Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23

Ədəbi tənqid və ədəbiyyatşünaslığın universal səciyyə daşıdığı dövrdə onun məzmunu və çəkisi də hər zaman artır; XIX yüzilin sonu XX yüzilin əvvəlləri Firudin bəy Köçərli belə bir missiyanı həyata keçirirdi.  O, təkcə ədəbi məsələlərlə məşğul olmur, ümumilikdə xalqın inkişaf yolundakı problemlərə deyinir, cəmiyyəti gələcək həyata hazırlayır, bədii zövqünü inkişaf etdirir, ədəbiyyat tarixini araşdırır, zamandaş yazıçı və şairlərində dünya ədəbiyyatında gedən prosesləri izah edir və bu yolda hansı bir yol izlənimini müəyyən edirdi. Bir sözlə, ədəbiyyatşünas və tənqidçi həm də cəmiyyətin problemlərinə toxunur və ədəbiyyatşünaslığı, tənqidi dar çərçivədən çıxarırdı. Onun ədəbiyyatşünaslıqdakı bu mövqeyi hətta bolşevik hakimiyyətinin diqqətini çəkmiş və ilk repressiya qurbanına çevrilmişdi. 20-30-cu illərdə bu yolu davam etdirən Bəkir Çobanzadə, Əmin Abid, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz kimi tədqiqatçıların taleyi də F.Köçərlinin taleyi ilə birləşir və repressiyanın qurbanı olurlar. Doğrudur, ondan bir az əvvəl Mir Cəlal, Feyzulla Qasımzadə, Həmid Araslı, Ələjdər Səidzadə, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Məmməd Arif, Mikayıl Rəfili və başqaları müəllimlərinin acı taleyini yaşamaqdan zorla qurtulurlar. Tənqid və ədəbiyyatşünaslıqda varisçilik ənənələri mhələ möhkəmlənməmiş repressiya nəticəsində onlar arasındakı əlaqə qırılmış, necə deyərlər, yeni nəsil kökündən, milli elmi, ədəbi təcrübədən ayrı düşmüşdü. Akademik Kamal Talıbzadə milli ədəbi tənqid və ədəbiyyatşünaslığın bu üçüncü nəslinin qatarına yaş səbəbindən bir sonrakı onillikdə qoşulur. Qorxu və fiziki repressiya xofunun hələ hökm sürdüyü bir cəmiyyətdə yeni nəslin formalaşması və inkişafı üçün sosial, ictimai mühit olmasa da, yaradıcılıq təfəkkürünü, milli düşüncəni öz əsərlərində yaşadanlar arasında Kamal Talıbzadə də var idi. Kamal Talıbzadə öncə atası məşhur romantik şair, yazıçı, dramaturq Abdulla Şaiqdən aldığı mənəvi, ədəbi qida, xeyir-dua ilə ədəbiyyat aləminə baş vurdu, tənqid və ədəbiyyatşünaslıq yolunu tutdu. Görünür ki, insanın fiziki yoxluğu varislik əlaqələrinin itməsinə səbəb olmur, bu ənənə hansısa formada yenidən doğulur, yaşayır və davam edir.

Kamal Talıbzadəni Firudin bəy Köçərlidən gələn akademik düşüncənin yeni mərhələdəki təmsilçisi kimi qəbul etmək olar. Kamal Talıbzadə əsərlərinin akademizmi, universallığı, milli düşüncəni ifadə etməsi onu akademik ünvanına qədər gətirdi. Bir ədəbiyyatşünasın, tənqidçinin nüfuzu onu cəmiyyətin ən ön sıralarına gətirib çıxardı. Akademik ünvanı onun yaradıcılığının bütün mahiyyətini əks etdirirdi. Milli ədəbi düşüncənin tarixini yazaraq cəmiyyətdə bu qədər nüfuz sahibi olmaq, həm də ədəbi tənqidin və ədəbiyyatşünaslığın nüfuzunu qaldırmaq demək idi. 

Kamal Talıbzadənin bütün yaradıcılığında milli düşüncə tarixi və xalq həyatı başlıca yer tutur. Hələ universitet tələbəsi ikən buraxılış işini o dövr üçün tabu mövzuya-"Məhəmməd Hadi və Azərbaycan romantizmi"nə həsr etməsi onun ədəbiyyatşünaslığın mövcud prinsiplərinə yeni dizayn vermək istəyindən xəbər verirdi. O zaman Azərbaycan romantizmi və onun nümayəndələri ilə bağlı araşdırma aparmaq özü təhlükəli bir iş idi. Romantizmin bir çox nümayəndələri "mürtəce romantiklər" adı ilə damğlanmış və M.Hadi də bu sıraya daxil edilmişdi. Hələ bundan sonra 10 il də istiqlal şairinin bu sıradan çıxa bilməməsi onun yaradıcılığının mahiyyətindən doğurdu. Çünki bütün romantiklərin yaradıcılığında Vətən, Xalq, Millət, Hürriyyət ideyaları ana xətt kimi keçirdi. Türkçülük, turançılıq ideyaları da romantizmin nümayəndələrinin yaradıcılığında tez-tez səslənirdi. Ümumiyyətlə, sosrealizmdə ikinci bir "izm"in olması məqbul hesab edilmir və tənqidi realizmdən başqa bu cür "izm"lərin araşdırılmasına mümkün olduğu qədər meyil göstərilmirdi. Buna baxmayaraq, K.Talıbzadənin namizədlik dissertasiyası da yaradıcılığının ana xətti Vətən, Xalq, Millət olan romantizmin böyük nümayəndəsi Abbas Səhhətin yaradıcılığı olur. Şairin "Məsləkim tərcümeyi-halımdır" misralarında əslində onun mənsub olduğu xalqın tərcümeyi-halı təsvir edilirdi. Gənc tədqiqatçı bu əsərində təkcə şairin yaradıcılığını araşdırmadı, həm də onun mükəmməl tərcümeyi-halını yazdı, şairin müasirləri, həmyerliləri, tələbələri ilə görüşərək külli miqdarda sənədlər, xatirələr topladı. Bu, Azərbaycan romantizminin görkəmli nümayəndələrindən biri haqqında ilk elmi tədqiqat əsəri idi. Beləliklə, Azərbaycan romantizminin tədqiqinin yolu açılmış oldu və bir qədər sonra Əziz Mirəhmədov Məhəmməd Hadi yaradıcılığını tədqiqata cəlb etsə də, dissertasiyası ləğv olunmuşdu. İşin çətinliyi bir də təkcə hər hansı bir romantizm nümayəndəsindən yazılması deyildi, ümumiyyətlə hər hansı bir yazarın ayrıca yaradıcılığına həsr edilmiş ilk monoqrafiyalardan biri olmasında idi. Kamal Talıbzadənin realist ədəbiyyatla romantik ədəbiyyatı bir-birindən fərqləndirmələri elmi səciyyə daşıyırdı və ədəbi faktlar bu prizmadan yanaşırdı. Şairin yaxın dostu M.Ə.Sabirlə Səhhət arasında olan sənət fərqlilikləri də buradan irəli gəlirdi. Bu yanaşma da ədəbiyyatşünaslığımızda yeni formalaşmaqda idi. K.Talıbzadə realist şeirlə romantik şeir (və şair!) arasında olan "ixtilaf"ları da nəzəri cəhətdən düzgün təyin edir və mövcud ədəbi-bədii düşüncənin sınırlarını bəlirləməyə çalışırdı.

Tədqiqatçı Abbas Səhhəti yalnız bir romantik şair kimi təhlil etmirdi, həm də lirik şair olaraq görür və onun poetik xüsusiyyətlərini açırdı.  Onun təhlilində A.Səhhət yeni ədəbiyyatın, yeni şeirin konturlarını görən və yaradıcılığını bu istiqamətdə kökləyən, şeirlərində milli düşüncəni əks etdirən bir şair olaraq  təqdim edilir. K.Talıbzadənin A.Səhhəti bir vətən, xalq şairi kimi təhlili onun yaradıcılığının sosrealizm metodu ilə kəsişməyən cəhətlərini ortaya qoyurdu. "Ayıl, ey ümməti-mərhumə ayıl, /Ayıl, ey milləti-məzlumə, ayıl,/Ayıl, ey bülbülü-gülzari-vətən,/Nəğmən ilə ola bidar, Vətən" misralarının təhlili kommunist ideologiyası altında əzilən xalqa çağırış kimi səslənir və mövcud rəsmi ideologiya ilə heç cür uygun gəlmirdi. Bəzi ideoloji yönlərinə baxmayaraq (40-cı illər reallığında bu mümkünsüz idi!), Kamal Talıbzadənin bu araşdırması ədəbiyyatşünaslıqda yeni bir mərhələ oldu.

50-ci illərdə K.Talıbzadə yaradıcılığında yeni bir istiqamət açılır; Maksim Qorki yaradıcılığı Azərbaycan ədəbiyyatı kontekstində öyrənən tədqiqatçı "Maksim Qorki və Azərbaycan" (1959) monoqrafiyasını yazır. M.Qorki yaradıcılığı hələ XX əsrin əvvəllərindən Azərbaycan ədəbi mühitinə daxil olmuş və milli bədii düşüncəyə müəyyən təsir də göstərmişdi. Postcümhuriyyət dövründə də bu tendensiya davam etmiş və M.Qorki yaradıcılığı sosrealizmin ən yaxşı nümunəsi kimi qiymətləndirilmişdi. Tədqiqatçı bu monoqrafiyada M.Qorki əsərlərinin Azərbaycan ədəbi prosesinə daxil olması, hansı yollarla gəlməsi, yaradıcılığında Azərbaycan mövzusu və mədəniyyəti, tərcümə problemləri kimi məsələləri sistemli şəkildə araşdırır. Bu araşdırmanın əhəmiyyəti ondadır ki, müəllif rus və Azərbaycan mənbələrinə müraciət edərək yazıçının xalqımızın keçmişi və bugünü, ədəbiyyatı, mədəniyyəti ilə bağlı fikirlərini əks etdirir. K.Talıbzadə sonralar da M.Qorki haqqında araşdırmalarını davam etdirərək "Qorki haqqında məqalələr məcmuəsi"ni nəşr etdirmişdir (1966). Azərbaycan ədəbiyyatşünaslığında ədəbi əlaqələr və qorkişünaslıq kontekstində bu araşdırmaların xüsusi çəkisi və yeri vardır.

Hər bir araşdırıcının özünü ifadə etdiyi və müəyyən iz qoyduğu bir istiqamət olur. Əgər F.Köçərli ilk dəfə özünün iki cildlik "Azərbaycan ədəbiyytaı" kitabı ilə milli bədii düşüncənin tarixini və inkişaf yolunu, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığını araşdırırsa və onunla ədəbiyyat tarixçiliyində yaşayırsa, Kamal Talıbzadə də "Azərbaycan ədəbi tənqidi" (1965) (daha sonra təkmilləşdirilərək "Azərbaycan ədəbi tənqidinin tarixi" (1984; 2015) əsəri ilə tənqid tarixçiliyində yeni bir mərhələnin əsasını qoyur. 

Milli bədii düşüncənin tarixi min illik bir dövrü aşsa da, K.Talıbzadəyə qədər onun ədəbi-estetik təfəkkürü, tarixi inkişaf yolu, sənət görüşləri ilə bağlı təsəvvürlər elə də çox deyil. Məhz onun bu araşdırmasında hətta folklor nümaunələrinin özündə belə estetik, tənqidi fikrinin ifadə olunduğu qənaəti formalaşmışdır. Sənət və onun gözəlliyi, bədii təsir gücü, estetik idealı, sənətkar mövqeyi, bədii sözün yeniliyi və orijinallığı kimi məsələlər ən qədim bədii mətnlərin tərkibində belə özünü göstərir. Azərbaycan ədəbi tənqidinin tarixi köklərinin zənginliyi müəllifi qədim və orta əsrlər ədəbiyyatını, ədəbi prosesini sistemli şəkildə öyrənməyə imkan verir. Azərbaycan estetik və tənqidi fikrinin ilk janrı kimi XI yüzil bədii əsərlərin məzmununu açan şərhləri görməsi və Xətib Təbrizi şərhlərini tənqidçi-oxucu münasibətlərinin yeni forması olaraq qiymətləndirilir. 

Kamal Talıbzadə ədəbi-estetik görüşləri yalnız bu janrda axtarmır, Şərqdə çox yayılmış bədii əsərlərə müraciət edərək şairin sənət baxışlarını, poetika problemlərini elmi-nəzəri kontekstdə təhlilə cəlb edir. Bu cəhətdən tənqid tarixçisinə Xaqani Şirvani, Nizami Gəncəvi, Əssar Təbrizi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Saib Təbrizi yaradıcılığı zəngin material verir. Bu sənətkarların hər birinin əsərlərində onların sənətə və həyata baxışının durduğu qənaətinə gələrək bu baxışları sistemli şəkildə araşdırır.

Kamal Talıbzadə realist tənqid konsepsiyasının yaranmasını XIX yüzilə aid edir və A.Bakıxanov, M.Ş.Vazehlə başlayan maarifçi tənqidin M.F.Axundzadə ilə realist mərhələsinə çatır. M.F.Axundzadənin realizm nəzəriyyəsinin sənətə, həyata baxışında da yer aldığını önə sürən tənqidçihəm bədii yaradıcılığından, həm də tənqidi məqalələrindən çıxış edərək onun sənət nəzəriyyəsinin özəyini təşkil edən açar komponentləri faktlarla əsaslandırır. Monoqrafiyada realizmdə tipiklik problemi, M.F.Axundzadənin Füzuliyə münasibəti, maarifçi realizm və realizmin əsas prinsipləri, bədii metod məsələsi, sənətin ideyalılığı kimi məsələlər elmi-nəzəri həllini tapır. M.F.Axundzadənin Füzuliyə münasibətindəki elmi həqiqət sonrakı tədqiqatçılar tərəfindən öz təsdiqini tapır: "Füzuliyə münasibət Axundov estetikasında əslində Füzulinin özündən çox onun təsirinə, bu təsirin yaratdığı vəziyyətə aid idi.

Kamal Talıbzadə bu monoqrafiyasında tənqid tarixini dövrləşdirmə məsələsini də böyük ölçüdə həll edir. Aydındır ki, ədəbiyyat tarixi kimi onun tənqidi də müəyyən dövrləşdirmə mərhələsindən keçmişdir. Bu məsələ də Kamal Talıbzadənin tədqiqatı ilə elmi dövriyyəyə daxil olur və həyata vəsiqə alır. Sonrakı araşdırmalarda demək olar, müəllifin ədəbi tənqid tarixi ilə bağlı bu dövrləşdirməsi qorunub saxlanır. K.Talıbzadə təhlillərinin miqyası və vüsəti XX yüzilin əvvəllərindəki ədəbi mühitdə baş verən ədəbi hadisələri, cərəyanları, meyilləri, ziddiyyətləri, eləcə də tarixin inkişaf qanunauyğunluqlarını mövzu, problem cəhətdən sistemləşdirərək yeni bir struktur ortaya qoymuşdur. Sonrakı araşdırmalar da tənqid tarixçisinin bu sitemindən yararlanmış və dönə-dönə istinadlar etmişlər. Ən maraqlı cəhət isə Azərbaycan ədəbi mühitini yaxından izləyən və çox zaman tənqid edən mühacir alim Əhməd Cəfəroğlunun "XX əsr Azərbaycan tənqidi" əsərinin bəzi cəhətlərini tənqid etməklə yanaşı, əsəri "türk ədəbiyyatında hələ ələ alınmamış ən nazik problemlərdən birinə təmas etməkdədir",-deyə onu yüksək qiyməttləndirməsidir: "Rusiya idarəsi altına alınan Azərbaycanın kültür və ekanomik həyatını genişcə açıqlayan Talıbzadə, eyni zamanda müxtəlif ədəbi sahələrdə yetişən və qələm oynadan şair, yazıçı düşünürlərə də genişcə təmas etmiş, bir növ azəri ədəbiyyatını və fikri cəbhəsini tanıtmışdır". Sovetlər Birliyini Öyrənmə İnstitutunun dərgisində isə Ə.Cəfəroğlu bir qədər də irəliyə gedərək K.Talıbzadənin bu əsərindəki əhəmiyyəti barədə yazırdı: "Azərbaycan realist təqnidində rus ədəbiyyatı xəzinəsindən qüvvət almayan heç bir azəri yazarını" təsəvvür etmədiyini və rus kültür tərəflisi olduğunu ifadə edərkən Kamal talıbzadə adında başqa bir azəri aydını da tam əksinə olaarq öz ana kültürünə sahib çıxmasını tələb etməkdədir". 

Kamal Talıbzadənin ədəbi, tənqidi yaradıcılığı zəngin, çoxçeşidli və polifonikdir. Onun tənqidi məqalələrində çağdaş poeziya, nəsr və dramaturgiyanın problemləri, ayrı-ayrı şəxsiyyətləri, ədəbiyyatın ümumi inkişaf meyilləri tədqiq edilir. On yeddi ilə Azərbaycan Yazıçılar İttifaqının tənqid şöbəsinə rəhbərlik edən tənqidçi çoxlu tənqidi məqalələri ədəbi-tənqidi fikri inkişaf etdirir, yeni estetik, elmi-nəzəri meyarlar formalaşdırırdı. "Ədəbi tənqidə diqqəti artıraq", "Tənqidçi və ədəbiyyatşünaslarımızın yeni nəsli", "Əvvəl qayğı", sonra tələbkarlıq", "Mübariz tənqidin gözəl nümunələri", "Tənqidimiz haqqında qeydlər", "Elmi-nəzəri problemlərin həllinə doğru", "Ədəbi təqnidin hazırkı vəziyyəti bizi təmin edirmi?", "Səməd Vurğunun ədəbi-tənqidi irsi", "Faciə lazımdırmı?", "Yazıçı ideyası və təhkiyə", "Müasir kənd və nəsrimiz", "Azərbaycan" jurnalı-1981", "Poetik ilhamın özünəməxsusluğu", "Əzəl yaxşı bağlan bu torpağa sən..." və s. onlarla məqalələri çağdaş ədəbi tənqidin mövzu və problem mənzərəsini genişləndirir, estetik meyarlar formalaşdırır, ədəbi prosesin inkişaf meyillərini müəyyənləşdirirdi. Bu gün də ədəbi tənqiddə mövcud olan bir çox məsələləri K.Talıbzadə o zaman xüsusi qeyd edirdi. Onun "Ədəbi tənqidimizin zəif cəhətlərindən biri onun nəzəri yoxsulluğu və səthi olmasıdır" fikri bu gün də qüvvədədir. Məhz bu nəzəri zəiflik ədəbiyyatın birtərəfli inkişafını şərtləndirir, tənqid estetikanın bir çox problemləri ədəbi prosesdən kənarda qalır. Tənqidin zəif damarı kimi, tənqidçinin ikinci iradı tənqidin tərifə çevrilməsidir ki, bu da zaman-zaman ədəbi tənqidimizin xroniki xəstəliyi kimi tənqidçinin diqqətini çəkmişdir. K.Talıbzadə bu tənqidi yazılarında təkcə tənqidin nüfuzunu qaldırmaq barədə düşünmür, eləcə də tənqid estetikasının prinsiplərini formalaşdırmağa çalışır və ədəbi prosesi buna hazırlayırdı. 

Tənqidçi eyni zamanda yazıçı qədər həyatı bilməli, ədəbiyyat tarixini, fəlsəfəni, estetik düşüncə tərzini mənimsəməlidir. Tənqidçi yazdığı bütün məqalələrində bu meyarlara əməl edir, nəzəri, obyektiv, intellektual tənqidin örnəyini yaradırdı. "Elmi-nəzəri problemlərin həllinə doğru" məqaləsində isə K.Talıbzadə ədəbiyyatşünaslığın qarşısında duran perspektivləri müəyyənləşdirir və bu sahədə kök salan doqmatizm və ehkamçılığı tənqid edirdi. 

Kamal Talıbzadənin ədəbiyyatın ayrı-ayrı şəxsiyyətlərinin yaradıcılığına və müxtəlif problemlərə aid nəzəri məqalələri ədəbiyyatşünaslığımızı inkişaf etdirmişdir. Bunu K.Talıbzadə yalnız tədqiqatları ilə deyil, ömrü boyu çalışdığı Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri və direktor müavini kimi təşkilati məsələlərdə yerinə yetirmiş, necə deyərlər, ədəbiyyatşünaslığın canlı klassiklərindən olmuşdur. "Cəlil Məmmədquluzadənin sənətə baxışı", "Sənətkarın şəxsiyyəti", "Nəriman Nərimanovun ədəbi görüşləri", "Səməd Vurğunun ədəbi irsində tənqid məsələləri", "İnqilabi poeziyanın ədəbi prinsipləri", "Böyük ideallar mövqeyindən", "Mehdinin yeri görsənir" və s. məqalələrində yazıçı şəxsiyyətlərinin yaradıcılıq aspektini ədəbiyyat tarixçiliyi və ədəbi proses kontekstindən dəyərləndirir.  Bu cəhətdən C.Məmədquluzadənin sənətə baxışı probleminin araşdırılması ədəbiyyatşünasın ugurlarındandır. Onun sənətinin əsas təsvir obyektinin xalq həyatının olduğu tənqidi realizmin prinsiplərindən irəli gəlirdi. Məqalədə C.Məmmədquluzadə realziminin estetik tələbləri, onun obrazları, ideyalılığı, ədəbi dil məsələsi elmi arqumentlərlə əsaslandırılır.

Kamal Talıbzadə araşdırmalarında Sabir yaradıcılığı da yetərincə tədqiq edilir, Sabir sənətinin prinsiplərinin həyat həqiqətinə söykəndiyi və yeni poetik-estetik düşüncə formalaşdırmasının amilləri təhlil edilir.

Kamal Talıbzadənin S.Vurğunun, H.Mehdinin, M.İbrahimovun sənət estetikası, ədəbi tənqidi görüşləri ilə bağlı araşdırmaları onların ədəbi prosesdəki rolunu, ədəbiyyat tarixindəki mövqeyini müəyyənləşdirmək üçün nəzəri nəzəri istiqamətlər verir. Tənqidçi S.Vurğunun ədəbi prosesə münasibəti, onun bədii ədəbiyyatın ümumi məsələlərinə, ayrı-ayrı problemlərinə həsr etdiyi nəzəri məqalələrini təhlil edərək doğru nəticələrə gəlir: "...tənqid və onun ədəbi prosesdə mövqeyi haqqında şairin gəldiyi nəticələr yalnız öz bədii yaradıcılıq təcrübəsinin yekunu deyildi, həm də özünün tənqidçilik təcrübəsinin bu sahədə əldə etdiyi nailiyyətlərin yekunu idi". Onun gəldiyi bu qənaətlər S.Vurğun sənətinin özünün də dərk olunmasına imkan yaradır.

Kamal Talıbzadənin yüzdən çox elmi məqaləsi, monoqrafik tədqiqatları Azərbaycan ədəbiyyatşınaslıq elminin və tənqidinin inkişaf meyillərini özündə ən yaxşı şəkildə ehtiva edir və yeni tədqiqat istiqamətlərinin formalaşmasına təsir göstərmişdir.

Ədəbiyyatşünaslıq bir elmdir, ədəbiyyat kimi populyar deyil, dar bir elm sahəsidir; bu mənada, ədəbiyyatşünaslıqda, tənqiddə populyarlıq qazanmaq hər alimə qismət olmur. Cəmiyyətdə hər alim bu populyarlığı və akademik  nüfuzu qazana bilmir. Ədəbiyyatşünaslığın Firudin bəy Köçərli zirvəsini yaşamaq Kamal Talıbzadəyə də qismət olmuşdur. Akademik Kamal Talıbzadə  sadə, sadə olduğu qədər də müdrik bir ömür yaşadı. Bütün elmi erudisiyası, düşüncəsi, həyatı, fəaliyyəti və yazdıqları ilə klassik akademizmin sonuncu mogikanı kimi yadda qaldı. Bu adı ona qazandıran elminin fundamentallığı, vətəndaş və ziyalı fədakarlığı, şəxsiyyətinin nüfuzu və insani səmimiliyi, tənqid və ədəbiyyatşünaslığı zənginləşdirən əsərləridir. /Ədəbiyyat qəzeti/

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.