Yaşar Bünyad - Kefsiz İskəndər
09.07.14

Hekayə
                                                  ...və ölməyi  bacarmayanlara rekviyem.

Ağlım üstümdə qalsa son nöqtəsinə kimi hər şeyi olduğu kimi danışacam.Düzdür, İsgəndərə söz vermişdim ki, yazmayacam, amma dözə bilmədim, daha olan olub,keçənə də güzəşt  edirlər... Bağışla, İsgəndər, sən canın ...

...O gün ki,ondan gizlətsələr də həkimlərin qoyduğu diaqnozun  nə olduğunu yaxşı anlayan  İsgəndər, yenə də sabaha olan inamını itirmədən hospitaldan evə buraxılanda ,  səhər də açılar-açılmaz elə bil havalanmışdı;dəli bir rüzgar elədən-belə, belədən-elə vıyıldayaraq şəhərin küçələrində olan-qalan zir-zibili göyə sovurur, sanki  həmən vıyıltılı rüzgarın yarısı onun içindəydi və onun iç-çalatını, beyninin dərinliklərində olan-qalan nəyi qalmışdısa onu da bu zir-zibilə qarışdırıb havada oynadırdı...
Son zamanlar belə hallar tez-tez təkrar olduğundan baş həkim onunçun ayırdığı tibb bacısıyla birgə "Təcili yardım" maşınında evə yola salmağı özünə vəzifə borcu bilmişdi və evə dönəndən üç gün idi  lal-dinməz boz tavana gözlərini zilləyib uzanmışdı...
Demək olardı ki, İsgəndərin yuxusu ərşə çəkilmişdi.Gözlərini qapayıb uzanirdısa da yuxusu gəlmirdi.Tanışlıqla, həm də baha qiymətə tapdığı dərmanlardan qəbul edir,arada beş-on dəqiqə, elə bil  gözlərinin acısını alırdı,amma bu beş-on dəqiqədə  gördüyü dəhşətli yuxular onu daha da özündən çıxarırdı.Tez ayağa qalxır, dəhlizdəki şkafın siyirtməsində köhnə pal-paltara büküb gizlətdiyi  tapancasını götürüb "İrəli,irəli !..."deyə qışqırır,qışqırır, handan-hana ,harda olduğunu anlayandan sonra sakitləşib silahını sinəsinə sıxaraq uşaq kimi ağlayırdı.Həmişə də ağlayanda eyni sözləri pıçıldayırdı:
-İlahi, niyə məni öldürmədin?!...
Özündə-sözündə olanda, yəni ağlı başına gələndə ,“o qədər ölməli adamlar var ,amma ölmür, ölmək istəmir” desə də ,ancaq özünə ölüm arzulayırdı və əmin idi ki, çətin ,həmən ölməli adamların gorbagor olacağı günü görə.
Yox, o dəli deyildi. Dəli özünə ölüm arzulamaz axı,dəli hamıdan çox yaşamaq istəyər. Amma çoxları üzünə  deməsə də , arxasınca belə söylənirdi :”Başdanxarab...”
Başa düşürdü ki, qəribəlikləriylə hamıdan fərqlənir.”Axı nəyimə gərəkdi?” deyə bilmirdi və onu  da anlayırdı ki, dünya necə yaranıb, eləcə də qalır,dərd-sər, ölüm-itim olsa da həyat davam edir, ağlayıb-sıtqamağdan heç nəyi düzəltmək mümkün deyil,birdə ,hamının dərdini qarnına doldurub tuluq kimi gəzdirmək  ona qalıb?...
Yəqin dəli olmadığı üçün başa düşürdü bunu, amma onu da yaxşı dərk edirdi ki, həyat davam etsə də, nədənsə çox ədalətsiz,insafsız, yəni, “birinə hər şey, yüzünə heç nə “ prinsipiylə davam edir.Bax onda , beyn qapağının altında soyuq küləklər əsaməyə başlayardı, heç kefi olmurdu İsgəndərin.
Tutmaları tutanda heç nəyin fərqində olmurdu. Əvvəllər aradabir tuturdu, yuxusu da pis deyildi, ən azından, şikayət etmirdi.Əsasən qarışıq yuxular görəndə, ya da televizorda müharibə filmlərinə baxandan sonra , son döyüş zamanı  gizləndiyi səngərin  beş addımlığında partlayan mərmilərin uğultusunu eşidir,döyüş yoldaşlarının yanıb qaralmış bədən hissələri gözünün qabağına gəlirdi.
Şənbə günləri "Şəhidlər xiyabanı"nı ziyarət edirdi. Hamı kimi təqvimə əbədi qara yazılmış günlərdə yox,hər  şənbə yad edirdi onları. Hər məzarın qarşısında dəqiqələrlə dayanıb, sakitcə nəsə pıçıldayırdı. Kənardan baxana elə  gələrdi ki,o  dua edir. Tanışlığımızdan sonra bir dəfə onunla ziyarətə gedəndə İsgəndərin  sükuta qərq olmuş məzarlara nə pıçıldadığını öz qulaqlarımla eşitdim və tüklərim biz-biz oldu.Təsəvvür edirsən, hər məzarın qarşısında dayanıb ehmalca səcdə qılır, sonra da məzara tərəf əyilir, sanki şəhidin diri ruhuyla danışırmış kimi deyirdi:
-Sənin yerində olaydım!...
-Sənin yerində olaydım!...
Bir dəfə soruşdum :-Niyə ölmək istəyirsən? O mənə fikirləşmədən cavab verdi ki, mən çoxdan ölmüşəm, çoxdan...
...Gec də olsa, 20 yanvar meydanında abidə qoyulanda uşaq kimi sevinənlərdən biri də İsgəndər olmuşdu.Amma çox keçmədi, abidənin yan-yörəsini kafelər, çayxanalar, pivəxanalar dövrəyə aldı, isti yay axşamları hava qaralanda, çayxanalarda, pivəxanalarda gün keçirən, əksəriyyəti sidik kisəsi qaynayanda pullu tualetə getməkdənsə abidənin arxasına boşalıb rahatlıq tapanda,  bu sevincini acı bir kədər yuyub apardı, İsgəndər başa düşdü ki, yox, biz düzələn deyilik,biz ölümüzə ən uzağı qırx gün hörmət etməyi bacarırıq, qurtardı getdi!...
Deyə bilmirdi ki, bığıburma cavanların əlləri  pivə bokalı yox, silah tutmalı,sinəsiylə küçə fahişələrinin dalını  yox, səngəri qucaqlamalıdı.Axı kimə deyəydi, haramı dadıb nakam şəhid  abidəsinin arxasına işəyənlərə ?...Bir dəfə demişdi...və cavabını da almışdı:
-Döyüşmüsən, əcəb eləmisən,(“əcəb eləmisən” yox,başqa cürə demişdi,özün başa düşərsən ) minnət qoyma boynumuza...Sağ qalmısan, Allahına şükür elə...
Belə biganəliklərə dözə bilmirdi və içində elə fırtınalar qalxırdı ki, az qala dünyanı başına çevirə.
Daha, nə ölüsünü yerdən götürmək üçün qohum-əqrabasına  borclu,minnətli qalıb qonşudan geri qalmamaq üçün dəbdəbəli-çil-çıraqlı,  yeri xalça , tül pərdəli, ofisiantlı, mikrofonlu molla kürsüsü olan-yas mərasimi keçirənləri, nə də ki, 250 manat məvacib aldığını halda, qaytaracağına ümidi olmadan banklardan külli miqdarda kredit götürüb uşaqlarına maşın, bahalı telefonlar, brend geyim-keçim alan  axmaq adamları qınamırdı.Başı çevrilsə də qınamırdı; qanı zəhərləmiş , illər uzunu öz işini görmüş mikrob - paxıllıq, təkəbbür,quru lovğalıq -milli xəstəlik simptomuna çevrildiyindən bu barədə mülahizə yürütmək belə, onu gülüş obyektinə çevirərdi, çünki  bu dünyanın adamı deyildi İsgəndər.
Ağır döyüşlərdən  beyin travmasıyla qayıdan İsgəndər düşmən tərəfindən  işğal olmuş şəhər və kəndlərin yasını saxlayır, saqqalını təraş etmirdi.Beləcə iki-üç il saqqallı gəzib-dolandı.Çoxları onu rişğəndlə “patriot” adlandırırdısa da bundan incimir,camaat arasına çıxanda onu barmaqla göstərənləri vecinə də almırdı. Amma şəhərdə saqqallıların sayı getdikcə çoxalanda fikirləşirdi ki, görürsən, patriotlar hələ ölməyib-yaşayır, çoxalır...Sonradan dərk edəndə ki, bu saqqal o saqqaldan deyilmiş, onun özgə məramı,məqsədi var və patriotluqla da heç bir əlaqəsi-zadı yoxdu, onda ürəyi göynəmişdi.Əlqərəz,  yas saxlamağı özünəməxsus borc bilirdi, o vaxtacan ki,təsadüfən, Şamaxinka tərəflərdə yay kafesinə çay içməyə girdi.
Bir boğanaqlı iyul axşamıydı.Beşmərtəbəli binaların arasında şam ağaclarının altındakı kafeyə daxil olub , çətinliklə bir boş yer tapıb oturdu.İlk baxışdan hiss olurdu ki, kafe yay sezonunda qaz vurub-qazan doldurmaq üçün nəzərdə tutulub; ucuz plastmas stol-stul, kohnə-külə qab-qacaq, qəzet parçasından kəsilmiş dəsmallar,lap arxada taxta budkanın yanında tüstülənən köhnə dəmir manqal da “bugün-sabahlıq”dan xəbər verirdi.Açıq havada olmasına baxmayaraq pivə içib çığıra-çığıra  danışan müştərilərin səsindən ağız deyəni qulaq eşitmirdi.İsgəndərin ağlına birinci gələn o oldu ki, ayə, bu binalarda yaşayanlar bu hay-haraya necə dözür görəsən? Bir də ağlına gələn bu oldu ki, bir-iki il əvvəl, dava başlayanda bu qədər cavan-cuvanı gündüz də çıraqla tapa bilməzdin...
Ən diqqəti çəkən isə iki stoldan birinə qulluq edən cavan  qız-gəlinlər idi ,onlar da özlərini elə aparırdılar ki, bura pivəxanadan çox başqa ....xanaya bənzəyirdi.
Çay sifariş verəndə ofisiant qız ağız büzüb dedi ki, ünvanı səhv salmısan,burada kabab,pivəylə noxud verilir. İsgəndər üzr istəyib güclə tutduğu yerdən qalxıb çıxmaq istəyəndə pivə bakallarıyla dolu podnos əlində, məsti- xumar olmuş cavanlara dalını sürtə-sürtə cərgələrin arasıyla keçib axırıncı şam ağacının kölgəsində oturan kişilərə yaxınlaşan qonşusu Vaqifin arvadı Şəhlanı görəndə donub qaldı.”Əşi, mənə nə, özü bilər, əri bilər...Əri oğraş bilmir ki, arvadı harda işləyir?”dedi ürəyində və aralıdan keçib getmək istəyirdi ki, yekəpər kişi stolun üstünə pivələri düzən Şəhlanın yumru dalına əlini qoyub qulağına nəsə pıçıldadığını gördü.Şəhla da qaqqanağ çəkib güldü.Kişi hələ də əlini onun dalında gəzdirir, Şəhla da xoşallanıb əndamını yellədirdi.İsgəndəri elə bil tok vurdu.İstədi  stolu çevirsin kişinin başına, amma arvadın  öyrəncəli olduğunu görəndən sonra fikrindən vaz keçdi.Öz-özünə :”Görəsən qeyrətdə-namusdan danışıb məhlədə hamıya bir vedrə bağlayan Vaqifin xəbəri  var ki, arvadı  sərxoş kişilərlə küçənin ortasında mırt vurur?!...Əlbəttə var...Niyə dağılmırsan ,a dünya?!” –deyib ötüşəndə Şəhla onu  saqqalından tanımışdı.
O gündən Vaqiflə salam-kəlamı kəsdi, gördüklərində elə təsirlənmişdi ki, saqqalını da ülgüclə qırxmışdı;”Millət kefindən qalmır, mən yas saxlayıram.Kimin, nəyin yasını?...”
Bu hadisədən Vaqifin xəbəri yox idi, amma İsgəndərə etibar etməyən arvadı onu dəfələrlə binanın tinində yaxalayıb aralarındakı sirrin batması təqdirində özünü ona təslim etməyi  də utanmadan təklif etmişdi və İsgəndər də ona demişdi ki, mən kantujenni olsam da ,sənin ərin kimi cındır deyiləm, həm də sən mənim zövqümdə deyilsən...
 
...Hə, dedim axı, donuq gözlərini tavana zilləyib uzanmışdı ki, divar qonşusu Səmayənin cır bağırtısına diksinib ayağa durdu.Hava bürkülü olduğundan ,tibb bacısı gedərkən eyvanın qapısını açıq qoymuşdu. Ona görə də  “hava həyacanı”na bənzər səs otağı başına götürdü.İsgəndər:
-Yenə başlandı,-deyib eyvana çıxdı  Səmayədən xahiş eləsin ki, səsi başına düşür,bir az yavaşca qışqırsın.Səmayəyə də elə bunu gözləyirmiş ətəyini aldı əlinə:
-Nə olub, ay İsgəndər, yenə pis yuxu görmüsən? Bissimillah!...Ədə, cəftə suyundan-zaddan iç, özüvə gəl...İşə düşmədüyy?!...
Arvadın tikanlı sözləri onsuz da özündən çıxmış İsgəndərə kibrit çəkdi.
-Ay Səmayə xala,hansı yuxudan danışırsan?Sənin səsindən divarlar lərzəyə gəlir, binanın özülü tərpənir.., bu səsdə yatmaq olar?...O kişini bundan sonra adam eləyə bilməyəcəksən ee, başa düş, qan ki, zəhərləndi, daha faydası yoxdu, qozbel-qəbir məsələsi...başa düşdün?!Qoymazsan xarabamızda rahatca ölək?!...
Səmayə səsinin gur yerinə saldı. Arvad qışqırdıqca elə bil səsi açılırdı:
-Adə, yenə nə gicdəmisən, başün çörülüb? Təzə çıxmısan ki?!...-Daha dalısını gətirmədi dilinə,köhnə ənənəsinə sadiq qalaraq başladı qarabasdıya.-Axşam indi düşüb ki, balam, nə şüvən qopardırsan?...Yox bir ,bina uçdu, məhlə qaçdı...Mənim heç səsim çıxıb?...Ay camaat, kişi bir az içib, içib da... Mən yazığın görəcəyi var eee, ay başuza dönüm, İçim özümü yandırır, çölüm də İsgəndəri!...-Ayaqüstə güclə dayanan Ağakişi eyvanın qapısında görünəndə Səmayə qapıqarışıq onu içəri itələdi.-Sən də əl-ayağıma dolaşma görüm !...Külü qoyum təpənə, sənə görə hər başdanxarabla ağız-ağıza gəlirəm...Alkaş !...
Xasiyyətinə bələd olan qonşular onsuz da səsə çıxan deyildi, çünki bilirdilər ki, həndəvərində çoxlu adam görən Səmayə daha da qudurur, dil boğaza qoymur.Ağakişini içəri itələyəndən sonra , İsgəndəri təzədən qaralamaq istəyən Səlimənin arzusunu ürəyində qoydu; eyvanın qapısını bərk-bərk bağlayıb vanna otağına keçdi, üzünə soyuq su çəkib qurulandı.
Hələ də Səmayənin cır səsi cingildəyirdi:”Səni heç sağ yatmayasan!...Bəxtəvər başıma,mənə başdan qrija İsgəndər ağıl öyrədir...Dağıl, a dünya!...”
İyirmibeş illik qonşusu Səmayənin vay-şüvənliyinə vərdiş etdiyindən daha əsəbiləşmədi,nə də baş qoşmadı bu qancığa.Pencəyini çiyninə atıb həyətə düşdü ki, bir az sakitləşsin. Səmayənin qulaqbatıran cır səsi hələ də gəlirdi,deyəsən yatmamışdan qabaq  ərinin "aşını-suyunu" verirdi ləçər...
Əvvəllər Səmayənin səs-küyü ona lap ana laylası kimi şirin gələrdi. Heç Ağakişi də əvvəllər çox içməzdi; bayramdan-bayrama, toydan-toya yüz-yüz əlli qram gillədərdi. Sərdarov zavodunda yaxşı işi, hörməti vardı.Qızlarını köçürəndən bir il sonra zavod bağlandı,qaldı işsiz və hər gün , gül kimi dövləti dağıtdığına görə  Qorbaçovu söyə-söyə  içməyə başladı.Bir tərəfdən də arvad ona göz verir, işıq vermirdi.
İsgəndər də əməlli başlı adam idi; universiteti fərqlənmə diplomuyla bitirib elmi-tədqiqat institutunda işləyir, elmi iş üzərində çalışırdı.Amma arzuları bircə anın içində puça döndü İsgəndərin, özü də təkcə onun yox, çoxlarının.
Elan olunmamış müharibə məmləkətin altını üstünə çevirəndə “zəmanə adamları” işbazlıq etmək üçün yaranan münbit şəraitdən səmərəli istifadə edib arxa cəbhədə və zəmanədən geri qalanlar silaha sarılıb müharibəyə, döyüşə getdi.Onların yarısı şəhid , çoxu da İsgəndər kimi yararsız, yəni şikəst oldu ömürlük.
Döyüşdən cəmiyyətə “yararsız” qayıdan İsgəndərin faciəsi də o gündən başladı; institutda hansısa məmurun bacanağının oğlunu onun yerinə götürmüşdülər və “elm can verir, bala, akademiyada “sokraşeniya” gedir, oğul” deyib, hospitaldan verilmiş arayışdakı diaqnozu üzünə vurmadan, mədəni formada yola salmışdılar.Həmən arayışa görə, elə ilk baxışdan özündən ixtiyarsız xəstəliyini biruzə verən İsgəndərin üzünə bütün qapılar bağlandı.Ümidi tanışlıqla  düzəltdiyi əlillik pensiyasına qaldığından qəpik-quruşla dolanır,bəzən də məhəllədən uzaqlarda yerləşən marketlərdə, bazarlarda yük daşımaqla çörək pulu qazanırdı.
İndi Səmayəyə baş qoşmaq güclə tapıb aldığı bahalı dərmanları zibilliyə tullamaq, dərdinin üstünə dərd gətirmək olardı.Həyətə düşüb qoca tut ağacının altında oturub sakitləşmək istədi,  siqaret tüstülədə-tüstülədə tindən çıxan Vaqifi görəndə fikrindən daşındı,bu oğraşla  üz-üzə gəlməməkçin cəld geri qayıtdı, evə girib soyuducudan ayran götürüb içdi, televizoru qoşub divana yayxandı.
Televiziya verlişini aparan diktorun səsi hələ də deyinən Səmayənin səsini batırdı.Məşhur müğənniylə müsahibə aparan diktor soruşdu:
-İndi də son layihələrinizdən danışın, xahiş edirəm.
“Sizin zatınıza lənət!...Onun da layihəsinə...Camaat nə gündədi...Tfu!...”
Deyəsən əməkdar,ya da xalq artistiydi,əynindəki paltardan kişi olduğu bilinirdi,amma  incə xanımlar dəstiri barmağının ucunu təzəcə alınmış qaşlarının altında gəzdirdi, bir az nazlandı, qulağındakı sırğanı barmaqlarının arasında oynada-oynada gözlərini süzdürüb cavab verdi:
-Hamı yaxşı bilir ki, mən hərbi hissələrdə çoxlu konsertlər verir, hərbiçilərdə döyüş ruhunu aşılayan nəğmələr oxuyuram...
“Bunun sırqalarına bir bax!...A səni əkənin!...”
-Bu torpağın  qeyrətli oğlu  kimi Qarabağ haqqında silsilə mahnılar üzərində işləyirəm. İstərdim ki, gələn Novruz bayramında Şuşada konsert verəm .Mətbuat katibim Sema, prodyüsserim Kama...
Dəli kimi yerindən  sıçrayıb eyvanın qapısını açmağıyla televizorun üstünə cumub onu  iki əlli qamarlayıb eyvandan küçəyə tullamağı bir oldu.Qonşunun qarajının damına çırpılan televizor bomba kimi partlayanda bağırdı:
-Hə, necədi?! ...Lənətə gələsiz!...Başımızı dik tutub gəzirik də !...Lənətə gələsiz!...

...Əvvəlcə damcılar ara –sıra yanağına düşdü,elə bildi yuxu görür, sonra su şırhaşırla axmağa başlayanda hövlnak yerindən qalxıb daş kimi yatan ərini  dümsükləməyə başladı:
-Qarabala, adə, Qarabala, ölmüsən?! Dur ee, evi su basıb, dur!...Belə qonşuluq olar, sən Allah?!...
Birinci mərtəbədə yaşayan Qarabala arvadının səsinə ayılanda gözlərinə inanmadı; yarıqaranlıq otağın tavanından, divarlarından şırhaşırla su axırdı.İkisi də döyüküb bir-birinə baxırdılar  ki, yuxarı mərtəbədən də hay-harayı eşidib eşiyə çıxdılar.
-Vaxseyy!...Evimiz yıxıldı!...Biz indi haranın daşını tökəy başımıza?!...Kreditlə təzəcə təmir eləmişdik evi...Poxa döndüki?!...
Bu Qasımım arvadının çıqırtısıydı.Bütün bina hay-küyə yığışanda baxdım ki, su üçüncü mərtəbədən axır-İsgəndərdən başqa hamı-uşaqlı-böyüklü pilləkənlərə yığışıb.Başqa vaxt cirəylə verilən su da sanki hikkəylə aşıb-daşır,üst-üstə iki mərtəbəni islahatdan çıxarmışdı.
Hiss elədim ki, nəsə olub, yuxarı cumub var-gücümlə İsgəndərin qapısını döyəclədim, hay verən olmadı.Bu vaxt ,gecə köynəyində ,əsnəyə-əsnəyə qapıdan çıxan Səmayə xala məndən soruşdu:
-Ay oğul,qapını niyə sındırırsan?Nolub ki? Aaa...
Üzbəüz qapının altından pilləkənlə süzülüb axan suyu görəndə arvadın rəngi ağardı.
-A başuva dönüm, bu nədi belə?!Suyun rəngi niyə qırmızıdı? Bıy, başıma xeyir!...
Mən heç fikir verməmişdim-doğrudan da su qırmızıya çalırdı.Mən elə qapını döyəcləyir, İsgəndəri haylayırdım. Səmayə dedi ki, gəl eyvandan keç içəri, gecələr qapını açıq qoyur o başdan qrija!...
Səmayəgilin mənzilindən eyvana çıxıb içəridən dəmir qapını açmağım beş dəqiqə çəkdi.Qonşular İsgəndərin birotaqlı mənzilinə doluşdular.Kimsə boğuq səslə “vaxseyy!” deyə qışqırdı, kimsə su kranını bağladı, Səmayə də “A başı xərab, niyə belə etdün?!” deyib kişiləri köməyə çağırdı.
Həyatımda belə dəhşət  görməmişdim ;şah damarını üzdürmüş İsgəndər vanna otağıda al qanın içində üzüquylu uzanmışdı...

Təzəcə açılmış səhərin dəlisov küləyi şəhərin üzünü sığallayanda İsgəndərin cənazəsi on-on beş qonşunun müşaiyətiylə 20 yanvar meydanının ətrafındakı səs-küylü pivəxanaların yanından ötüşüb Yasamal qəbristanlığına üz tutdu.
Bu gün  çoxlarının dərdini özünə yük etmiş kefsiz Isgəndər kefindən qalmayan dünyadan köçdü . Kəlləsində ilişib qalmış balaca qəlpə onu bir daha incitməyəcəkdi...

Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.