Asif Ata - Fəlsəfə və poeziya
13.11.13

“Yolçu yolda gərək”
Atalar sözü

1.YOLLAR

Uca, sıldırımlı qayaların arasından xəyalı qanadlandıran yollar görünür.

Onlar uzandıqca uzanır, səmanın əlçatmaz yüksəklərinə can atır, sanki məğrur insan düşüncəsi, insan iradəsi kimi sonsuzluqlar, əbədi suallar aləminin sirlərinə vaqif olmaq istəyir!
Yollar – arzuların, sevincin, kədərin, məhəbbətin, nifrətin əbədi karvanı!

Yollar – səhralarda tapılan su, insan şuurunun daimi narahatlığı, ümidlərin sonsuzluğu, bəşər övladının əsil, ülvi taleyi!

Yollar – ağı qaradan, qaranı ağdan, böyüklüyü oyunbazlıqdan seçən, neçə saxta şöhrət binalarını yerlə yeksan edən amansız həqiqət!

Yolçu – bəşəriyyət!

Yolların ayrıcında iki gözəl qadın görünür. Birinin saçlarına dən düşüb, qəşəng, uzunsov sifətində, alnında müdrikliyin izləri var, gözlərində bir məna, duruşunda əzəmət və təmkin oxunur.

O biri isə çox gəncdir! Qıvrım saçlı, qaynar gözlü bu qız coşqunluqda dağ selini xatırladır. Onun sifəti sanki günəşin şəfəqlərindən yaranmışdır! Məsum çöhrə sevinc, inam məcrasına sığmayan bir çılğınlıq, atəşin ehitras ifadə edir.
– Yolçu yolda gərək, gedək, qızım, – deyə yaşlı qadın ona müraciət elədi. Yolçular yola düşdülər.

Qabaqda gözəl bir mənzərə canlandı. Baharın ilıq nəfəsi təbiəti cuşa gətirmişdi. Güllər, nazlı gəlinlər kimi, ən lətif paltar geymiş, özünə bərq vurmuş və təbəssümü ilə bülbülün bağrını qana döndərmişdi! Təbiət — o səxavətli hatəm — bu gün sərvətlərini insanlara qucaq-qucaq paylayırdı!

Yolçular dayandılar!
Gənc qız qəribə bir ehtirasla özünü çəmənə saldı, gülləri iylədi, çayın ahəngini dinlədi, uca çinarların başına dolandı və onun qəlbindən gəncliyin, coşqunluğun, təbiətə vurğunluğun munis sədaları səsləndi:

-Nə gözəldir! Bura bir cənnətdir! Bir bax, bir yaxşı bax, - deyə o yaşlı qadına müraciət etdi: - Elə bil göyün ulduzlarını yerə səpmisən. Niyə susursan? Məgər belə deyilmi? Gözəlliyə biganə olmaq mümkündürmü?

- Qızım, sükütun da öz dili var, - deyə yaşlı qadın cavab verdi.

- Yaxşı, sənin arzuladığın həqiqət bu deyilmi? Gəl elə burada dayanaq. Əgər həqiqət sənin dediyin gözəllik prinsipidirsə, onu elə burada axtarmaq lazımdır.

- Bura gözəldir, qızım, çox gözəldir! Lakin həqiqət yalnız gözəllik deyil.

- Bəs nədir o, nədir? Əgər həqiqət bu deyilsə, mənə heç lazım deyil, - deyə gənc qız narazılıqla dilləndi.

-Biz yola çıxmışıq, qızım, yolçu yolda gərək!

- Mən burada qalmaq istəyirəm. Burada ömür sürmək, burada ölmək istəyirəm! Qoy bu gözəl çəmən həm mənim yorğanım, həm kəfənim olsun.

- Qızım, bizi yollar gözləyir. Bir bax, o dərələr, meşələr, yoxuşlar ki görürsən, onlar bizi çağırır. Yarı yolda qalmaq olmaz. Biz hələ neçə dərələrdən keçib, dağlardan aşmalıyıq. Gözəllik — böyük kəlamdır, ancaq həqiqət ondan uludur. Hissə qapılma, qızım, gedək!

Yollar hey uzanır, uzanırdı. Ciyinlərində insanların sevincini, ümidini, kədərini daşıyan yolçular dayanmır, gedir, geri baxmırdılar. “Geri baxan daşa dönər” deyərlər.

Addımlar gah sürətli, gah yavaş, yollar gah yoxuş, gah eniş, kainat gah aydın, gah dumanlı, düşüncələr gah qanadlı, gah sakitdi.

Yol insan arzularının düyünləri kimi uzandıqca uzanır. Qabaqda kimsə görünür. Bu, ucaboylu, məğrur baxışlı bir oğlandır. Enli kürəkli, qara gözlü, qarabuğdayı bu oğlan ovçudur. Onun çiynindən tüfəng asılmışdır.

Yolçular dayandılar.

Gənc qızın gözləri oğlana sataşdı. Sifətini xəfif qızartı bürüdü, ürəyi bərk-bərk vurmağa başladı. Oğlan da gözlərini qızdan çəkməyirdi.

Uzun müddət onlar bir-birinə baxdılar. Danışa bilmədilər... Yaşlı qadın da dinməyir, müdrik bir insan nəcibliyi ilə sakitcə gülümsünürdü.

Nəhayət, oğlan qıza yaxınlaşdı, onun əlindən tutdu və hər ikisi yavaş addımlarla uzaqlaşdılar. Gənclər nə isə şirin bir hekayət nağıl edirdilər. Qızın sifətini gah sevinc şəfəqləri, gah kədər dumanları bürüyürdü. O, sevirdi.

Bir azdan qız geri qayıtdı, yaşlı qadına yaxınlaşıb dedi: “Mən səninlə axıra qədər gedə bilməyəcəyəm, məni bağışla. Mən həqiqətimi tapmışam. Həqiqət məhəbbətdir. Mən onu sevirəm, o da məni. Bizə səadət arzula!”

-    Həqiqət sonsuzdur, qızım, o bir şəxsin aləminə sığışmaz. Məhəbbət həqiqətdir, düz deyirsən, ancaq bir adama olan məhəbbət yox.

-    Bir adama olan məhəbbətini əsl həqiqətə qurban ver, onda hamının məhəbbətini qazanarsan!..

...Yolçular əzmlə yollarına davam etdilər. Gündüz gecəni, qüvvə zəifliyi, iradə tərəddüdü, fədakarlıq qorxunu əvəz edirdi.

Birdən şimşək çaxdı, tufan qopdu, səma öz qəzəbli pəncəsini dağların, dərələrin, meşələrin başına çırpdı. Uca çinarlar inildədi. Cavan ağaclar, sinəsindən güllə dəymiş igidlər kimi, yerə sərildi. Otlar döyəclənmiş yun kimi çöllərə səpələndi. Yolçular palıd ağacının altında daldalandılar. Cavan qız həyəcanla: “Sən məni haraya gətirmisən! Bilirdin ki, mən zəifəm, zərifəm. Şimşək məni öldürə bilərdi!..” - deyə yaşlı qadına üz tutdu.

- Qızım, bu da bir gözəllikdir, yaxşı bax! Təbiət bəzən bənövşə qədər nəvazişli, bəzən pələng kimi qızğın və qəddar olur. Yaxşı bax – təbiətin bu qəzəbində bir qüdrət, yerə-göyə sığmayan bir hissiyyat yoxdurmu?

-Demək istəyirsən ki, həqiqət elə budur?

-Yox, qızım, həqiqət – yollardır. İnsan – əbədi yolçudur.

Dayanmaq – ölmək deməkdir! Sən gəncsən, gözəlsən, həssassan! Səni bura gətirməkdə məqsədim var. Sən bilməlisən ki, təkcə hisslə həqiqəti tapa bilməzsən. Gözəl çəmən, gözəl oğlan hələ həqiqət deyildir. Həqiqəti zəkanın və hissin müştərək gücüylə tapmaq olar. Hiss, qızım, həqiqət qapılarını döyən qüvvətli bir əldirsə, zəka – həqiqətin açarıdır.
Eşq olsun yolçulara!
...Yaşlı qadın fəlsəfə pərisi, gənc qız isə poeziya pərisi idi.

***
XƏYAL GERÇƏKLİYİ

(Fəlsəfi–bədii məqam)

1.Mənaya çatan


Xəyal gerçəkliyin mənasına çatır, mahiyyətinə varır; xəyal gerçəkliyi yaranır – həyatı əks edən, qabaqlayan.

2.Tilsim

Tilsimə düşür nağıllarda adamlar: daşlaşır – tərpənməz olur, heyvanlaşır – düşünməz olur, yerə dönür, yelə dönür, özündən ayrılır.

Var ola-ola yox olurlar, huşdan ayrılırlar, iqtidardan ayrılırlar, mənadan ayrılırlar, biçimdən ayrılırlar.
Kölgələşirlər, qoyunlaşırlar, quşlaşırlar. Tilsimə bağlanırlar.
Bilinmirlər, ölən kimi də ölmürlər – diri bilinirlər.
Əl əvəzinə daş, ayaq əvəzinə daş, ürək əvəzinə daş, beyin əvəzinə daş, səssiz-səmirsiz, hərəkətsiz, ya da sürüyə qatılan, sürüdə mələyən…

Tilsim fəlakəti yaşayır nağıllarda, ölümdən betər.

3. Quyu

Quyuya düşür adamlar nağıllarda – dərin, qaranlıq quyuya, quş gəlsə qanad salan, qatır gəlsə, dırnaq salan quyuya.
İşıqsızlıq quyusuna düşürlər adamlar, sahibsizlik, yurdsuzluq, yadlıq, yağılıq quyusuna. Div quyusuna.
Quyu fəlakəti yaşayır nağıllarda – dərin çıxılmaz.

4. Div

Güclü, vahiməli, qorxunc; quyu sahibi, canlı qənimi, ancaq canı şüşədə olan, ürəyi özündən ayrılan – əslində cansız, ürəksiz…
Cismi yekə, pəncəsi yekə, dişləri yekə, zülmü yekə, ancaq canı özündə olmayan, ürəyi özündən uzaq… Bir şüşəlik can, bir şüşəlik ürək…
Ürəksiz olduğu üçün, ürəyini şüşədə qoyduğu üçün zalım, qanlı.
Ürəyi bir şüşəlik olduğu üçün, ürəyi şüşədə olduğu üçün zəlil…
Şüşə qırılan kimi aləmi əsdirən əzəmətiylə qırılan…
Zəlil zalımlıq!
Div möhtəşəmliyi yaşayır nağıllarda – miskinliyilə birgə…

5. Küpəgirən qarı

Evlər yıxan, fitnə-fəsad quran, cilidddən-cildə girən, əfsunlu, məharətli, bədəməl…
Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, şərliyinə dov gələ bilmir, küpəgirənliyinə dov gələ bilmir.
Küpəgirənlər məharəti yaşayır nağıllarda – iqtidarsızlığıyla birlikdə.

6. İşıqlı dünya – qaranlıq dünya

Ağ qoç – işıqlı dünyaya aparır.
Qara qoç – qaranlıq dünyaya.
Ağ qoçda – aqibət ağarır.
Qara qoçda – aqibət qaralır.
İşıqlı dünya – yaxşıların dünyasıdır, qaranlıq dünya – yamanların.
Ağ qoç – işıqlı dünyanın nişanəsidir, qara qoç – qaranlıq dünyanın.
Yol xeyri, yolsuzluq şəri yaşayır nağıllarda – işığıyla, qaranlığıyla.

7.Yollar

Üç yol açılır yolçunun qarşısında: gedər-gələr, gedər-qalar, gedər-gəlməz.
Asan, yarımasan, çətin.
Gedər-gəlməzə gedir yolçu və gedər-gəlməzliyi yox eləyir.
Doğru olur çətin yol, təhlükəli yol.
Təhlükəli yolu seçir yolçu və təhlükəni yox eləyir.

8.Yamanlar

Paxıl qardaşlar. Zalım padşahlar.
Quyuya salan, baş kəsən, göz çıxardan, böhtançı, dönük, həris, yalana tapınan, əzazil.
Yamanlar qəbahəti yaşayır nağıllarda – rəzalətiylə.

9. Yaxşılar

Yaxşılıq itirməyən, qədir bilən canlılar: adamlar, balıqlar, atlar, göyərçinlər, çətin günlərin sədaqətliləri, dayaqları, xilaskarları, bəladan qurtarırlar yaxşıları. Yaxşılar əlbirliyi yaranır yamanlara qarşı, yaxşılaşır dünya.
Yaxşılar şəfqəti yaranır nağıllarda – səxavətiylə.

10. Zümrüd quşu

Darda qoymur dara düşəni, dərddə qoymur dərdlini, qanadının üstünə qaldırır, yağıdan qoruyur, etibarlı, andına sadiq dost: həm yerli, həm göylü.
Dost ülfəti yaşayır nağıllarda – əzəmətiylə.

11. Çevrilmələr

Nağıllarda adam turac ola bilir, balıq ola bilir, at ola bilir; qeybdən əl uzanır yerə, yel qanadlı pəhləvanlar düşür göydən, bulaq suyundan gözəllik doğur, çubuq sütuna çevrilir – göylə yeri birləşdirən. Görünməyən, bilinməyən çevrilmələr baş verir nağıllarda, hədsizləşir, hüdudsuzlaşır çevrilmələr.
Hüdudsuz qüdrət yaşayır nağıllarda – sehriylə, möcüzəsiylə.

12. Yaraqlar

Sehrli üzük yarağı yaşayır nağıllarda, istəyinə çatır onunla yaraqlı, bacarmadığı əməl, yaratmadığı qüdrət olmur sehrli üzüyün – xeyir qapısı açanın, şər qapısı bağlayanın!
Uçan xalça yarağı yaşayır nağıllarda – göz açımında dünyanın o başına aparan, bu başına gətirən, göylərin dərinliyinə qaldıran, yerlərin ənginliyinə çatdıran!
Qaranlıq dünyadan işıqlı dünyaya aparan atlar var nağıllarda – yel qanadlı, qaranlıq sökən!...
Möcüzələrlə, sehrlərlə yaraqlanır nağıllarda adamlar, arzu, istək – möcüzə, sehr səviyyəsində gerçəkləşir.
İstək dərinliyi, ənginliyi yaşayır nağıllarda – yerə-göyə sığmayan.

13. Dərmanlar

Almalar var nağıllarda, onları yeyənlər əbədi cavanlıq kəsb edirlər, əbədi onbeşyaşlılara dönürlər, həmişə çiçəklənirlər, heç vaxt solmurlar.
Almalar var nağıllarda – dərdlər əlacı.
Divlərin pəncəsindən qoparırlar almaları adamlar, dərman tapırlar qocalığa qarşı, təbiətdən üstün olurlar.
Dirilik suyu var nağıllarda – Xızıra qismət olan, ölüm əlacı; həmişəlik yaşayır bu sudan içən – təbiətdən üstün olur.
Qocalıq dərdinə dərman tapırlar nağıllarda. Ölüm dərdinə dərman tapırlar nağıllarda.
Əlacsız dərdlərə dərman yaşayır nağıllarda – dərdlə barışmayan.

14. Sınaqlar

Sirr saxlaya bilməyən daşa dönür nağıllarda.
Səbri çatmayan daşa dönür nağıllarda.
Gözü qabağı görməyən daşa dönür nağıllarda.
Nəfsinə sahib olmayan daşa dönür nağıllarda.
Sınaq düşür adamların qismətinə.
Möcüzəli əməl düşür məhəbbətlilərin qismətinə.
Su altında, yer üstündə, göy ucalığında ağlasığmayan ləyaqət göstərirlər, sınaqdan çıxırlar, sınaqla nişanlanırlar.
Sınaq ülviyyəti yaşayır nağıllarda – şəri sarsıdan.

15.Ölçü

«Biri vardı, biri yoxdu!»
Biri var olanda, o biri yox olur.
Birinin varlığı o birinin yoxluğu demək olur.
Var olmaq yox olmaq demək olur.
Üç gün, üç gecə toy çalınır nağıllarda, şahın üç oğlu olur.
Yeddi gün, yeddi gecə yol gedir yolçular nağıllarda, qırx quldur bilinir, qırx incə belli qızla birgə, qırx otaqla.
Üç, yeddi, qırx rəqəmlərinə açılır qapıları nağılların.
Üç – birə qayıtmaqdır təzədən, yeniləşmək, yenidən başlamaqdır.
Yeddi – təzə birdir, altıdan sonra başlayan.
Qırx – təzələnən birdir, 39-dan sonra başlayan.
Doğulmaq, təzələnmək, başlanmaq ölçüsüylə mənalandırılır vaxt nağıllarda.
Hikmətli vaxt yaşayır nağıllarda – müdrik.

16. Qəhrəman

Qəhrəman gələndə – tilsim sınır, div öldürülür, quyular bağlanır, daşlar canlanır, insanlanır; küpəgirən qarılar məğlub olur, zümrüdlər qanadlanır, xəstələr dərmanlanır, yaxşılar yaxşılanır, yamanlıq yamanlanır.
Heç kəsin bacarmadığını qəhrəman bacarar: heç kəsin aça bilmədiyi qapını açır, heç kəsin gedə bilmədiyi yolu gedir, heç kəsin çata bilmədiyi yerə çatır, heç kəsin qıra bilmədiyi əfsunu qırır.
Yaraqlar yarar olur qəhrəmana, sınaqlar yarar olur.
Qəhrəman gəlir – zülmət çəkilir, zillət çəkilir.
Qəhrəman zəruriyyəti yaşayır nağıllarda – coşqun, inadlı.
Qəhrəman çağırır nağıllar…
/kaspi.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.