Musa Yaqubun yeni şeirləri
05.11.13

Dağlara ziyarət
                      (əzizim, ulu dağlar...)          
 

I
Şah dağı şahımdır kürsüsü uca,
Babadağ babamdır müdrik bir qoca
Birində əzəmət, birində hikmət
Biri fərman verir, biri nəsihət –
Qalmışam mən iki dağ arasında.
 
Hələ yol gedirəm dərə boyunca,
Dolaylar dolaşıq, cığırlar haça
Kimdir cığırlara daş möhür basan?
Alım zirvələrdən soraq çətindir
Tülkü dərəsinə enməyim asan,
Qartal yuvasına qalxmaq çətindir,
Qalmışam mən də bu yol ayrıcında.
 
Qartal tərəflərə uçub gəlmişəm,
Dərə uğuldayır qulaqlarımda
Şabran qalasından qaçıb gəlmişəm,
Xaqani kündəsi ayaqlarımda
Şaha itaətim,
Babam Həzrətim
Zəmanəylə sözü çəp gələn mənəm,
Qalmışam bu iki dağ arasında.
II
Vallah nəsihətdən bezmişəm daha,
Gedib yetişəndə salavatgaha,
Salavat çevirdim Babama bir də –
Ahım nəfəs-nəfəs buğlandı yerdə,
Dumanlar süründü ahıma tərəf
Gördüm salavatla işlərim aşmır,
Çevirdim üzümü Şahıma tərəf.
 
III
Gərək Havaxan da Şaha baş əysin,
Mən də Havaxanın ətəklərində.
Çaylar ha daşıyır, dağlar qurtarmır,
Sellər daş aparır kürəklərində.
 
Şahın qartalları düşüb get-gələ,
Soltan qayalara əmr aparır –
Şahın yataqları işləyir hələ,
Dəmiraparan çay dəmir aparır –
Çaylar ha daşıyır dağlar qurtarmır
Yamaclar qurtarmır, tağlar qurtarmır.
 
Çaylar narahatdır, göy əsəbidir,
Bu tufan deyəsən Şah qəzəbidir –
Çaxdı ildırımlar
Yoxlandı taclar,
Titrədi qayanın qoşa qülləsi –
Şahın səngəridir meydan yamaclar
Döyür sinəsini dolu gülləsi –
Döyüşlər qurtarmır, hərblər qurtarmır,
Torpağa qəzəbdən zərblər qurtarmır.
 
IV
Dəvə yal deyirlər
Mindim dəvəyə,
Dəvəmin başına duman, çən düşür,
Yoxuşlar dikəlib çıxır zirvəyə,
Enişlər sürüşüb zirvədən düşür.
 
Qalıb çay altında qədim keçidlər,
Babalar o seldən keçib gediblər;
Yapışıb cığırdan, izdən gediblər;
Altan qayıdıblar, üstən gediblər
Əvvəl Babamıza ziyarət qılıb
Musa bulağından içib gediblər –
Qalmışam mən də bu yol ayrıcında
Dərələr, təpələr, yallar qurtarmır,
Ayaq haldan düşür, yollar qurtarmır.
 
V
Tələlər pas atıb kollu cığırda,
Qurdu buraxıblar gəzir naxırda.
Canavar bicləşib tələyə düşməz,
Ovçunun qurduğu kələyə düşməz –
Qurd tələ quranı salır tələyə,
Alıb quzusunu düşür dərəyə –
Balaca bir pay da verir hərəyə –
Qalmışam qurd ilə pay arasında.
 
VI
Şahın adamları şah oylağında,
“Tülkü tələsi”ndə, kəl yaylağında
Ovlar bərədədir, tüfəng ayaqda,
Harın qoruqçular kefdə, damaqda –
Şahım icazəni, get-gəli verir,
Əli tüfəngliyə dağ kəli verir,
Əli qələmliyə nə verir?! Heç nə...
Biz də yaşayırıq tale gücünə.
Hədələr qurtarmır, hədlər qurtarmır,
Marala güllədən cəhdlər qurtarmır.
 
VII
O baba kəndimdi, adı da Zəngi
Qayası yəhərdi, daşı üzəngi,
Dolanıb başına üfüq çələngi –
Söküldü, töküldü, köçdü, dağıldı...
Dağlara nə var ki, qal oğlu qaldı...
 
Köhnə qəbristanlıq dağın yaşıdı,
Hər qarış baş daşı Əlhəd daşıdı,
Salavat çevirrəm Babama bir də,
Bu gediş-gəliş də sirlidir ancaq –
Ayaqüstəkinə yer çatmır yerdə
Yerdə uzanana yer tapılacaq –
Qalmışam mən də bu yer ayrıcında.
 
VIII
Uzaqda Şahımın ildırımları,
Yaxında Babamın sıldırımları.
Məni sıldırımlar çəkir özünə –
Əcəli göz ilə qaş arasında
Durmuşam mən “Şeytanadaşatılanda”
Qalmışam şeytanla daş arasında
Gedirəm, gəlirəm, dönüb atıram –
Şeytanlar qurtarmır, daşlar qurtarmır,
Böyük savaşlara marşlar qurtarmır.
 
IX
 Hərə zirvəsində taxt alıb durub
Biri əbədilik vaxt alıb durub,
Şah dağı qoynunda Sənəm yaylağı
Nə Sənəm qocalar, nə də Şah dağı,
Min dəfə düşsəm də qədəmlərinə
Ərkim yox Şahımın sələmlərinə
Haqqım nazil olmaz, muradım hasil
Dözürəm məhəbbət sitəmlərinə.
Şehotu giləsi gözüm yaşında
Durub gözləyirəm elçi daşında.
 
X
Dünya da belədir, bax, bu çəmən tək
İşi kimə, kefi kimə qalıbdı.
Kəpənəklər üçün oyuncaq çiçək
Arını gör necə işə salıbdı.
 
Gözüm yox dünyanın ayrı işində,
Əlim yox əllərin əyri işində,
Təzədən qayıdıb kamilləşirəm
Qarışqa işində, arı işində –
Bundan şirin peşə tapa bilmərəm,
Bu yurddan müqəddəs oba bilmərəm –
Bir də solub gedə, bir də açıla
Ömrümü bağladım gül ağacına –
Salavat çevirrəm Babama bir də,
Bir gün dirilərəm öldüyüm yerdə,
Qalaram bu iki dağ arasında,
Yəni bir əbədi çağ arasında;
Yerlərin göylərə minacatını –
Sonra oxuyarlar bu bayatını:
– Əzizim ulu dağlar
Çeşməli, sulu dağlar
Burda bir şair ölüb
Göy kişnər, bulud ağlar.
yay, 2013
Buynuz
  
O nə baxış idi
 
 
Tanrım, bir baxışda nələr var imiş,
Nəzərdə neçə cür nəzər var imiş.
Vallah ani oldu, qəfil, çox ani
O nə baxış idi gözün qurbanı!
 
Mən düşdüm tilsimə, sehrə bilmədim,
Baxışına cavab verə bilmədim.
 
Söz işi deyildi sözümlə deyim,
Döz işi deyildi dözümlə deyim.
 
Bəlkə əfsanəymiş, bəlkə nağılmış,
Qəfil şimşək idi daşa çaxılmış –
İşığı gözümdə, çatı sinəmdə
Çatıb yanğı-yanğı yatdı sinəmdə.
 
Bir məqam olmadı qayıdım baxım,
Sevgi hisslərimi ayıldım baxım,
 
Bəlkə də ikinci həyat kimiydi, –
Pərvanə çəkirdi çırağa məni
Qayıdıb gördüm ki, çırağım yoxdu,
Yerimək istədim ayağım yoxdu.
 
Mən yerdən yuxarı, göy aşağıydı,
Bəlkə halə-halə göy qurşağıydı –
Hər rəngi yerində tuta bilmədim, –
Həmin o rəng ilə, həmin naxışla
Mən baxa bilmədim, məni bağışla!
 
O hansı qürubun naxışlarıydı,
O hansı Mələyin baxışlarıydı?..
Mənim ürəyimə, mənim şeirimə
O hansı sevginin alqışlarıydı?..
 
Mən düşdüm tilsimə, sehrə bilmədim,
Baxışına cavab verə bilmədim
Bəlkə gözlərini gözüm tutmadı
Yerimək istədim dizim tutmadı.
 
Əlimi üzümə çəkirəm hərdən
Bir görüm nə qalıb o od nəzərdən.
 
Həmin şimşək vuran qarağac kimi
Yonulub qalmışam, yanıb qalmışam,
Bəlkə ağac-heykəl olub qalmışam –
“Atdı müjgan oxun dəydi sinəmdən”
O müjgan oxunu alıb qalmışam.
 
Vallah ani oldu, qəfil, çox ani
Sən hardan gəlirdin, hara getmisən,
Mən burda neyləyim, gözün qurbanı?
24 iyul, 2013
Beyləqan – Buynuz
 
Nə deyim
 
Şou bizi salıb yaman azara
Şeirimizi göndərmişik bazara
Meşəmizi bələdik daş hasara
Fikir məni alıb gedir, nə deyim.
 
Poladbədən palıdları qırdılar,
Gümüşsinə göyrüşləri vurdular
Maralları gədiklərdə yordular
Kol saçını yolub gedir, nə deyim.
 
Sahilləri söküb-tökdü bu marxal,
Göz qaytaran dağdağanın yarpağı xal-xal,
Qızlağacın qızıl qanı töküldü arxa
Arxım hələ dolub gedir, nə deyim.
 
Qolboyunlar – ağaclarla tənəklər
Ayrı düşdü o qollar, o biləklər
Aldı bağı betonnəvəs dikəklər,
Ömür bağım solub gedir, nə deyim
 
Şahpalıddan, cökələrdən soraq yox
Özümüzü biz yıxırıq, qıraq yox.
Həqiqəti eşidən bir qulaq yox,
Söz də oyun olub gedir, nə deyim.
Leyləklərin boş yuvası soyuq qar
Qanadlardan sığal görməz göy otlar
Qırqovulu apardı boz yenotlar
Kəklik xəyal olub gedir, nə deyim.
 
Günahları bağışlamaq cəhdimi?
Yer üzünə təzə körpə gəldimi, –
Allah hələ qəbul edir əhdimi
Dünya bizə qalıb gedir, nə deyim.
                                       yay, 2013
Buynuz
 
Payız günüm
 
Bir sarı budaqdır il ağacında
Görən bu payızın yaşı neçədir? –
Bir qıvrım duman da qalıb solanda,
Yaddaşı necədi, huşu necədi –
 
Sarıköynəkləri dözmədi qaçdı;
Amma həmin torpaq, həmin ağacdı,
Qüdrəti qalıbmı bir gül bitirsin,
Ya bir xəzəlini yerdən götürsün.
Bir dilim yemişi aypara bilsin
Bir quşu yolundan qaytara bilsin –
Çağırsın geriyə şirin dilləri,
Əlini uzatsa qış tərəflərə
İsidə bilərmi soyuq əlləri?..
Görəsən payızın yaşı neçədi?..
 
Həvəsi qalıbmı kef-damaq üçün
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz yurd-yuva qorumaq üçün
Əsgərlik yaşında payız olarmı,
Görəsən payızın yaşı neçədi?..
 
Yenə yerişim var küçələrində
Hasarda sarmaşıq yaman üşünür.
Görəsən ukuzun gecələrində
Nələrə səbr edir, nəyi düşünür –
Görəsən payızın yaşı neçədir?..
 
Qalmışam həvəslə yaş qınağında,
Bu qızıl yarpağın alnından öpüm
Qızıləhmədinin al yanağında
Bir ləzzət qalıbmı xalından öpüm,
Görən bu payızın yaşı neçədir?..
 
Mizrab xəzəlləri qırışlarıyla
Toxunub bir sarı simə ağlayır.
Bu qədər aramsız yağışlarıyla
Görəsən bu payız kimə ağlayır?..
 
Dumanlar yeriyir dərələr boyu
Dağlar elə bil ki, qoşun aparır
Deyəsən bu payız vaxt sahibidi
Məni də özünə qoşub aparır.
Görən bu payızın yaşı neçədi?..
                         14 sentyabr, 2013
Buynuz
 
Hələ ki...
 
Elə hələ deyib hələ dözürük,
Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.
 
Nahaqlar önündə neçin kiridim,
Qal bu xəcalətdə ağız kilidim,
Guya bu dünyada neyləyə bildim,
Deyim ki, təzədən gələsiyəm mən.
 
Bekar əl neçin də sözümə baxsın,
Əlimin üzü yox üzümə baxsın.
O hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən.
 
Dayan, durum gedim bazarımgilə,
Dünya bolluğuna ərkim bir gilə.
Qalmışam özümə lap gülə-gülə,
Elə gülə-gülə öləsiyəm mən.
 
Kimlərə borcum var, dolub siyahı,
Vura bilmədiyim hədəf günahı –
Kəsib barmağımı verib silahı,
Bir namərd dünyanın köləsiyəm mən.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.