Şəhla Aslan "İsanın qadını" romanını tənqid edir
02.06.14

Kitab o qədər tələsik yazılmışdır ki...

Səxavət Sahilin «İsanın qadını» kitabının çox maraqlı bir süjet xətti vardır. Həyatın dibində çirkab içində çabalayan bir qadının paklaşaraq peyğəmbər həvarisinə çevrilməsini təsvir edəcəyini vəd edən müəllifin yazısı maraqla qarşılanır. Həm zaman, həm də cəmiyyət baxımından çox aktual mövzudur. Müəllifin bu mövzunun təsvirində uğur qazanıb-qazanmamasından asılı olmayaraq, problemin qoyuluşunun özü təqdirəlayiqdir. Kitabın epiqrafı İncildən götürülsə də, elə dinimizdə də axirətdən bədgüman olmaq pislənilir, tövbə qapılarının açıq olduğu bəyan edilir.

Yazı üslubu (təhkiyə) də maraqlı seçilmişdir. Hadisələrə üç rakursdan yanaşmaq onun sanbalını artırır. Əvvəldən-axıra kimi oxucu məlumatları gah qəhrəmanın, gah müəllifin, gah da İsa Peyğəmbər haqqındakı rəvayətlərin vasitəsi ilə alır, tutuşdurma apararaq özü də sanki iştirakçıya çevrilir. Məhəbbətin Hidayətlə evlənməsi səhnəsi yaxşı düşünülmüşdür. Onun «balkon»dan atılaraq özünü öldürməsi də uğurlu tapıntıdır. Çünki İsa Məsih də şam ağacının altında dünyaya gəlmişdir, qadın da şam ağacına doğru can atır. Amma...

İstərdim ki, Məhəbbətin daxilindəki dəyişiklik (metamorfoza) prosesinə əvvəldən hazırlıq görüləydi. Pozğun bir qadının sonda seçilmişlərdən olmasının səbəbi bəlli olmur. Yaxşı olardı ki, kitabın qiymətini azaldan vulqar səhnələrin müfəssəl təsviri əvəzinə, qadının xarakterindəki ilahi hisslər tapılıb üzə çıxarılsın. Belə olardısa, əsər yalnız qazanardı. Oxucu göydəndüşmə, məntiqsiz nəticələrə inanmır!

Əsərdə bəzi obrazlar və hekayətlər artıq görünür. Guya hansısa bir qəzetdən götürülmüş «Civilər və ya Qızıl Buzov» hekayəsinin niyə verildiyi aydın olmur. Həm də ki, hekayənin dili eynilə Məhəbbətin təsvir dilidir. Amma, başqa müəllifin yazısı olduğu iddia olunduğu üçün onun dili də fərqlənməli idi.

Məhəbbətin Rusiyadakı dayısı barədə dediklərinin məqsədi anlaşılmır. Onun hədiyyə gətirdiyi vaza qondarma detal təsiri bağışlayır. Halbuki, sonralar o nədəsə istifadə olunmalı idi. Heç bir şey ifadə etməyən belə elementlər oxucunu mətləbdən uzaqlaşdırır və yorur. Unutmaq lazım deyildir ki, müəllif çox ağır bir öhdəlik götürmüşdür ki, oxucu da onun bu öhdəliyə necə əməl edəcəyinə diqqətlə göz qoyur!

Yuxarıda qeyd etdiyim mövzu-süjet tapıntıları müqabilində izahı olmayan hadisələrin daxil edilməsi əsərin sanbalını getdikcə azaldır. Misir əminin fədakarlığı müqabilində Məhəbbətin atasının kor inadı nəyə əsaslanır? Bu cür alaçiy xammalın oxucuların öhdəsinə buraxılması düzgün deyildir.

Məhəbbət falçı Həmidə cadu yazdırır, amma uyğun parça tapmadığı üçün onu murdar tumanından parça kəsərək bükür. Bu fakt mistikaya inanan Məhəbbət üçün xarakterik deyildir.

Obrazların özü isə yaxşı açılır, xarakter kimi oxucu tərəfindən kimin-kim olduğu asan qəbul olunur. Belə olan surətdə onlara ad verərkən daxili aləmlərini əks etdirmək üçün vulqar sözlərdən istifadə olunmasına ehtiyac yoxdur. (Məs: Verəngül nənə, Sürü Məmməd.)

Bu üsul belə tipli əsərlər üçün yolverilməzdir. Dərin bədii yozum, məntiqi sonluqlar gözləyən oxucu bəzən belə bayağı, hadisələrlə uyuşmayan detallarla rastlaşanda təəccüblənir.

Məhəbbət onu başa düşməyən tanışlarına deyir ki, mən seçilmişlərdənəm. İsa Peyğəmbərin həvarisi olaraq bir qız uşağı doğacağam. Mən sizi mentalitetin əzablarından qurtaracağam. Ətrafındakılar isə Məhəbbətin bu sözlərinə gülür, onu lağa qoyurlar.

Əlbəttə ki, lağa qoyarlar. Çünki, əsərin bu hissəsi yaxşı işlənməmişdir. Əvvəldə qeyd etdiyimiz kimi, məntiqi sonluq yoxdur. Məhəbbət surəti əvvəldə elə işlənilməli idi ki, ətrafdakılar onu lağa qoyanda, oxucu haqq qazandırsın. Amma bu yerdə oxucu Məhəbbətin yox, lağ edənlərin tərəfində durur. Bunu həm də müəllifin təhkiyə dili zəruri edir. Məhəbbət deyir ki, mən sizi mentalitetin əzablarından qurtaracağam. Mənə aydın deyildir ki, gözəl qayəsi olan belə bir əsərə «mentalitet əzabı» ifadəsi niyə yamanmışdır? Niyə bu ifadə oxucuya da sırınmağa cəhd olunur? Mentalitet əzabı olmur, olursa da xoş əzab olur. Elə mentalitetə əməl etməmək Məhəbbət kimilərini həyatın dibinə sürükləmişdir. Məhəbbətin özü də ömrü boyu mentalitetdən kənar olmuşdur və bu kənar olmağın da əzabını çəkmişdir. Bəlkə də müəllif gözəl bir mövzu tapdığına və bu mövzunu açmaq üçün gözəl bir yazı tərzi tapdığını hiss etmiş, iş prosesində də tez-tələsik, diqqətsiz halda işləyərək sanki canım bu mövzudan qurtarmışdır. Amma bu səpkidə yazılmış əsərlərə nəzər salanda müəlliflərin hər sözə, ifadəyə, obraza necə həssaslıqla yanaşdıqlarının şahidi oluruq. Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı cərəyan edən hadisələr də iki prizmadan süzülür. Sadə qırğız olan Boranlı Yedigeyin mühakimələri kosmos müharibəsi yönümündən şərhlərlə uzlaşaraq oxucunu kamilləşdirir. Yaxud da Yusif Səmədoğlunun «Qətl günü» romanındakı hadisələr üç yönümdən izah olunur. Əbədi mövzu olan şair və şah münasibətləri əvvəlcə şahlıq zamanında, sonra sovet quruculuğunda, daha sonra isə müasir dövrdə hökm sürən qaydalara əsasən açılır. Oxucu yekdil bir fikrə gəlir ki, nahaqqa söykənən quruluş məhvə məhkumdur. Belə misalların sayını sonsuz artırmaq olar. Lakin, bir şeyi unutmaq olmaz ki, bu dahi yazarlar özlərindən əvvəlki ənənələrə söykənərək yeni əsərlər yaratmış, öz istedadları sayəsində əbədiyaşarlıq qazanmışlar. Səxavət Sahil isə inkarçılıq mövqeyində duraraq, sanki boynuna düşmüş kimi əbədi dil normalarını bilərəkdən pozur, ciddi ədəbiyyatda heç vaxt işlənməyən vulqar ifadə və təsvirlərdən istifadə edir.

Nə olsun ki, həyatda elə hadisələr olur, elə sözlər işlənir və ədəbiyyat da həyatı əks etdirməlidir? Hadisələri müəllif öz beyin süzgəcindən keçirmirsə, sözləri «olar-olmaz» tərəzisində çəkib yazmırsa, bədii əsərlə hər hansı şahidin danışığı arasında nə fərq olur? Həm də bədii əsərin tərbiyəvi xüsusiyyətini niyə unutmuşuq axı? Belə kitabları oxuyacaq yeniyetmələrin dil-lüğət tərkibi necə formalaşacaq?

Kitab o qədər tələsik yazılmışdır ki, sanki onun oxucu tərəfindən açılmayacağına müəllif dərindən inanır. Sanki kiməsə hədiyyə göndərirsən, onu qəbul etməyəcəyini bildiyin üçün səliqəyə salmırsan. Amma gözəl mövzu düşünmüş Səxavət Sahil onu mükəmməl işləsəydi, əsərin qiyməti çox artardı. Axı «borcu rayon oğlanları» ifadəsindəki «borcu» sözü nəyi ifadə edir? Bəlkə «borzıy» rus sözünü (dikbaş) nəzərdə tutulur? Yaxud da «…əskildib-azaltmadan danışacağam» nə deməkdir? Bəlkə «artırıb-əskiltmədən» demək istəyir müəllif? Belə misalları çox artırmaq olar.

Sonda bir daha qeyd edirəm ki, Səxavət Sahilin «İsanın qadını» kitabı geniş yazıcı təxəyyülunun məhsuludur. Dil, təhkiyə, söz, ifadə qüsurları kifayət qədər olsa da mövzu oxucunu tutur. Ümidvaram ki, növbəti yazılarında müəllif bəşəriyyətin fəxr etdikləri dahilərin yolunu tutacaqdır. Onlar dini və milli dəyərlərə nəinki arxa çevirmiş, hətta onları bir az da zənginləşdirmişlər. Yenilik və novatorluq həmişə olmuşdur və olacaqdır. Lakin nihilizm (hər şeyi inkar etmək) məhvə məhkumdur.

Müəllifin yazıçı təxəyyülünə və yazı potensialına arxalanaraq ondan tezliklə ədəbiyyatmızı zənginləşdirəcək əsərlərin yaranmasına kömək edən yazılar gözləyirəm.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.