Mübariz Örən - Dəli Əjdər
08.01.14

Hekayə
            
Ot mövsümü gəldi, dövran qoruqçu Əjdərindi!..
     
Yer-yurd təzəcə göyərməyə başladımı, kişinin elə bil çiçəyi çırtlayır.

Bütün qış uzunu heç kimin yada salmadığı, saya almadığı bu suyumsuz, yöndəmsiz kişi birdən-birə kəndin ən hörmətli adamına çevrilir, ağzının danışığını, oturuşunu-duruşunu bilməyən kobud- köntöyün biri məclislərin gülü, evlərin ən arzuolunan adamı olur.

Hamı Əjdəri gəzir ot vaxtı, - hamının onunla işi var - hamının yolu onun çəpərinin dibindən keçir. Kəndin bütün çəkilmə arağı, çolpası-quşu  Əjdərindi.

Niyə?

Çünki kənd yeridi, dost. Hamının qapısında malı, heyvanı. Heyvana da nə lazımdı? Ot! Ot da Əjdərdə! Kəndin ucu-bucağı görünməyən neçə yüz hektar otlaq yeri, örüşü, biçənəyi sanki babası Paşadan ona miras qalıb. Neçə sədr gəlib, neçəsi gedib - Əjdər qoruqçudu. Kəndin adını belə dəyişmək olar, bir şərtlə, - qoruqçu Əjdərdi!
     
Bu alternativsizlik onu özündən çıxarır, dəli edir. Elə ayaması da Dəlidi.
     
Danışanda ağızdolusu, ağız dolu su danışır, - bir əli eyzən alt dodağının heliyini ovuclamada. “Pöştələnmiş” dilində sözlər bir-birinə keçili: “Əvin yıxılmatın, bədtənfikirrəşmirsənmiki?..” Ərköyün, coşqulu davranışında söz, hiss, hərəkət yüyənsiz!
     
Hələ bu harasıdı! Siz hələ biçin vaxtı Əjdərin atını görəsiniz. Bütün qışı acından qarnı qarnına dəyən, qıçı qıçına dolaşan, burnu küllükdə zibil eşən at qamətini, yerişini düzəldib bir dingildəmək dingildəyir, yeri gəldi-gəlmədi şahə qalxır, şıllaq atır...
     
Biçində gecəsi-gündüzü yoxdu. Atının yəhərini-yüyənini bərkidib cövlana çıxır. Ley kimi şığıyıb, cin kimi peyda olmağı var. Vay halına kimin ki, mal-qoyunu qoruğa düşə. Nə danışırsan, adamı atın sinəsinə qatıb nəfəsini kəsər, bağrını yarar! Zəhrini çatladar, bə nə! Şallağı tərs tutub, sapını adamın belində qırar. İncavara dəliliyi, əsib-coşmağı ötəridi. Yaz yağışı kimi tez dolub, tez də boşalır, hirsi soyuyan kimi, yenə olur həmən-həmən.
     
Kef odu, biçin vaxtı kənddə bir toy ola. Əjdərin at üstündə toy qapısına təşrifini gərək göznən görəsən. Kişi az qalır  mağara atnan girə. Elə atın özü,- vurnuxur ki, dürtülsün tünlüyə.
    
Toqqasının altını bərkidib buğlana-buğlana ortaya girəndə çalğıçılar ara verib mütləq Əjdərin havasını çalmalıdı. O da, bir əli boynunun dalında, bir əli göydə maytıya-maytıya, tək mağarı bir-iki dövrə vurandan sonra pulu cibindən topasıynan çıxarır. Şülüyür ee. Aşığa bir onluq, zurnaçıya bir beşlik, züytutana, dəfvurana...  Bir topa təklik də elə-belə, - göyə...     
     
- Dodu, bıra gə... - həyətdə, tutun altındakı taxtında dizi üstə oturtduğu nəvəsinin qulağına tutub ağzını. - Nəniyə bir bləd bas...            
     
Qorxusundan bir gözü nənəsindədi Dodunun, - “... bləd bas, baba pul versin saa. Bləd bas!” - amma puldan da keçə bilmir:    
     
- Samaya blyəətdi...
    
- Oyx... - uşağı buraxıb, qarnını tutur gülməkdən, kürəyiüstə yıxılıb ayaqlarını qayçılayır göydə...
     
Daş hovuzun üstündə oturub guya ləyəndə düyü arıtlayır Samaya, - nəzərləri yuyulub çəpərə sərilmiş köhnə, boz əskidədi. Dodağının lap qırağına qonmuş təbəssüm uzaq xoş xatirələrin qopuğudu, Əjdərin şit-duzsuz zarafatına heç bir dəxli yoxdu. O, heç vaxt bu kişini sevmədi. Neçə illər bir yastığa baş qoysalar da, uşaqları göt-götə düzsələr də. Sevə bilmədi. Nə oldu Mustafayla oldu. Oldu, orda da qaldı. Guya Əjdərin bundan xəbəri yox idi ki?
      
Mustafa cavan kolxoz sədriydi onda, Samaya da texnikumu bitirib  yenicə idarəyə işə düzəlmişdi. Mustafa evli olsa da münasibətləri çox dərinə getmişdi onların; dəhnəni suya vermişdi qız. Məsələ böyüyüb raykomacan gedib çıxmışdı. Hətta söz-söhbət gəzirdi ki, partiyadan da qovub çıxarırlar sədri.

Qarayola elə o ərəfədə Əjdər haradansa azıb gəlmişdi bu kəndə. Yetimin də bəxti olarmış vallah; heç nəyin sahibi olasan, birdən-birə hər şey tökülə başından. Samayanı görəndə ağzının suyun saxlaya bilmirdi Əjdər, “Samaya - ağ maya!” deyib həsrətlə onun dalınca baxırdı. Bir günün içində kənd klubunun bir otağını boşaldıb müvəqqəti verdilər ona. Yarıxoş, yarızor Samayanı da dartıb saldılar yanına... Üstəgəl kolxozun ucsuz-bucaqsız əkin, biçin sahələrinə hüdudsuz səlahiyyət.
       
-A gədə, kiri ta! - “Samaya blyəətdi... Samaya blyəətdi...” deyib qışqıraraq o baş-bu başa qaçan uşağa təpindi Əjdər. Samayanın üzündəki soyuqluqdan qorxdu. İfadəsiz, yad-biganə sifət asılmışdı onun üzündən, - çəpərin üstünə sərilmiş köhnə, boz əski kimi...
     
“... əməlli-başlı düşüb Samaya, - öz-özündə kəşf etdi. - Toğlu quyruğu kimi yellənən yanbızları əriyib tamam.” Bu kəşfindən tapdığı sakitliyi özündən qovmağa çalışdı. Olmadı. Bu “yağlı quyryq”ların gətirdiyi qısqanclıq hissi içini didib həmişə, ürəyinin yağını yeyib.  İndi nəvəsinin diliylə rahatca deyir uzun illər demək istədiyini: “Samaya qəhbədi.”        
     
Heç bilmədi atın ağzını nə vaxt burdu Mustafagil tərəfə, niyə burdu. Sədr işdən çıxandan heç gəlməmişdi bu tərəflərə. Həmişəki geniş, daş-çınqıllı küçə gözünə dar-basırıq gəldi, köhnə sədrin şəhər evinə oxşayan səliqə-səhmanlı, yerdən kürsülü daş evini qara-yapıxıq görüb birtəhər oldu. Eyzən qonaqlı-qaralı, səsli-küylü iri eyvanları tərk edilmiş leylək yuvasıydı sanki. Bir vaxtlar gül-çiçəyin, bağ-baxçanın içində itib-batan həyət indi mal-heyvan tapdağında, toyuq-cücə eşənəyində...
     
Nə istədiyini dəqiq bilməsə də, tərəddüd içində bir-iki ağız hayladı Mustafanı. “Gördüün, - bəlkə demək istəyirdi, - deyirdim axı, vaxt gələjək, sənin də maa işin düşəjək”. Amma nə fikirləşdisə, atın başını döndərdi geri; əliboş getmək istəmirdi köhnə sədrin görüşünə.
        
Çöldə, arx boyu sıralanmış ağacların altında özünün mətəsi var, - “Əjdərin yeri!” - o qədər tapdanıb bərkiyib ki, ot da çıxmır orda. Çinar və söyüd ağacları ilə əhatələnmiş həmin yer yayın cırcıramasında da yelli olur; iri gövdəli çinarın sıx yarpaqları ora qatı kölgəlik, budaqlarının ucunu arx suları yuyan söyüd ağacı isə xəfif meh gətirir. İstidə çox vaxt heç kəndə getmir, günorta öynəsini çölə salır. Bir şey ki, yeməyin hazır mətəyə gələ. Nə çoxdu sahələrin arasına, gövərin döşünə heyvan salan. Əjdərə də ta elə-belə yemək gəlmir e. Soyutmasına,  kotletinə qədər...     
       
Yazıq Əli müəllim, - o yekəlikdə kəndin botanika müəllimidi səki,  Əjdər ona Çəltik deyir, - çay dəsmalını sərib arxın döşünə, içi xırda-xırda doğranmış soğan, keşnişlə dolu çolpa soyutması, böyründə iki büküm təzə sulanıb qatlanmış sac yuxası, balaca şüşə bankada turşu, iki baş təmizlənmiş quru soğan, bunlar azmış kimi üç-dörd yumurta  soyutması, duzu, bıçağı... 
       
Əjdər bu dəm-dəsgahın qabağında bir ayağını üzəngiyə basıb çatı təki açıldı atın belindən:
       
- Əvin yıxılmasın, neynirdin bu boyda şeyi, - xalaxətrin bir “qır” olmalıdı, -  ajdıxdan çıxmışdın?
      
Azca aralanıb əlində ağzıbağlı bir butulkayla geri döndü. Nəyi olmasa da, ehtiyatda arağı həmişə var.
    
- Günün idtisində... Ə tən öl, bizi  qırajax bı, - gödək, ətli pəncəsini həvəslə şüşəyə sarıb yoxladı. Havanın isti olmasına rəğmən arxın durğun və kölgə yerində gizlətdiyi araq qızmağa macal tapmamışdı. Butulkanın ağzını açıb burnuna sarı apardı. Ucuz cecə arağının tünd, kəskin iyi beyninəcən işlədi, gözləri işardı. Sonra onu Çəltik Əliyə uzadıb:
      
- ”Zəhrimarı yarı-yarı süz görək”. Nənən ölsün, a Mıstafa. Deyir eee...- dedi və çolpanın bud hissəsini səbrsiz, hövsələsiz qoparıb ağzına təpdi, sözünün davamını çolpa ilə bərabər çeynədi. - Ə tən öl, biz gün görmürük... - Loxmasını tələm-tələsik udub Çəltiyin süzdüyü yarım stəkan arağı zorla, amma son damlasına kimi başına çəkdi. Bir müddət beləcə üzü göyə qaldı. Tünd arağın boğazından aşağı ütə-ütə necə getdıyini və sonra bütün bədəninə sirayət edən, yayılan istini aydınca hiss elədi. Bütöv soğan turşusunu quyruğundan tutub ağzına atdı və “pöştələnmiş” dilində yenə də:
    
- Ə tən öl, biz gün görmürük, - dedi.
   
- Noolub saa, a Əjdər. Namxuda... - Çəltik Əlinin kefi yüzdoxsanı vururdu. Qoyun-quzusunun ağzı təzə-tər çəmənlikdə, özü də  dirsəklənib Əjdərnən stəkan-stəkana toqquşdurur. Kimiydi evdə Çəltiyə çolpa soyutması qayıran, qabağına araq qoyan.
   
Əjdər Çəltiyin sözünü ağzında qoydu:
   
- Əvin yıxılmasın, bı yaşında malın-heyvanın dalında qalmısan, sintran əyaxlıyırsan, nə qəzəl-qəsidə danışırsan maa...
    
“Sintran əyaxlamaq” Əjdərin leksikonunda zülm, zillət çəkməkdi. “Qəzəl-qəsidə”ni də hardansa təzəcə ”ütüb” və nə vaxtdı tətbiqini axtarırdı. Xoşallandı. İkinci stəkanı da Çəltiyin stəkanına vurub başına çəkdi. Yenə bir müddət üzü göyə qaldı... İsti havanın və tünd arağın təsirindən sifəti  pörtmüşdü, allanıb xallanmışdı.
    
- Arax düşür saa, - dedi Çəltik.
       
- Əvin yıxılmasın, arax çıxajax axırımıza. Camaat Bakıda kef çəkir ee... - dabanını dabanına sürtüb yüngül yay sandallarını qırağa tulladı... Bakıda heç vaxt olmamışdı. Bakı ona işıqlı, əlçatmaz görünürdü. Həmişə səsli-küylü, dop-dolu küçələri ilə. Dizi, kürəyi açıq ağ xanımları ilə... - Tən öl, beejə gedəjəm bazdığa. Çoxdandı Qumrunu quruldatmıram. -  Əlini şappıltıyla Çəltiyin kürəyinə vurdu.
        
Qumru qonşu kənddə bir dul arvaddı. Yaşda Əjdərdən  böyük, - yalan olmasın, anası yaşda. - Əjdərin kefi duranda atını düz sürürdü Qumrunun qapısına. Kənddə bu işdən hamının xəbəri olsa da, arvad özünü o yerə qoymazdı: ”Kül təpəsinə Əjdərin, - deyərdi, - at iyi verir  eyzən...” Bu da düşmüşdü Mustafa kişinin valına, elə hey fırladıb özündən çıxarırdı yazığı.
      
“Əvin yıxılmasın, dünya... Mustafanın qapısı hara, mal, heyvan hara? Kopooğlunun vəzifəsi! Aş qazanı aşdı, qazmaq qaldı üstdə!” Amma vaxt vardı, elə bir hörmətli qonaq olmazdı ki, rayona gələ, Mustafanın evində çörək kəsməyə. Evin meydan kimi geniş eyvanı eyzən qonaqlı-qaralı olardı. Yemək-içmək, çal-çağır... Səhərəcən. Hamısında da Əjdər! Əjdər də ta Əjdərdi da, durub əliboş getməyəcəkdi ki, kişinin qapısına. Toğludan, şişəkdən əlinə nə keçdi atardı atın dalına. (Ot vaxtı, təbii ki. Qışda Əjdərdə toğlu-şişək nə gəzir). Özü də elə-belə yox ha, atını qaşovlatdırıb, yalını, quyruğunu daratdırıb, atın ”ərəbi” yəhərini bağlatdırıb gedərdi. Üz-başını qırxdırıb, uzunboğaz dəri çəkmələrini, şax xaki köynək-şalvarını geyib ata qalxanda vüqarda, əzəmətdə kimidi Əjdərə çatan. Qaragül dərisindən papağı çatmırdı bircə. Amma, - atda! Elə ki atdan düşdü, əzəmət də, vüqar da gedirdi öz işinə; qısa ayaqları bir az da əyri olduğundan tösmərək-gödərək bir şey alınırdı. O, özü də bunu hiss edirdi.
      
Mustafa kişinin  Əjdərnən zarafatı həmişə olub. “Bu Əjdər ki var haa, - sağ əli şəstnən Əjdərin çiynində, - paatçahdı. Ot patçahı! Amma, - biçin vaxtı! Elə ki, ot savıldı, Əjdər oldu nol! Sıfır!” - deyib yazığı dəli eləyərdi.
      
O da yerindən dik tullanıb: “Aə, a şirə milçəyi, - dəliliyi tutdu sədr nədi, heç dədəsi də gözünə görünməz, - sənin də maa işin düşəjək, qooy! - deyərdi. - Tən öl təni muşqurdajam! Bizə də Paşauşaı deəllər!..”
       
Əjdərin bərk alındığını görəndə isə, - bütün məclis gülməkdən qarnını tutub, - tezcənə valı dəyişərdi Mustafa: “Dağıstan xalqının böyük Şeyx Şamili olduğu kimi, - deyərdi - bizim də Dilboz atlı Dəli Əjdərimiz var!” 
        
Di get! Guya, Əjdər atın daylaq vaxtını Qazaxdan gətirib, anası da təmiz Qarabağ cinsindən dönmə Dilboz atıdı...
      
Atı yadına düşdü. Çevrilib biçənəyə baxanda nə görsə yaxşıdı? Çəltiyin malı sahənin tən ortasında! Otun “gül” yerində! Panamasını başına basıb şallağını nətər götürdüsə, dik atıldı Çəltik:
   
- Əjdər, valla huşa getmişdim, - sahəyə sarı sıpırıxdı.
      
Əjdərin uzun dəstəli şallağı Çəltiyin kürəyindən qıl yazdı.
      
- Huşun yoxdu-yoxdu, başın da yoxdu? ...ttim tənin maydanını! - arvadını söydü Çəltiyin. - Bəd tən fikirrəşmirsənmiki, basıb camaatın qoruğunu otdadıram... Tən öl təni sıvıldajam!...
     
Aranın sakit yay gecəsi. Buludsuz səma ulduzla dolu. Göy sanki gilənar dolu ləyəndi. Ulduzlar elə iri, elə parlaq, canlıdı, deyirsən bəs indicə yerə axacaq - göy adamın üstünə gələcək. Çatı kimi uzanan aydın kəhkəşan sakit sabahlara çağırır, adama arxayınlıq, rahatlıq hissi təlqin edir. Aralı dağlardan əsməyə başlayan xəfif yel qoca tut ağacının yarpaqlarını yüngülcə tərpədir. Axşamüstü hökm sürən boğucu aran bürküsünün caynağı bir az süstəlib; havada bir təzəlik, təmizlik hiss olunur. Uzaqdan qurbağa xorunun yeknəsəq səsi eşidilir. Sanki dünya bina olandan bu səs bu torpağın əbədi gecə laylası, gecə nəğməsidi... Arabir eşidilən tənbəl, boğuq it hürüşü bu yeknəsəqliyə, əbədiliyə bir ilmə...
     
Traktorun ot dolu lafeti daş barının arxasında heybətli dağ silueti yaradıb. Həyətin işıqlı yerində Əjdərin atı bağlanıb. Qabağında bir ləyən arpa. At tox olduğundan burnuyla arpanı eşib-eşələyib yerə tökür, hərdənbir başını qaldırıb Mustafa kişinin geniş, açıq eyvanında əl-qolla, şövqlə danışan sahibinə razılıq, bəlkə də, qürur hissi ilə baxır...
     
Mustafa kişi Əjdəri yenə əvvəlki tək özündən çıxarmışdı, Qumrunun “at iyi” məsələsini təzələyib yazığı cin atına mindirmişdi. Dəliyə nə gül, nə güldür, deyərlər. İndi Dəli Əjdər fürsət axtarırdı Mustafanı çalmağa.
    
- Bir-iki tikə ağnaaz eliyin sən allah, yemək bişənəcən. Arağ içirsiniz. - Qəmzə arvad təzəcə qaynamış sümüklü ətdən buğlana-buğlana gətirib boşqabda stola qoydu.
     
Mustafa kişinin otuz beş illik ömür-gün yoldaşıdı Qəmzə. İllərin amansız əli onun da gözəlliyinə “sığal” çəkib, - quzey çiçəyi kimi solğun bənizində ala gözləri hələ də cazibədar! Mustafa kişi cavanlıqda bu gözlərin əsiri olub, bu gözlərə şeirlər qoşmuşdu. Elə Qəmzə də, bu gur qara, qıvrım saçlı, suyuşirin, qəlbi həyat eşqiylə dolu kişiyə vurulub gəlmişdi. Bir yerdə acılı-şirinli günlər yaşamışdılar, oğul-uşaq böyütmüşdülər. Evləri eyzən qonaqlı-qaralı, səsli-küylü... Amma, indi Mustafanın oturub Dəli Əjdərlə şit-şit zarafatlar eləməsi heç ürəyindən deyildi.
     
- A Qəmzə bajı, - Əjdər tut arağı süzülmüş rumkanı tez qaldırıb Mustafaya bir göz vurdu, - deyirəm, nə yaxşı məhsuldu, - “yaxşı”nı xüsusi vurğuladı, - yuxarıdan gələnə oxşuyur. Bajılıx yolluyuf  yəqin.
      
Mustafa kişinin yuxarı dağ kəndlərinin birində Yaxşı adında  bir “bacılığı” vardı, yolu o tərəflərdən keçəndə onun evinə düşərdi... Yaxşının da, öz əliylə çəkdiyi təmiz tut arağı, küp çaxırı həmişə olub. Mustafanın də payı öz yerində. Bu işdən arvadın xəbəri olduğundan kişi pərt oldu. Qəmzə arvad də hirslə, deyinə-deyinə uzaqlaşdı:
        
- Başına daş düşsün heylə bajılığın. Üzün gor görsün! Nə bajılıx?! Odnan pambığın nə bajılığı?! - Bu Mustafanın ünvanına idi. - Dedim, bu qırılmışdarın damazdığını kəs qapıdan. Arsız-abırsız  heyvərələrin əlində qalmışıq tay... - Bu isə Əjdərin.
       
Mustafa kişi əvvəl tutulsa da, arvadın bu yaşda onu qısqanmağı özünə ləzzət elədi. Rumkasını qaldırıb dedi:
  
- Əjdər vur. Bir-bir!
       
İndi Əjdər özünü günahkar sayırdı, - deyəsən barıtı çox qoymuşdu, - istəyirdi  Mustafa arvadın könlünü alsın.
        
-A Mustafa... - səslənmə xoşuna gəldiyindən bir də təkrar elədi. -   A Mustafa, deyirsən e... cavannıxda Qəmziyə vurulmağınnan. Tən mənim danım, onu de. - Mustafa kişi başını bulayanda, - tən öl, oratın de, bir dolu lapet ot sabax qapındadı...
      
Mustafa kişi qonağın pərt olmaması, arvadın da könlünü almaq üçün (və ot , təbii ki.) şeirin son bəndini ucadan dedi:
         
“Erkən çağda o gözlərə vuruldum,        
Olub indi qoca qarı, süz görək!..”

... Əjdərin kefi durulmuşdu. Hamının kefi durulmuşdu.

Eyvanın baş tərəfində qoyulmuş təzə rəngli televizorda Zeynəbin cavan vaxtlarını göstərirdilər. Təzə rəngli ekranın effektindən idi, ya tünd tut arağının təsirindən, zalım qızı elə canlı, elə yaxın görünürdü, elə bil, bu saat bir kəpənək olub uçub gəlib Mustafa kişinin taxta məhəccərinə qonacaq. Əjdərin yanına! O, gödək, ətli barmaqlarını keçəl başına çəkib, yekə, dolu qarnı ilə stolu itələdi:
       
- Ə tən öl, biz gün görmürük! Ə, denən, tüpür bının otuna da, beş-on maat puluna da, get beş-on gün ittiraat elə dana bı canı yanmışnan. Bet dünnük  dünyadı onsuz. Bu da olmasın beş-on lapet otun pulu!..
       
Mustafa kişi qarşısında oturmuş bu idimsiz, suyumsuz kişinin keçəl, xallı başına, düzgün paraleloqram formalı qara sıx bığlarına, biz tüklü qaşlarının altında işaran xırda gözlərinə baxsa da xəyalı uçub aranın dən-dən ulduzlu gecəsində çatı təki uzanan kəhkəşana qonub. Sanki illərin, zamanın fövqindəydi bu çatı kəhkəşan; oradan öz cavanlığı, qayğısız, xöşbəxt tələbəlik illəri, cavanca kolxoz sədri olduğu o bəxtəvər çağlar... əl içi kimi apaydın, əl çatacaq qədər yaxın görünürdü... Texnikomu yenicə bitirib kəndə qayıdan Samayanın kəklik tək səkən vaxtları...
        
Görən Əjdərin yadındadı o vaxtlar?
         
...nədənsə, ilk dəfə ona yazığı gəldi.
/oxuzali.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.