Zakir Məmməd - Yazı haqqında roman
16.04.14

N. Əbdülrəhmanlının “Yolçu” romanı haqqında

                   
Yazıya pozu yoxdur


    Yazıçı Nəriman Əbdülrəhmanlının orijinal dil və kompozisiyası ilə diqqəti çəkən “Yolçu” romanının başlanğıcında İskafi Zəncaninin aşağıdakı misralarından epiqraf kimi istifadə edilib:

            “Mən yanarod kimiyəm, sirlərim buz kimidir,
            Qorxuram, öylə yanam, faş ola min sirr bir-bir”.

    Həyatda ilahi sirrin, böyük sirlərin, kiçik sirlərin olduğu haqda, yəqin ki, hər kəs düşünə bilər. Fəqət  bu cürbəcür sirləri, sirri-xudaları faş edən də ortada olmalıdır. Yaradılışın böyük sirri Allahdan, Onun Rəsulundan, “Quran”dan gəlsə də, insanlıq tarixinin sirlərinin açarı elə o tarixi arayıb-axtarıb kağıza köçürənlərin ixtiyarındadır. Belə ixtiyar sahibləri haqqını, vergisini böyük Allahdan qəbul etmiş müqtədir söz sahibləri – yazıçılardır. N. Əbdülrəhmanlınının “Yolçu” romanını oxuyub bu fikrə  gəlmək olur ki, o tarixi yazmağa bu əsərin qəhrəmanı Mirzə Yusif Tiflisi kimi, onun öz bildiklərini, yaddaşında olanları kağıza köçürmək üçün axtarıb tapdığı “mərhəmətli cavan mirzə”, “insaflı Allah bəndəsi” Mirzə Nişat Şirvani kimi, əsərdəki çoxsaylı insan surətləri sırasında özünəməxsus  yer tutan  Mirzə Hüseyn, Mirzə Mehdi, Mirzə Məhəmməd Kazım, Mirzə Qulam... kimi N. Əbdülrəhmanlının da tamamilə haqqı, ixtiyarı və səlahiyyəti çatır. “İki aləmin səyyahı” olan Mirzə Yusifin gəzib dolandığı dünyanın fərqli coğrafiyası vardır. Bu coğrafi koordinatlar təkcə yerüstü iqlim və qurşaqlarla müəyyənləşmir.  Mirzə Yusifin təsvir etdiyi ərazilərin hüdudları sonsuzluğa gedib çıxır. “Yolçu”nun müəllifini də ilgiləndirən Mirzə Yusifin “iç” dünyasında baş verənlərdir. “Kiçik hücrə”lərdən daha aydın görünən bu dünya hamının arzuladığı, görüb-götürmək istədiyi dünyadır. Öz yolçuluq, səyahətçilik missiyasını uğurla başa vuran Mirzə Yusifin ikinci səyahətinin, öz içində başlayan bitib-tükənməyən səyahətin təfərrüatları daha maraqlıdır və cəlbedicidir. 

      Romanda tarixin hadisələri ana dilimizin fürsət verdiyi ən müasir nitq konstruksiyaları ilə, aydın və oxunaqlı təhkiyə ilə, yeni dövrün başlanğıcında cəmiyyət-fərd münasibətlərində aparıcı şüuru özündə ehtiva edən bir dildə, bu dilin köhnə və yeni dünyagörüşləri bir-birinə  uyğunlaşdıran şirin bir ləhcəsində oxucuya təqdim edilir. Səfəvilər xanədanının süqutu, Asiyanın  sonuncu böyük fatehi sayılan Nadir şah Əfşarın hökmdarlığı, bu illərdə baş vermiş digər tarixi olaylar əsərin məzmununun əsas hissəsini təşkil etsə də, yazıçının niyyətini anlayıb bilmək olur ki, bir-birindən maraqlı, hərdən qeyri-adiliklərlə müşayiət olunan bütün bu əhvalatlar, əslində, epizodik səciyyə daşıyır. Getdiyi yollarda yolçunun başına gələn və onun gözünün qabağında baş verən hər şey oxucunun düşüncəsində acı və şirin təəssüratlar şəklində, sözsüz ki, dərin iz qoyur. 

        İdeya kimi adamın fikir və düşüncələrini dartışdıran cəhətləri təyin etmək üçün əsərdə kifayət qədər dəlil və sübutlar vardır. Qabaqcadan bildirirəm ki, “Yolçu” romanı tarixə ibrət və bəsirət gözüylə baxmağın bir nümunəsi sayılmağa layiqdir. Dörd kitabdan, 532 bağlamadan, 560 səhifədən, ayrı-ayrı fəsillərdən  ibarət olan bu bədii “Salnamə”nin birinci cümləsi “Yaz ki...” kəlməsi ilə başlayır. Kitabın hər fəsli “Qurani-kərim”dən, şifahi xalq ədəbiyyatından,qədim, orta və yeni dövrün nüfuzlu söz-sənət adamlarının müdrik, obrazlı fikirlərindən götürülmüş epiqraflarla başlayır.  Əsər boyu tarixdə baş vermiş maraqlı, bəzən təəssüf və iztirab, bəzən də qorxu və vahimə doğuran saysız-hesabsız mürəkkəb və ziddiyyətli hadisələr,  əhvalatlar bir çox hallarda təhkiyə üçün ipucu olaraq “yazırdı...”, “deyirdi...” kəlməsi ilə, mənbələrə, şəxsiyyətlərə istinad edilməklə nəql olunur. Bu, ona işarədir ki,  tarixi mövzuda qələmə alınan hər hansı mətn və yazı üçün onun etibarlılıq dərəcəsi mühüm şərtdir. Romanda oxuyuruq:  “...İndi kürkümə bürünüb çadırdakı orta ocağının qırağında oturmuşdum, Məhəmməd Kazımın hərdənbir titrəyən çiyinlərinə baxa-baxa bütün bunların elə tarix olduğu barədə fikirləşirdim. Biz gördüklərimizi kağıza köçürəcəkdik, nə vaxtsa bu məmləkətdə baş verənlərdən xəbər tutacaqdılar, olub keçənlərisə tarix sayacaqdılar. Yəqin, Fəzlullah Rəşidəddin də, Ət-Təbəri də, Sədrəddin Əli Əl-Hüseyni də, İskəndər Münşi də... bir zamanlar buna oxşar hislər keçiriblər. Əlbəttə, tarixi səfərlərə getmədən, yolun məşəqqətlərini çəkmədən, döyüşləri görmədən də yazmaq olardı, amma o yazılanlar, şübhəsiz, həqiqətə az oxşayacaq, kimsəni inandırmayacaqdı.”

         Mövzusu tarixdən  götürülmüş əsərlər cərgəsində “Yolçu”nu  fərqləndirən bir cəhət də burada tarixiliyin fəlsəfi aspektlərinə daha artıq  diqqət yetirilməsidir. Nadir şah haqqında bu vaxtacan qələmə alınmış tarix kitabı və dərsliklərdən, çoxlu bədii əsər və monoqrafiyalardan sonra bu mövzuda yeni orijinal bir əsər yaratmaq müəllifdən böyük istedad və bacarıq tələb edir. Yeri gəlmişkən, qeyd edək ki, “tarixi-Nadir” həm elmi, həm bədii ədəbiyyatda  çox müraciət olunan mövzudur. Belə əsərlərdən birini – ingilis Lourens Lokkartın “Nadir şah” adlı monoqrafiyasını ana dilimizə elə N. Əbdülrəhmanlı tərcümə etmişdir. Görünür,  buna görə də yazıçı  əsəri yazarkən ənənəvi yazı stereoqəliblərindən uzaq durmağa çalışmış, forma, üslub və problematika baxımından yeniliklərə nail ola bilmişdir. Onun düzənlədiyi bu çoxçeşidli mətndə tarix və yazı(yaddaş) problemləri də, tarixi yaradanlarla birgə  onu yazanlar da, bu tarixi yaddaşın ərsəyə gətirilməsi mexanizmləri də sanki əsərin süjet xəttinə daxil edilmişdir. Maraq doğuran cəhət budur ki, romanda insanla birgə onun yaddaşı da tarixin inkişaf və dinamikası prinsiplərinə uyğun şəkildə təqdim edilir. Mirzə Yusifin tez-tez öz yaddaşına güvənməsi, onu möhkəmləndirmək çabalarında bulunması, nəhayət, fikir və xəyalındakıları kağıza köçürməsi YOLU təyin edən ən mötəbər bir “bilgi”nin varlığına işarədir. Mirzə Yusifin dünya işığından məhrum olduğu vaxtlarda da onu bu işıqlı həyata bağlayan, keçib gəldiyi  uzun-uzun yollara işıq salan elə bu yaddaşdır. Romanın ideyası da bu cür tarixi mətləblərdən mayalanır. “Tarix yazılmalıdır” fikrini stimullaşdıran gerçəklər yazı və mətn ilə əlaqələndirilir.  Keçmişlə gələcəyin rabitə və əlaqəsini təmin edən vasitə yazıdır, səyyahlardır, salnaməçilik, təzkirəçilikdir, bir sözlə həmin o keçmişlə gələcək arasında yaxın və uzaq məsafələr qət etmiş yolçulardır. Keşməkeşli tarixlərin qabağına düşüb keçmişdən gələcəyə üz tutub yoluna davam etməkdə olan ən əski və ən müasir yolçu YAZIdır. Bu yolçuların xəbər gözlədikləri ən etibarlı “hücrələr”, “karvansaraylar”dır, “namə”lərdir. Namələrdə məlumatlar daşınır, qorunur, saxlanılır. N. Əbdülrəhmanlının başqa bir əsərində  də  – “Yolsuz” romanının bir yerində karvansarayda kor səyyahdan bəhs edilir. Bu faktı ona görə yada salıram ki, tarixi roman yazmış müəllifin həyata və onun hadisələrinə nə dərəcədə kontekstual yanaşdığını bir daha təsdiq etmiş olum. “Yolçu”nun son fəsillərində karvansaray yenə də romanın süjet xəttində qabarıq, həm də metaforik görünür. Şərqin, Qərbin bir çox karvansaray və müsafirxanalarında tarixlə yol yoldaşlığı etmiş Mirzə Yusif Tiflisi ömrünün qürub çağını da elə dünyanın yolayrıcı sayılan, həm də yolların qovuşduğu  bir dayanacaq olan karvansarayda yaşamalı olur...

      N. Əbdülrəhmanlının tarixi roman üslubu öz ilhamını, enerjisini daha çox tarixin özündən  yox, daha çox tarixə baxış estetizmindən alır. Tarixin hərəkət və dinamikasını (bəzən canlı tarix ifadəsini işlədirik) izahsız başa salan, anladan söz və ifadələr yazıçı niyyətini aydınlaşdırmağa kömək edir. “Karvansaray”, “səyyah”, “namə”, “dəftərdar”, “kitabçı” ifadələri əsərdə  sıx-sıx işlədilir, mətnin açar sözləri kimi oxucunun diqqətini cəlb edir. Romandakı təsvirlərdə Mirzə Yusifi daha çox dəftər-qələmə, şeirə, sənətə könül verən dostlarının, özünün ifadəsi ilə söyləsək,  “könül dostlarının” əhatəsində görürük.”Şahımız”, “xanımız” sözləri ilə başlayıb rəyasət əhlinə hörmət və ehtiram ifadə edən şahanə deyim tərzi ilə, qədim ravilərə xas ahəng və diksiya ilə, şirin təhkiyə  ilə   zəmanənin hökm və ixtiyar sahiblərinin insanların başına gətirdiklərindən də, öz başlarına gələnlərdən də bəhs edən  maraq və diqqət çəkən əhvalatlar nə qədər cəlbedici görünsə  də, Mirzə Yusif Tiflisinin könül dünyası və orada baş verənlər adamı daha artıq təsirləndirir.  N. Əbdülrəhmanlı Mirzə Yusifin dünyadan qazandıqlarını da məxsusi zövq və səriştə ilə daim diqqət mərkəzində saxlayır. Səyyah özü ilə  bir sandıq gəzdirir ki, onun içindəkilər hər iki aləmdə onun özünə və başqalarına lazım olacaqdır. O sərvətin adı tarixdir, əlyazmadır, kitabdır. Tarixi gələcəyə daşımaq yolçuluğu əsərin ideyasının tamamlanmasında daha bir məqam sayıla bilər.  Əsərin bir yerində oxuyuruq: “…Ayaqlarım azacıq islansa da, keçməyim (çaydan keçməkdən söhbət gedir – Z. M.) bir elə çətin olmadı, amma gözlərim hey qatırçını axtarırdı ki, kitab dolu sandığımızı sağ-salamat o tərəfə çıxardığına əmin olum. Görünür, Mirzə Hüseyn əvvəlcədən tədbir görübmüş, sandıqları əlimlə yoxlayıb arxayınlaşandan sonar atlara süvar olduq”. 

       Bir daha qeyd edim  ki, Nadir şahın fatehliyi, ona qələbələr gətirən hərbi yürüşləri, dövlət quruculuğu işləri, nəhayət şəxsi və siyasi həyatının faciəli  sonluğu romanın məzmun və materialının əsas hissəsini təşkil etsə də, Mirzə Yusif Tiflisinin fikir və duyğularında, dış və iç dünyasında baş verənlərə yazıçının geniş yer ayırması vaxtın və məqamın ayrı bir gerçəkliklərindən də danışıldığını göstərir. Bir insan ömrü üçün nəzərdə tutulmuş bir vaxt hüdudunda Şərqin, Qərbin ayrı-ayrı məkanlarında olub-keçməkdə olan hadisələrin hamısı Mirzə Yusifin yaddaş süzgəcindən keçirilib, onun nəzər-nöqtəsində saf-çürük edilib “dövriyyəyə buraxılır”. Roman müəllifinin belə bir aydın və qəti mövqeyi bəlli olur ki, ərazilərin, məmləkətlərin fəthində insanın iradə və qüdrətinin tarixdə rolu varsa, müvəffəqiyyətlərin qazanılmasında  xəbərin, məlumatın fəth edilməsi də mühüm əhəmiyyət kəsb edir. Tarixdə  olmuş hadisələrin, bir-birini əvəz edən xanədanların onlara sonsuz hakimiyyət və sərvətlər bəxş etmiş yürüşlərinin mühüm və mühüm olmayan məqamlarının  yazıya alınması zəruriyyəti yeri gəldikcə vurğulanır. Buna görədir ki, dəftərdarlar, salnaməçilər, olmuşları və olacaqları yazıya almalı adamlar ali məqamda qərarlaşıblar. Bunlarsız Ali məqam təsəvvüredilməzdir. Nəticə belə bir qənaəti təsdiq edir ki, Nadir şah, İbrahim xan, başqa hökm sahibləri ölüb tələf olurlar, torpağa qarışıb çürüməyə məhkumdurlar, tarixin xarabalıqları içindən sağ-salamat çıxan “namələr”, “buyrultular”, “raqam”lar YAZIlar diri qalır. İnsanların da ölməzliyi yazıya bağlanır. Yazı ünsürü qabardılır, yazı – keçmişin və gələcəyin istinad etdiyi yeganə mənbə olaraq göstərilir. Necə deyərlər, yazıya pozu yoxdur.

      “Yolçu” romanını oxuyub bitirəndən sonra düşüncələrin “mütaliəsi” başlayır. Bu düşüncə və təhillər nəticəsində hadisələr zəncirində insan və cəmiyyət üçün örnək ola biləcək çoxlu məqamları seçib ayıra bilirik.  Əldə olunan bu və digər qənaətlər əsərin analitik səciyyəli mətn olduğunu göstərir. Məsələn, kitabın annotasiasında oxuyuruq: “Yolçu” romanı oxucunu tariximizin fırtınalı bir dövrünə – 18-ci yüzilin birinci yarısına aparır, onu sevgi, nifrət, xoşbəxtlik, fəlakət, işıq, zülmət qarşıdurmasının dolanbaclarına salır”. Bax bu dolanbacları enib qalxmaqda Mirzə Yusifin yaddaşındakı hekayətlər, həmin o fırtınalı tarix bizim, (yənin oxucunun) təsəvvürümüzdə öz layiqli(tarixi) qiymətini alaraq yenidən canlanır. 

       Romanda bir tərəfdə hökmün, əmrin, iradənin, qətiyyətin, iqtidarın uğur və qələbələri, digər məqamda qətiyyətsizliyin və iqtidarsızlığın, qərarsızlığın məğlub durumu  yaddaş üçün bir örnək sayıla bilər. Bunların biri iki yüz otuz  illik xanədanın süqutuna gətirib çıxaran  amillərə, digəri yeni bir səltənətin bərqərar olmasına səbəb olan subyektiv və obyektiv gerçəkliyə bağlanır. Hələlik öz ömrünü sürdürməyə müvəffəq olan hakimi-mütləq şüurun təntənəsi geniş ərazilər boyunca varlığını təsdiq etməkdə ikən onun əbədiliyi zərurəti də meydana çıxır. İnsan ölümə məhkum olduğu kimi, xanədanlar da haçansa həyat və tarix səhnəsindən silinməyə məhkumdur. Tarixi zərurət və şərtlərdən xeyir-dua almayan təsadüfi hökmranlıq, taxt-tac özündən sonra heç bir iz qoymur, zamanın sonsuz hadisələri içərisində itib görünməz olur. “…Yenə bu fikirdəyəm ki, torpağı kim qoruyursa, taxtda oturmaq onun haqqıdı; elə Səfəvilər – Böyük Şah İsmayıl da, Böyük Şah Təhmasib də, Böyük Şah Abbas da taxtda məmləkəti qoruduqlarına görə ömürlərinin axırlarınacan oturmuşdular”. Tarixdən bəhs edən bədii əsərdə süjetə daxil olan əhvalatın sonuncu cümləsi ilə, sonuncu nöqtə işarəsi ilə elə bu əsərə də xitam vermək mümkündür. Belə olarsa, düşüncənin mütaliəsinə ehtiyac qalmır. Yaddaş və düşüncə təkcə yazılanları deyil, yazılmağa layiq olanları da qoruyub saxlaya bilir. Bax bu nöqtədə “Yolçu”nun müəllifinin daha bir haqlı tərəfi üzə çıxır. “… Amma bir həqiqət də vardı, Şahımız tarixdə Mirzə Mehdinin, bir də onun kimi tarix yazanların sayəsində qalacaqdı – gərək bunu heç vaxt unutmayaydı”. Bu daha bir örnəkdir. Yazıçı əsərin əvvəlindən axırına qədər bu böyük həqiqəti israrla müdafiə edir.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.