Rövşən Xasayoğlu,
Ardahan Universitetinin müəllimi
***
Ana Kürüm qaldıq suya tamarzı
Neftçalamın işıqları sönərmi?
Yoxsa səndən ayırdılar Arazı?
Ana Kürüm yatağına dönərmi?
Haray-haray, Kürüm möhtac yağışa,
Kanal olub, fikir verin axışa
İmkanı yox Xəzərinə qarışa
Ana Kürüm yatağına dönərmi?
Artıq xəyal Kür çağlaya, Kür coşa
Dəli Kürüm bənd uçura, Kür daşa
Balıqları yulğunluğa doluşa
Ana Kürüm yatağına dönərmi?
Gör nə vaxtdır suyun zəhər dadında
Çay itirdim Kür ismində, adında
Xəyal olub sən qalmısan yadımda
Ana Kürüm yatağına dönərmi?
Kürü bizə bəxş eləmiş Yaradan
Utanırmı Kürün suyun qurudan?
Bu gün Kürüm can üstündə, verir can
Ana Kürüm yatağına dönərmi?
Kim qarğıdı görüm susuz qalasan?
Torpaq üstə dərin şırım olasan
İstəyimdi yenə suyla dolasan
Ana Kürüm yatağına dönərmi?
Qurutmayın elin çayın, çalasın
Qaçırmayın torpağından balasın
Köçürməyin yerindən Neftçalasın
Ana Kürü əski hala döndərin
Kürü yenə Xəzərimə göndərin!
12.04.2022