Hədiyyə Şəfaqət - Gedək torpaqdan o yana
20.10.14
Avanqard.net Hədiyyə Şəfaqətin şeirlərini təqdim edir.
BU GECƏNİN YUXUSUNUN...
Bu gecənin yuxusunun İçindən bir yol keçəcək Yam-yaşıl bir kənd bağçası Sonu sonsuz çöl keçəcək Bu gecənin yuxusunun İçinə qurbət hopacaq Çolunə həsrət havası Bitəcək Vaxt da birtəhər... Gülümsəyəcəm yuxumda Gözümün yaşının üstə Bir öpüş ümüd qonacaq Göylərdən bir ruh enəcək Pəncərəmin qabağında Dayanacaq Düşünəcək Sonra yuxuma dolacaq Uzaqdakı qərib şəhər... ...Bu gecənin yuxusunun Nə əvvəli Nə sonu var Nə gizlisi, nə aşkarı Nə çadrası nə donu var Kədəri var Tanrı biçən Geyinəcək gecə-gecə Soyunacaq səhər-səhər...
SƏNSİZ
Sənsiz bir an keçər, sənsiz bir saat Səsimi duymaya bilərsən yəqin, Çağırıb duraram səssizliyimlə, Elə qırıq-qırıq, Eləcə həzin... Bağlayıb gedərsən qəlb otağını, Üzumə çırpılar qapıların da Bir gün ayrılarıq, O gündən sonra, Qalaram göylərin qapılarında... Gözlərəm, Gözlərəm, Gözlərəm yenə, Nə gəl söyləyərəm, nə get deyərəm, Çəkib hopduraram səni içimə, Sonra özünə də geri vermərəm... Yoxsan... Yoxluğunun hüzünü qərib, Bir az da qəribə gözəllikdədir... Hardasa uzaqda bir ağac bitib, Hardasa bir yolçu gözləməkdədir...
HARDAYAM?
Ana, Mən hardan gəlmişəm, Hara getmişəm, bilmirəm Harda azmışam, bilmirəm Harda itmişəm bilmirəm... Bu gün səhər adımı Axşam yaşımı unutdum İndi də evimi axtarıram... Hardan keçirdi küçəmiz, Hansı şəhər idi bura Dünən bu günküydümü ki? Lap birtəhər idi bura... ...Ana, Ömür-gün qarışıb, Bütün iplərim dolaşıb Yadımda qalan nə idi Yadımdan çıxan nə olub Son dəfə məni güldürən, Qəlbimi sıxan nə olub? Dünən kimdim, Bu gün kiməm, Xəstəmiyəm, dəlimiyəm? Ana, məzarın nə deyir- Mən sağmıyam, Ölümüyəm?
BURALAR HARADIR..
Dostum, Buralar haradır? Niyə başımın üstündə bunca sıxlaşmış buludlar, Və niyə yağışlar yağmır? Niyə ağacların kölgəsi Düşmür cığırların üstünə? Niyə quş yuvaları bunca səssizdir, Niyə torpağın ətri gəlmir havadan, Niyə buralar bir belə kimsəsizdir? Dostum, Buralar haradır?... Hanı üfüq, Hanı buludların arasından közərən günəş, Niyə üşümürəm bəs? Niyə nə dayanmır, Nə yol getmirəm, Niyə almıram nəfəs Və niyə boğulmuram?... Əlimi altına tutub durduğum bulağın Suyu niyə islatmır barmaqlarımı? Doldurmur ovcumu, Niyə dostum, niyə? Buralar haradır? Niyə yox olmuş kimiyəm, Və niyə ölmürəm? Buralar haradır belə?... Bilmirəm dostum, Bilmirəm..
UNUDUN
Bir ovuc torpaq gətirin Anamın məzarından Səpələyin sulara... Ehsanım çörək olsun Didikləyib atın qağayılara... Gözünüzün yaşını görməyim ha, görməyim! İnanmayın mənimçün mənsiz ağlayanlara Gülümsəyin eləcə Adamlar sevinməli Dəniz ağlayanlara... Gedin..... Və sahildəki Gitar çalan öğlanın topalanın başına Nəğməsinə qoşulun- Hardansa bir həyatın yola çıxıb Gəlməsinə qoşulun... Unudun gedişləri... Məni elə Öldüyüm gün unudun Suları xatırlayın... Gitarı xatırlayın...
YOL GÖRÜNDÜSƏ…
Yol göründü Haydı, gedək, Gedək torpaqdan o yana Gedək işıqdan o yana Gedək çıraqdan o yana... Gedək Göylərin altıyla Gedək Dənizin üstüylə Gedək... Dumanlarla gedək Ümüdləri qoyub gedək Arzuları aparmayaq Elə... Gümanlarla gedək... Çəmənlərin güllüsünü Meşələrin yaşılını Bulaqların sərinini... Kədərlərin gözəlini Sevgilərin dərinini Gözümüzün od yerini İçimizin dib yerini Adamlara verək gedək... Gedək Günəş çıxan yerə İldırımlar çaxan yerə Tanrı bizi görən yerə, Tanrı bizə baxan yerə Yol göründüsə, gözləməz Gedək dostum, Gərək gedək...
ALLAH, NECƏ GÖRÜNÜRƏM?...
Allah, Necə görünürəm Sənin dayandığln yerdən? Durub-oturduğun yerdən, Yatıb-oyandığın yerdən... Çiynimdəki mələklərin Ağırdır hansının yükü? Başımdan yuxarı dərdim Ayağım altına çöküb... Necə görünürəm ordan, Mən-mən ola bilirəmmi Adam ola bilirəmmi, Bəndən ola bilirəmmi?... Biçdiyin ömür əynimə Olurmu Allah, olurmu? Göz yaşlarım ovucuna Dolurmu Allah, dolurmu? Çırpırsanmı əllərini Bir dizinə, Bir başına? Hər gün ölüb-dirilməyim Gələ bilirmi xoşuna... ...Allah, Umacağın nədir Gedib-qayıtdığın yerdən? Gəl gör necə görünürsən Məni unutduğun yerdən
ATAMA
Olur da... Dolarsan adsız, səbəbsiz, Sığışa bilməzsən gen kainata Gözlərin zillənər bir boş nöqtəyə Eləcə qalarsan, Eləcə, Ata.... Olur da... Əllərin əsər eləcə Yapışa bilməzsən heç öz yaxandan Hamı Uzaqlara çəkilər, gedər, Ürəyin boylanar dördgöz, Yaxandan... Olur da... Nə o yan, nə bu yan qalar Nə ölüm, Nə həyat, Nə həyəcanı Səsləyər uzaqda bir koma səni Yuxuda gəzərsən həyət-bacanı... Olur da... Qoy olsun! Nə olacaq ki? Nə ki, olasıydı, olub, ay Ata Bir sən etdiyindi olmayacaq iş Onu da etmisən, Keçib day, Ata...
|