Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
23.09.23

Məncə, Mahir Qarayevin “Sonuncu Korifey” romanı milli ədəbiyyatımızın başını ucaldan əsərdir.

Hər əsərin qəhrəmanı və əhvalatı olmalıdır. Oxucu Mahir Qarayevin “Sonuncu korifey” romanının qəhrəmanı ilə elə ilk sətirlərdən tanış olmağa başlayır, fəqət barəsində danışılan əhvalatı sonuncu sətirlərə qədər aramalı və axtarmalı olur.

Mən şəxsən əhvalatın cövhərini əvvəl onda tapdım ki, qəhrəman çarəsizlikdən, məhz çarəsizlikdən, mitinqə getməyi qərarlaşdırır, onu gözləyən təhlükələri dərk edir və onu bu mitinqə getmək qərarına gətirmiş öz həyat yolunu, bu yoldakı onun vücuduna ən böyük təsir göstərmiş hadisələri, insanları və bədii əsərləri xəyalında canlandırır. Bu hadisələri, insanları və əsərləri romanda bir-birinə bağlayan yeganə ip-sap əsas qəhrəman olduğundan, dinamik vahid əhvalatın, demək olar ki, yoxluğundan, yazıçı əsərini “psixoloji-assosiativ” roman adlandırıb.

Əvvəl romanın süjeti və cövhəri barədə belə düşünmüşdüm, əsərin sonuna yaxınlaşdıqca anladım ki, bu düşüncəm hədsiz bəsit və yanlışdır, roman isə həyat qədər, yaradıcı insan qədər mürəkkəb və sonsuzdur.

Romanın üçdə birini oxuduqdan sonra anlamağa başladım ki, əsas qəhrəman əsərdə bir vücudla deyil, iki vücudla təmsil olunub, haçalanmış qəhrəmanın bir adı Təbriz, o biri adı Korifey kimi təqdim olunan Bəhramdır.

Yaxşı, əsərin qəhrəmanı tilsimini aça bildim, bəs əsərin cövhəri nədədir? Mətninin bir hissəsi xırda şriftlə yığılmış 392 səhifəlik romanı oxuduqca əvvəl ağlıma gəldi ki, əsərin cövhəri, ola bilsin, ÖLÜMdür.

Roman ithaf olunub “Bu dünyanın on bir ay on beş gün qonağı olmuş mandarin kimi zərif uşağın – qıvrımsaç, buruqtel Üzeyirin xatirəsinə”, əsəri oxuduqca müntəzəm baş verən ölümlərin – sevimli ananın, uşaqlıq dostu Seryojanın, onun atası hərbi həkim Polkovnikin, Dahi ləqəbli qonşu Gennadiy Moiseyeviçin, Gürcüstandakı tanış-bilişin, sevilməyən atanın, yazıçının ədəbi kamillik axtarışlarının rəmzi olan Koifeyin, qəhrəmanın təfsilatı ilə təsvir etdiyi öz ölümünü saysaq, romanın cövhəri kimi ÖLÜMÜ də nəzərə almaq olardı. Oxucu onu da xatırlayır ki, qəhrəmanla ilk tanışlıq Elçibəyin nəşini Binədən Bakıya çatdıran avtomobil karvanında baş vermişdi.

Fəqət əsəri oxuduqca belə qənaətə gəlirdim ki, belə yüksək səviyyəli əsərin cövhəri üçün hətta ÖLÜM kimi mühüm və əsrarəngiz məfhum kifayət qədər bəsit sayıla bilər. İndi hər bir az-çox savadlı adam vurma cədvəli kimi bilir ki, “Həqiqətən, hamımız Allahınıq və ona qayıdırıq”.

Odur ki, dolaşıq kələf kimi səbrlə açdığım əsərdə ÖLÜM cövhərin yalnız bir tikəsi ola bilərdi.
Romanın mətninin özülü – yazıçı MƏNinin axtarışı, mətnin divar hörgüsü – yazıçı duyğularının təbiri, mətnin cövhəri – əlçatmaz kamilliyə can atan yazıçının bu kamilliyin mümkünsüzlüyünün dərkidir. Bu mümkünsüzlüyü Korifey səkkiz səhifəlik – müəllifə inanaq – dahiyanə pritçaları cırıb yandırmaqla, Gena dayı uzun illərin məhsulunu cırıb yandırmaqla, əsas qəhrəman isə – özünü asmaqla – sübut edirlər.

Belə çıxır ki, romanın cövhəri əlçatmaz kamilliyə can atan, bu kamillik eşqinin içəridən gəmirdiyi ehtiras qarşısında öz acizliyini dərk edən yazıçı iddiasıdır? Təsadüfi deyil ki, yazıçının xatırladığı ədəbi isimlər böyüklüyünü bəşəriyyətin şəksiz etiraf etdiyi ədiblərə aiddir.

Demək olarmı ki, “Sonuncu Korifey” romanı milli ədəbiyyatımızda  nadir istisna olan həmin bu yaradıcılıq kamilliyinin əlçatmazlığının faciəvi dərkini təsvir edir?
Ola bilər, ola bilər…

Hər halda, sizin həqir bəndəniz zövqlə oxuduğu və milli ədəbiyyat nümunələrinin mütaliəsi zamanı çoxdan duymadığı estetik ləzzəti anlayaraq bu fikrə gəlib. Bu fikri danan oxucuya Mahir Qarayevin əsərinin ikinci hissəsinin yeddinci fəslində yazdığı sətirlər üzərində düşünməyi məsləhət görərdim: “Saymağı bacarmayan adam biləcəkimi beşləçəkli yasəmən tapsa, xoşbəxt olmağa haqqı çatırmı? bəlkə də hə, bəlkə də yox”.

Əsərin qəhrəmanı dərin məzmunlu insandır, bu səbəbdən tənhadır, dəyib dolaşdığı, təmasda olduğu insanların dəyərliləri – anası, Yusif Səmədoğlu, Hrant Matevosyan, Tanyuşa – onun həyatına toxunub keçiblər, özü isə tənha qalıb. Düzdür, əlinin altında daim dünya nəhənglərinin gözəl bildiyi əsərləri durur, onun fikir dünyası bu ədiblərin özləri, onların həyat tarixçələri, yaratdıqları qəhrəmanların taleləri ilə zəngindir. Gerçək həyatı isə toqqadan aşağı mətləbləri hesaba alsaq, müasir Avropanı çoxdan ötüb keçmiş Borçalı və Bakı camaatı, Cahangir Fateh tipli “kəndistan zırramaları”, şəhərin hər yerini çulğalayıb hər yerində möhkəm qərar tutmuş rastinyakların arasında keçir.

Yazıçını duyğulandıran həyat həm də əsrarəngizdir, bu həyatda bəsit və darıxdırıcı heyvani məxluqatla yanaşı, ülvi hisslərin dəyərini bilən insanlar da təsvir edilir. Xəstəxanada olmayan anasının həsrətilə yaşayan, daima ondan danışan ölümcül xəstə qızcığaza təsəlli vermək üçün əyalətdən gəlmiş müdrik xəstə kişi qızın adına həsrətini çəkdiyi anasının guya ki, radioda sifariş verdiyi mahnını səsləndirir. Qızcığaz sarsılır, xəyalında uydurduğu anasının ona Rəşid Behbudovun ifasında həqiqətən mahnı sifariş etdiyinə inanmaq istəyir, hıçqırıb “ana” deyərək ağlayır. Qızcığaz tezliklə ölür, lakin dünyadan köçərkən, ürəyində ümid aparır. Həmin o müdrik xəstə kişi, yazıçının anasının, Seryojanın valideynlərinin surətləri romanın oxucusuna nikbinlik verir, dünyanın zil qara olmadığına inandırır.

Azərbaycanın müstəqillik illərində nəşr olunmuş əsərləri daima böyük ümidlə, təzə nəfəs arzusu ilə oxumuşam, kiçicik istedad cücərtilərini görəndə, sevinmişəm.

Mən müəllim deyiləm, cədvələ qiymət yazmaq mənim səlahiyyətimə daxil deyil. Mən milli, Şərq və dünya ədəbiyyatı nümunələrinin sadəcə oxucusuyam və özümdə cürət tapıb rəyimi bildirirəm.

Məncə, Mahir Qarayevin “Sonuncu Korifey” romanı mükəmməl bədii yaradıcılığın məhsuludur və milli ədəbiyyatımızın başını ucaldan əsərdir. Mən bunu ürəkdən sevinərək yazıram. /Meydan.tv/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.