Rasim Qaraca - Şair Mazan Şələqulağın başına nə gəldi
23.12.13

Hekayə

Külək əsir, yağış yağır, şair evə qayıdır ağır-ağır, öz şairanə həyatının növbəti bir gününü arxada qoyaraq.

Lakin günün sonunda onu bir sınaq daha gözləyir, kirayə qaldığı bu evə qapıdan deyil, çəpərdən hoppanaraq girməlidir, çünki ev sahibi ilə üzləşmək istəmir; bu gün də kirayə haqqını düzəldə bilməmişdi, ümid qalmışdı Tarıya. Tarı, yəni Tarıel, şairin ən yaxın dostu idi.

Telefonunda saadəcə “T” hərfi yazmışdı, Tarıel təcili yardım servisi kimi bir şey idi şair üçün, sadəcə, bir düyməni basmaqla şairin qulluğunda hazır olurdu hər zaman. Bundan sonra aradabir sadəcə T. deyəcəyimiz bu adam özü də nə zamansa şeir yazmışdı, cavanlıqları şairlə bir yerdə keçmişdi, ilk gənclik illərində bir yerdə ədəbiyyat dərnəyinə getmişdilər, ancaq T. şairlik fəaliyyətini müvəqqəti olaraq dondurub kommersiya işlərinə girişmişdi. Məlum bölgədən olduğuna görə işləri yaxşı gedirdi. Şairin dar gününün dayağı idi, qa deyəndə ət, qu deyəndə su verərdi. Söz vermişdi, imkanları bir az yaxşılaşan kimi şairə torpaq alacaqdı, yavaş-yavaş ev tikib kirələrdən canını qurtarardı beləcə.

-Ə ağrın alem, sən olmasan var ha, mən şişib kəl daşşağına dönərəm.

T-nin maşınında Novxanı tərəfə yol almışdılar. 2 dənə yüzlük artıq şairin cibində idi. Birini kirəyə verəcəkdi, birinə də yemək-içmək alacaqdı. İndi T-nin bir neçə il bundan əvvəl aldığı bağ evinə gedirdilər. Şairin bu evə ilk gəlişi idi.

T maşının baqajından ustalar üçün aldığı yemək-içmək şeylərini boşaltdı. Fəhlələrdən birinə ağzı bağlı bir qutu verdi, - bunu da apar anbara qoy - dedi. Qutunun içərisində şair dostunun kitabları vardı. Bu kitablar elə Tarıelin öz hesabına çıxmışdı, indi dostu arada bir yolunu kitab dükanlarından salır, əlli bir, yüz bir bu kitablardan satın alırdı, bu yolla da dostuna mənəvi dəstək verirdi. Çünki şair son vaxtlar ruhdan düşmüşdü, şeir yazmağa həvəsi qalmamışdı.

-Axır vaxtlar rekord vurursan, kitabların yaxşı satılır. Mən sənə deyirdim də, sən yaz, əvvəl-axır qiymət verən tapılacaq.

-Demə, demə, ala itdən manşır olmuşam.

Zarafat-zarafat, 3-4 ay içərisində artıq bütün tiraj satılıb qurtarmışdı. Azərbaycan ədəbiyyatında bu, görünməmiş hadisə idi. Bir şairin kitabının bu qədər satılması heç vaxt olmamışdı. Bu ay “Əli və Nino” kitab dükanları şəbəkəsi ən çox satılanların listəsini açıqlayanda bizim şair birinci yerdəydi.

Tarıel işini ustalıqla görürdü, özünə də maraqlı görünən bir oyuna başlamışdı, görüm bu işin axırı nə olacaq deyirdi. Şairə əlbəəl pul verməkdənsə onun kitablarını təkrar nəşrə göndərmək, satışdan ona pul qazandırmaq daha faydalı iş idi. Çünki artıq şair həvəsə gəlmişdi, ilhamı coşmuşdu, gecə-gündüz yazırdı. Yazdıqca həqiqətən ustalaşır, ustalaşdıqca həqiqətən oxucuların xoşuna gəlirdi. Ancaq yenə də kitabların 90 faizini Tarıel alırdı. Bundan əyləncəli nə ola bilərdi: iş-güc arası arabasını saxlayıb kitab dükanına və ya qəzet köşkünə yaxınlaşır, şair Mazan Şələqulağın kitabların alırdı.

Bu arada şairin məhsuldarlığı artdıqca onun yaradıcılığına olan oxucu marağı da çoxalırdı. Hələ qəzetlər, ədəbiyyat jurnalları, elektron dərgilər ondan ard-arda müsahibələr götürür, əsərlərini dərc edirdi. Sadiq dost T. aradabir jurnalistlərin cibinə pul basıb dostunun kitabları haqqında resenziyalar yazdırmağa başladı. Bir ədəbiyyat yarışmasında da dostunun birinci yeri qazanmasından ötrü əlindən gələni etdi. Ancaq Mazan üçüncü yerdən yuxarı qalxa bilmədi.

Tarıel payızda şairin yeni kitabını çap etmək təklifini verəndə Mazanın şərti belə oldu: tiraj 5000-dən aşağı olmayacaq. Satışlar yaxşı gedirdi, şairin də öz planları vardı; bu kitabdan gələn gəlirin hesabına kirayədən canı qurtaracaqdı, hələ bilmək olmaz, bəlkə maşın da alacaqdı. T. ani olaraq fikrə getdi, peysərini qaşıyaraq bir an sonra qərarını verdi: Qoy sən deyən olsun. Ancaq kitabın reklam kampaniyası üçün də bir qədər büdcə ayırmaq lazım gələcəkdi. Şair dostunun şöhrəti nə qədər çox artarsa, bunun Tarielə faydası vardı, bilmək olmaz bəlkə sabah birigün Mazan deputat olacaqdı, o zaman dostunun biznesinə krışalıq edərdi, əl əli yuyar, əl də üzü. Əlqərəz, Tarıelin də özünün uzaq hədəfləri vardı şairlə bağlı. Mazan məşhur olacaq, xalq şairi adını alacaq, bir telefon zəngi ilə onun istənilən arzusunu yerinə yetirəcəkdi. Ağıla gələn başa gələrmiş. Şairin kitabları “satıldıqca” Tarıelin işləri dolaşmağa başladı. Hər dəfə görüşəndə Mazan dostunun üzündəki qara pərdənin daha da qalınlaşdığını görürdü.

-Satışlar necə gedir?

-Əla! 4 mindən çox satılıb.

-Sən yaz, yarat! Yaxşı şeylər yaz, qoy camaat oxusun!

-Yazmışam artıq. Yeni kitabımı bu yaxınlarda sənə vercəm.

Tarıelin üzündəki pərdə bir az da qalınlaşdı, bir söz tapıb deyə bilmədi.

-Uzağı bir həftəyə gətirəcəm – dedi Mazan. Ancaq bir həftədən sonra artıq Tarıel həbsxanada idi.

Şair şöhrətin zirvəsinə doğru inamla irəliləyirdi. T. həbs olunandan heç 3 ay keçməmişdi, artıq Mazan Yazıçılar Birliyinin katibi vəzifəsinə seçilmişdi. Türkdilli yazarlarının qurultayında ölkəni təmsil etmək ona tapşırılmışdı. Türkmənistan prezidenti hörmətli qonağa 10 min dollar hədiyə vermişdi.

Mazan dostunu yaddan çıxartmadı. Səfərdən qayıdandan sonra yaxşı bir bazarlıq edib onun ailəsini ziyarətə getdi. Üstündən 5-6 ay keçəndən sonra yolunu həbsxanadan saldı, Türkiyədə dərc olunmuş yeni şeir kitabını Tarıelə hədiyyə etdi, arasına da 100 dollar pul qoymuşdu. Ancaq bu, Mazanın sonuncu həbsxana ziyarəti oldu, bu cür ziyarətlərə artıq onun vaxtı yox idi. Həqiqətən çox məşğul idi. Milli mükafatın ekspertlər şurasında təmsil olunurdu, “Ən yeni ədəbiyyat” seriyasından daha bir kitabı dərc olunmuşdu, Kulis.az saytında köşə yazarlığına dəvət almışdı. Eyni zamanda Gənc ədiblər məktəbinin müdavimlərinə məruzələr oxuyur, habelə Slavyan Universitetində dərs deyirdi. Televiziyalara dəvətlər, ard-arda qəzetlərə verdiyi müsahibələr, oxucu görüşləri olan-qopan bütün zamanını əlindən alırdı. Həm Tarıelin adı müxalif siyasi partiyalara yardım məsələsində hallanırdı, indi onunla yaxınlıq etmənin heç bir adı yox idi, belə bir dostluq əlaqəsi Mazanınn yüksələn karyerasına zərbə vura bilərdi. Neynək, qoy olsun...

Uzatmağa nə verirlər. Dörd, beş, yoxsa altı il oldu, Tarıeli həbsxanadan buraxdılar. İlk aradığı insan Mazan Şələqulaq oldu. Hə, qardaş, bu gün görüşəcəyik. Bu gün sabah oldu, sabah da altdakı gün. Şairi tutmaq olmur. Yox vallah, bu gün işim çıxdı, sabah günorta. Sabah həqiqətən görüşdülər, Gənclik metrosu yaxınlığındakı şüşəbəndli çayxanada çay içdilər. Al bunu qoy cibinə xərclərsən. Tarıelin yarası bununla sağalan deyildi: “Bilirsən, qardaş, mənim Novxanıda bağ evim vardı ha, onu satmaq istəyirəm, bilirəm imkanın var, özgə adama qismət olmasın...”. T. əlimyandıda evini satırdı. “Heç olmasa yarı pulunu indi ver, yarı pulunu da nə vaxt olsa verərsən...”. Əsl fürsət idi. Razılığa gəldilər. Şair Mazanın maşınına oturub Novxanıya tərəf yollandılar. İkimərtəbəli böyük həyətyanısı olan bir ev idi. Mazana Yazıçılar Birliyindən ev vermişdilər, Masazır qəsəbəsində bağ evi də vardı. Dostunun çıxılmaz vəziyyətdə olmasından yararlanıb bu evi ucuza almaq, sonra da tələsmədən bahaya satmaq haqqında düşünürdü.

Evin içərisinə girib dolaşmağa başladılar. Mazan son bir neçə ildə əmələ gəlmiş qarnını qabağa verib ətrafındakı hər şeyə qiymət biçirdi: “Ə, bu evin remontu-zadı da yoxdu...”. “Ə, bu mebeli də at getsin bir işə yaramaz...”. “Ə, qağa, burda nə qədər kitab var... Ə bu anbar da kitabla doludur ki, bunlar nə kitabıdır belə... Ə bular hamısı mənim kitablarımdı... Vayy dədəə..”

Mazanın nıxtı batmışdı. Birdən-birə məsələnin nə yerdə olduğunu, dostuna qarşı necə böyük oğraşlıq etdiyini başa düşmüşdü. Şairin 4-5 adda kitabının bütün tirajı, minlərlə kitab anbarın bir küncündə qalaqlanmışdı.

Çoxsaylı oxucu sevgisinə olan xəyalları birdən-birə buxarlanıb havaya uçmuşdu. İndi bu kitab anbarında intihar etmək onun ən yaxşı çıxış yolu ola bilərdi, ancaq onun kiçik qəlbində bu cür cəsarət hissi heç zaman olmamışdı. Beləcə, heç bir söz demədən üzünü çevirib arabasına tərəf yönəldi. Ğğğğ-ğınn, babap – motoru işə salıb tozanaqladı. /oxuzali.az/

Yenililklər
30.07.21
“Ulduz”un iyul  sayı çap olunub
30.07.21
Kristian Voqler - Yazıçının səyahəti
30.07.21
Ülviyyə Heydərova Beynəlxalq Ədəbiyyat Festivalının qalibi olub
30.07.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
30.07.21
“AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiya nəşr olunub
30.07.21
Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
29.07.21
Dünya şöhrətli Dominikan musiqiçisi Conni Ventura vəfat edib
29.07.21
Milli Qəhrəman Polad Həşimovun xatirəsinə ithaf edilmiş kitabın təqdimatı keçirilib
28.07.21
“Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub
28.07.21
Buker mükafatının uzun siyahısı açıqlanıb
28.07.21
XII Qəbələ Musiqi Festivalı Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunacaq
28.07.21
Gənc caz ifaçıları üçün müsabiqə elan olunub
27.07.21
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
27.07.21
Nizami Cəfərov - "Leyli və Məcnun"un türk dünyası - Araşdırma
27.07.21
Azərbaycanlı rəssamın əsərləri “ArtCamp Andorra” layihəsi çərçivəsində UNESCO-da nümayiş olunub
27.07.21
Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar tapılıb
26.07.21
“Teatr və kinoteatrların açılması müzakirə olunacaq”
26.07.21
Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir
26.07.21
Aşıq Ələsgərin şeirlər kitabı Türkiyədə nəşr olunacaq
26.07.21
Müslüm Maqomayev və Tofiq Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq
26.07.21
Könül Nuriyeva - Vurnuxma...
16.07.21
“Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb
16.07.21
Nizami Gəncəvi irsi Avstriya Milli Kitabxanasında
16.07.21
Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
15.07.21
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Mükafatının builki sahibinin adını açıqladı
15.07.21
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyədən 10 min nüsxə kitab gətirilib
15.07.21
Hacı Zeynalabdin Tağıyevin heykəli burda qoyulacaq
15.07.21
“Yaradanlar” filmi İtaliyada mükafata layiq görülüb
15.07.21
Xorvatiyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
13.07.21
Akademik Musiqili Teatra baş rejissor təyin olunub
13.07.21
Dilçiliyə dair yeni kitablar nəşr olunub
13.07.21
“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edilib
12.07.21
“Hədəf Nəşrləri”nin müəllif tenderinin qalibləri bəlli oldu
12.07.21
"Qanun"dan yeni kitablar
12.07.21
TÜRKSOY-un yaradılmasının 28 ili tamam olur
12.07.21
İtaliyada Dantenin əlyazmaları aşkar edilib
09.07.21
Ülvi Babasoy - Yaşamaq sənəti
09.07.21
“Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib
09.07.21
Bədirxan Əhmədli - Bu Yol sənin yolundur... - Təbrik yazısı
08.07.21
“Salnaməfilm” studiyasında Aşıq Ələsgərə həsr olunmuş filmin çəkilişlərinə başlanılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.