Qulu Məhərrəmli: "Əkrəm Əylisliyə qarşı hücumlar uğursuz şoudur"
01.02.13
“Görkəmli Azərbaycan yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı davranışlar bədii əsərə etiraz çərçivəsini aşaraq, qisas kampaniyasına və tragikomik şouya çevrilir”. Bu sözləri tanınmış jurnalist, professor Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, milli heysiyyətin böhranlı anlarında, xalqın minillik dəyərlərinin tapdandığı situasiyalarda susqunluq göstərənlərin hamılıqla və eyni vaxtda Azərbaycan bədii nəsrinin parlaq simalarından birinin üzərinə hücüma keçməsi yolverilməzdir: “Ötən əsrin 60-cı illərində Anar, Elçin, Sabir Əhmədov, Sabir Azəri kimi qüdrətli qələm ustaları ilə birlikdə yeni Azərbaycan nəsrini formalaşdırmış Əkrəm Əylisli bir-birindən maraqlı əsərlərində xalq ruhunu, parlaq milli mənəviyyatımızı yüksək sənətkarlıqla ifadə edib. İndi sözə, sənətə və ədəbiyyata yad çoxluğun belə bir yazıçını xalqı aşağılamaqda ittiham etməsi nə dərəcədə ədalətlidir? Kimsə Əkrəm Əylislinin xarakterini bəyənməyə, onun bəzən axına qarşı çıxmaq tərzini anlamaya, əsərlərinə dodaq büzə, hardasa rəngləri tündləşdirdiyini söyləyə bilər, amma heç kim onun istedadına və bu xalqa bağlılığına kölgə sala bilməz. Əlbəttə, istənilən oxucunun bədii əsərdəki hansısa epizoda, hətta sözə və cümləyə görə yazıçıya etiraz etmək hüququ var, amma yazıçı da öz həqiqətini Tanrının ona verdiyi istedadla ifadə etmək haqqını daşıyır. Axı yazıçının Tanrı və oxucu qarşısında ilahi missiyası var. Bu missiya bədii obrazlar vasitəsilə şərə qarşı çıxmaq, ümumbəşəri ideyaları yaymaqdır. Əkrəm Əylisli də bütün böyük yazıçılar kimi bu missiyanın uğurunu hadisələri insan taleyindən keçirməkdə, məhz bu yolla bədii həyəcan yaratmaqda görür. Burada hansı xalqı aşağılamaqdan, hansı təhqirdən söhbət gedə bilər?! Bəyəm haqqında söhbət gedən romanın baş qəhrəmanı işıqlı düşüncə sahibi olan, iblisanə istəklərin meydan suladığı indiki mürəkkəb zamanda mənəvi dəyərləri yaşadan, bəşəri ideallardan çıxış edən azərbaycanlının obrazı deyil? Təbii ki, mən belə həssas məqamda məlumatsız insanların kontekstdən ayrılıb verilən bədii parçalardakı ayrı-ayrı coşdurucu mənfi enerjinin təsirinə məruz qalmasını, yazıçıdan hadisələrin fotoqrafik təsvirini umanların həyəcanını anlayıram. Bu situasiyanın yaranmasından səmimi narahatlıq keçirənləri və əsərdəki bəzi məqamlara görə yazıçını qınayanları da başa düşürəm. Lakin prosesin qərəzli kampaniyaya çevrilməsi, vətənpərvərlik çuxası geyənlərin sayının birdən-birə artması adamı ciddi şübhələrə salır. İstər-istəməz bu qənaətə gələnlər olur ki, bu hay-həşir Əkrəm Əylislinin son dövrdəki tənqidi çıxışları ilə bağlıdır. Yazıçının özünün ona hücumların ölkədəki gündəmi dəyişmək cəhdi olduğunu deməsi də, görünür, təsadüfi deyil”. Qulu Məhərrəmli sonda bildirib ki, istər diqqəti ciddi problemlərdən yayındırmağa cəhd və ya başqa siyasi texnologiya, yaxud sosial konfliktlərin idarə edilməsi mexanizminin işə salınması olsun – bütün hallarda Əkrəm Əylisliyə hücumlar azad düşüncəyə qarşıdır və mahiyyətə varmayan insanların hissləri ilə oynamağa yönəlmiş uğursuz şoudur: “Həm də bu addım neçə illərdən bəri cəmiyyətdə söz sahibi kimi nüfuzu olan həqiqi alim, yazıçı və şairlərə qarşı müxtəlif formalarda aparılan məkrli oyunun davamıdır. Ona görə bu oyun nə qədər tez dayandırılsa, Azərbaycan mənəviyyatı bir o qədər az zərər çəkmiş olar”. /"Media forum"/
|