Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
XIX əsrin sonlarına XX əsrin əvvəllərinə aid edilən zəngin rus poeziyasının otuz illik dövrü (1890–1920) böyük bir ədəbi nəslin fəaliyyəti, eyni zamanda müxtəlif ədəbi cərəyanların meydana gəlməsi ilə əlamətdardır. Bəzi tədqiqatçılar Gümüş dövrün başlanğıcını on il qabağa – 1880-ci ilə çəkirlər və bununla razılaşmaq mümkündür. Lakin dövrün sonu ilə bağlı fikirlər bir qədər mübahisəlidir: belə ki, həmin dövrün Rusiyada vətəndaş müharibəsinin başlanması ilə sona çatdığını söyləyənlərlə yanaşı, bəzi araşdırmaçılar onun Alesandr Blokun vəfat etdiyi, Nikolay Qumilyovun güllələndiyi ildə (hər iki hadisə 1921-ci ilin avqustuna təsadüf edir) bitdiyini iddia edirlər. Hətta Gümüş dövrün ömrünü Mayakovskinin intihar etdiyi 1930-cu ilə qədər uzatmağa çalışan opponentlər də var. Əsassız olmayan bütün bu fikirləri ümumiləşdirəndə isə ortaya belə bir mənzərə çıxır: rus poeziyasının Gümüş dövrü bir variantda (1890-1920) otuz il, digər variantda (1880-1930) əlli il – yarım əsr təşkil edir.
Əlbəttə, ədəbiyyat tarixi üçün otuz ya əlli ilin elə də ciddi fərqi yoxdur, ədəbiyyatın özü üçünsə məhz bu yarım əsrlik müddətdə ortaya çıxmış parlaq imzaların – akmeizm, futurizm, kubofuturizm, eqofuturizm, imajinizm kimi ədəbi cərəyanların yaradıcısı olan sənətkarların böyük önəmi var. Geniş siyahıdakı adlar, sadəcə, göz oxşayır: Boris Pasternak, Anna Axmatova, Marina Svetayeva, Andrey Belıy, Sergey Yesenin, Osip Mandelştam, Valeri Bryusov, İqor Severyanin, Vladimir Narbut, Konstantin Balmont, İnnokenti Annenski, Zinaida Gippius, Maksimilian Voloişin, Velimir Xlebnikov, Vera İnber, Mirra Loxvitskaya, Saşa Çyornıy, Mixail Kuzmin, Sergey Qorodetski, Vladislav Xodaseviç, Dmitri Merejkovski, Nikolay Aseyev, Ryurik İvnev, Nadejda Teffi, Demyan Bednı, İlya Selvinski, Nikolay Klyuyev, Aleksandr Vvedenski, Anatoli Marienqof.
Rus poeziyasının Gümüş dövrünə aid poetik nümunələrdən bir neçəsini oxuculara təqdim edirik.
Osip Mandelştam
* * *
Nəhəng fil qulağında yaşayırıq sanki biz, Onca addım o yanda eşidilmir səsimiz. Qulaqları dəng edən o qaniçən, o alçaq Kreml dağlısının səsi-sözüdür ancaq. Soxulcantək yağlıdır qapqara barmaqları, Qupquru kəlmələri pudluq çəki daşıdır. Tarakan bığlarının hey qımışır ucları, Par-par yanır, işarır çəkməsinin quncları. Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir Gəzir həndəvərində hər əmrinə müntəzir. Fərman dalınca fərman, yollayır sola-sağa – Nallayır gah alına, gah gözə, gah qasığa. Ürəyinə yağ kimi yayılır edam səsi, Və qabarır dağ kimi gen osetin sinəsi.
Anna Axmatova
* * *
Niyə murdarlayıb içdiyim suyu, yediyim çörəyə ağu qatdınız? Niyə azadlığın gözünü oyub, ağzına bir yekə daş tıxatdınız? Əzabla can verən dostun-sirdaşın acı qismətinə gülmədim deyə? Bu dərdli vətənə dönük çıxmadım, dar gündə atmadım, getmədim deyə?
Neynək. Bu dünyada şair olan kəs cəlladsız, edamsız keçinə bilməz. Alın yazımızdır – əlimizdə şam zarımaq, ulamaq hər səhər-axşam.
Maksimilian Voloşin
* * *
Bu gecə o zərif əllərində mən Bir titrək çırağa, oda dönəcəm... Büdrəmə, yıxılma daş pillələrdə: Yerə salsan – sınacam, Nəfəs alsan – sönəcəm.
Məni öz qəsrinin toranlığından Ovcunda ehmalca keçirib apar – O yolun ən qatı qaranlığında Bizim ürəyimiz şiddətlə çarpar…
Sənin ovucların mağara kimi – İşartısı gələn mən də bir çıraq; Yanacam ovcunda ikona kimi… Bəlkə, məni elə sənsən yandıran?
Marina Svetayeva
* * *
Gedirsən, mənim oxşarım, Gedirsən, gözünü yerə dikərək. Mən də yeriyəndə yerə baxardım! Sən ey yoldan ötən, bir əylən görək! Bir az gül-çiçək yığ, nəfəs dər bir an, Bir azca dinclik ver ayaqlarına; Bu qara torpaqda kimdi gör yatan, Nə qədər yaşadı bax ki Marina.
Qəbir torpağıdır – tutur adamı, Unut qəbrimi də qəbir kimi sən... Mən də çox sevərdim sükut məqamı Açılam ürəkdən, güləm ürəkdən!
Gün vardı, hər günüm yüz ilə təndi, Qıvırcıq tellərim düzlə, dağla bir... Mən də vardım, mən də yoldan ötəndim! Sən ey yoldan ötən, ayaq saxla, dur!
Qopar bu yerlərin gül-çiçəyindən, Nə qədər istəsən moruq dər, apar – Dünyada qəbristan çiyələyindən İrisi, dadlısı çətin tapılar.
Amma qəbrim üstdə məhzun dayanıb, Başını köksünə əyməyin hədər. Mənim xatirəmi yüngülcə anıb, Elə yüngülcə də unutsan, yetər.
Şəfəqlər üzündə oynaşır sənin! Çıxmısan elə bil qızıl küpündən... - Səni titrətməsin qoy mənim səsim Lap elə gəlsə də yerin dibindən.
Sergey Yesenin ANAMA MƏKTUB
Canım-gözüm ana, salamatmısan? Mən də salamatam. Salamlar sənə! Qoy axsın axşamın sirli işığı, O yastı daxmana süzülsün yenə. Yazırlar, gizlicə dolub dərd-sərə Yanırsan həsrətdən korun-korun sən; Nimdaş sırıxlında gündə yüz kərə Yoluna çıxırsan mən nankorun sən.
Şər vaxtı gözlərin dolur təlaşla, Axşamın toranı durur qəsdinə; Guya meyxanada, dava-dalaşda Saplayır bıçağı kimsə köksümə.
Yox-yox, canım-gözüm! Xatircəm ol sən, Acı xəyallarla üzmə özünü. O qədər də əyyaş deyiləm ki, mən Səni görməyincə yumum gözümü.
Mən dəyişməmişəm heç bir tikə də, Elə həminkiyəm – mehriban, həlim. Tək bircə arzum var: bitsin bu kədər, Yenə evimizə qayıdım, gəlim.
Gələrəm, bağımız baharsayağı Ağappaq gül açıb çiçəkləyincə. Amma oyatma ha məni sübh çağı Oyatdığın kimi səkkiz il öncə.
Ölən arzuları təkrar oyatma, Ölən ümidləri gətirmə dilə; Çox... çox itirmişəm mən bu həyatda, Başım az çəkməyib yaşıma görə.
Öyrətməzsən məni heç duaya da, Dönmərəm keçmişə bir anlıq belə; Sevincim, təsəllim sənsən dünyada, Tək sənsən bir dünya aydınlıq mənə.
Di bəsdi bu qədər gizli darıxdın, Yandın həsrətimdən korun-korun sən. Əynində o köhnə, nimdaş sırıxlın Az dayan yolunda mən nankorun sən.
Boris Pasternak
QIŞ GECƏSİ
Külək sovururdu, şırımlayırdı qarı bu axşam. Masanın üstündə bir şam yanırdı, yanırdı bir şam.
Yay günü mığmığa, hünü topası oda cumantək, Sovurub çırpırdı qar lopasını şüşəyə külək.
Ox-ürək rəsmiylə naxışlanırdı şüşə durmadan. Masanın üstündə bir şam yanırdı, yanırdı bir şam.
Tavanda kölgələr solğun təlaşla titrəşirdilər, Qol, qıç və talelər çarpazlaşıb da cütləşirdilər.
Və bir cüt başmaq da necə düşdüsə taqqatan yerə, Damdı göz yaşıtək paltarın üstə mumdan bir gilə.
Sovrulub gedirdi hər nə ki vardı bu qarda tamam. Masanın üstündə bir şam yanırdı, yanırdı bir şam.
Və ehtiras odu, bucaqdan şamı vurduqca külək Sanki xaçabənzər qoşa qanadı gərdi mələk tək.
Keçdi bütün fevral qarlı-boranlı, tam bir ay müdam Masanın üstündə bir şam yanırdı, yanırdı bir şam.
Çevirəni Mahir N. Qarayev
|