Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız

13.08.23

    (Mehriban Vəzirin “Vay... Vay...Türkmənçay...” romanı  üzərinə ağı kimi bir yazı)



    Vay...
    Bu üç hərfli söz dilimizdə təkcə nida kimi işlənmir.
    Bir də isim kimi işlənən “vay” sözü var dilimizdə.
    İkincisi heç olmayaydı kaş!..
    İkinci “vay” yasdır, hüzndür, ölü evidir, hüzr yeridir, xarabazardır, ev dağılmasıdır, yurd itkisidir...
    Bu “vay”ın daha bir məşum mənası da var ki...
    Yazımızın mövzusu “vay”ın o məşum mənasını bizə xırdalayan əsər – dəyərli qələm Mehriban Vəzirin “Vay... Vay... Türkmənçay...” romanıdır...

                ***

    Bir yazımda yazmışam: Zəngilanım, Qaradərəm erməni vandalları tərəfindən işğal olunanda ağlaya bilmədim: mən ağlamaq planımı Qərbi Azərbaycan, Şuşa, Laçın, Xocalı işğal olunanda doldurmuşdum... Bir də Əhməd Ağoğlunun sözü olmasın, dədələrimizin bizə miras buraxdığı torpaq itkisinə öyrəncəli olmuşduq elə bil...
    Qardaşım, o boyda Güney Azərbaycan, Təbriz itkisi olan yerdə... Qoy bu məşum cümlə bitməsin!
    Qoy dədələrin bizə miras qoyduğu o “torpaq itkisinə öyrəncəli” olmağımız cücərməsin, göyərməsin, bitməsin!.. Qəhr olası bitmək, sücərmək, göyərmək... Olmaz olsun...
    ...1828-ci ildən bu yana vaydayıq, həşirdəyik, yasdayıq, tikə-parça  olmadayıq...
    Ölkəmizi – Azərbaycanımızı sanki Moskva adlı ağ ayı ilə Tehran adlı digər bir qonur ayının  quyruğuna bağlayıb dartaraq iki parça ediblər...
    Romanın qəhrəmanı Qoca adlı kişi xalq dili ilə anladır ağı üstdə:
        Araz, Araz, Xan Araz,
        Sultan Araz, xan Araz.
        Dərdimi sənə deyim,
        Mənim kimi yan Araz... (Sözügedən əsər, səh.202.)
    Əsərin qəhrəmanı Qoca kişi bir biləsiniz kimdir? Bu gəncəli  arabaçı Vətənimizi tikə-parça edən o məşhur rus şairi və dramaturqu - Tehrandakı mənhus rus səfiri Qriboyedovun Vətənimiz kimi tikə-parça olmuş meyidini kəl arabası ilə Tehrandan Tiflisə sürür əsər boyunca... (150 il keçəcək. Rus imperiyasının yerində qurulan Sovet imperiyası Əfqanıstanda əfqanlarla döyüşdə ölmüş əsgərlərin ələ gəlməyən cəsədinin yerinə iki mişar daşını əsgər şinelinə büküb sink tabutlarda vətənlərinə göndərəcək – bu barədə “Qadağan zonası” adlı uzun hekayəmdə bəhs etmişəm -  eynən Qriboyedovun da tabutda cəsədindən başqa nə desən, vardı... )
    ... Əsərin maraqlı bir süjeti var: bir tərəfdə qeyd etdiyimiz kimi rus səfirinin meyidi Tehrandan Tiflisə daşınır, digər tərəfdə isə həmin rus səfiri Qriboyedov atlı dəstəsilə Tehrana çapır...
    “Qacarlar və Romanovlar arasında “Türkmənçay müqaviləsi” imzalanmışdı. Ruslar “Arazı ayırmış, qan ilə doyurmuş”du. Məkanın adı həm tarixdə, həm ürəklərdə Azərbaycanın qara yasına, vayına dönmüşdü.” (səh.173)
    İngilis siyasət yazarı Harvey J.Karenin dili ilə desək, “Türkmənçay müqaviləsi Qacar dövlətinə ağır təhqir demək idi.” (Kitabın arxa qapağındakı yazıdan.)
    Gələcəkdə dilimizə “ayrılıq” kəlməsini daha ağrıyla pərçimləyən o “Müqavilə” bizə yanıqlı “Ayrılıq” mahnısını oxudacaq, şairlərimiz həmin Moskvanın (həminki Moskva!) tapşırığı ilə “Təbrizim” mövzusunda yüzlərlə şeirlər yazacaqlar (bəzisi tapşırıqla yazsa da, içdən yazmışdı), yazıçılarımız heç vaxt “gəlməyəcək gün” adında romanlar yazacaqlar... Hətta o şair və yazıçıların kor olmuş gözlərinin önündə Sovet qoşununun silahını şah qoşununa buraxdığını və bu silahla məşrutəçilərin qətl edildiyini görübən susduqlarını da biləcəyik... Və bunu “Dünyanın arşını” romanında yazdığına görə böyük yazıçımız Sabir Əhmədlini də o yazıçıların çuğullayıb başına oyun açdıqlarını da biləcəyik... (Bu barədə bax: Azad Qaradərəli “Azərbaycan ədəbiyyatını silkələyən əsər” – mənbə: müəllifin “Yasaq ədəbiyyatın yaradıcısı” kitabı, səh.21-27. Bakı, Alatoran, 2020.)
    Mehriban Vəzir bu tarixi romanı həm sənədlərlə zənginləşdirmiş, həm bədii təxəyyülünün gücü ilə rəngləmişdir. Rənglər bəzən elə tünd olur ki, səhifələri başa çıxıncan adamın nəfəsi tıncıxır:
    “-Hə, Qoca dayı, Türkmənçaya çatırıq... vay Türkmənçay, vayımıza oturan Türkmənçay...” (səh.174.)
    Bu “Müqavilə” təkcə Azərbaycanın parçalanması ilə yadda qalmadı, həm də İrəvan da daxil, Qərbi Azərbaycana, eləcə də Quzey Azərbaycanın Naxçıvan və Qarabağ torpaqlarına İranda yaşayan ermənilərin köçürülməsi ilə qanlı iz buraxdı. Bu “qanlı iz” illər sona Zəngəzurda, İrəvanda, Dağlıq Qarabağda tökülən qanlara yol açmış oldu...
    Qacar ordusu məğlub olan kimi İran erməniləri şaha qarşı çıxır, rusların  nümayəndəliyini özlərinin rəhbəri bilir, yerli hökümətə tabe olmurdular. Bunun nəticəsi kimi “Təbriz və Urmu ermənilərinin Azərbaycanın şimalına böyük köçü başladı. Köçün Araza qədər müşayət edilib Azərbaycanın quzeyinə ötürülməsinə çar ordusunun zabiti, erməni əsilli  polkovnik Lazarev rəhbərlik edirdi...” (s.51.)
    Amma həm o məşum “Müqavilə”nin, həm müqavilədə nəzərdə tutulan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ideyasının əsas müəllifi yuxarıda qeyd etdiyimiz kimi, o mənhus səfir Qriboyedov idi. Bu “müqavilə” ilə Qacar dövlətinin Rusiyaya böyük təzminat ödəməsi, şah da daxil bütün İranın səfir Qriboyedovun qarşısında diz çökməsi onun ağzını sulandırmışdı. Azərbaycan Qacar dövlətində erməni və digər məsihi qadınlarla ailə quran vəzifəlilərin arvadlarının əllərindən zorla alınıb səfirliyə gətirilməsi bardağı daşırır, insanları çillədən çıxardırdı: “Bəla bu dəfə təkcə mala-mülkə deyil, həm də namusa gəlmişdi.” (s.172.)
    Tanıdığımız gəncəli Qoca kişinin yanında yer alan Ələmdar da namus üstündə səfirliyə hücum edənlərdən idi...
    Qoca kişi yol boyu yanıqlı-yanıqlı oxuyur, oxuyurdu:
    Əzizinəm, mey qanlı,
    Mey qanlı, məzə qanlı.
    Qorxuram düşəm öləm,
    Yerimdə gəzə qanlı...
    Hətta səfirliyə gətirilərək gecəni orada saxlanılan Allahyar xanın erməni arvadlarından  birinə səfirin sərxoş qardaşı təcavüz etmiş, bu əməl Tehranı ayağa qaldırmışdı. Namus davasına qalxan xalq rus səfirliyinə hücum etmiş, bütün səfirlik işçilərini, o cümlədən Qriboyedovun özünü qətl etmiş, tikələri ələ gəlməmişdi...
    Bir zamanlar “Ağıldan bəla” adlı əsər yazaraq istedadlı şair və dramaturq kimi məşhurlaşan Qriboyedov indi özü “ağlının bəlasına” (oxu: müəllifi olduğu “Türkmənçay müqavilə”sinin bəlasına) gəlmişdi...
    Bir qədim atalar sözümüz var:”İti öldürənə sürüdərlər.”
    İndi İranın köklü xalqı və idarə sahibi Azərbaycan türklərinin nümayəndəsi darğa Ələmdar da dostları ilə öldürdüyü, öldürdüyü nədi, cəsədini Tehran küçələrində sürüdüyü Qriboyedovdan qalma qalıqların yerləşdiyi tabutu kəl arabası ilə arabaçı gəncəli Qocanın müşayəti ilə Xudafərindən keçirib Tiflisə doğru aparmaqdadır...

                ***
    Qriboyedovun cəsədinin qalıqları Tiflisdə, xanımı gənc gürcü qızı Ninonun seçdiyi yerdə - Müqəddəs David Monastrında dəfn edildi və tezliklə unuduldu...
    Onun əsəri olan “Türkmənçay müqaviləsi”nin acı fəsadları isə davam etməkdədir...” (s.256.)

                ***
    Hesab edirəm ki, haqqında söz açdığımız Mehriban Vəzirin “Vay... Vay... Türkmənçay...” romanı daha böyük tirajla çap olunmalı, o taylı, bu taylı bütün Azərbaycan türklərinin oxuyacağı bir əsər olmalı, orta məktəblərin ədəbiyyat və tarix dərsliklərinə salınmalı, tədris olunmalıdır.
    Yaralı tariximiz onsuz da qan sızan yaralarına bu kimi kitablar bir hovur məlhəm olar bəlkə....

avqust - 2023

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.