![]() 05.07.13
Mən gələcəm Bir gün mən gələcəm, bir xəbər gətirəcəm, damarlara nur süzəcəm və səsləyəcəm: «Ay səbəti yatmışlar, alma gətirmişəm – Günəşin qırmızı almasını!» Gələcəm: dilənçiyə yasəmən verəcəm, cüzamlı qadına sırğa bağışlayacam, kora deyəcəm: «Bağ nə baxmalıdır!» Hər yanı dolaşacam, küçələri gəzəcəm, car çəkəcəm: «Şeh, şeh, şeh!» Bir yolçu deyəcək: «Yaman zülmət gecədir». Ona bir kəhkəşan verəcəm. Körpünün üstündə ayaqsız bir qızcığaz var – ulduzları onun boynundan asacam. Bütün söyüşləri dodaqlardan yığacam, bütün divarları diblərindən yıxacam. Quldurlara deyəcəm: «Karvan gəlib, yükü təbəssüm!» Buludları parçalayacam. Gözləri Günəşə, ürəkləri eşqə, kölgələri suya, budaqları küləyə düyünləyib bağlayacam. Uşaqların yuxusunu cırcıramaların nəğməsinə qovuşduracam. Çərpələnglər uçuracam, güldanları suvaracam. Gələcəm: Atlara, öküzlərə nəvazişin yaşıl ələfini verəcəm, Susuz madyana bir vedrə şeh içirəcəm, yolda yük daşıyan ulağın milçəyini qovacam. Gələcəm: Hər hasarın üstündə bir mixək əkəcəm, hər pəncərənin altında bir şeir oxuyacam, hər qarğaya bir şam ağacı verəcəm. İlana deyəcəm: «Qurbağa nə gözəldir!» Barışdıracam. Qovuşduracam. Yol keçəcəm. Nur içəcəm. Sevəcəm. Tərcümə edən: Məsiaga Məhəmmədi |