Aslan Quliyev -  “Alkaş, oğraş və müğənni”
04.07.14

Onu alkaş deyə çağırırdılar, əslində tam mənasıyla alkaş deyildi, sadəcə olaraq araqsız süfrəyə oturmurdu. Bu da ona belə ləqəb verilməsi üçün kifayət eləmişdi.
 
Atası onu qonşu kəndə toya göndərəndə “bəlkə heç toyda araq verməyəcəklər” deyə  alkaş özüylə bir litr təmiz tut arağı da götürdü və qonşu kəndə yola düşdü.
 
Gəlib toy olan həyətə çıxdı. Mağarın üstünə yarpaqlı budaqlar döşəmiş, divarlarından kənd qızlarının toxuduğu al qırmızı rəngli xalçalar asmışdılar. İçəri daşınan yağlı yeməklərin qoxusu belə yaşıl yarpaqların, təzəcə kəsilən budaqlardan gələn ağac şirəsinin qoxusunu boğa bilmirdi.
 
Alkaş keçib oturdu. Masanın üzərinə heyrətlə baxır, göz gəzdirirdi. Sonra başını qaldırıb yanlarında dayanmış, ucuz siqaretlər çəkməkdən bığlarının ucu saralan kişini səslədi.
 
- Bəs araq?
 
- Mən araq vermirəm, - kişi başını yırğaladı.
 
- Niyə? – alkaş inamsızlıqla səsləndi
 
- Məşədə getmişəm, ona görə.
 
Heyrətdən ağzı açıla qalmışdı, bu adam toylarda araq içməsi ilə ad çıxartmışdı. İndi isə harasa getmişdi deyə öz oğlunun toyunda araq vermirdi. Neyləmək olardı, litrlik şüşəni çıxarıb qoydu masanın üstünə. Sanki cinə dəmir göstərdin, kişi qaşqabağını tökdü, qəzəbdən səsi titrəyirdi.
 
- Mənim ərazimdə araq içə bilməzsən, yalnız mənim ərazimi tərk eləyəndən sonra içə bilərsən.
 
- Onda kəndin xəritəsini gətir, - alkaş qaşqabağını töküb dedi.
 
- Kəndin xəritəsi sənin nəyinə lazımdır? - kişi dümbədüz durdu.
 
- Görüm sənin ərazin hara qədərdir də.
 
- Xəritəyə ehtiyac yoxdur, - kişi dönüb mağarın açıq qapısından meşənin kənarındakı tək ağacı göstərdi. – Mənim ərazim o ağaca qədərdir. Özünü ver meşəyə, nə qədər içirsən, iç.
 
- Burda yeyəcəklərimi   meşəyə apara  bilərəm?
 
- Bilərsən, - kişi həvəssiz halda dilləndi. – Baxır nə qədər pul yazdıracaqsan da.
 
- Üç manat.
 
- Üç manat? İndi toya kim üç manat yazdırır?
 
- Mən bilmirəm, - çiyinlərini çəkdi, - atam dedi, o oğraş özü bizim toya bir şirvan atıb, iki şüşə də araq içib.
 
- Unuda bilmir iki şüşə arağı!
 
- Arağı unudur, amma sənin bir şirvan atıb iki şüşə içdiyini unuda bilmir. Əyər on şirvan atsaydın, lap on şüşə də araq içsəydin, indiyə çoxdan unutmuşdu.
 
- Nə isə,  indi hər nədi, o deyib, gərək sən də deyəsən?
 
- Təkcə oğraş demədi…
 
- Başqa nə dedi? – kişi qulaqlarını şəklədi.
 
- Nastayaşi  oğraş dedi. Dedi, bir adam ki, hər toyda iki-üç şüşə araq içə, sonra da bəs mən harasa getmişəm deyə, öz toyunda araq verməyə,  nastayaşi oğraşdı!
 
- Nastayaşi nədi? – kişi gözlərini bərəltmişdi.
 
- Mən nə bilim? – çiyinlərini çəkdi. – Atam deyir də. Yəqin lap zırpısındandı demək istəyir.
 
Kişi ağzını açıb nəsə demək istəyirdi, amma onu çağırdılar və getdi. Bir azdan  fırlanıb yenə də onun yanına gəldi.
 
- Bəs niyə getmirsən?
 
- Müğənniyə qulaq asmaq istəyirəm.
 
- Üç manat verəcəksən, yeyib-içəcəksən, hələ bir müğənniyə də qulaq asacaqsan? – kişi sifətini turşutmuşdu.
 
- Olmaya sən bir şirvan verəndə yeyib-içməmişdin, müğənniyə qulaq asmamışdın? Atam deyirdi, oğraş o qədər vurmuşdu, mağardan çıxarda bilmirdik.
 
Kişi ürəyini tutub getdi, o isə masanın üzərinə düzülən yeməklərə gözucu da baxmadan müğənninin nə vaxt oxumasını gözləyirdi. Çox sevdiyi müğənniydi. Əlbəttə, araq içəndən sonra musiqiyə qulaq asmaq lap ləzzət verərdi. Heyf nastayaşi oğraş imkan vermədi.
 
Nəhayət musiqi çalmağa başladı, tarla-kamança yarışa girmişdi, çoxdan belə musiqiyə qulaq asmadığından başında tükləri qalxırdı. Müğənni də oxumağa başladı, səsində həsrət, yanğı, qüssə var idi,  göz yaşlarını güclə saxlayırdı. Bu səs qəlbindəki bütün simləri dilləndirirdi ki, işıqlar söndü, uzun mağarın o başından müğənninin səsi gəlib ona çatmırdı. Nəhayət işıqlar yandı, yenidən bu ecazkar səs onu qoynuna aldı, müğənni qəlbinin simlərini dindirmək üzrə olanda bu dəfə də tamada özünü atdı ortalığa, cır, xırıltılı səsiylə şeir deyirdi. Adam əllərini ölçür, sanki kiməsə ölüm hökmü oxuyurdu. Bir xeyli qışqırdı, bağırdı, o ara verəndə artıq ruhdan düşmüş müğənni özünü çətinliklə musiqiyə kökləyib oxumağa başladı. Bu dəfə də işıq söndü. Beləcə işıqla tamada müğənniyə oxumağa imkan vermədilər. Tamada bir də dartınıb mikrofonu müğənnidən alanda özünü saxlaya bilmədi, ayağa qalxıb tamadanın yanına getdi. «A kişi, qoy oxusun da! – narazılığını bildirdi. – İndi növbə onundur, qoy o oxusun, sonra da sən şeirini de. Lap bir saat de, canımızı dişimizə tutub qulaq asarıq. Yoxsa bu nədi, bir-birinizə aman vermirsiz. Sən heç görübsən Alla Puqaçova oxuyanda biri mikrafon götürüb şeir deməyə başlasın?»
 
Tamada gözlərini döyürdü, görünür ona haqlı hesab eləmişdi. O da yerinə arxayınçılıqla qayıtdı, daha qulaq asa bilərdi. Tamadaya sözünü demişdi, mane olmayacaqdı.
 
Yanılırmış, müğənni ağzını açıb təzəcə oxumağa başlamışdı ki, yenidən tamada cırıldamağa başladı, hansısa dağların şərəfinə şeir deyirdi. Qulaqlarına inana bilmirdi, axı indicə bu adamı başa salmışdı!
 
-Səni görüm dağlarınla birlikdə lənətə gələsən-, alkaş yana-yana dedi. Nə qədər çalışsa da, özünü ələ ala bilmədi. Ayağa qalxdı.
 
- Lişni sənin var-yoxunu…-deyə   cumdu tamadanın üstünə.
 
Aralığa girdilər, ona tamadanın damarları şişmiş gicgahına heç olmaya bir yumruq vurmağa imkan vermədilər.
 
- A kişi qoy oxusun da! – səsi gəldikcə qışqırırdı. – Sənin bir sahibin yoxdumu? Sənin bir adamın yoxdumu səni başa sala! Kişi elə ağzını açıb oxumaq istəyir, bu yandan özünü yetirib cırıldayırsan. Adamsan, kişisən, bir imkan ver də! Atam nahaq demir, müğənninin şirin oxuduğu yerdə   ona imkan verməyən, mikrofonu ondan alıb şeir deyən tamada oğraşdır!
 
- Oğraş! – tamada gözlərini bərəltdi.
 
- Həm də elə-belə oğraş yox.
 
- Bəs nə cür?
 
- Nastayaşi oğraş.
 
İndi də tamada onun üstünə dartınırdı, “səni vurub öldürməsəm,  mən elə doğrudan da oğraşam”, deyirdi. Adamlar tökülüşüb gəldilər, ona tamadanın gicgahına vurmağa imkan verməmişdilər, tamadaya da onu öldürməyə imkan vermədilər. Toy sahibi qoluna girib mağardan çıxartdı.
 
- Səni vurub öldürərlər, sən cəhənnəm, toy yarımçıq qalar- deyirdi,-çıx get, şərini bizdən uzaq elə.
 
Çuqun qazançada onun üçün soyutma ət, toyuq qızartması, kabab,  pomidor-xiyar və çörək qoymuşdular.
 
- Bəs su? – narazı halda soruşdu.
 
- Kampot da istəyirsən?
 
- Hə, kampot da.
 
- Orda bulaq var, - kişi hövsələsiz halda dedi.
 
- Bulaqdan kampot axır?
 
Toy sahibini tərs-tərs süzdü, tamadanı əzişdirə bilməmişdi, amma bunu nə əzişdirərdi! Heyf ki, yanındakı iki-üç pezəvəngə onu bu arzudan daşındırırdı. Qazançadan soyutma əti, toyuq qızartmasını, xiyarı və çörəyi götürdü.
 
- Mən toyuq əti yemirəm.
 
- Bəs nə yeyirsən?
 
- Soğan və pendir gətirin. Bir də təndir çörəyi. Yerli cücə olsa, hə. Bu nədi, kənddə olursuz,  amma toyuğu Bakıdan alırsız.
 
Pezəvəngələr baxışdılar, toy sahibi işarə elədi, gedib onun üçün   təndir çörəyi, iki dənə qırmızı soğan,  motal pendiri, taraş stəkan gətirdilər. Arağı və qazançanı götürüb tək ağaca doğru yola düşdü.
 
Doğrudan da tək ağacdan bir az o tərəfdə fıstıq pöhrələrinin dibindən bir bulaq pıqqıldayıb axırdı. Əyilib göz yaşı tək dumduru, soyuq sudan doyunca içdi,  fıstıq pöhrələrinin dibində oturub, qazançanı və arağı açdı. Araq tünd idi, az-az süzüb içir, yeyirdi. Birdən toy sahibinin də gəldiyini gördü, iki stəkan, təndir çörəyinin arasında isə iki dənə soyutma toyuq gətirmişdi. “Bu da sənə yerli toyuq” deyə keçib onunla yanaşı oturdu və stəkanını ona uzatdı.
 
- Mənə də süz.
 
- Nə? – inamsızlıqla səsləndi.
 
- Araq.
 
- Axı sən harasa getmişdin?
 
-Getməyinə getmişəm-, kişi narazı halda donquldandı, -amma içməsəm də bağrım çatlar. İçdiyimi də hər adama deyə bilmərəm də, necə olsa yaxşı çıxmır
 
Bir söz deməyib kişi üçün araq süzdü, kişi arağı başına çəkdi, sifətini turşudaraq stəkanı yerə qoydu. Yeyib içirdilər.
 
- Oğraş, kişiyə dedi,- sən mənim düşündüyüm qədər də pis adam deyilmişsən.
 
- Sən mənə oğraş deyə bilməzsən! – kişi hirsləndi.
 
- Niyə? Nəyə görə mən oğraşa oğraş deyə bilmərəm?
 
- Gör sənə nə deyirəm, - kişi ciddiləşdi, - gəldin, yedin, içdin…
 
- İçmədim! – narazı halda kişinin sözünü kəsdi.
 
- Musiqiyə qulaq asdın…
 
- Asmadım! Oğraş tamada imkan vermədi! Sən gəl mənim başımı ağrıtma, arağımızı içək.
 
İçdilər. Kişiyə deyirdi, heç nə başa düşə bilmirəm, bax mən alkaşam, hamı da mənə alkaş deyir, zərrəcə də incimirəm. Nəyə görə də inciməliyəm? Sən də oğraşsan, sənə oğraş deyiləndə    tükünü də darağa verməməlisən. Dedim də, başqalarının toylarında iki-üç şüşə araq aşırıb, öz toyunda araq verməyən oğraşdır. Sən də bu gündən başlayaraq oğraşlığın ilk atributlarını qəbul elədin. Atam deyir, dünyada ən ağır yük oğraşlıqdır, amma elə ki, altına girdin, ondan yüngül yük olmur. Səninçün də çətini girmək idi, sən də artıq giribsən, daha problemin olmayacaq. Mən əskərilikdə Uralda olmuşam. İlk dəfə ana söyüşü veriləndə az qala söyüş verəni öldürmək istəyirdim, amma atam düz deyirmiş, sonralar alışdım. Nə qədər söyürdülərsə, vecimə də almırdım. Sən də alışacaqsan.
 
Müğənni də gəlib çıxdı. Orda mənə qulaq asan yox idi, narazı halda deyinirdi, sən araq verməsən də, bütün stollarda gizlincə araq içirdilər. Hamı dəmdir, qız oxuyur, onlar da atılıb düşürlər.
 
Müğənni üçün də araq süzdü. Müğənni arağını içib ona dedi, sən haqlıydın. Bu adam mənə oxumağa imkan vermir. Onun ucbatından bir musiqiyə on dəfə köklənirəm, axırda olub-qalan həvəsim də keçir. Orda o imkan vermədi, amma narahat olma, burda sənin üçün oxuyacağam.
 
Oxudu da. Əlini qulağının dibinə atıb oxuyurdu. Onun həsrət dolu səsi suyun şırıltısına, yarpaqların xışıltısına qarışıb meşəyə yayılırdı. Ona da ləzzət verirdi. Sərin, təmiz meşə havası, soyuq bulaq suyu, tünd araq, müğənni də qəlbinin bütün simlərini eyni anda dilləndirir!
 
Yeyib-içir, söhbət eləyirdilər. Müğənni də artıq kişiyə oğraş deyirdi, kişi isə əvvəl olduğu kimi hirslənib eləmirdi. Artıq alışmışdı.
 
Girmişdi ağır yükün altına. /kulis.az/

Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.