Füzuli Yavər - Kişilər arvadlarını aldadır
09.12.13
Mənsur şeirlər
***
Bu dünyada hamı bir-birini aldadır. Kişilər arvadlarını aldadır, qızlar sevgililərini. Satanlar alanları aldadır. Danışanlar dinləyənləri, susanları. Varlılar kasıbları aldadır. Aldadır. Qəzetlər, kitablar aldadır. Ekranlar aldadır, səhnələr aldadır. Müdirlər işçilərini. Hakimlər məhkumları. Padşahlar xalqını. Aldadır, aldadır... Eh, nə bilim, daha kimlər kimləri... Hərdən mən də yalançılıq edirəm. Aldadıram özüm-özümü.“Bir az da döz, gözlə bir az da. Sona yetəcək bütün bu yalanlar. Yaxşı olacaqhər şey” deyərək. Allah da aldadır yalançıları cəhənnəm xofu ilə. Ancaq hələ ki, cəhənnəmdə çırpınanlar aldananlardır, cənnətdə keyf edənlər – aldadanlar. Mən hardayam? Özü-özünü aldadanların yeri haradir görəsən? Bilmirəm, bilmirəm...
***
Xəbərin oldumu, səndən ayrılıb mənimlə gəldi. O payız axşamında ilk dəfə gördüyüm gözlərin. Mənimlə gəldi, bir də təbəssüm boyalı dodaqların. Günahkaramsa, bağışla... O gündən hara gedirəm - mənimlə gedir. Payız axşamı rəngində gözlərin. Mənimlə gedir. Bir də təbəssüm boyalı dodaqların. Günahkaramsa, bağışla. Axşamlar, şam işığında oturub toza bürünmüş gitaramın simlərini səsləndirirəm. Onlar üçün. Mən çalıram, dodaqların gülümsəyir. Baxışların nəğməyə dönür, təbəssümün çiçəyə. Mən çalıram. İçim sevinclə dolur. Axşamlarım aləm olur. Günahkaramsa, bağışla...
Avanqard.net
|