Qismət - Bir qadın var hardasa
18.01.13
Mətbəxtlik Bir qadın var hardasa tələsir mətbəxə, dükana, işə gözləri razılaşmaq dilində susur həmişə. Metroda əlləri yaxasına, çantası dizlərinə səngər... Bir qadın var hardasa xoşbəxtlikdən sinifdən qalan, ciyəri qayğılara qurban mətbəxə zəncirli Prometaya... Bir qadın var hardasa sevmədiyi kişiyə arvad, sevdiyinə çin səddi. Bir qadın var hardasa qara günlərin qırmızı diplomlusu, iki uşaq anası. Hər şeyi yerindədi əri,uşaqları,şubası, biş-düşü. Bir qadın var hardasa kibrit çöpündən tez sönür gülüşü... Bir qadın var hardasa qadın deyirəm sizə gecələr ağlar səssizcə haram qatar yuxusuna. Ağlar bir qırmızı qalstukun xorultusuna, qara bir kostyumun tütün qoxusuna, ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ. Bir qadın var hardasa soruşsan xoşbəxtsənmi ? bədbəxtəm deməz deyər : çox mətbəxtəm...
|