![]() 06.12.12
Azərbaycan Yazıçılar Birliyinin Mükafat Komissiyasının ikinci iclası keçirildi. Bakı Salavyan Universitetində baş tutan iclas mükafat komissiyasının katibi Fərid Hüseynin çıxışı ilə başlandı. F.Hüseyn mükafata böyük maraq olduğunu, hər gün yeni-yeni əsərlər təqdim olunduğunu bildirdi. Eyni zamanda təqdim olunan əsərlərin siyahısını açıqladı. Daha sonra Mükafat Komissiyasının Katibi yazıçı Kamal Abdulla təqdim olunan əsərlər arasında çox sayda qiymətli əsərlər olduğunu qeyd etdi və hər bir komissiya üzvünün düzgün qərar çıxaracağına inandığını bildirdi. Sonra komissiyanın üzvü şair Əjdər Ol təqdim edilən əsərlərin içində maraqlı nəsr əsərlərinin olduğunu vurğuladı. Mükafat komissiyasının digər üzvü şair, tərçüməçi Səlim Babullaoğlusa qiymətli tərcümə əsərlərinini təqdim edildiyinə və peşəkar tərçüməçilərin müsabiqəyə qatıldığına görə rəqabətin də güclü olacağını qeyd etdi. Sonda mükafat komissiyasının üzvülərindən Salam Sarvan və Bəsti Əlibəyli çıxış edib öz fikirlərini bölüşdürdülər. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edib: l. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı. 2. Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı. 3. Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı. 4. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı. 5. Ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı. Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilib. Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə veriləcək. Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini kitab formasında (əlyazma şəklində və elektron variantda qəbul edilmir) Bakı şəhəri S.Rüstəm küç.,25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim edə bilərlər. Təqdim edilən sənədlər: 1. Əsər (3 nüsxə). 2. Qısa ədəbi bioqrafiya. Xatırladaq ki, hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər. Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək.
Nüşabə Hacıyeva, Avanqard.net
|