Mövlüd Mövlud - Ənvərin əhvalatı
05.01.15

Avanqard.net gənc yazar Mövlud Mövludun "Ənvərin əhvalatı" hekayəsini təqdim edir.


Hər yay belə olur: bərbər Ənvərin dəlləkxananın qabağına stol qoymağı bəs eləyir ki, milçək şirəyə yığışan kimi, rayonun bütün işsiz-gücsüz avaraları qocalı-cavanlı onun bərbərxanasına yığışsın. Stolun müştəri üçün qoyulduğunu bu avaraların bircəciyi də vecinə almaz. Arada-bərədə üz-baş qırxdıralar, Ənvərə beş-üç manat xeyir verələr, yox, onlarınkı laqqırtıdı:

– Dədəmin goru haqqı, dünən Gəncədən aldığım qaraquyruq düz altı saat uçdu!

– Sabah toy var, ciyəraxşamında qumar olacaq. Bakıdan gələnləri yola bilsəydik…

– Məzəmdən nəşə gətiriblər, amma tövbəlidi, nisyə vermir!

Burda heç kim, heç kimdən çəkinmir, bütün qara-qura işlərini açıb-tökür. Kim kimi satasıdı? Hamısı bir-birinin tayı. Ənvərdə də mərdiməzarlıq yoxdu. Çuğulluqla işi olmaz, heç kimdən itə-qurda söz aparmaz. Yanında yüz cür əlləm-qəlləm söz danış – “kardı”, “kordu”, “laldı”.

Hamısının da sözünün axırı birdi: “Ənvər, dərdiş, bir siqaret ver”. Siqaret it aparan olsun, bərbərin dərdi ayrı dərddi: “Ay qam, yığışırsız bura, yaxşı eləyirsiz. Gözüm üstə yeriniz var, gəlin, üzünüzü-başınızı qırxım, vallah, pul da istəmirəm. Amma siz Həzrət Abbas, bura gələndə üstünüzdə şey-şüy olmasın. Onsuz da bütün günü izləyirlər sizi. Yazığam, balalarım var. Günün birində başınızın üstünü kəsdirəcəklər, cibinizdən nəşə demirəm, kazbek çıxdımı, vəssalam! Deyəcəklər, Ənvər burda nəşə satırmış, xəbərimiz olmayıb. Mənim şöbələrə tökməyə pulummu var, ay sizin başınıza dönüm?”

– Ənvər, biz adam yandırana oxşayırıq?!

Həmişə də yazığın sözünü ağzında qoyarlar. Guya Ənvər bunlara deyir ki, siz adam yandıransınız. Biçarə bərbərin ağzı dağa dirənir, başını aşağı salıb dinməz-söyləməz içəri keçir, onu gözləyən müştərisinə səslənir:

– Hə, keçəl eləyim? Əşi, keçəl yaxşıdı. Yayın günündə saç nəyinə lazımdı? Yalandan adamın çəkisini artırır.

***

Bilmirəm istidən olur, ya nədən, bir də görürsən, bu dilsiz-ağızsız Ənvər başladı havalı-havalı danışmağa. Adam mat qalır ki, bu hökmün yiyəsi doğrudanmı bizim Ənvərdi? Zalım oğlu, elə danışır, elə bil, hamımız eni-uzunu beş qarış olan eyni rayonda yaşamırıq, bir-birimizi ovcumuzun içi kimi tanımırıq:

– Ay qam, deməli, bir gün rəis məni çağırdı. Dedi Ənvər kişi, eşitdim nəşə satırsan? Arvadını belə eləyim yalan deyənin, səni tutub basaram dama! Bilisənmi qaqa, mən də cavan oğlanam, vuran-tutan vaxtlarımdı, rəis-zad hərləyən deyiləm. Dedim a kişi, bəri bax…
 
Ənvərin dediyindən belə çıxır ki, rayonun polis rəisi Nuh əyyamından qabaq onu öz kabinetinə çağırıbmış. Əvvəl xox gəlmək istəyib, onun qabağından yeməyən oğlan olduğunu görəndə pas gedib, söhbətin yönünü dəyişib:

– Qərəz, axırda qayıtdı ki, sən yaxşı oğlansan, səni tutmağa heyfim gəlir. Yeri get Qarapapağa, nəşəni orda çək, orda sat. Nə şiş yansın, nə kabab!

Sözündən belə çıxır ki, rəis Ənvərlə kəllə-kəlləyə gəlməkdən qorxub. Canını qurtarmaq üçün onu rayonun ən qarışıq kəndinə – Qarapapağa göndərib. Yazıq neyləsin, görüb Ənvəri tutsa, rayonun bütün belitapançalı oğlanları ayağa qalxacaq.

Söhbətin şirin yerində cavanlardan biri qıllı sinəsini xarta-xartla qaşıya-qaşıya üzünü turşudub deyir:

– Ənvər, istidi, sən dədənin goru, gop eləmə!
 
Adamın pisinə gəlir. Beləsinə deyən gərək: yer özümün, dil özümün – istəyərəm gap eləyərəm, istəyərəm gop. Sənin nə borcuna? Haramın olsun məndən aldığın siqaretlər! Para qəpik xeyriniz yoxdu adama, hələ camaatın içində “gopçu” deyirsiniz? 

Ancaq bərbər içini yeyə-yeyə, ürəyində dediklərinin bircə kəlməsini də dilinə gətirməz. Onun gücü, olsa-olsa, söhbəti dəyişməyə çatar:

– Ay qam, azana nə qədər qalıb? Mən gedim, quşların enən vaxtıdı.

* * *

Ənvər hələ uşaqlıqdan göyərçin saxlasa da, onun göyərçinlərinin sözü-söhbəti bir dəfə də dilə-ağıza düşməyib; bir dəfə deyən olmayıb ki, gördünüzmü, Ənvərin filan xoruzu dörd saat uçdu, Ənvərin filan fərəsi təmiz qandı, öz qapısından ayrı qapıya düşmür. Ona görə də o, axşam azanına yaxın “quşların enən vaxtıdı” deyib, dəbbə-dəbbə əlini qarnına çəkəndə quşbazlar bir-birinə göz vururlar:

– Quşu nə vaxt buraxıbsan ki?

– Səhər tezdən!

Quşbazlar bic-bic qımışırlar. Onlara quşmu tanıdacaqsan – iyirmi ildi göyərçin saxlayırlar, yaxşı uçan quş tapmaq üçün Bakı kəndlərini, Samuxu, Gəncəni bir-birinə vururlar. Yaxşı bilirlər ki, dava vaxtı qırılan meşələrdən uçub-gəlmiş qırğılar ilin-günün bu çağında göyərçinin havada çox qalmağına imkan verməz – ya qovub salar, ya da elə göydəcə parçalayar?! Yaxşı göyərçin tapmaq üçün, gərək bir ayağın Bakıda ola. Fağır Ənvərin buna imkanımı var? Gündə Bakıya getsə, balaları kim dolandırar?

Bir dəfə buna deyirlər, Ənvər, gəl bizimlə Şüvəlana gedək, orda özün görərsən əsl quş necə olur. Vədələşirlər ki, sübh tezdən Bakıya çıxsınlar. Səhər o başdan rayon avtovağzalında görüşürlər. Elə ayaqlarını avtobusa qoymaq istəyəndə hardansa Ənvərin böyük qardaşı peyda olur. Bizim bərbəri – iki uşaq atasını qabağına qatıb uşaq kimi danlaya-danlaya avtobusdan düşürür ki, sənin evinin damı qırlanmalıdı, sən də burdan Bakıya quş gətirməyə gedirsən. Elə quşun yekəsi özünsən!

Bütün günü quş uçurub nəşələnən, laqqırtı vurub dolamağa adam axtaran veyillər üçün bundan yaxşı fürsətmi olar? O yekəlikdə kişinin qardaşından uşaq kimi qorxmağı dilə-ağıza düşmədimi? İndiyə kimi əhvalatı hərə bir cür bəzəyib danışır.

***

Bir dəfə söhbət dava illərindən düşmüşdü. Hərə öz gördüyündən, bildiyindən, eşitdiyindən bir şey quraşdırıb danışırdı: qarışıq vaxtlarda gürcü narkomanlarına qara satan kim, ermənilərdən mal-heyvan oğurlayan kim, döyüşçülərə silah-sursat aparan kim…

Belə münbit şəraiti Ənvər əldən qaçırarmı?
 
– Ay qam, deməli, bir dəfə Əskiparaya patron aparmışdıq. Uşaqlar bizi görən kimi özlərini üstümüzə nə təhər atdılarsa, özüm də pis oldum. Hamısı deyir, a kişi, hardasınız, bizi niyə burda yetim qoyubsunuz?

Sən demə, Ənvər dava vaxtı könüllüləri başına toplayıb rayonun varlı-hallı adamlarının boğazına çöküb, hamısını qısma-boğmaya salıbmış. Yığdığı pulu da güllə-patrona, yun coraba, isti paltara, yemək-içməyə xərcləyib aparırmış erməniylə döyüşən kəndlərimizə. Yerli adamlar onun başına and içirmişlər. Amma necə şeydisə, Ənvərin igidliklərindən bu tərəflərdə heç kəs xəbər tutmayıb ki, o danışanda gülmək əvəzinə, heç olmasa, bircə kəlməylə yazığın sözünə qüvvət versin.

Yox, heç nəyi xatırlamırlar. Camaatın yadında qalan bircə odur ki, Ənvər həmin illərdə təzəcə rəhmətə getmiş atasından qalan bərbər köşkünü işlədirdi. Yeganə “qəhrəmanlığı” da bir dəfə dağ kəndlərindən rayona enən döyüşçülərin üz-başını pulsuz qırxmaq olmuşdu.

Belə məqamlarda Ənvərin kiritməyin bircə yolu var:

– Dur Ənvər, dur get, quşların enən vaxtıdı. Ardınca da tanış hırıltılar…

***

Nəşə çəkməyə pul tapmayan şeyxorların bircə çarəsi var – köhnə vaxtlara səyahət. Ağcabədi nəşəsi belə gəldi, Lənkəran tiryəki belə getdi, Basqal ayrı məsələ, Bakı ayrı söhbət. Belə söhbətlərin birində Ənvər yenə özünü unutdu: “Ay qam, mən o söhbətlərnən on il qabaq qurtarmışam. Cavan vaxtı ən çox Basqal nəşəsi çəkirdim, çəkəndə gülməkdən ölürdük”.

Bu vaxt dəlləkxanaya gələn müştəri onun qanının arasına girdi: “Ay usta, sən canın üzümü qırx, toya getməliyəm”.

Mırıqdiş qoca şeyxor tez-tələsik içəri keçən Ənvərin arxasınca başını buladı:

– Dədəmin goru haqqı, bu, Basqal nəşəsindən iki tüstü dalbadal çəkə bilməz. Basqal nəşəsi adamı güldürmür, silkələyir. Meşə nəşəsi ağır olur. Dağlıq yerin otunu sinirmək hər adamın başı üçün deyil!

Müştərini yola salandan sonra kefi durulmuş Ənvər dübarə çölə çıxanda söhbətin mövzusu dəyişmişdi. Veyillərdən biri televizorda gördüyünü öz qandığı kimi nağıl eləyirdi: beş-altı siçovulu bir yerə salıb ağzını bağlayırsan, onlar da acından bir-birlərini yeyirlər; sonra da axıra qalanı çıxarıb salırsan çöldəkilərin canına.

Pah! Ənvər bunu eşidəndə tapança kimi açılmadımı?

– Ay qam, mən onu çoxdan eləmişəm. Bir dəfə düz yeddi dənə siçovulu tutub atdım bir boçkaya. Acından vəhşiyə dönmüşdülər. Axıra qalanı buraxdım həyətə...

Bu yerdə kimsə özünü saxlaya bilməyib, Ənvərin sözünü kəsdi:

– Bə nə! Az qalmışdı Ənvərin mamasının götünü də yesin!

Şaqqanaq səsləri bərbərxananın yanındakı ağacın quru budaqlarına qonmuş quşları hürkütdü.

Nəşəxorlar çox güləndə burunlarından gəlir. Yazıqlar yarım saat öskürə-öskürə qaldılar, tüpürməkdən birtəhər oldular. Ənvər özünü gülməyə məcbur elədi – guya vecinə deyil. Bu dəfə heç kəsdən saatı soruşmadı, başını qaldırıb göyə baxdı və öz-özüylə danışırmış kimi astadan mızıldandı:

– Mən gedim, quşların enən...

O, sağollaşıb gedəndə gülməkdən yorulmuş xəstəhal cavanlardan biri soruşdu:

– A kişi, bu, niyə belə gopçudu?

Qoca nəşəxor yorğun-yorğun şalvarının tozunu çırpdı:

– Neynəsin? Danışmağa əhvalatı yoxdu…

Heç kim Ənvərin arxasınca baxmırdı – o, gözdən itəndə axşam azanı verilməyə başladı. Quşların enən vaxtıydı. /fraqment.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.