Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24

Bir dəqiqəlik sükutla
Susdurarlar bizləri də...

Salam Sarvan

Heç yadımdan çıxmaz: günlərin bir günü iş yerində məni telefona çağırdılar – zəng vuran Salam idi. Salamlaşandan sonra mənə ilk sualı bu oldu: bilmək istəyirəm ki, siz redaktor olandan bəri niyə qəzetdə şeir çap olunmur?

Əhvalat 94-cü ilin, yəni otuz il əvvəlin əhvalatıdır. Mən bir neçə ay idi ki, Tərcümə Mərkəzinin “Yol” adlı ədəbiyyat qəzetinin redaktoru idim və indi Mərkəzə zəng vurub məni telefona çağıran da cəmisi bircə şeirini oxuduğum gənc Salam Sarvan idi.

– Qovluqda hələ ki, çapa layiq şeir yoxdur, olan kimi çap edəcəm, – Salamın sualına belə cavab verdim.

– Sizə çapa layiq şeir gətirsəm, çap edəcəksiz?

– Çapa layiq olsa, mütləq çap edəcəm.

Görünür, ötkəm səsli bu cavan oğlan tamam başqa bir dialoqa hazırlaşmışdı, amma verdiyi bir cüt konkret suala bir cüt konkret cavabın müqabilində susdu. Daha doğrusu, fikrə getdi. Xeyli uzun sükutdan sonra qısaca “Yaxşı” deyib sağollaşdı.

Həqiqətən də, bir müddət sonra Salamın şeirləri redaksiyaya gəlib çıxdı və o vaxtkı kağız qıtlığı ucbatından çox kiçik formatda çıxan “Yol” qəzetinin tam bir səhifəsini Salamın “çapa layiq” düz on iki şeirinin ixtiyarına verdik. O vaxtacan Salam bu “genişlikdə” və bu “bütövlükdə” hələ heç yerdə çap olunmamışdı.

Amma sözüm onda deyil. Mənə qəribə gələn, daha doğrusu, yadımdan çıxmayan – üzünü görmədiyim bu gəncin telefondakı çox mənalı və çoxmənalı sükutu idi. Sonradan Salamın özüylə tanış oldum, sonra lap yaxından tanış olduq – amma o sükut heç vaxt yadımdan çıxmadı. Daha doğrusu, mən telefonda qəfildən susub fikrə gedən Salamın “fikirli obrazını” sonrakı görüşlərimizin hamısında öz gözümlə gördüm. Fərqi yoxdur, istər ədəbi söhbət məclisi olsun, istər yeyib-içmək məclisi – mən onu həmişə fikirli gördüm. Susan gördüm. Düşünən gördüm.

Salam bir sözlük danışanda, ən azı, on sözlük susur.

Eynən şeirləri kimi.

Mən Salamın ailə üzvlərindən heç kəsi tanımıram, heç birinin də şəklini görməmişəm. Amma mənə elə gəlir ki, nəinki ailəsində, hətta bütün dünyada heç kim Salama onun şeirləri oxşayan qədər oxşamır. Şeirləri bir cüt göz yaşı kimi, tən ortadan bölünmüş bir cüt alma parası kimi eynən Salamın özüdür. Bu şeirlərin hamısı Salam kimi fikrə gediblər; hamısı Salam kimi fikirlidir.

Və bu şeirlərdə nə qədər sükut var!

Bəlkə, ona görə Salamın indiyəcən tanış olduğum üç kitabının üçü də bu qədər “arıq və çəlimsizdir”. Əksəriyyəti üç bənddən, on iki misradan ibarət bu sonetəbənzər şeirlərin az qala hamısı elə Salamın özü kimidir – zahirən “arıq və çəlimsiz”, daxilən “ötkəm və inadkar”. Və hamısı da Salam kimi fikirli və sükutlu.

Sonetəbənzər dedim. Amma bu şeirlərə qoşmayabənzər də demək olar, gəraylıyabənzər də, təcnisəbənzər də. Fərqi yoxdur. Çünki bu şeirlər eyni dərəcədə nə sonetə bənzəyir, nə qoşmaya, nə gəraylıya, nə təcnisə. Heca vəznində yazdığı şeirlərdə Salam çox asanlıqla nəinki hər hansı janrın qaydalarını, eləcə asanlıqla da həm hecanı poza bilir, həm bölgünü, həm qafiyəni. Və elə ustalıqla pozur ki, onlarda nə janr axtarırsan, nə heca, nə bölgü, nə qafiyə.

Amma Salam iki vacib şeyi heç vaxt pozmur. Salamın şeirlərində o vacib şeyin biri – Fikirdir, o biri – Sükut.

Kefi istəyəndə qalan hər şeyi poza bilir və pozur da, di gəl, fikirlə sükut öz yerində dağ kimi möhkəm dayandığından bu “pozuntuların” heç biri gözə çarpmır. Və bu, Salamın özünəməxsus sənətkarlıq sirri, bədiilik prinsipi, şəxsi və fərdi yaradıcılıq laboratoriyasının özəlliyidir.

İlk baxışda, sanki bu şeirlərin istənilən birini üç bənddən artırıb beş bənd, yeddi bənd, lap bəlkə, on bənd eləmək mümkündür. Amma həm də mümkün deyil. Çünki onsuz da o şeirlər elə hərəsi on bənddir, sadəcə, Salam cəmisi üç bənd yazıb, sonra susub, fikrə gedib.

Və diqqətlə baxanda, o üç bənddən sonra daha üç bəndlik, beş bəndlik, yeddi bəndlik sükutu görmək də mümkündür, oxumaq da, eşitmək də.

Amma adam o sükuta toxunmaq istəmir. Adam o sükutu oyadıb Salamı diksindirməkdən çəkinir. Və qıymır – fikrə toxunmağa və fikrə getmiş Salamın sükutunu qırmağa ürək eləmir.

Fikirdən neçədə ayılacaqsan,
Ay oğul, neçəyə qurum saatı?

Bəli, əlac yalnız ona qalır ki, gərək Salamın fikirdən ayılmağını gözləyəsən; işdir, nə vaxtsa ayılsa, sakitcə soruşasan:

İlin-günün nə çağıdı,
Gündüzdü, gecədi, zalım?
Bir kəsdiyin qoluma bax,
Gör saat neçədi, zalım?

Mən bəndlərdən danışdım. Amma elə ayrılıqda hər bəndin özünün içində nə qədər sükut var! Bu bəndlər o qədər fikirlidir və bu fikirli bəndlər o qədər ağırdı ki, onların heç birini birnəfəsə oxumaq mümkün deyil. Üç bəndi oxuyub nəfəsini dərəndə isə, Fikrin və Sükutun ağırlığı səni elə “əzir” ki, sanki üç bəndlik balaca bir şeir yox, böyük bir dastan oxumusan.

Və hər bənd ayrılıqda o qədər ağırdır ki, gərək hər beytdə dayanıb nəfəs dərəsən.

Neynirdim bu boyda ömrü, İlahi,
Bu boyda yırtıq yox bu yamaq üçün.
Bax, burda nəfəs dərməmiş növbəti beytə necə keçəsən?

Və əgər nəfəsimizi dərdiksə, onda növbəti beytə keçib bəndi tamamlayaq:

Bir göz qırpımınca ömür verəydin,
O da ki, gözümü qapamaq üçün.

Nəfəs dərmədən keçilməsi mümkün olmayan belə beytlər isə, az qala, hər bənddə təkrar-təkrar qarşını kəsir. Məsələn:

Yox e, mən sürdüyüm ömür-gün deyil.
Baxma ki, bir azca uzun çəkdi bu.

Bunun ardınca nə gəlsə yaxşıdır? Salam özü yazmasa, dünyada heç kəs bu bəndi bu beytlə tamamlaya bilməzdi:

Bir qoca, kor baxtın əlindən tutub
Yolun o üzünə keçirməkdi bu.

Yaxud:

Allah, mən içimi yeyib qurtardım,
Bu dəri süfrəni yığışdır indi.

Yaxud:

Kəndiri rezinmiş dar ağacımın,
Bəxtəvər başıma, hələ dartılır.

Yaxud:

Bu qara günləri qara qır kimi
Üstümə tökənnən dammıram daha.

Yaxud:

O ağ gün günlərin lap altındadı,
Kömək et, boşaldaq çölə bu ömrü.

Və sükut.

Sükutu pozduğun andaca fikrə getmiş Salamı diksindirmək təhlükəsi var.

Amma Salam şairanə bir “eqoistliklə” oxucusunu, konkret halda məni, diksindirməkdən çəkinmir:

Bağışla, başladım şeir yazmağa,
Bağışla, İlahi, sözünü kəsdim!

Bu misralar həqiqətən məni diksindirib – heç demə, şeir yazmadığı bütün anlarda o fikirli və susqun Salam eləcə Allahı dinləyirmiş. Eləcə susub dinləyirmiş, eləcə fikrə gedirmiş və axırda fikirdən ayılıb qələmi əlinə alırmış, özündə cəsarət tapıb şairanə bir ərklə Tanrının sözünü kəsirmiş: buyur, indi sən məni dinlə!

Xalqda “sözü balnan kəsmək” deyimi var, Salam Tanrının sözünü şeirlə kəsirmiş!

Amma bu şeirlər heç də bal kimi şirin deyil, bibər kimi, lap doğrusu, yaşadığımız dünyanın və Tanrının Salama bəxş etdiyi həyatın özü kimi acıdır. Əks təqdirdə, Salam yuxarıdakı misraların heç birini yaza bilməzdi.

Və Salam məni diksindirən aşağıdakı beyti də ömründə yaza bilməzdi və yazmazdı. Amma Salam yaşadığı həyat qədər acı olan bu misraları yazıb:

Durub tullanasan hasarın üstdən,
Düşəndə görəsən Yer üzü yoxdur...

Salam yaşca məndən kiçikdir, amma çox da kiçik deyil. Üstəlik də, o qədər qaynayıb-qarışmışıq ki, elə tay-tuş kimiyik. Amma ilk dəfə mənə zəng vuranda cavan, çox cavan bir oğlan idi və aradan keçən bu illərdə ha çalışsam da, “yaşlı” Salamla tam isinişə bilməmişəm – o mənim yaddaşımda elə telefonda fikrə gedən dəcəl “uşaq” kimi qalıb və indi onun şeirlərini oxuyanda hərdən həmin uşağa Salamın öz sözüylə səslənmək istəyirəm:

Ta çalma qəmgin havalar,
Qəmi oynatmaz, ay uşaq;
Adam göz yaşı içində
Gəmi oynatmaz ay uşaq... 

/Kulis.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.