamırdı. Bir dəfə yaşı ondan çox olmayan, Lula An qədər qara  bir qızı bir qrup ağ dərili oğlanın ilişdirib yerə yıxdığını gördüm və o, güclə ayağa qaxmağa çalışanda onlardan biri onun arxasından təpiklə vurub yenidən yerə yıxdı. Oğlanlar qarınlarını tutub qəhqəhə ilə gülməkdən iki qat olmuşdular. Qız uzaqlaşdıqdan  sonra belə özləri ilə fəxr edərək hırıldayırdılar.  Avtobus pəncərəsindən izləməsəydim,bu balaca qızcığaza kömək edib onu ağ dərili yaramazların əlindən xilas edərdim. Əgər, Lula Ana düzgün tərbiyə verməsəydim  küçədən ağ dərili oğlanlar keçəndə özünü görməməzliyə vurub oradan uzaqlaşmazdı. Amma ona öyrətdiklərim bəhrəsini verdi və sonda mən lələklərini nümayiş etdirən tovuz quşu kimi özümlə fəxr edirdim.
Bilməlisiniz ki, mən heç də pis ana olmamışam. Sadəcə, hərdən övladımı qorumaq üçün onu incitməliydim. Bəli, incitməliydim. Hamısı da bir dəri rənginin digər dəri rəngi üzərindəki üstünlüyünə görə. İlk başda o qara keçmişini unudub onu sevmək istəyirdim.Ancaq, mən onu sevirdim də. Həqiqətən, sevirdim. Düşünürəm ki, indi məni anlayır. Məncə də, anlayar
Son iki görüşümüzdə o, son dərəcə gözəl görünürdü. Bir növ cəsarətli və özündən arxayın. Məni hər dəfə görməyə gələndə onun necə də qara olduğunu unudurdum, çünki, o, bunu gözəl ağ paltarlar geyinməklə ört-basdır edirdi.
Qızım mənə həyatım boyu xatırlayacağım bir dərs öyrətdi . Uşaqlarımızla necə rəftar etməyimiz çox önəmlidir. Çünki, bunu heç vaxt unutmaya bilərlər. Əlinə fürsət keçən kimi tez bir zamanda məni bu qorxunc mənzildə tək başına buraxıb tərk etdi. Bacardığı qədər uzağa getdi, geyinib keçindi və özünə Kaliforniyada yaxşı bir iş tapdı. Daha mənə zəng etmir, yanıma gəlmir. Əvəzində isə pul və başqa şeylər göndərir. Axırıncı dəfə üzünü nə vaxt gördüyümü belə xatırlamıram.
Mən buranı, Vinston baxım evini, şəhərin kənarındakı o böyük, bahalı qocalar evindən üstün tuturam. 24 saat işləyən tibb bacıları və həftədə iki dəfə məni müayinə edən həkimlə qaldığım yer digərlərindən daha balaca, rahat və ucuzdur. Mənim 63 yaşım var (hələ pensiyaya çıxmaq üçün çox da qoca deyiləm), amma indidən sümük xəstəliyindən əziyyət çəkirəm. Buna görə də yaxşı qulluq önəmlidir. Darıxmaq zəiflikdən və ya ağrıdan daha betərdir, amma, tibb bacıları mehribandır. Biri elə indicə nənə olacağımı öyrənəndə üzümdən öpdü. Sanki,başına tac qoyulan birinə təriflər yağdırıb üzünə gülürdü. Mən Lula Anın göndərdiyi mavi kağızdakı qeydi ona göstərdim, Lula onu “Brayd” deyə imzalamışdı amma, mən buna heç fikir vermirdim də. Elə bil  sözləri adamın başını gicəlləndirirdi. “ Tap görüm nə olub, S. Bu xəbəri sənə verdiyimə görə çox, amma, çox xoşbəxtəm. Mən ana olacağam. Mən çox  həyəcanlıyam, ümid edirəm ki, sən də həmçinin.” Məncə, həyəcanı uşağına görə idi, atasına görə yox, çünki məktubda onun heç adını da çəkməmişdi. Görəsən, o da Lula kimi qaradır?  Əgər, elədirsə  mənim kimi narahat olmağına ehtiyac yoxdur. Çünki, bəzi şeylər mənim cavanlığımdakı kimi deyil, çox dəyişib. İndi hər yerdə- televiziya kanallarında, moda jurnallarında, reklamlarda qaradərililərə rast gəlirsən. Hətta, filmlərdə belə.
Zərfin üzərində cavab yazmaq üçün ünvan yoxdur. Düşünürəm ki, mən hələ də Lunanın gözündə onu bu cür böyütdüyümə görə ölənə qədər cəzalandırılacaq pis valideynəm. Bilirəm ki, mənə nifrət edir. Bizim əlaqəmiz onun mənə pul göndərməsindən ibarətdir. Pula görə minnətdar olduğumu deyə bilərəm. Çünki, bəzi  xəstələr kimi əlavə şeylərə görə yalvarmıram. İstəsəm bir dəstə təzə kart alıb oynaya bilərəm. Daha qonaq otağındakı çirkli, köhnəlmiş  kartlara ehtiyacım yoxdur. Və xüsusi üz kremimi də ala bilərəm. Amma, mən axmaq deyiləm. Bilirəm ki, göndərdiyi pul tərk etdiyi vicdanını susdurmaq və məndən uzaqlaşmaq üçündür.
Əgər əsəbi və nankor görünürəmsə, bunun bir səbəbi də peşmanlıq duyğusuna görədir. Etmədiyim və yanlış etdiyim bütün  kiçik şeylərə görə. O, ilk dəfə aybaşı olanda buna necə reaksiya verdiyimi xatırlayıram. Və ya büdrəyəndə, ya da nəyisə əlindən salıb sındıranda ona qışqırdığım vaxtları. Düzdür, anadan olanda qara dərisinə görə çox məyus olmuşdum.  Hətta, ona nifrət etmişdim. Və ilk düşündüyüm....... Yox. Bu xatirələri tez özümdən uzaqlaşdırmalıyam. Mənası yoxdur. Bilirəm ki, həmin vəziyyətdə onun üçün ən yaxşı olanı etmişəm. Yoldaşım bizi tərk edəndə Lula  mənim üçün bir yük idi. Ağır bir yük. Amma, mən buna dözdüm.
Hə, onunla çox sərt rəftar edirdim. Əmin olun ki, çox sərt. O, on iki yaşını tamamlayıb on üçə keçəndə onunla daha da sərt davranmağa başladım. Söz qaytarırdı, bişirdiyim yeməkləri yemirdı, bütün günü saçlarıyla oynayırdı. Mən saçlarını hörüb onu məktəbə göndərirdim. O isə məktəbə çatan kimi onları açırdı. Mənimlə bu cür rəftar etməyinə göz yuma bilməzdim. Bir gün onu susdurub xəbərdarlıq etdim ki, ağların bizə qoyduğu təhqiramız adlardan o da öz payını ala bilər. Deyəsən, verdiyim dərslərdən bəziləri yaddaşından silinib. Görürsüz də, nəyə çevrilib. Varlı iş xanımına. Təsəvvür edirsiz?
İndi hamilədir. Afərin, Lula An. Əgər ana olmağın təkcə uşaq bələməkdən, layla oxumaqdan, ayaqqabı geydirməkdən ibarət olduğunu fikirləşırsənsə, yanılırsan. Sən və sənin adsız oğlan dostunun, yoldaşının, sevgilinin, təsadüfən tanış olduğun birinin, hər kiminsə uşaqla necə oynadığını təsəvvür edirəm; Ay, balacam! Şirinim! Qu qu!
Mənə qulaq as! Sən ana olanda dünyanı, onun necə işlədiyini, necə dəyişdiyini öyrənəcəksən.
Uğurlar, Tanrı körpəni qorusun!

Orijinal mətn - https://www.newyorker.com/magazine/2015/02/09/sweetness-2

İngiliscədən tərcümə - Sonası Vəliyeva

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.