Əkrəm Əylisli fəxri adından və təqaüdündən məhrum edildi
07.02.13
Prezident İlham Əliyev Əkrəm Əylislinin "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycanın "Xalq yazıçısı" fəxri adından məhrum edilsin; "Xalq yazıçısı" fəxri adının verilməsi haqqında" Azərbaycan Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) "Naibov Əkrəm Nəcəf oğluna" hissəsi ləğv edilsin. Dövlət başçısının digər sərəncamı ilə Əkrəm Əylisli Prezidentin fərdi təqaüdündən də məhrum edilib. Sərəncamda bildirilir ki, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 349) 1-ci hissəsinin "Naibov Əkrəm Nəcəf oğlu" bəndi ləğv edilsin. /AzərTac/
|