Sayman Aruz - Araz boyda məftiləm
26.12.14
Avanqard.net şair Sayman Aruzun qəzəllərini təqdim edir.
Vətən boyda nisgil
Məni dindirmə ki, diləm başabaş Vətənim boyda nisgiləm başabaş.
Babəkəm ki, kəsilmiş əl-ayağım Mən Araz boyda məftiləm başabaş,
Mənə bir əl verin ki, bəlkə durub Xalqımın göz yaşın siləm başabaş.
“İqrə bismilləzi xələq” deyenəm Vəhdətin həbli, qəndiləm başabaş.
Zamanam ki, səpilmişəm məkana Mən günəm, mən ayam, iləm başabaş.
Məni dərk etməyə çalışma gülüm! Dünya mətnində təviləm başabaş.
Mən şəhidlər məzarının özüyəm Qəbir üstə qərənfiləm başabaş.
Ölürəm ki, yenə gələm həyata. Sevirəm ki, nəsə biləm başabaş.
Baxmayın daldalanmışam özümə Susmuşam yoxsa bülbüləm başabaş...
Qardaş
Qarşımızda nə qədər dursa da divar qardaş Bizlərə kar eləməz bu başıdaşlar qardaş.
Torpaq altında belə yatsa da bil ki, tənimiz Yenə azadlığına istəyimiz var qardaş.
Zərrə-zərrə vətən eşqilə yanıb kül olduq Zərrəmizdə günəşi etmişik izhar qardaş.
Söyləyin Tanrıya ki, bir sualım var ondan: Niye hər yerdə həqiqətlər olur xar, qardaş?!
Ya niyə din adına hökm oxuyur millətimə Niyə hər tində qurur kölgəmizə dar, qardaş!?
Bu vətən söylədiyin lənətə gəlsin ki, belə Adamın varlığını eyləyir inkar qardaş.
Qalsan ömrümdə yəqin ki, qalacam dünyada mən, Getsən ömrümdə yəqin ki, yağacaq qar qardaş!
Zindan içrə böyüdüm mən, gözü bağlı, əli dar Nə bilim arzu nədir, ya nədir ilqar qardaş?
Qınama görsən əgər qaşqabağım yerlə gedir Olmuşam torpağa məna, ona mən yar qardaş.
Yerə düşmüş ağacam ki, həvəsim var həyata Məni bas bağrına torpaq, məni sar, sar qardaş...
|